реклама
Бургер менюБургер меню

Максуд Ибрагимбеков – Uşaqlığın son gecəsi (страница 3)

18

Dovşan əlini stola çırpıb dedi:

– İndi bütün uşaqlar acdır! Ölkədə vəziyyət ağırdır və sən bunu başa düşməlisən. Mən hələ işləyib nəsə qazanıram, bəs atası müharibədə olanlar neyləsin?

Bu vaxt onun arvadı səsini başına atdı, uşaqlarla məcbur olub bizə keçdik. Onlar dalaşmağa başlayanda uşaqları tez bizə yığışır.

Ertəsi gün bütün siniflə bir yerdə metal tullantısı toplamağa getdik. Dovşan da bizimlə idi. O bizə bir kiloqram misdən nə qədər patron düzəltmək barədə danışırdı, bir tankın istehsalına nə qədər polad lazım olduğunu deyirdi. Dovşan deyirdi ki, biz bakılı olduğumuz üçün fəxr etməliyik, çünki Bakı cəbhəyə ən vacib olan məhsulu – benzini verir və benzin olmadan nə tank, nə də təyyarə hərəkət edə bilər. O deyirdi ki, Bakı neftçiləri əsl qəhrəmanlardır, çünki sutkalarla neft mədənlərində açıq havada işləyirlər. Üstəlik, həmin gün ondan başqa bir məlumat da eşitdik. Sən demə, almanlar Bakıya yaxınlaşanda bütün neft mədənləri minalanmışdır və hər an partladılmağa hazır idi. Lakin bu təhlükəyə baxmayaraq, neftçilər iş yerlərini tərk etməyib, cəbhəyə gedən bir damla neft itkisinə razı olmayıblar.

Dovşanın evi əsl cəhənnəm idi. Arvadı səhərdən axşama qədər ondan sabun bişirməyini tələb edirdi. Amma kiçik oğlu xəstələnib yatağa düşəndən sonra arvad daha heç nə demir, sakitcə ağlayırdı.

Nəhayət, Dovşan məğlubiyyəti ilə barışdı. O, sabun bişirdi və onu taxtadan hazırladığı qəlibə boşaltdı. Beş parça sarımtıl paltar sabunu alındı. Məncə, onu fabrikdə istehsal olunmuş sabundan ayırd eləmək çətin idi. Dovşanın arvadı sabunu Kubinkaya apardı və yarım saat sonra ərzaqla dolu zənbillə geri qayıtdı.

Həmin gündən sonra Dovşanın üzündən təbəssüm çəkilib getdi. Dərs vaxtı ancaq fizika və kimyadan danışırdı. Keçmiş vərdişlərindən yalnız biri qalmışdı – yenə hər səhər xəritəyə bayraqlar sancırdı. Qırmızı bayraqlar artıq dövlət sərhədinə çatırdı. Nəhayət, bayraqlar dövlət sərhədlərini də ötüb-keçdi. Dovşan sinfə girib bizi təmkinlə təbrik etdi. Hətta Dovşanın arvadı da hiss edirdi ki, ərinə nəsə olub. Bir dəfə qadının ona ürək-dirək verdiyini eşitdim:

– Axı sən pis heç nə eləməmisən, – qadın Dovşana deyirdi. – Sən ki onu oğurlamamısan, heç kəsə ziyan vermədən özün düzəltmisən. Üstəlik, adamlara da xeyir vermisən, xəbərin var, satışda sabun yoxdur!

Dovşan cavab vermədi. Son vaxtlar, demək olar ki, arvadı ilə heç danışmırdı. Amma qadın onu bir dəfə də sabun bişirməyə məcbur etdi. Sonra sabunu götürüb keçən dəfə olduğu kimi tez bazara cumdu.

Bu dəfə çox tez geri qayıtdı, özü də iki milis işçisinin müşayiəti ilə gəldi. Onlar Dovşanın evinə girdilər və dedilər ki, vaxt itirmədən axtarış aparmalı və heç yerdə tapılmayan sabunun baha qiymətə Kubinkadakı möhtəkirlərin əlinə necə keçdiyini müəyyən etməlidirlər. Ancaq axtarış aparmağa ehtiyac olmadı, hər şey göz qabağında idi: sabun bişən bulaşıq qazan, taxta çömçə, qəlib hələ də ortada qalmışdı. Milislər hər şeyə baxdılar, toxundular və Dovşandan soruşdular:

– Evinizdə gizli sabun bişirdiyiniz aşkar olunub, buna etirazınız var?

Dovşan başını buladı. Onun rəngi ağarmışdı və bu vaxt ərzində bir kəlmə də danışmamışdı. Milislərdən biri – yaşda böyük olan – oturub protokol tərtib etməyə başladı. O, Dovşanın soyadını, atasının adını qeyd etdi, sonra harada işlədiyini soruşdu. Onun işlədiyi məktəbin nömrəsini eşidən milis protokolu kənara qoyub Dovşana baxdı.

– Siz kimya müəllimisiniz? – Dovşan bu dəfə də başını tərpədərək təsdiqləyəndə milis davam etdi: – Oğlum sizin şagirdinizdir. O, evdə sizdən çox danışır. Nə edə bilərik? Axı sizi tutacaqlar!

Bu vaxt Dovşanın arvadı uşaqların hamısını gətirib divarın qabağına düzdü, sonra bir-bir saymağa başladı və dedi ki, əgər bu sabun olmasaydı, indi uşaqların hamısı ölmüşdü. Sonra da beləcə danışmağa davam etdi. Milis işçisi sanki onu eşitmirdi, sadəcə dayanıb Dovşana baxırdı. Sonra dərindən köks ötürdü, qalxıb qapıya getdi, digər milis də onun arxasınca evdən çıxdı.

Onlar gedən kimi Dovşanın arvadı:

– Görürsən, yenə səni qurtardım! – dedi. Dovşan ona baxdı (sanki üç saat dayanmadan danışıb yorulmuşdu), sonra yorğun səslə danışmağa başladı:

– Hərbi komissarlıqda mənə “yararsız” dedilər, o vaxt çox pərt olmuşdum, ancaq sonra bu ötüb-keçdi, yararsız olduğumu unutmaq üçün əlimdən gələni etdim. Ancaq indi özüm görürəm necə yararsız olduğumu.

Əlbəttə, bir müddət sonra arvad yenə onun baş-qulağını aparmağa başladı, yenə onu sabun bişirməyə məcbur etdi, ancaq bu dəfə Dovşan razı olmadı. Hər gün səhərdən axşama qədər evlərində eyni söhbət gedirdi.

Bir dəfə qadın Kubinkadan qayıdıb Dovşana dedi:

– Biz daha sabun satmayacağıq. Sən bircə dəfə sabun bişirəcəksən, ancaq bu dəfə çox bişirəcəksən. Mən bir adamla danışmışam, o satacaq, pulun az hissəsini özünə götürəcək, qalanını bizə verəcək. Bu pul müharibənin axırına qədər bizə bəs edəcək. Axı özün deyirdin, müharibənin qurtarmağına çox az qalıb…

Dovşan yenə sabun bişirməyə başladı. Bir neçə gün dalbadal sabun bişirdi, arvadı hazır sabunları qəlibdən çıxarıb qurumağı üçün pəncərə qarşısına düzürdü. Sabunların hamısını yekə çamadana yığdılar və çamadan ağzına qədər doldu. Çamadanın ağzını bağlayandan sonra arvadı onu güclə yerdən qaldırdı. Ünvanı Dovşana verdi və onu küçəyə qədər ötürdü.

– Axırıncı dəfədir! – ərinə dedi.

Dovşan qaranlıq, kimsəsiz küçə ilə addımlayırdı. Bakıda komendant saatı ləğv olunsa da, küçələrdə heç kəs görünmürdü. Çox soyuq idi, yazın əvvəli idi. Dovşan tinə çatanda bir az dayanıb nəfəsini dərmək istədi, ağır çamadanı o biri əlinə götürüb yoluna davam etdi. Şamaxinkaya çatanda bir dəstə adamla rastlaşdı. Onlar da əllərində çamadanla, çiyinlərində yük torbası ilə gedirdilər. Adamlardan biri arxaya çevriləndə Dovşanı gördü.

– Salam! – mehribanlıqla dedi.

Dovşan o biriləri də tanıdı. Dəstədən olan beş nəfərə əvvəllər dərs demişdi.

– Gecə vaxtı hara gedirsiniz? – Dovşan xəbər aldı.

– Vağzala gedirik. Hamımızı çağırıblar. On yeddi yaşı tamam olan hər kəsi.

– Bəs hara aparırlar sizi?

– Bilmirik. Hərbi sirdir, bizə heç nə demirlər.

Dovşan gənclərlə yanaşı gedir və deyirdi ki, onlar özlərini qorumalıdır, çünki almanlar darmadağın ediləndən sonra ölkənin gənclərə ehtiyacı olacaq və əgər haradasa çətinlik hiss etsələr, bir şeyi xatırlasınlar: xoşbəxt o adamdır ki, ürəyi Vətən eşqi ilə döyünür. Onlar vağzala çatanda qatar artıq dayanmışdı.

Bu vaxt Dovşanın çamadanını daşıyan oğlan onu qaytarıb dedi:

– Sağlıqla qalın, müəllim! Yəqin, bir də müharibədən sonra görüşərik.

– Hə… – çamadanı oğlandan alan Dovşan fikirli-fikirli dedi. – Yəqin, müharibədən sonra…

Səfərbərliyə alınmış gənclər üzərində “56 nəfərlik” yazılmış tünd-yaşıl rəngli vaqonun yanında dayanıb son dəfə öz doğmaları, yaxınları ilə görüşürdülər. Dovşan isə bir kənarda dayanıb bu mənzərəni seyr edirdi.

Sonra bir leytenant qaçaraq gəlib çığırdı:

– Vaqonlara! Beş dəqiqə sonra qatar yola düşür.

Gənclər Dovşana yaxınlaşıb onunla vidalaşdılar.

– Dayanın, – Dovşan onları saxladı. – Bir dəqiqə gözləyin!

Çamadanı yerə qoyub qapağı açdı, oradakı sabunları çıxarıb keçmiş şagirdlərinə payladı.

– Götürün! – deyirdi. – Çox yaxşı sabundur, sabun sağlamlıqdır. Cəbhədə sizə lazım olacaq.

Hamı Dovşana deyirdi: “Siz nə edirsiniz, müəllim, sabun bizim nəyimizə lazımdır, qoyun qalsın…” Dovşan isə onlara məhəl qoymur, sabunları təkcə öz keçmiş şagirdlərinə deyil, vağzaldakı digər çağırışçılara da paylayırdı. Uşaqlar Dovşana təşəkkür etdilər. Bu vaxt parovoz fit verdi. Hamı tələsik vaqonlara doluşdu və pəncərələrdən, qapıdan Dovşana əl yelləməyə başladılar. Onun keçmiş şagirdləri ilə digər çağırışçılar bir-birinə qarışmışdı və hamı Dovşana əl yelləyirdi. Qatar yerindən tərpəndi, perronda dayananlar qatarın arxasınca baxır, kimsə hönkürtü ilə ağlayırdı.

Sonra Dovşan boş çamadanı səliqə ilə bağlayıb evə getdi. Vağzalın çıxışında onun qarşısını kəsdilər.

– Vətəndaş, bu çamadanda nə var? – hərbi patrul xəbər aldı.

– Heç nə! – deyən Dovşan çamadanı açıb içini göstərdi. – Bunun içində heç nə yoxdur!

– Yoxdur, yoxdur da, – patrul yorğun səslə dedi. – Daha nəyə gülürsünüz? İndi başqa dövrdür, vətəndaş… Müharibədir…

O, sevincək gedir və gülümsəyirdi. Evə də gülə-gülə gəldi…

– Verdin? – arvadı xəbər aldı.

– Hamısını bir-bir verdim! – Dovşan sevincək cavab verdi.

Heç kim bilmir, o gecə Dovşana nə oldu, amma o gündən bəri arvadı çığır-bağır salmır. Bu çox qəribə əhvalatdır, ancaq həmin gecə, doğrudan da, Dovşana nəsə oldu, hətta daha Dovşana da oxşamır.

Artıq məktəbdə heç kəs ona “Dovşan” demir. Bu ləqəb yavaş-yavaş unudulur. Yəqin, bunun səbəbi onun məktəb direktoru olması deyil. Şagirdlər ona adı və soyadı ilə müraciət edirlər, hətta o, sinifdə olmayanda da bu müraciət forması dəyişmir.

Hər ilə yenə də arvadının doğum günündə ona özünün hazırladığı ürək formalı, yasəmən rəngli əl-üz sabunu bağışlayır. Arvadı da deyir ki, bu sabun üz dərisinə yaxşı təsir edir.

PÜSTƏ AĞACI

Bu çox asan işdir: bax bu maşa ilə fışıldayan alışqan bombanı götürürsən, onu əvvəlcədən evin damında hazır qoyulmuş su dolu çəlləyin içinə salırsan, sonra da çəlləkdən çıxan buxara tamaşa edirsən. Bundan sonra sirenlər səslənir, zenit toplarından atəş açılır və səmada projektorların işığı görünür. Eh!.. Ancaq müharibə vaxtı Bakıya bomba düşmədi. Bircə dənə də. Əlbəttə, şəhərdə buna bizdən, yəni həyətimizin uşaqlarından savayı təəssüflənən olmadı. Çox istəyirdik ki, heç olmasa, bircə dənə bomba söndürək, alışqan bomba yox ha, hansından olursa olsun, fərq etmirdi. Arzumuz ürəyimizdə qaldı. Boş yerə gecə keçənə qədər damda oturub hava hücumu gözləyirdik. Maşalar da, qarmaqlar da, baltalar da nahaq yerə damdakı lövhədən asılıb qalmışdı.