Питер Акройд – Çarli Çaplin (страница 3)
«Lankaşirli oğlanların» çıxışı şən nömrələrdən ibarət idi. Oğlanların hamısı krujeva yaxalıqlı ağ kətan köynək, dar, gödək şalvar və taxta dabanlı qırmızı başmaq geyinirdilər. Belə başmaqlar İngiltərənin şimalındakı şaxta və fabriklərdəki ağır işlər üçün nəzərdə tutulmuşdu. Onlarla oynanılan şən rəqslər isə sanki bədbəxtlik və qul əməyi üzərində qələbənin rəmzi idi. Ola bilsin, bu rəqslər balaca Çaplinin üsyankar ruhunu əks etdirirdi.
Çaplin altı həftə Mançesterdə məşq edir. Onu tamaşaçı önünə isə ilk dəfə Portsmutda çıxarırlar. Çarli səhnəyə çıxarkən həyəcanlanır. Yalnız bir neçə həftə keçəndən sonra ilk solo nömrəsini ifa eləyə bilir.
«Lankaşirli oğlanlar» Potsmutdan Londona qayıdırlar. Ardınca Midlsbro, Kardiff, Suonsi və Blekpul kimi şəhərlərə qastrol səfərlərinə yola düşürlər. Truppa faytonla teatrdan teatra tələsirdi. Bu çox yorucu iş idi. Üstəlik, teatr zalları pivə, tər və tütün qoxuyurdu. Bəzən tamaşaçılar ortaya atılıb rəqs eləyir, ya da dalaşırdılar. Ancaq onların xoşuna gəlmək asan idi – bildikləri mahnıya züy tutur, sevimli komiklərinin populyar kəlmələrini qışqırırdılar.
Bütün bunlar Çaplin üçün yaxşı məktəb idi. O həmin konsertlərdə iştirak edən klounlardan, komiklərdən çox şey öyrənirdi. 1917-ci ildə Çarli jurnalistlərdən birinə demişdi: «Hər bir hərəkət beynimə şəkil kimi həkk olunurdu. Evə qayıdanda onları adətən təkrar eləyirdim… Klounları və London pantomimalarını7 müşahidə etməyim mənim üçün çox faydalı oldu». Həmin dövrdə avaralarla bağlı səhnə obrazları populyar idi. Müxtəlif janrların nümayəndələri arasında avara obrazına tez-tez rast gəlinirdi; jonqlyorlar, klounlar velosiped sürənlər bu obrazı həvəslə yaradırdılar.
Müzik-holl artistlərinin işi olduqca ağır idi: hər çıxış coşqulu, bəzən də kefli tamaşaçıların qarşısında 5–15 dəqiqə çəkirdi; hipnozçular, sehrbazlar, akrobatlar və komiklər alqış üçün bir-biri ilə yarışırdılar. Bu zaman tamaşaçıların laqeyd qalması – ifaçıdan ötrü ölümdən betər idi.
Lətifə, gülməli hekayə, əhvalat əsasında quraşdırılan komik tamaşalar – məzhəkələr çox vaxt lombardlarda, restoranlarda oynanılırdı. Personajlar arasında ofisiantlar, avaralar, həmçinin öz kasıbçılıqlarını gizlətməyə çalışan uğursuz adamlar xüsusi yer tuturdu. Bəziləri yöndəmsiz geyinir, gülməli tərzdə yeriyir, ya da çətirə, əl ağacına söykənirdilər. Çaplin ilk filminin personajlarını yaradarkən məhz onlardan ilham almışdı. Bəzi artistlər bir nömrəni bir neçə il ərzində ifa edirdilər. Bəziləri isə müxtəlifliyə, variasiyalara üstünlük verirdilər. Ovaxtkı qəzetlər yazırdı: «Artistin uğur qazanması üçün orijinallıq böyük əhəmiyyət daşıyır. Bəs orijinallıq nədən ibarətdir? Əsasən şəxsiyyətdən!» Çaplin məhz belə sənətkarlardan idi.
Həmin dövrün orijinal artistlərindən biri də Den Lino8 idi. Çaplin 15 həftə onunla birlikdə çıxış edir. Komediya sənətinin sirlərini öyrənmək üçün bu müddət Çarliyə kifayət idi. İngiltərə yazıçısı və karikaturisti Maks Birbom (1872–1956) Linonu belə təsvir edirdi: «…zavallı, üzgün, ürkək, zəif, eyni zamanda cəsarətli, ancaq inadkar adam personajının mahir ifaçısı!» Lino üzünü ağ qrimlə örtür, çox vaxt enli şalvar, son dərəcə uzunburun ayaqqabı geyinirdi. Onun iri gözləri, qövsvari qaşları var idi. Bircə anın içində üzünə kədərli ifadə verə bilirdi. Çaplinin çıxış etdiyi müzik-hollun daha bir tanınmış artisti Meri Lloyd bir dəfə Çarliyə deyir: «Onun (Linonun – red.) gözlərinə diqqətlə baxmısan? Dünyada belə kədərli gözlər yoxdur. Əgər biz gülməsəydik, taqətdən düşənə qədər ağlayardıq. Bilirsən, mənə elə gəlir, əsl komediya – elə ağlamaqdır».
Linonun enerjisi aşıb-daşırdı. O, çox arxaya tullanıb ayaq barmaqlarının ucunda yerə düşə bilirdi. Bu aktyorun ürəyində əsl küçə uşağı yaşayırdı. Çaplin tezliklə həmin küçə uşağını özündə təcəssüm etdirəcəkdi. 1915-ci ildə isə «Bioscope» jurnalı kino artisti karyerasına başlayan Çaplini artıq «ekranın Den Linosu» adlandıracaqdı. Bundan başqa, Çaplin keçmiş dövrlərin müzik-holl ulduzları haqqında tez-tez və böyük şövqlə danışacaqdı.
Küçə uşağı
1901-ci il aprelin 13-də Çarli «Lankaşir oğlanları»ndan çıxır. O, astmadan əziyyət çəkirdi. Hanna əmin idi ki, ağır zəhmət tələb edən artistlik oğlunun səhhətini pozub. Sidni gəmidə yenicə işə düzəlmişdi. Anası qərara alır ki, kiçik oğlu artıq evdən çıxmaya, işləməyə bilər.
Çaplinin, doğrudan da, tez-tez havası çatmır, təngnəfəs olurdu. Bunda astma ilə yanaşı, anası ilə qaldığı otağın kiçik, darısqal olması da az rol oynamırdı. Müraciət etdikləri həkim xəstəliyin uşaq böyüdükcə keçəcəyini demişdi. Xoşbəxtlikdən həkim yanılmamışdı.
Həmin günlərdə ata Çaplinin səhhəti pisləşdi. O, çoxdandır içkiyə qurşanmışdı, nəticədə qaraciyər sirrozuna mübtəla oldu və öldü. Çarlz mayın 9-da dəfn olundu. Dəfni varyete artistlərinə xeyriyyə fondu təşkil etmişdi.
Tezliklə Çarli yeni iş axtarmaq məcburiyyətində qalır. O, anasından gizlicə, qoluna matəm lenti bağlayıb yazıq səslə atasının öldüyünü deyərək pablarda nərgizgülü satır. Dərddən üzülən uşağa kim biganə qalar? Hanna onun pabdan əlində gül dəstələri çıxdığını görənə qədər alver yaxşı gedir. Qadın Çarliyə atasının bədbəxtliyinə səbəb olan pablara getməsinə qəti etiraz edir. Belədə Çaplin özünü başqa işlərdə sınamağa başlayır. Süd dükanında kuryer, həkimin qəbul otağında qeydçi, kantor xidmətçisi, bərbər köməkçisi işləyir, metroda qəzet satır. O hətta rəqs dərsləri də verir.
Çaplin kasıblığa nifrət eləyirdi. O həmin dövrlərdə anasının tamam kasıblamış tanış artist qadınla küçədə necə rastlaşdığını xatırlayır. Küçə uşaqları üst-başı tökülmüş qadını ələ salırdılar. Bunu görən Hanna uşaqları qovur. Onda qadın deyir: «Lili, məni tanıyırsan? Mən Yeva Lestokam!» Ona nə vaxtsa «diribaş Yeva» deyirdilər. Qəzetlər bu qadını tragikomik mahnıların ən gözəl ifaçısı kimi vəsf eləyirdi. İndi isə Yeva körpülərin altında yatır.
Qadının halını görən Hannanın ona ürəyi yanır, keçmiş rəfiqəsini evə aparır. Çarli buna görə hirslənir. Qadın onun üçün adicə bir səfil idi. Kasıblığa nifrət edən Çaplinin isə artıq yoxsul və tənha adamlara yazığı gəlmir.
Hanna müzik-hollun keçmiş ulduzunu hamama getməyə, yuyunub-təmizlənməyə məcbur edir. Həmin gündən Yeva üç gün Çaplingilin darısqal mənzilində qalır.
Çaplinin anası ilə yaşadığı Londondakı son mənzillərdən biri Pounell-terrasda yerləşir. Çox sonralar, 1943-cü ildə, II Dünya müharibəsi zamanı Çaplin radio verilişlərindən birində həmin binanı ömürboyu xatırlayacağını söyləmişdi. Mənzilin havasına köhnə paltarların, tullantıların üfunət qoxusu hopmuşdu. Çirkli boşqablar, fincanlar stolun üstünə qalaqlanmışdı. Küncdəki dəmir çarpayıda anası yatır, çarpayının yanındakı kreslonu isə gecələr Çarli üçün açırdılar.
Bəzi mühüm hadisələr məhz bu otaqda baş vermişdi. 1903-cü ilin yazında axşam evə gələn Çaplin qonşu qızdan eşidir ki, anası dəli olub. Qonşular artıq həkim çağırıblar. Həkim Çarliyə deyir ki, anasını xəstəxanaya aparmaq lazımdır. Görünür, Hanna da xəstəxanaya getmək istəyir. Xəstəxana onun üçün sığına bildiyi yerdir. Bir çox illər sonra Çaplin müsahibələrinin birində deyəcəkdi: «Mən – anasının qolundan tutub, onu dumanın, soyuğun və üfunətin içindən qorxa-qorxa dartıb aparan balaca, arıq uşağı hələ də görürəm».
Hanna həmişəlik vidalaşırmış kimi oğlunu xəstəxanada uzun-uzadı süzür. Tibb bacıları Çarlini həkimin yanına aparırlar. Həkim oğlanı yaşayış şəraiti ilə bağlı sorğu-suala tutur. O, tez-tələsik cavab verir ki, xalasının yanında qalacaq. Çünki daha yetimxanaya qayıtmaq istəmir.
Çarli Pounell-terrasdakı mənzillərinə qayıdır. Ev sahibəsi ona yeni kirayəçi tapılana qədər burada qalmağa icazə verir. Çarli adamlardan qaçır, gününü veyillənməklə keçirir. Bəzən kimdənsə yemək istəyir, bəzən isə oğurluğa baş vurur. Sonra odun doğrayıb satanlarla tanış olur. Onlara kömək edib əvəzində pul alır.
Həmin günlərdə Çarli böyük qardaşı Sidninin dənizdən qayıtmasını səbirsizliklə gözləyirdi. Hannanı xəstəxanaya qoyandan bir neçə gün sonra qardaşının üzdüyü gəmi Saythaptonda lövbər salır. «Əgər Sidni Londona qayıtmasa, – Çaplin sonralar etiraf edirdi, – yəqin, əməlli-başlı oğurluğa girişəcəkdim… Axırda isə məni, yəqin ki, kimsəsizlər qəbiristanlığında dəfn etməli olacaqdılar». Xoşbəxtlikdən Sidninin gəldiyini kimsə teleqramla kiçik qardaşına xəbər verir. Vağzalda onu üst-başı cırıq küçə uşağı qarşılayır. «Sidni, məni tanımadın? Mən Çarliyəm», – uşaq dillənir. Qardaşının görkəmi Sidnini heyrətləndirir. Onu hamama aparır, əyninə təzə paltar geyindirir. Sidni eşidir ki, anası psixiatriya xəstəxanasına aparılıb. Kiçik qardaşı ilə birgə ona baş çəkməyə gedir. Hanna çox dəyişib. Uşaqlarının gəlişinə, az qala, reaksiya vermir.
Ağlı başına gəldiyi az bir müddəti nəzərə almasaq, Hanna sonrakı 17 ili tamamilə müalicəxanada keçirməli olacaqdı…
Ciddiyyəti qorumaq
Ən çətin anlarda belə Çaplin teatrı unutmurdu. O, vaxtaşırı teatr agentliyinə baş çəkir və həmişə cavab alırdı: «Sizin üçün heç bir iş yoxdur». Lakin Sidni qayıdandan bir ay sonra Çarliyə dəvət məktubu göndərilir. Məktubda yazılmışdı ki, Amerika dramaturqu Uilyam Cilletin «Şerlok Holms» pyesində kuryer roluna aktyor tələb olunur.
Həyatının ağır dövrlərində bəxti gətirən Çaplinin üzünə bu dəfə uğur iki dəfə gülür. Holms rolunu oynayacaq aktyor H.Sentsberinin özü «Cim. Səfilin macərası» pyesini yazır. Sentsberi on dörd yaşlı Çaplini görən kimi onun küçədə qəzet satan oğlan roluna uyğun gəldiyini dərhal anlayır. Uşağın bu işlə bir vaxtlar məşğul olduğunu isə müəllif hələ bilmir. Çaplin ssenarini evə aparır. Sidni mətni oxuyub əzbərləməkdə ona kömək edir.