реклама
Бургер менюБургер меню

Nəriman Həsənzadə – Dostlar gözləyir məni / Şeirləri və Poemaları (страница 5)

18

QIZMAZ

Qadınsız ev soyuq olar, donar o evdə can, qızmaz, Yerdə ocaq qalasalar, o yer qızar, tavan qızmaz. Şirin səslim, qara gözlüm, Heç bilmirəm necə dözdüm. İndi bildim könül dostum, öz oduna yanan, qızmaz. Oğul ,orda kimdi yatan, nə ün yetən, nə əl çatan. Torpaq üstə şair atan, torpaq altda anan qızmaz.

DÖZÜM

Deyirdin dözərəm yarsız, Döz, bağrı daş olan könlüm. Sən məni bu qədər gözlətməmişdin, belə qoymamışdın gözümü yolda. Bu qədər özünü gizlətməmişdin, gizlənpaç oynayan vaxtımızda da. Hayana getsən də, dönmüşdün yenə, qayıdıb gəlmişdin mənsiz darıxıb. Bu dəfə bilmirəm nə olub sənə, gedibsən, qayıtmaq yadından çıxıb. Qalıb evimizdə palın-paltarın, tələsik gedəndə kimə deyibsən?! Qapının ağzında başmaq tayların, yolda ayağına bəs nə geyibsən?! Solub pianonun üstündə güllər, təzə pərdələri yandırıbdı gün. Sənin bişirdiyin o mürəbbələr içilib qurtardı, hardasan özün?! Bu axşam qəribə bir hiss keçirdim, nə tez ömür ötdü, yaş əlli oldu. Sənin ad gününü sənsiz keçirdik, şəkilin yeganə təsəlli oldu. Şirin söhbətindən olmayıb doyan, çağır qonşuları doyunca gülək: – Mənsiz gördünüzmü dözmür Nəriman… Sənə qurban olum, sən görmədin tək.

FAMİLİMLƏ ÜZ-ÜZƏ

Qəbirlərin içində sadə bir qəbir sənin. Familin mənimkidir, ad sənin, ömür sənin. Nə uşaqlar var idi, nə indiki vəzifəm, nə evim, nə ünvanım, nə indiki ad-sanım. Kəbin kağızımıza yazıldın, iki oldum, ancaq səninki oldum. İndi sənin yanında səni haraylayıram. Familimlə üz-üzə dayanıb ağlayıram, səni haraylayıram.

TARİXDƏN İMTAHAN GÖTÜRMƏDİLƏR

Cırıldı, atıldı köhnə biletlər, dedilər ən böyük bir səhvimizi. Tarixdən imtahan götürmədilər, yalan yazmışdılar tariximizi. «Azadlıq», «Səadət», «Müqəddəs həyat!». isim tək hallandı «Xoşbəxt diyarda». Yalana öyrəndi qara camaat, aldanıb aldatdı ziyalılar da.