Məlahət Həsənova – Leykoz (страница 6)
Noyabr ayının əvvəli… Vaxt gedir yavaş-yavaş . Balamın immunniteti qalxmağa başlayanda bir bədbəxçiliklə qarşılaşdıq. Balam pnevmaniyaya tutuldu.
Dərd dərd üstə gəlir. Bu xəbəri eşidəndə yoldaşım başını tutdu. İlahiii…
Özümə yer tapa bilmirdim. Nə edək necə edək. Yanına üçümüz də getdik.
1 saatdan çox qapıda gözlədik. Həkimlər əlindən gələni edirdilər. Qan vurulur.
Nə lazımsa olunurdu. Analizlərin cavabını gözləyirdik. Həkim bizə cavabını deyəcəkdi. Axşama doğru balamın əhvalı yaxşılaşmağa başladı. Allahın mənə yazığı gəldi. Hamımız ac-susuz ancaq xəbər gözləyirdik. Həkim bizə narahat olmamağımızı dedi. Sevindik… Bunu da atlatdıq balam. Bu imtahandan da keçdik. Hələ bizi necə imtahanlar gözləyir, nə biləydik. Yorğun halda evə gəldik. Mən tez bir yeyəcək şeylər hazırlayıb, onlara yemək verdim. Bu gün hamımız üçün çətin bir gün oldu. Heç kimin gözünə yuxu getmirdi. Hamı halsız idi. Bugünki xəbər hamını sarsıtmışdı.
Səhərin necə açıldığını bilmədik. Qəribə yuxular görmüşdüm. Ancaq bu yuxular yaxşı tərəfə yozuldu. Bu gün eşitdik ki, immuniteti qalxır balamın və bir neçə günə müalicənin 1-ci kursu bitəcək, 2 həftəlik evə buraxılacaq.
Sevinirdik, elə sevinirdik ki… Balam özü də sevinirdi. Bu gün bizə skaypa gəlin dedi.
Biz də sanki uçaraq gəldik.
– Ataaaaa
– Can ata
– Sabah evə gəlirəm eeee
– Əlaaaaaa
– Ana qurban, sən bilsən səni necə səbirsizliklə gözləyirik..
– Mən də, ana.
Adi bir görüşün bu qədər məna daşıyacağı heç vaxt ağlıma gəlməzdi. Çox zaman sevdiyimiz insanlarla birlikdə olmağın əslində ən böyük bayram olduğunun fərqinə varmırıq.
Evi elə tər-təmiz etdim ki. Onun toxunacağı hər yeri dizenfeksiya etdim, paltarları ütülədim.. Balama yeməklər bişirdim. Hazırlıq gördüm. Axı canımız, ürəyimiz bizimlə olacaqdı… Gecənin bir vaxtı yadıma düşdü ki, balamın yatacağı otağın pəncərəsinin şüşəsini silməmişəm. Durdum sakitcə otağa keçdim və əlimə təmiz bir bez alıb şüşəni silməyə başladım. Düşəcəyimdən qorxsam da, görəcəyim işi bitirməliydim. Tər-təmiz pəncərəni sildim. Heç kimin xəbəri belə olmadı. Pərdələrini öncədən yuyub ütüləmişdim. Hə deməli, “indi hər şey ürəyimcə olduğundan yata bilərəm” – deyə öz-özümə danışdım.
Səhər yoldaşım, qaynım və mən getdik xəstəxanaya. O uzun koridoru necə getdimsə qaça-qaça. Qapıya yaxınlaşıb balamın paltarlarını tibb bacısına verdim. Oturub gözlədik. Balamın analizləri alındı. Cavab gözləməli idik. Analizləri yaxşı çıxsa, evə buraxacaqdılar. Qapıda çox gözlədik. Ancaq mən nə qədər olsa, gözləməyə hazır idim. Təki balam bu qapıdan sağ-salamat çıxsın.
Birdən qapı açıldı, qapıda balam görsəndi!!!. Sevincimdən ağlayırdım. Balam görməsin deyə, göz yaşlarımı gizlətdim. Balamı bərk-bərk bağrıma basdım, qucaqladım. Həsrətini elə çəkirdim ki.. Sözlə ifadə ediləcək deyildi. Onun qoxusunu içimə çəkdim. Qaynım isə sevindiyindən ağlayırdı. O qaçaraq gəlib balamın qarşısında diz çökdü. Qucaqladı balamı, qucağına alıb qaldırdı.
– Əmi dur, neynirsən?
– Əmi sənə qurban olsun.
– Qızım hər şey yaxşı olacaq.
– Gedək evə ata, mən burdan getmək istəyirəm.
– Gedək qızım.
Çox xoşbəxt idik. Evimizə getdik. Hava şaxtalı idi. Hamımız soyuqdan balamızı qorumağa çalışırdıq. Maşına oturduq və evə gəldik. Elə sevinirdi ki…
– Hayıf deyil ev, xəstəxanada insanın ürəyi partlayır.
– Hə qızım doğrudu, xoş gəlmisən.
Qızım yemək yedi, rahatlandı və bir az istirahət etmək istədi. Onun otağı hazır idi. Əmisi ona rahat çarpayı nə lazımdısa, hamısını almışdı. Otağını çox bəyəndi. Axşam isə hamımız oturub söhbət etdik, çay içdik, televizora baxdıq. Çox xoşbəxt idik. Sanki bütün bunların heç biri olmamışdı. Qızım heç xəstə deyildi. Çox gümrah görünürdü. Ürəyimdən elə balamı beləcə götürüb evimizə getmək keçdi. Amma yox, gərək müalicəni axıradək davam etdirək. Yoldaşım söhbət əsasında Azərbaycana getməli olacağını dedi. Çünki müalicələrə böyük məbləğdə pul lazım olacaqdı. Burda qalmaqla heç nə edə bilməyəcəyini dedi.
– Qızım, ata getsin Bakıya?
– Narahat olma ata, sen get anam, əmim burdadı.
– Gedim qızım, ancaq bil ki, ata sənin müalicəni axıradək davam etdirəcək.
– Get, sən nigaran qalma.
Bir də ki, oğlumuz tək idi. Onun yanında da olmaq lazım idi.
– Hələ getmirəm, 2-3 gün yanınızda olacam.
Günlərimiz şən keçirdi. Hava yağışlı olsa da, gündə havaya çıxır, çətirlə yağışın altında gəzirdik. Qızım şəkil çəkməyi sevirdi. Gah çayın kənarında, gah körpünün üzərində şəkillər çəkirdik. Söyüdlərin arasında çəkilən şəkillər daha gözəl idi. Payızın havası elə gözəl idi ki… Qızım bu gözəl havanı ciyərlərinə çəkirdi. Mən isə ona soyuq olacağından çox qorxurdum… Ancaq özü…
– Anaa
– Can ana
– Qorxma e, soyuq olmaz mənə
Mən yenə də ehtiyat edirdim. Qızım çayın qırağında uçuşan quşlara çörək atır, onların uçmaqlarını seyr edirdi.
– Gedək evə, ana qurban?
– Yooo, bir az da gəzək.
– Soyuqdu, sənə soyuq olar
– Ata, getməyək dəəə, bir az da gəzək
– Yaxşı, amma bir az gəzək, sonra evə qayıdaq yorularsan.
– Yaxşı ata.
24 gün xəstəxana palatasında qalan balam sanki hava üzünə həsrət qalmışdı. Elə sevincli idi ki. Evə getmək istəmirdi. Biz israr etməsəydik, bəlkə də hələ də qalardı.
Evə gəldik. Yemək yedi, otağına dincəlməyə getdi.
Sabah yoldaşımı yola salacaqdıq. Bilet alınmışdı, gecə uçacaqdı.
Ancaq balamı düşündüyümdən hər kəsi unutmuşdum. Qızım:
– Ana, ata gedir, Diloşa hədiyyə alaq?(Diloş Dilbərə deyirdi)
– Ayyy, ana qurban tamam unutmuşam eeee
– Bəlkə mən də gəlim gedək alaq?
– Yox, sən getmə mən gedib alaram.
– Yaxşı ana, al. Ata gedir, aparsın Diloş üçün.
Diloş yəni ki, Dilbər qızımın universitetdən qrup yoldaşı idi.
Yayda biz ailəlikcə oturub söhbət əsasında oğluma evlənmək təklifini etdik. Qızım da Dilbəri çox təriflədi.
– Ana, mən Dilbəri 3 ildi tanıyıram.
– Hə, nə gözəl.
– Mən düşünürəm ki, həm yaraşıqda, həm də ağılda, kamalda qardaşıma ondan başqa yaraşanı olmaz.
– Qızım sən belə düşünürsənsə, biz başqa söz deyə bilmərik.
Oğlum nədənsə etiraz etmədi. O da düşünürdü ki, əgər bacısı belə məsləhət görübsə… Seçımini hörmətlə qarşıladı.
Onlar görüş təyin etdikdən sonra bacısına seçimində yanılmadığını dedi. Mən də bəyənmişdim. Bir də ki, oğlum bəyənmişdi, bizə də hörmətlə yanaşmaq düşürdü. Elçi getdik, söz kəsdik. Demək, Dilbərin ailəsinin qızımıza çox hörməti var imiş. Mənim isə sevicimin həddi-hüdudu yox idi. Sevinirdim ki, həm özümə belə gözəl xasiyyətdə qudalar rast gəlib. Həm də oğlum belə gözəl qız bəyənib, daha doqrusu, gözəl gəlinim var. (hər mənada)…
Yaxınlıqda olan ticarət mərkəzinə getdim. Gəlinimə hədiyyələr aldım. Bir də qaynanama və anama hərəsinə bir qutu şokolad aldım. Gəldim evə.
Yoldaşıma qızımın düşüncəli olduğunu, onun mənim yadıma saldığını dedim.
Hər dəfə yenidən balamıza heyran olurduq.
Qızım atasına: – Ata, mən deməsəydim ana unutmuşdu gəlinini – Hə qızım. Anan indidən qaynanalıq edir də. – Yox eee, almaq istəmədiyindən deyil, unudub da yəqin. – Hə sənin yada salmağın doğru oldu. – Ata gedirsən, universitetə də dəyərsən yaxşı? – Mütləq gedəcəm. Vaxtı, tədris vaxtını uzadacam. Sən heç narahat olma mənim qızım. – Diloşgilə tez-tez get yaxşı? – Olur, qızım mütləq.