Rüstəm Behrudi – Şaman duasından dar ağacına (страница 2)
Oturum kədərli bir şeir yazım.
Kim sözü çevirib üz qarasına,
Mənim tək duz basar öz yarasına.
Heç kim tablaşammaz söz yarasına, –
Oturum kədərli bir şeir yazım.
Torpaqdır ən böyük iman da, din də,
O da oyuncaqdır naşı əlində.
Ölən balıqların “Xəzər dili”ndə,
Oturum kədərli bir şeir yazım.
Kim səni qarğıyıb, a bədbəxt qadın,
İçimdə yaradır bax, bu gün adın.
Sən ki “Zeynəb”dən də yazıq yaşadın –
Oturum kədərli bir şeir yazım.
Ey yatan qəzəbim, ayağa dur di,
Bugünkü Beyrəyin gör nədi dərdi?!
Ən böyük istəyi, kiçik bir evdi –
Oturum kədərli bir şeir yazım.
Könül, əl çək daha dərdi-sərindən,
Dilim, nələr çəkdim sənin əlindən?!
Nə deyim bu günün “ölü”lərindən?!
– Oturum kədərli bir şeir yazım.
Ey yatan qəzəbim, ayağa bir dur,
Atalıq, oğulluq məhkəməsi qur.
Bu yurdun oğlu var, dədəsi yoxdur,
Oturum kədərli bir şeir yazım.
Danışsam, söhbətim, sözüm – o ellər,
Duman içindədir bizim bu ellər.
Oturub ağlasam, dəli deyərlər,
Oturum kədərli bir şeir yazım.
Dərdim kimə yaddı, kimə doğmadı?!
Dilimdə giley var, giley var, adı –
– “Mənim ayrılığa gücüm çatmadı”,
Oturum kədərli bir şeir yazım.
VƏTƏN
Qarşı yatan qara dağı – yaylağım,
Düzənləri, ormanları – oylağım.
Əyilməyən çinarları – bayrağım –
VƏTƏN!
Bax, gör, sevgim təzədimi, tərdimi?
Hər doğulan oğuldumu, ərdimi?!
Daşlarına yazdım min il dərdimi –