реклама
Бургер менюБургер меню

Мэри Шелли – Frankenşteyn və ya müasir Promotey (страница 3)

18

O gecə gözümə yuxu getmədi. Səhər açılanda artıq qəti qərara gəlmişdim: mən köhnə məşğuliyyətimə qayıdır və fitri istedadımı məhz bu işə həsr edirəm! Yenidən Valdmanın yanına getdim. Professor məni çox mehriban qarşıladı. Fikirlərimi onunla bölüşdüm. Aqrippanın, Paraselsin adını eşidəndə gülümsədi, amma cənab Krempe kimi istehza etmədi:

– Müasir alimlər bu insanlara göstərdikləri böyük səylərə görə minnətdar olmalıdırlar. Dahilərin əməyi, hətta yanlış məqsədlərə sərf olunsa belə, son nəticədə bəşəriyyətin inkişafına xidmət edir. Xoşbəxtəm ki, sizin kimi şagirdim var. Uğur qazanacağınıza şübhə etmirəm, kimya elmini hələ çox böyük kəşflər gözləyir.

Sonra cənab Valdman məni laboratoriyasına apardı, bəzi məsləhətlər və lazım olan kitabların siyahısını verdi.

Mənim taleyim məhz həmin gün həll olundu.

IV fəsil

Məhz həmin gündən təbiət elmləri, xüsusilə kimya mənim yeganə məşğuliyyətimə çevrildi. Mən oxuyur, mühazirələrə qulaq asır, universitet müəllimləri ilə söhbət edirdim. Cənab Valdmanla dostlaşmışdım. Səhərlərimi də laboratoriyada açırdım.

İki il keçdi, bu müddət ərzində bir dəfə də əzizlərimi görmək üçün Cenevrəyə getməyə imkan tapmadım. Bütün vaxtımı elmi axtarışlara sərf edirdim. Xeyli uğur qazandım, universitetdə ad çıxardım.

Həyat nədən başlanır? Bu sualın cavabını axtara-axtara insan bədəninin, ümumiyyətlə, canlı orqanizmlərin quruluşunu, fiziologiyanı, anatomiyanı öyrənirdim. Həyatın ölümə, ölümün yenidən həyata çevrilməsinin səbəb və formalarını araşdırırdım. Nəhayət, zil qaranlığı yaran gur işıq seli kimi beynimdə bir fikir doğdu. Mən qarşımda açılan imkanlardan dəhşətə gəldim, həm də heyrətləndim ki, bu qədər dahi kimyaçının arasında təbiətin ən böyük sirrinin üstünü açmaq bacarığı məhz mənə verilib.

Mən həyatın açarını tapdım, cansız materiyaya ruh verməyin yolunu öyrəndim! Dünyanın ən müdrik adamları əsrlər boyu buna can atıblar!

Gözlərinizdən görürəm ki, kəşfimin nədən ibarət olduğunu soruşmaq istəyirsiniz. Soruşmayın, mənim əhvalatıma axıradək qulaq asıb təbiətin işinə qarışmağın hansı fəlakətlərə gətirib çıxara biləcəyini düşünün.

Mən nəzəriyyəmi təcrübədə sınaqdan çıxarmaq qərarına gəldim. İşə sadə varlıq yaratmaqdan başlamaq əvəzinə, dərhal insan bədəni kimi mürəkkəb bir orqanizm formalaşdırmağa başladım. Günümü qəbiristanlıqda, sallaqxanada, meyitxanada, laboratoriyada keçirir, gecələr evimin çardağında qurduğum emalatxanaya çəkilirdim. Şübhə etmirdim ki, insan orqanizmi qədər mürəkkəb bir mexanizm yaratmaq vəzifəsinin öhdəsindən gələcək, ona nəfəs verə biləcəyəm. Tezliklə necə böyük şöhrət sahibi olacağım barədə düşünür, bəşəriyyətin minnətdarlığını qazanacağıma inanırdım. Əgər materiyanı canlandırmağın üsulunu tapmışamsa, deməli, ölmüş insanı həyata qaytarmağın yolunu da əvvəl-axır öyrənəcəyəm.

Gərginlikdən arıqlamışdım, hərdən işim alınmayanda çox həyəcan keçirir, amma ümidsizliyə qapılmır, cəhdlərimi uğur qazananadək təkrar edirdim.

Bütün qışı, yazı, yayı inadla çalışdım. İş yekunlaşmağa doğru gedəndə artıq yarpaqlar saralmağa başlamışdı. Bir dəfə güzgüdə özümü görüb qorxdum. Sifətimin rəngi də qaçmışdı. Fikirləşdim ki, eybi yox, işimi başa çatdırandan sonra gəzinti və əyləncələrlə sağlamlığımı tez bir zamanda bərpa edərəm.

V fəsil

Soyuq noyabr gecəsi idi. Axır ki, hər şey hazır idi. Böyük həyəcanla lazım olanları yanıma yığıb yerə uzatdığım təxminən iki metr yarım boyu olan varlığa nəfəs verməyə hazırlaşırdım. Yağış həzin-həzin pəncərəmi döyəcləyirdi. Səyriyən şamın işığında onun sarı gözləri açıldı. Bədəni gərildi, sonra titrətdi, nəhayət, sakitləşib baxışlarını boşluğa zillədi.

Böyük zəhmət bahasına yaratdığım bu varlığın məndə oyatdığı dəhşəti təsvir etməyə çətinlik çəkirəm. Mən onun üçün mütənasib sifət cizgiləri seçməyə çalışmışdım. Sarımtıl dərisi əzələlərinin üstündən tarım çəkilmişdi, qara saçları, ağappaq mirvari kimi dişləri var idi. Amma indi dərisi lap dartılmışdı, bu saçlar və dişlər bəbəyi seçilməyən sulu gözlərlə birlikdə qorxunc mənzərə yaradırdı.

İki il bir arzu ilə gecə-gündüz əlləşəsən, arzuna yetəndə isə iyrəndiyindən üzünü yana tutasan! Çardaqda duruş gətirə bilməyib öz otağıma düşdüm.

Necə yuxuya getdiyimi də bilmədim. Yuxuda gözəl və şən Elizabeti gördüm. Onu qucaqlayıb öpmək istəyirdim ki, halı dəyişdi. Bir də baxıb gördüm, qucağımda anamın meyitini tutmuşam. Qan-tər içində yuxudan ayıldım, titrəyirdim. Bütün bədənim əsirdi. Gözlərimi açanda başımın üstündə o bədheybəti gördüm. Dodaqları qəribə bir gülüşlə əyilmişdi, çənəsi tərpənirdi, anlaşılmaz səslər çıxarırdı.

Nə isə deyirdi, amma başa düşə bilmirdim. Əlini mənə tərəf uzadanda onu itələyib otaqdan qaçdım, həyətdə gizləndim.

Nəhayət, hava açılmağa başladı. İnqolştadt kilsəsinin qülləsi görünəndə tələsik həyətdən çıxdım. Yuxulu-yuxulu yağışın altında küçələri gəzir, evə qayıtmağa qorxurdum.

Mehmanxananın yanından keçəndə qarşımda bir karet dayandı. Karetdən Anri Klervalın düşdüyünü görəndə necə sevindiyimi təsəvvür edə bilməzsiniz. “Əziz Frankenşteyn, – deyə Anri üstümə atıldı, – nə yaxşı ki, sənə elə burada rast gəldim”.

Klerval, axır ki, atasından İnqolştadtda oxumağa razılıq ala bildiyini söylədi:

– Onu inandırmaq çox çətin idi ki, dünyada mühasibdən də maraqlı peşə var. Amma sonda övlad sevgisi atamın elmlərə olan sayğısızlığına üstün gəldi, təhsilimi davam etdirməyə icazə verdi.

– Bəs mənim atam, qardaşlarım, Elizabet necədir?

– Hamısı yaxşıdır, amma səndən xəbər olmadığından narahatdırlar. Özüm də səni danlayacaqdım, niyə onlara məktub yazmırsan? – Klerval ayaq saxlayıb üzümə baxdı. – İndi fikir verirəm ki, xəstəyə oxşayırsan, yaman arıqlamısan, çox yorğun görünürsən, elə bil neçə gecədir yatmamısan.

– Düz tapmısan. Əlimdə vacib iş vardı, dincəlməyə vaxt qalmırdı, amma hər şey bitdi, artıq sərbəstəm.

Dünənki gecə yadıma düşəndə bədənim əsdi. Mənim qaldığım evə çatmışdıq. O bədheybətsə hələ də orada ola bilərdi. Anriyə dedim ki, həyətdə gözləsin, özüm isə qorxa-qorxa yuxarı qalxdım. Qapının dəstəyinə əl atdım və yerimdə donub-qaldım. İçəri girməyə ürək etmirdim. Nəhayət, bütün cəsarətimi toplayıb qapını itələdim. Otaq boş idi. Dərindən nəfəs alıb Anrinin dalınca qaçdım.

Otağa qayıdan kimi xidmətçiyə iki nəfərlik səhər yeməyi sifariş etdim. Sevincim yerə-göyə sığmırdı. Əvvəl Klerval elə başa düşürdü ki, onun gəlişinə sevinirəm. Sonra hərəkətlərimə, gözlərimdəki dəlisov ifadəyə fikir verib ehtiyatlandı:

– Əziz Viktor, sən Allah, bir şey baş verməyib? Belə gülmə. De, sənə nə olub?

– Soruşma! – Birdən mənə elə gəldi ki, bədheybət qapıda görsəndi. Əllərimlə üzümü örtdüm. – O özü hər şeyi sənə danışar… Məni xilas et, xilas et!

Özümdən gedib yerə yıxıldım.

Mənim bir neçə ay çəkən ağır xəstəliyim belə başlandı. Bütün bu vaxtı Klerval mənə dayəlik edirdi. Sonralar bildim ki, xəstə olmağımı əzizlərimdən – atamdan və Elizabetdən də gizlədibmiş. Əgər onun qayğısı olmasaydı, çətin ki, mən həyata qayıdardım. Tez-tez o bədheybət gözümə görünürdü, qışqırır, sayıqlayırdım.

Yadımdadır, birinci dəfə özümə gəlib ətrafa boylananda pəncərəmin qarşısındakı ağacların saralmış yarpaqlarının yerində təzə zoğlar gördüm. Yazın lap əvvəli idi, tez ayağa qalxmağıma onun da təsiri oldu.

– Əziz dostum, – minnətdarlıqla Klervala baxdım. – Sən buraya dərs almağa gəlmişdin, amma bütün qışı mənim çarpayımın böyründə keçirməli oldun. Bilmirəm, əvəzini necə çıxacağam?

– Əvəzini çıxmaq istəyirsənsə, atana və Elizabetə məktub yaz. Əzizlərin sənin xəstə olduğunu bilmirlər və onları unutduğuna görə inciyirlər. Bir neçə gün əvvəl Elizabetdən məktub gəlib, yəqin, bu xəbər səni sevindirər.

VI fəsil

Klerval Elizabetin məktubunu mənə verdi.

“Əziz Viktor! Çoxdandır səndən məktub gözləyir və əmimi İnqolştadta səfər etmək fikrindən daşındırmağa çalışıram. İstəmirəm ki, uzaq yolun əziyyətini çəksin. Atan sağ-salamatdır, ona bircə səni görmək çatışmır.

Sən gedəndən burada çox az şey dəyişib. Təkcə Jüstinanın həyatında yenilik olub. Jüstina Moris, yəqin, yadındadır. Anası əri öləndən sonra dörd uşaqla köməksiz qalmışdı və nədənsə ağrı-acısını məhz Jüstinadan çıxırdı. Onun 12 yaşı tamam olanda xalam Jüstinanın anasını dilə tutub qızı bizim ailəyə verməyə razı salmışdı.

Sənin anan Jüstinanı çox istəyirdi, ona yaxşı təhsil vermişdi. Jüstina da xalamın bir sözünü iki eləməzdi, onu idealı sanırdı.

Xalam öləndə Jüstina möhkəm xəstələndi. Amma sən demə, yazıq qızı qarşıda hələ çox bədbəxtliklər gözləyirmiş. Bir-birinin ardınca bacı-qardaşları öldü. Sən İnqolştadta gedəndən bir neçə ay sonra anası gəlib qızını apardı. Jüstina bizdən ayrılmaq istəmirdi, ağlayırdı. Ona görə də anası rəhmətə gedən kimi təzədən ailəmizə qayıtdı. Mən onu ürəkdən sevirəm, özünü aparmağı, danışığı rəhmətlik xalamı çox xatırladır”.

Sonra Elizabet qardaşlarımdan, qonşulardan, mənim məktəb yoldaşlarımdan yazır, məktubunu bu sözlərlə qurtarırdı:

“Bizə özün barədə yaz, Viktor. Bir sətir, bir söz də olsa, bizim üçün böyük sevincdir. Anriyə min dəfə “sağ ol” deyirik ki, səni tək qoymur və səndən bizə xəbər göndərir. Özünü qoru və yalvarıram, məktub yaz! Cenevrə, 18 mart 17..

Dərhal sevimli Elizabetin xahişini yerinə yetirdim.

İki həftədən sonra, özümü tam sağlam hiss edən kimi, ilk növbədə Klervalı universitetimizin professorlarına təqdim etdim. Onlardan bəziləri ilə görüşmək mənim üçün çox ağır idi və unutmaq istədiyim xatirələri oyadırdı. Professor Valdmanla söhbət isə əsl işgəncəyə çevrildi. O, böyük uğurlarıma görə məni təriflədikcə içimdən kəsilir, amma üzdə dözməli olurdum. Klerval dost gözü ilə mənim əzab çəkdiyimi gördü və bizim danışığımızdan bir şey anlamadığını deyib söhbəti dəyişdi.