реклама
Бургер менюБургер меню

Максуд Ибрагимбеков – Uşaqlığın son gecəsi (страница 2)

18

Çox qəribə idi, arabaçı atının quyruğunun kəsildiyini o dəqiqə hiss etdi. Qırmancı çəkib çənin arxasından üstümüzə şığıdı və bizi məktəb darvazasına qədər qovdu. Arxamızca qaçaraq qırmancla kürəyimizdən vurdu. Biz məktəbə çatıb qapını tez bağladıq, arabaçı isə dedi ki, səhərə qədər burada dayanıb bizi gözləyəcək və əlindəki qırmanc didik-didik olana qədər bizi çırpmasa, əl çəkən deyil.

Dovşan bizi görən kimi nə baş verdiyini soruşdu, biz də hər şeyi açıb ona danışdıq. Onun əynində ancaq pencək vardı, palto, şlyapa geyməmişdi, o dəqiqə küçəyə cumdu, artıq arabaçı getmişdi. Dovşan dedi ki, bu arabaçı çox pis adamdır, heç adam da uşağı belə vurar. Onu inandırdıq ki, bizə heç nə olmayıb, ağrıtmır, o sakitləşdi, dedi ki, yaxşı iş görməmişik, gərək arabaçıdan icazə alaydıq və əlbəttə, o bizə etiraz etməzdi. Əgər hamı qabağına çıxan atın quyruğunu kəssə, yaxşı olmaz. Sonra əlavə etdi ki, hamımız vicdanlı adamlar kimi yetişməliyik, özümüzə görə, daha çox da yaxşı gələcəyimizə görə vicdanlı olmalıyıq, çünki yaxın zamanlarda ölkənin bizə ehtiyacı olacaq. Onun xasiyyəti belədir, bir şey olan kimi vətəndaşlıq borcundan, ölkədən, şəxsiyyətdən dəm vurur.

Ancaq nədənsə Dovşan danışanda adam darıxmır. O danışdıqca coşur, hətta gözləri də parıldayırdı. Ümumiyyətlə, axır vaxtlar çox dəyişmişdi. Arıqlamışdı, sifəti balacalaşmışdı və bütünlüklə eynəyin arxasında itirdi. Solğun üzündə bığı burnunun aşağısında qara ləkə kimi görünürdü. Pencəyinin altından görünən nişastalı manjetlər dəyişmirdi, hər köynək üçün kartof qabığından bir neçə qram nişasta bişirirdi.

Bir dəfə fizika kabinetində aerodinamik axınlı fiqurlar düzəldirdik. Buna qədər bütün sinif təxminən ay yarım pul yığmışdı və sonra həmin pulla gedib Kubinka bazarından iki dənə toyuq yumurtası almışdıq. Hər yumurta qabığında balaca deşik açıb içindəkini səliqə ilə boşaltdıq. Sonra deşikləri mumla qapatdıq. Beləliklə, aerodinamik fiqurların ən vacib hissəsi hazır oldu. Dərsdən sonra saat yarım qalıb işlədik və artıq evə getməyə hazırlaşdığı-mız vaxt Dovşan bizi saxlayıb dedi:

– Yaxşı, uşaqlar, bəs yumurtaların içindən boşaltdığınızı nə edək?

Boşqabdakı yumurta ağı ilə sarısı artıq quruyurdu.

– Nə qədər ki bu çox faydalı ərzaq xarab olmayıb, vaxt itirmədən onu səkkiz yerə bölüb içməlisiniz, – Dovşan təkidlə bildirdi.

Dedik, əvvəla, toxuq, çünki bir az əvvəl səhər yeməyi payımızı yemişik – bir dənə bulka, bir stəkan kisel. İkincisi isə, bu yumurtanı mütləq o özü içməlidir, çünki bu gün hələ məktəbdə qalıb xeyli işləyəcək. Bilirdik ki, öz səhər yeməyi payını – eynilə bizim aldığımız bulka və kiseli – hər gün evə, uşaqlarına aparır, amma bunu bildiyimizi ona demədik.

O, bir də xəbər aldı, doğrudanmı hamımız belə fikirləşirik. Hamımız xorla fikrimizi təsdiq etdikdən sonra o, boşqaba tərəf getdi və biz ilk dəfə Dovşanın necə ac olduğunu gördük! O, qeyri-adi heç nə etmədi, sadəcə yumurtaya duz vurub içdi, amma nə olursa olsun, bu adamın ac olduğunu hiss edirdik. Sonra sağ əllə qarnını sığallayaraq dedi ki, müharibəyə qədər yumurta yeməyi xoşlayıb. Az bişmiş, ya da bərk bişmiş yumurta olsun, fərqi yoxdur. Dedi ki, hətta yumurta sarısı ilə ağını qarışdırdığı üçün heç vaxt arvadı ilə mübahisə etməyib.

Əslində, bunu deməyə də bilərdi, çünki onun nəyə görə arvadı ilə mübahisə etmədiyini və hətta ondan qorxduğunu dəqiq bilirdim. Üstəlik, son vaxtlar o qadının xasiyyəti tamam dəyişmişdi, dil-boğaza qoymadan qışqırıb deyirdi ki: “Axı sən necə kişisən, gözünün qabağında arvadın, uşaqların acından ölür”. İlk vaxtlar səbirlə ona başa salırdı ki, indi hamı aclıq çəkir, lakin arvadı onu eşitmək istəmirdi, uşaqlardan hansısa – onların üç uşağı vardı – yemək istəyəndə acı-acı ağlayırdı.

Qiymətlər günü-gündən artırdı. Müəllimin bir aylıq maaşı ilə uzaqbaşı bir kilo yağ, ya da iki kilo qənd almaq olurdu.

Dovşanın arvadı evdə pula gedən nə vardısa, satmışdı: bircə əyinlərindəki paltarlar, bir də köhnə mebel qalmışdı. Qadın səhərdən axşama qədər Hitlerlə ərinə lənət yağdırırdı, onlara cəhənnəm odunda yanmağı arzulayırdı. Kənardan baxan elə bilərdi ki, müharibənin baiskarı bizim Dovşandır və əgər ölkə məğlub olsa, bütün günahlar onun üstündə qalacaq.

O, müəllimlər otağının divarından iri xəritə asmışdı və cəbhədə baş verən ən xırda dəyişiklikləri də balaca qırmızı bayraqlar sancaraq qeyd edirdi. Hamıdan qabaq gəlir və dərs başlayana qədər bayraqları sancırdı. Bir gün Dovşan sinfə girib sevinclə Stalinqradda almanların darmadağın edildiyini söylədi. Mən həmin günü heç vaxt unuda bilmərəm. O, çox həyəcanlı görünürdü və gözləri yaşarmışdı.

– Uşaqlar, – dedi, – bu çox möhtəşəm və çox sevindirici hadisədir! Mən gedib direktordan xahiş edəcəyəm ki, bugünlük sizi dərsdən azad etsin.

Sonra Dovşan dəhlizə çıxıb xəritədə Stalinqradı tapdı və ən böyük bayrağı ora sancdı.

O gün Dovşan işdən qayıdanda mən də onlarda idim. Dovşan arvadına yaxınlaşdı, onu öpüb ad gününü təbrik etdi. Sonra öz otağına keçdi, oradan rəngli lentlə bağlanmış balaca bir bağlama gətirdi. Bağlamanı arvadına verib dedi ki, bu onun ad günü hədiyyəsidir. Çoxdandır, Dovşanın arvadının üzündə belə xoş ifadə görməmişdim. Elə bil dünən axşam qorxaraq ona baxan uşaqlarına: “Atanız sizi acından öldürmək istəyir! Bu əclaf tezliklə arzusuna çatacaq!..” – deyən qadın deyildi.

Bu, dünən idi, indi isə əlindəki hədiyyə bağlamasını açaraq gülümsəyirdi və bir anda çox gözəlləşmişdi. O, bağlamanı açdı, hamı onun içindəki yasəmən rəngli, ürək formalı əl-üz sabununu gördü.

– Ayy! – Dovşanın arvadı sevincək dedi. – Bu nədir belə?.. Çox gözəldir! İki ildir, sabun üzünə həsrət qalmışam. Bunu haradan tapmısan?

Onun iki il sabun üzünə həsrət qalmasında qəribə heç nə yox idi. Çünki hamı sabun üzünə həsrət qalmışdı. Kubinka bazarında bir parça sabun çox baha satılırdı. Bir parça paltar sabununu bir kilo qəndlə, ya da iki qutu quru südlə dəyişmək olurdu, o ki qaldı əl-üz sabununa, onun haqqında heç düşünməyə dəyməzdi.

– Özüm düzəltmişəm! – Dovşan fəxrlə dedi. – İndi necədir, xoşuna gəlir? Bu sənə müharibədən əvvəl hədiyyə etdiyim ətrin iyidir, sənin xoşuna gəlməmişdi, ətri atmışdın. Amma işə yaradı…

– Dayan, dayan, – arvadı dedi. – Cəhənnəm olsun o ətir… Sabun! Sən bu sabunu necə düzəltmisən?

– Çox sadə! – Dovşan daha da fəxrlə dedi. – Sabun düzəltməyə nə var? Bir az kaustik soda, əlif, bir də bəzi şeylər qatırsan – sabun hazırdır. Mənim üçün sabun bişirmək su içmək kimi asandır… Dayan görüm, hara gedirsən?!

Dovşanın arvadı sabunu götürüb qapıdan çıxdı. Pillələri aşağı düşərkən dedi ki, indi qayıdır, sonra gözdən itdi. Dovşan təəccüblə çiyinlərini çəkib otağa qayıtdı. İkiyaşlı oğlunu qucağına alıb dedi:

– Sənin dünyadan xəbərin yoxdur, amma biz bu gün müharibədə qələbə qazanmışıq! – Dovşanın kefi kök idi.

İyirmi dəqiqə sonra Dovşanın arvadı qayıtdı. Təngnəfəs halda otağa girib stolun üstünə bir qutu quru süd, yarım qutu yumurta tozu və bir parça xalis kərə yağı qoydu.

– Bunlar nədir? – Dovşan çaşqınlıqla xəbər aldı.

– Sabun! – qadın cavab verdi. – Bu mənim ərimin düzəltdiyi sabundur… Sizin atanız dünyanın ən ağıllı adamıdır, böyük alimdir! – uşaqlara dedi. Sonra ərinə yaxınlaşıb yanağından marçıltı ilə öpdü.

Mənə də, uşaqlarına da quru süd yaxılmış çörək dilimi verdi. Çox dadlı idi, bu bir dilim çörəyin nə qədər dadlı olduğunu sözlə ifadə etmək mümkün deyil! Sonra Dovşanın arvadı çörəyin üstünə quru süd çəkib özü də yeməyə başladı və dedi ki, axşama yumurta tozundan qayğanaq bişirəcək. Ancaq nədənsə Dovşan özü heç nə yemirdi. Sakitcə oturub xırda, kədərli gözləri ilə uşaqlarının çörəklə quru süd yeməyinə baxırdı.

Elə o vaxt anladım, məktəbimizdə müxtəlif adamlara verilən ayamaların heç biri göydən düşməyib. Məsələn, bizdə biri vardı – “Turp” deyirdik ona. Beşinci siniflərə riyaziyyatdan dərs deyirdi. Bax həmin bu Turp həmişə deyirdi: “Axı niyə başa düşmürsünüz, bu, turpu buğda bişirmək qədər asandır”, – sonra da istehza ilə gülürdü. Nədənsə bu hərəkəti qeyri-səmimi alınırdı. Ondan zəhləmiz gedirdi, ona görə də ömrünün sonuna qədər ləqəbi “Turp” qaldı. Bax indi bizim Dovşan oturub uşaqlarına baxır, onların sabunla dəyişdirilmiş ərzaqları necə acgözlüklə yediklərinə tamaşa edirdi. O, doğrudan da, dovşana oxşayırdı. Ancaq məktəbdə hamı ona “Dovşan” deyəndə çox nəzakətlə deyir, hətta sevgi ilə deyir, daha Turp kimi yox.

– Sən yenə sabun düzəldə bilərsən? – arvadı soruşdu. – Kubinkada dedilər ki, nə qədər sabun olsa, ala bilərlər.

– Yox! – Dovşan cavab verdi.

– Niyə? – qadın heyrətlə ona baxdı. – Axı özün dedin ki, bu sənin əlində su içmək kimidir. Soda, əlif, bir də nəsə lazımdır, vəssalam! Axı niyə düzəltmək istəmirsən?

– Çünki mən cinayətkar deyiləm, – Dovşan cavab verdi.

– Görürsünüz bu adamı! – qadın ucadan çığırdı. – Deyir ki, cinayətkar deyil! Bəs kimsən? Balacanın boğazı gəlib, bir az da belə getsə, vərəm olacaq. Böyük uşaq arıqlıqdan skeletə oxşayır, bu isə cinayətkar olmaq istəmir, eşitdiniz də!

Kubinkadakı iri plakatı özüm görmüşdüm. Orada yazılmışdı: “Alman işğalçılarına və möhtəkirlərə ölüm!” Məhz bu möhtəkirlər üzündən adam əlində kartoçka ilə ərzaq payını tam ala bilmirdi. Bu adamlar ərzaq anbarlarına bir yol tapır, oradakı malları gətirib bazarda əlaltından baha qiymətə satırdılar. Doğrudur, onları tuturdular, ancaq hamısını necə tuta bilərdilər?