реклама
Бургер менюБургер меню

Питер Акройд – Çarli Çaplin (страница 5)

18

Həmin vaxtlar populyar komik mahnılarının müəllifi olan Den Lipton sonralar xatırlayacaqdı: «Bu oğlan görmədiyi adamı da əla parodiya eləyə bilirdi. Soyuqqanlılığını saxlamağı bacarırdı, ancaq əsl artistlər kimi emosional və temperamentli idi. O həm də çox ciddi oğlan idi, elə işləyirdi ki, sanki həyatı bundan asılı idi».

1907-ci ilin yayında Çarli «Keysi sirki»ni tərk edir. Qarşıda onu nələr gözlədiyindən xəbərsiz idi. Bu məcburi istirahət zamanı o, «Şən mayor» adlı pyesdə yaşlı baş qəhrəman roluna razılaşır… Öz dediyinə görə, sonra «On iki ədalətli kişi» adında ekssentrik11 komediya yazır və baş rolu oynamağa hazırlaşır. Ancaq üç günlük məşqdən sonra pyes qəbul olunmur. Bunun ardınca başqa bir tamaşada Çaplin, ola bilsin, ümidsizlikdən yəhudi komiki roluna razılıq verir. Ancaq çoxu yəhudilərdən ibarət olan auditoriya tamaşanı bəyənmir. Hətta bəzi zarafatları yəhudilərə nifrətin – antisemitizmin əlaməti sayıb onu fitə basırlar.

Böyük qardaşı Sidninin bəxti isə bu zaman daha çox gətirir. O, 1906-cı ilin yayında məşhur komediyaçı Fred Karnonun (1866–1941) dəstəsinə qoşulub və artıq tanınmağa başlayıb. Həmişə qardaşına kömək etməyə çalışan Sidni Karnonu yola gətirir ki, işsiz qalan gəncə şans versin.

Keçmiş gimnast və akrobat olan Fred Karno həmin vaxt qeyri-adi şou yaratmışdı. Səhnələr sürətli və coşqun idi, mürəkkəb nömrələr cəld hərəkətlərlə yerinə yetirilir, hər şey saniyəsinə qədər ölçülüb-biçilirdi. Karno üç evi birləşdirib özünə qərargah düzəltmişdi. Bütün kostyumlar, dekorasiyalar, rekvizitlər burada hazırlanırdı. Avtobuslar aktyorları paytaxtın müzik-hollarına buradan daşıyırdı. Kremli tortlar (kremli tortu üzə çırpmaq nömrəsini məhz Karno düşünüb tapıb), sirk velosipedləri, fırlanan boşqablar, yanan məşəllər – bunların hamısı afişalarda təsvir olunurdu. Sketçlərdə12 velosipedli oğrular, boksçular və əyyaşlar «iştirak» eləyirdi.

Beləliklə, Karno Sidninin sözünə qulaq asıb onun kiçik qardaşı ilə görüşməyə razılaşır. Direktor Çarlini son dərəcə utancaq və cılız hesab eləyir. Ancaq Sidninin israrlı xahişindən sonra bu gənci yoxlamağa razı olur. Çaplinin 18 yaşı var idi, lakin yaşından xeyli kiçik görünürdü. Karno bunu deyəndə o, cavab olaraq çiynini çəkir və bildirir ki, qrim13 hər şeyi yoluna qoya bilər. Məhz belə saymazyana cavab Çaplinin işə düzəlməsinə kömək edir.

Fred Karno aktyorları çox məşq elətdirirdi. İllər sonra – 1942-ci ilin yanvarında Çaplin «Variety» adlı jurnaldakı məqaləsində bu haqda belə yazacaqdı: «Karno ilə işləyən hər kəs əla ritm duyğusuna sahib olmalı və truppanın qalan aktyorlarının xüsusiyyətlərini yaxşı bilməli idi. Yalnız belədə hamı birlikdə lazım olan tempi əldə etmək mümkün idi». Məhz sürət və ritm Çaplinin bütün filmlərinə xas olan cəhətdir. Karno həmçinin öz aktyorlarına deyirdi ki, yumorun əsasında gözlənilməzlik və ritmin kəskin dəyişməsi durur. Karno onlara ciddiyyətlərini qorumağı məsləhət görürdü: «Əgər adama toxunub yıxırsınızsa, onun təpəsindən öpün. Əgər kimisə bərk vurursunuzsa, bir neçə saniyə günahkar görkəm alın. Bu, hərəkəti gülməli edir».

Çaplin yuxarıdakı ilk komediya dərslərini heç vaxt unutmayacaqdı.

O, 1908-ci ilin əvvəlində Karnonun truppası ilə qastrola yollanıb «Futbol oyunu» adlı pyesdə ilk dəfə çıxış edir. Pyesdə Çarlinin rolu kiçik olsa da, düşündüyü tryukların köməyi ilə tamaşaçıların diqqətini çəkə bilir: hantellərə toxunub büdrəyir, əl ağacı ilə boksçu armuduna ilişir, düyməsi qırıldığından şalvarı əynindən düşür. Tamaşaçılar gülürlər. Tezliklə onun səhnəyə hər çıxışı alqışlarla qarşılanır. Çaplin sevinir. Artıq şübhə yox idi ki, o bir də heç vaxt işsiz qalmayacaq.

1908-ci ilin yayından Çaplinlə böyük qardaşı birlikdə çıxış etməyə başlayırlar. Onlar məşhurların yaşadığı Brikston-roudda dördotaqlı mənzil kirayələyirlər. Evi bəzəyib qonaq otağının döşəməsinə xalça salırlar, yaraşıqlı mebel alırlar.

Həmin vaxt Sidni ilə Çarli bir gecədə, adətən, üç müzik-hollda çıxış edirdilər. Çarli rəqqasəlik öyrənən qızla tanış olur. Hetti Kelli adlı bu qızın vur-tut on beş yaşı tamam olub. Çaplinin ilk məhəbbət hekayəsi başlayır və uzun çəkmir. Onlar üç gün görüşüb London küçələrini ayaqdan salırlar. Dördüncü gün Çarli qızın soyuqluğunu hiss edib ondan inciyir. Təcrübəsiz gənclərə xas olan sual-cavab başlayır. Onlar bir-birini sevirlərmi? Məni çoxmu sevirsiniz? Sevgi nədir? Biz gərək ayrılaq, daha bir-birimizi görməyək. Əlvida.

Əlli il sonra Çaplin həyəcan dolu bu söhbətləri öz kitabında yenidən xatırlayacaqdı. Tamamilə aydındır ki, ilk məhəbbət uzun illər Çaplinin yadından çıxmayıb, saf bir duyğu kimi qəlbinin bir küncündə əbədi olaraq qalıb…

Karnonun truppası ilə qastrollar tezliklə bütün ölkəni əhatə eləyir. Bu turne zamanı Çaplin axır ki, məqsədinə çatır: «Futbol oyunu» pyesində baş rolda oynayır. Ancaq premyeradan əvvəl keçirdiyi həyəcan onda laringitə səbəb olur və bir komik kimi karyerasının üstündən xətt çəkilir. Belə bədbəxtçilik anasının da başına gəlib. Karno qəzəblənir, ancaq Sidni onu dilə tutur ki, qardaşına başqa tamaşada sözsüz rol versin. Beləcə, Çaplinin canlandırdığı və «Kefli centlmen» kimi tanınan personaj müzik-hollun «Oxumayan quşlar» pantomimasına böyük rəğbət qazandırır. Frak geyinmiş, ağ kəpənək qalstuk taxmış kefli centlmenin özünü necə apardığını Çaplin Londonun cənubunda yaşadığı vaxtlardan yaxşı bilir. Pantomimo müzik-hollda onun başlıca ampluasına çevrilir və kinematoqrafiyanın qapılarını Çarlinin üzünə taybatay açır.

Bunun ardınca Çarli «Cəsur Cimmi» adlı komediya sketçində baş rolu oynayır. Onun qəhrəmanı darıxdırıcı günlərdən qaçıb macəra arzulayır. Çaplinin səhnəyə çıxışını tamaşaçılar gurultulu alqışlarla qarşılayırlar. Epizodların birində o, kitab oxuya-oxuya dalğın halda çörək buxankasını kəsir və özü də bilmədən onu dodaq qarmonuna çevirir. Çaplin bu zarafatı 1915-ci ildə çəkilən «Avtomobillə qaçış» qısametrajlı filmində də istifadə edir.

«Dolanışıq üçün pul qazanmaq»

1910-cu il payızın əvvəllərində Çarli truppa rəhbəri Fred Karno ilə yeni müqavilə imzaladı. O artıq aparıcı aktyorlardan biri, tanınmış pantomimo ustası idi. Bu vaxt Karnonun maraqlarını okeanın o tayında – Amerika Birləşmiş Ştatlarında (ABŞ) təmsil edən menecer Alfred Rivz qastrollar üçün truppa toplamağa gəlir. Təbii ki, seçilənlərdən biri də Çaplin olur. Müqaviləni imzalayandan bir neçə gün sonra Atlantik okeanı keçmək üçün Çaplin gəmiyə minir.

Tanınmış komediya aktyoru, ssenarist və rejissor Sten Lorel (1890–1965) həmin gəmi səfərini sonralar tez-tez xatırlayır. «Hamımız göyərtədə oturub, – o yazır, – dumana bürünmüş sahilə baxırdıq. Çaplin birdən tutacaqlara tərəf qaçdı, şlyapasını çıxarıb yellədərək qışqırdı: «Amerika, mən səni fəht etməyə gəlirəm! Hamı mənim adımı biləcək – Çarlz Spenser Çaplin!» Biz onu bərk alqışladıq. O isə bizə təzim edib yerində oturdu». Bu hərəkət Çaplinin özünə əminliyi ilə yanaşı son dərəcə şöhrətpərəst olduğunu bir daha göstərir. Yeri gəlmişkən, Sten Lorel də Birləşmiş Ştatlarda böyük uğur əldə etmişdi. Onun rol aldığı «Lorel və Hardi» komik dueti 30 ildən çox oynanılmış, ekranlaşdırılmış və dünya şöhrəti qazanmışdı.

Oktyabrın ortalarında truppa Nyu-Yorka gəlir. Paytaxtın izdihamı və hay-küyü Çaplini əvvəlcə çox qorxudur. Ancaq məşhur Brodvey küçəsinin işıqlara qərq olmuş teatrlarını görəndə özünü evdəki kimi hiss eləyir. Çaplin başa düşür ki, onun yeri buradır. İndi Çarlinin qarşısında yeni aləm açılıb.

1910-cu ilin payızından 1911-ci ilin yayına qədər truppa Birləşmiş Ştatların müxtəlif şəhərlərində çıxış eləyir. Bu qastrollardan günümüzə çoxlu şəkil qalıb: Çaplin əynində uzun Amerika şineli; Çaplin skripka çalır; San-Fransiskoda «Çarli Çaplin əyyaş rolunda» yazılmış afişanın qarşısında dayanıb… Qeyd edək ki, məhz həmin rol sayəsində Çarlinin Amerikada çoxlu pərəstişkarları peyda olmuşdu. Tamaşaçılar onun hər hərəkətini böyük maraq və rəğbətlə izləyirdi.

Bütün qastrollar ərzində Çaplinlə eyni otaqda qalan Sten Lorel onu həddən artıq ekssentrik adlandırırdı. Sten qeyd edirdi ki, Çarlinin çox vaxt kefi olmurdu, üst-başından səliqəsizlik yağırdı. Ancaq bir dəfə o hamını öz qəşəng, dəbdə olan kostyumu ilə təəccübləndirir. Bu qəfil dəyişiklik getdikcə güclənir. Çaplin həmişə kitab oxuyur. Yunan dilini öyrənmək istəyir, ancaq tez də fikrindən daşınır. Sonra yoqa ilə məşğul olmağa başlayır. Başqa sözlə desək, Çaplin özünü təkmilləşdirməyi qət edir. Geyimə xüsusi fikir verir. Çaplini məşhur edən Avaranın kostyumunu buna misal çəkə bilərik. O, daima hərəkətdədir. Sketçlərdə hiss-həyəcanı aşıb-daşan bu adam, səhnədən kənarda çox vaxt təmkinli və adamayovuşmaz olur.

1912-ci ilin yayında Çaplin İngiltərəyə qayıdır. Sidni evləndiyindən o, Brikston-roudda ev kirayələyir. Ancaq İngiltərə torpağında keçirdiyi dörd ayda boş dayanmır, Karnonun truppalarında yenidən ölkəni gəzir.

Qardaşlar psixiatriya müalicəxanasında yatan analarını unutmur, ona baş çəkirlər. Bərkdən mahnı oxuduğuna görə Hanna həmin vaxt divarlarına keçə çəkilmiş palataya salınır. Bundan sonra Çaplin anası ilə görüşməyə ürək eləmir. Qardaşlar qərara alırlar ki, analarını özəl klinikaya köçürsünlər. Amerika qastrolları zamanı Çarli 2000 dollar pul yığmışdı. O dövr üçün bu xeyli böyük məbləğdi. Məhz həmin vəsait hesabına Hanna növbəti səkkiz ili şəxsi klinikada keçirəcəkdi.