реклама
Бургер менюБургер меню

Мэри Шелли – Frankenşteyn və ya müasir Promotey (страница 2)

18

I fəsil

Mən cenevrəliyəm; valideynlərim İsveçrənin adlı-sanlı adamlarındandır. Atam da öz ata-babası kimi uzun müddət ictimai vəzifələrini vicdanla yerinə yetirib. Təmizliyi və işgüzarlığı ilə ad çıxarıb, hörmət qazanıb. Başı ictimai işlərə o qədər qarışıb ki, gec evlənib.

Ümumiyyətlə, atamın evlənmək əhvalatı onun xarakterini çox gözəl əks etdirir, buna görə də həmin əhvalatı sizə danışmaq istəyirəm. Atamın dostları arasında varlı bir tacir var idi. Bofor adlı bu adam uğursuzluğa düçar olmuş, müflisləşmişdi. Cenevrədə onu tanıyan adamların arasında qalmağı qüruruna sığışdırmayıb qızı ilə birgə qonşu şəhərə köçmüşdü, orada tənha həyat sürürdü. Atam Boforun xətrini çox istəyirdi, dostunun yoxa çıxması onu mütəəssir etmişdi. Boforu tapıb yenidən ayağa qalxmasına kömək etmək istəyirdi.

On aydan sonra atam, nəhayət, onun yerini öyrəndi, evinə getdi. Amma gecikmişdi.

Bofor qonşu şəhərə köçəndən üç ay sonra dərddən xəstələnibmiş. Qızı Karolina ruhdan düşmür, paltar tikib satır, atasına qulluq edirmiş. Xəstəliyinin yeddinci ayında, yəni atam dostunu tapmazdan bir gün əvvəl Bofor rəhmətə gedibmiş.

Dəfndən sonra atam Karolinanı Cenevrəyə gətirdi, öz qohumlarından birinin evində yerləşdirdi. İki ildən sonra onlar evləndilər.

Atamla anamın arasında yaş fərqi böyük olsa da, onlar bir-birini çox sevirdilər. Atam anamın qayğısına qalır, keçirdiyi məhrumiyyətlərin acısını unutdurmaq üçün onun nazını çəkirdi. Bu məhrumiyyətlər anamın səhhətinə pis təsir etmişdi, əsəbləri də xeyli korlanmışdı. Ona görə də toydan dərhal sonra valideynlərim yumşaq iqlimli İtaliyaya köçmüşdülər.

Mən Neapolda anadan olmuşam. Anamın nəvazişləri və atamın sevgi dolu baxışları mənim uşaqlıq illərimin ən yaddaqalan xatirələridir. Anam bir qız da istəyirdi, amma məndən sonra onların uzun müddət uşaqları olmadı. Yadımdadır, beş yaşım var idi, ailəmiz Komo gölünün sahilində dincəlirdi. Göl qırağında gəzinti vaxtı atamla anamın diqqətini uşaqla dolu, amma həddən ziyadə kasıb bir koma cəlb etmişdi. Bir dəfə atam işləri ilə əlaqədar Milana getdi, anam isə məni də götürüb həmin komaya yollandı. Komada yaşayan kəndli ailəsində beş uşaq var idi. Uşaqlardan biri digərlərinə heç oxşamırdı. Qızılı saçları, mavi gözləri, zərif sifət cizgiləri ilə seçilən bu qızcığaz anamı çox maraqlandırdı. Kəndli qadın onun əvvəllər evində qulluqçu işlədiyi milanlı bir zadəganın qızı olduğunu dedi. Alman əsilli anası doğuş üstündə ölmüşdü. Atası isə İtaliyanın azadlığı uğrunda mübarizə aparmışdı. Avstriyalılar onu ələ keçirəndən sonra öldüsü-qaldısı bilinmirdi, əmlakını da müsadirə etmişdilər. Qulluqçunun yetim qıza yazığı gəlmişdi, götürüb evinə aparmışdı.

Atam Milandan qayıdanda villamızın qonaq otağında mənimlə oynayan mələyə oxşayan bir qız uşağı gördü. Anam məsələni ona başa saldı və həmin gündən Elizabet Lavensa bizim ailənin üzvü, mənim ən əziz adamım oldu.

II fəsil

Biz bir yerdə tərbiyə olunurduq, aramızda cəmi bir yaş fərq vardı. Xarakterlərimizin müxtəlifliyi bizi daha da yaxınlaşdırırdı. Elizabet sakit təbiətli, amma inadkar, mən çılğın, bununla belə, elmlərə həddən artıq meyilli idim. Onu dünyanın zahiri gözəlliyi daha çox maraqlandırırdı, mənsə hər şeyin məğzinə varmağa, səbəb-nəticə əlaqələrini başa düşməyə çalışırdım.

Mənim yeddi yaşımın tamamında qardaşım oldu. Valideynlərim Cenevrəyə qayıdıb sakit, qapalı həyat tərzi sürməyə başladılar. Mən də başqaları ilə ünsiyyətə çox can atmırdım, ona görə məktəbdə cəmi bir dostum vardı. Anri Klerval çox istedadlı uşaq idi, çətinlikləri, sərgüzəştləri sevirdi, cəngavər romanları oxuyur, şeir yazır, bizi xoşladığı pyesləri səhnələşdirməyə məcbur edirdi.

Mən dünyada ən xoşbəxt uşaq olmuşam. Başqa ailələri görəndə mənə bəxş etdikləri sevincə görə ata-anama olan məhəbbətim artırdı.

Dedim ki, çılğın idim, amma bütün enerjimi uşaq oyunlarına yox, elmlərə yiyələnməyə, oxumağa sərf edirdim. Ən çox da dünyanın fiziki sirlərinin dərkinə maraq göstərirdim. Klervalı, əsasən, mənəviyyat problemləri maraqlandırırdı. O, ictimai münasibətləri, insanları qəhrəmanlıq göstərməyə sövq edən motivləri araşdırırdı və özü də gələcəkdə qəhrəman olmaq istəyirdi. Elizabetin təmiz ruhu isə evimizi çıraq kimi işıqlandırır, zərif səsi, gülüşü və baxışı bizi canlandırırdı.

Mən təbiət elmlərinə üstünlük verirdim. Bir dəfə 13 yaşımda ailəliklə göl qırağına səyahətə getmişdik. Hava korlandığından bütün günü mehmanxanadan çıxa bilmədik. Orada Korneli Aqrippanın bir kitabını tapdım. Əlimə həvəssiz aldım, ancaq oxuduqca vəcdə gəlirdim. Sanki özüm üçün yeni bir dünya kəşf edirdim. Kitabı atama göstərdim. Üz qabığına baxıb: “A, Korneli Aqrippa, – dedi, – əziz Viktor, vaxtını boş şeylərə sərf etmə”.

Əgər atam mənə ətraflı izah etsəydi ki, Aqrippanın baxışlarının yanlışlığı artıq çoxdan elmi surətdə sübuta yetirilib, mən o kitabı bir küncə atardım. Bəlkə də, sonradan məni məhvə aparan yola düşməzdim. Amma atamın ağızucu dediyi sözlər məni inandırmadı və acgözlüklə kitabı oxumaqda davam etdim.

Evə qayıdanda bu müəllifin əsərlərinin külliyyatını, sonra Paraselsin1, Böyük Albertin2 kitablarını da oxudum. Bu divanələrin fikirlərinə uydum və özümü onların şagirdi, hətta davamçısı hesab etdim. Müəl-limlərimin ardınca gedib fəlsəfə daşı, həyat cövhəri axtarmağa başladım. Var-dövlət gözümə görünmürdü, mən şöhrət qazanmaq istəyirdim. Əgər insanı ölümsüzlüyə qovuşdurmağın yolunu tapsaydım, məni böyük gələcək gözləyirdi.

On beş yaşım vardı, şəhər kənarındakı bağ evimizə getmişdik. Qapıya söykənib göydən tökülən selə, ildırım çaxmasına baxırdım. Birdən evdən 20 metr aralı nəhəng palıd ağacının od tutduğunu və qısa müddətdə yanıb kömürə döndüyünü gördüm.

Elektrik qanunları haqqında əvvəl də kifayət qədər təsəvvürüm vardı. Amma bu palıd əhvalatı məni onun təbiəti barədə daha dərindən düşünməyə məcbur etdi. Aqrippanı, Paraselsi, Alberti unutdum, köhnə məşğuliyyətimdən əl çəkdim və gecə-gündüz riyaziyyatı, fizikanı öyrənməyə girişdim.

İndi geri baxıb keçdiyim həyat yoluna nəzər salanda düşünürəm ki, Tanrı bu möcüzəsini məni səhvlərdən qorumaq, haqqa qaytarmaq üçün göstərmişdi. Heyif ki, başa düşmədim. Tale məni öz arxasınca sürükləyir, məhvə doğru aparırdı.

III fəsil

On yeddi yaşımda valideynlərim məni İnqolştadt şəhərinə universitetə göndərməyi qərara aldılar. Yola çıxmağa hazırlaşırdım ki, həyatımda ilk böyük bədbəxtliklə üzləşdim.

Elizabet skarlatin xəstəliyinə tutuldu. Anamı ona yaxın qoymaq istəmirdilər ki, yoluxa bilər. Amma anam qızın yanından çəkilmirdi. Özü ona qulluq edirdi. Anam Elizabeti xilas etdi, əvəzində özü ağır xəstələndi. Həkimlərin üzündən başa düşmək olurdu ki, sağalacağına ümid getdikcə azalır. Ölüm yatağında da anam mətinliyini itirmədi. Son nəfəsində Elizabetin əlini mənim ovcuma qoyub: “Övladlarım, – dedi, – həmişə sizin toyunuzu arzulamışam, bu sevinci atanızdan əsirgəməyin”.

Əziz adamını itirmiş insanın iztirablarını təsvir etməklə qanınızı daha da qaraltmayacağam. Bircə onu deyim ki, artıq heç yerə getmək istəmirdim. İstəyirdim həmişəlik Elizabetin, atamın, qardaşlarımın, dostumun yanında qalım.

Nəhayət, səfər günü yetişdi. Məni sevdiyim adamlardan ayırıb uzaqlara aparan arabada oturub qəmli xəyallara dalmışdım. Amma yavaş-yavaş arxada qoyduqlarım deyil, qabaqda məni gözləyənlər barədə düşünməyə başladım. Elmə olan həvəsim hələ də güclü idi.

Səhər İnqolştadtda zəmanət məktublarımı götürüb bir neçə professora baş çəkdim. Görünür, bu da taleyin hökmü imiş ki, birinci təbiət elmləri professoru cənab Krempenin yanına getdim. Krempe kobud, amma çox savadlı alim idi. Biliyimi yoxlamaq üçün bir neçə sual verdi. Oxuduğum kitablar arasında kimyagərlərin də kitablarını sadaladım. Professorun gözləri bərəldi: “Bu cəfəngiyyata da vaxt sərf etmisiniz?” Sonra o, gələn həftədən dərslərə başlayacağını deyib məni evə buraxdı. Bir də dedi ki, kimya dərsini həmkarı Valdman keçəcək, indi o, şəhərdə yoxdur, amma bir həftəyə qayıdacaq.

Cənab Krempenin qaba səsi və eybəcər xarici görünüşü var idi, ona görə də onu bəyənmədim. Həm də quru elm tərəfdarı kimi, əbədiyyət və sonsuzluq axtaran kimyagərlər, o dahi xəyalpərvərlər haqqında dediyi sözlər xoşuma gəlmədi.

Məndən böyük arzularımı darıxdırıcı reallığa dəyişməyi tələb edirdilər.

Növbəti həftə könülsüz-könülsüz Valdmanın mühazirəsinə getdim. O, həmkarından fərqlənirdi. Əlliyaşlı bəstəboy kişi idi, sifətindən xeyirxahlıq yağırdı, ömrümdə belə yumşaq səs eşitməmişdim. Əvvəl kimya tarixinin icmalını verdi, kəşflər, keçmişin dahi alimləri haqqında danışdı. Sonda isə ömrüm boyu unutmayacağım bir fikir söylədi:

– Qabaqlar həyatını bu elmə sərf etmiş böyük insanlar mümkün olmayan şeylər vəd edirdilər və heç nə edə bilmədilər. İndiki alimlər çox az şey vəd edirlər, bilirlər ki, bir metalı başqasına döndərmək olmaz, həyat cövhəri isə əlçatmaz arzudur. Amma məhz bu alimlər kiçik-kiçik ixtiralar etməklə əsl möcüzələr yaradırlar. Onlar təbiətin ən xəlvət sirlərinin üstünə işıq salırlar. Bədənimizdə qanın necə dövran etdiyini, nə ilə və necə nəfəs aldığımızı öyrənirlər. Onlar təbiət qüvvələrini, hətta gözəgörünməz dünyanı da ram etməyə çalışırlar.

Professorun son sözlərini mən taleyin göstərişi kimi qəbul etdim. “Əgər başqaları bu qədər iş görüblərsə, – deyə Frankenşteynin ruhu qışqırırdı, – sən onlardan artığına nail olacaqsan, bəşəriyyəti təbiətin ən mübhəm sirlərindən agah edəcəksən”.