реклама
Бургер менюБургер меню

Карл Генрих Маркс – KAPİTAL. Siyasi iqtisadın tənqidi (страница 3)

18

Əslində sürtuk üçün fərqi yoxdur ki, onu kim geyir, dərzi özümü, yoxsa dərzinin sifarişçisi. Hər iki halda sürtuk bir istehlak dəyəri vəzifəsini daşıyır. Dərzi əməyinin xüsusi bir peşə, ictimai əmək bölgüsünün müstəqil bir halqası olması faktı da sürtukla onu istehsal edən əmək arasındakı münasibəti əsla dəyişdirmir. Paltara olan tələbatın məcbur etdiyi yerdə, insan dərzi olana qədər min illər boyu tikişlə məşğul olmuşdur. Lakin sürtuk, kətan və ümumiyyətlə təbiətdə hazır şəkildə tapmadığımız hər bir maddi sərvət ünsürü həmişə, təbiətin müxtəlif maddələrini müəyyən insan tələbatına uyğunlaşdıran xüsusi, məqsədəuyğun məhsuldar fəaliyyət vasitəsi ilə hazırlanmalı olmuşdur. Deməli, istehlak dəyərlərinin yaradıcısı, faydalı əmək olmaq etibarı ilə əmək insanların yaşaması üçün hər cür ictimai formalardan asılı olmayan bir şərtdir, əbədi təbii bir zərurətdir: bunsuz insanla təbiət arasında maddələr mübadiləsi mümkün olmazdı, yəni insan həyatının özü də mümkün olmazdı.

İstehlak dəyərləri: sürtuk, kətan və i. a., bir sözlə – əmtəə cisimləri iki ünsürün – təbiət maddəsi ilə əməyin birləşməsidir. Sürtukda, kətanda və sairdə olan bütün müxtəlif faydalı əmək növləri çıxıldıqda, həmişə müəyyən bir maddi substrat qalır ki, bu da insanın heç bir yardımı olmadan təbiətdə mövcuddur. İstehsal prosesində insan ancaq təbiətin özü kimi iş görə bilər, yəni maddənin ancaq formalarını dəyişdirə bilər15 Bundan əlavə. Bu formalaşdırma əməyinin özündə insan daim təbiət qüvvələrinin yardımına arxalanır. Deməli, əmək onun istehsal etdiyi istehlak dəyərlərinin, maddi sərvətin yeganə mənbəyi deyildir. Uilyam Petti demişkən, əmək sərvətin atası, torpaq anasıdır.

İndi də istehlak şeyi kimi götürülən əmtəədən əmtəə dəyərinə keçək.

Bizim fərz etdiyimizə görə, sürtuk kətandan ikiqat artıq dəyərə malikdir. Lakin bu ancaq kəmiyyət fərqidir və hələlik bizi maraqlandırmır. Buna görə də xatırladaq ki, əgər bir sürtukun dəyəri 10 arşın kətanın dəyərinin iki mislinə bərabərdirsə, onda 20 arşın kətan bir sürtukda olduğu qədər dəyər kəmiyyətinə malikdir. Dəyər olmaq etibarı ilə sürtuk və kətan eyni substansiyaya malik şeylərdir, yekcins əməyin obyektiv ifadələridir. Lakin dərzilik və toxuculuq əməyin keyfiyyətcə müxtəlif növləridir. Bununla bərabər, elə ictimai şərait olur ki, burada eyni bir adam gah tikir, gah da toxuyur və deməli, bu iki müxtəlif əmək növü ayrı-ayrı fərdlərin qəti surətdə bir-birindən ayrılmış əməliyyatı deyil, eyni fərdin əməyinin ancaq modifikasiyalarıdır, necə ki, dərzinin bu gün tikdiyi sürtukla sabah hazırladığı şalvar da eyni fərdi əməyin ancaq variasiyalarıdır. Sonra gündəlik təcrübə göstərir ki, kapitalizm cəmiyyətində, əməyə olan tələbin istiqamətinin dəyişilməsindən asılı olaraq, ictimai əməyin müəyyən hissəsi növbə ilə gah dərzilik, gah da toxuculuq şəklində təklif olunur. Əmək formasının belə dəyişilməsi, əlbəttə, müəyyən çətinlik olmadan baş vermir, lakin həmin dəyişiklik baş verməlidir. Məhsuldar fəaliyyətin müəyyən xarakterindən və, deməli, əməyin faydalı xarakterindən sərf-nəzər edilsə, əməkdə bircə şey qalır, bu da ondan ibarətdir ki, əmək insan iş qüvvəsinin sərf olunmasıdır. İstər dərzilik, istərsə toxuculuq, məhsuldar fəaliyyətin bu növlərinin keyfiyyət fərqinə baxmayaraq, insan beyninin, əzələlərinin, əsəblərinin, əllərinin və i.a. məhsuldar şəkildə sərf olunmasıdır və bu mənada onların hər ikisi eyni insan əməyidir. Bunlar insan iş qüvvəsinin sərf olunmasının ancaq iki müxtəlif formasıdır. Əlbəttə, insan iş qüvvəsinin özü bu və ya başqa formada sərf olunmaq üçün az-çox inkişaf etmiş olmalıdır. Lakin əmtəənin dəyərində sadəcə insan əməyi, ümumiyyətlə insan əməyinin sərf edilməsi ifadə olunur. Burjua cəmiyyətində general və ya bankir böyük rol, adi bir adam isə cüzi rol oynadığı kimi, burada insan əməyi də tamamilə eyni vəziyyətdədir. Əmək inkişaf cəhətdən xüsusilə fərqlənməyən hər bir adi adamın cismani orqanizminin orta dərəcədə malik olduğu sadə iş qüvvəsinin sərf olunmasıdır. Sadə orta əmək, müxtəlif ölkələrdə və mədəniyyətin müxtəlif dövrlərində müxtəlif xarakter daşısa da, bununla belə hər bir müəyyən cəmiyyət üçün məlum bir kəmiyyətdir. Nisbətən mürəkkəb əmək ancaq qüvvətə yüksəldilmiş və ya, daha doğrusu, zərb16 olunmuş sadə əməkdir, belə ki, az miqdar mürəkkəb əmək çox miqdar sadə əməyə bərabərdir. Təcrübə göstərir ki, mürəkkəb əməyin sadə əməyə belə müncər17 olması daim baş verir. Əmtəə ən mürəkkəb əməyin məhsulu ola bilər, lakin onun dəyəri onu sadə əməyin məhsuluna bərabər edir və, deməli, onun dəyəri özü ancaq müəyyən miqdar sadə əməyi təmsil edir18. Müxtəlif əmək növlərinin bunlar üçün ölçü vahidi olmaq etibarı ilə sadə əməyə müncər olduğu müxtəlif proporsiyalar istehsalçıların xəbəri olmadan ictimai prosesdə meydana gəlir və buna görə də istehsalçılara adətlə müəyyən olunmuş kimi görünür. Asanlıq xətrinə bundan sonrakı şərhimizdə hər növ iş qüvvəsinə bilavasitə sadə iş qüvvəsi kimi baxacağıq, – bu bizi hər bir xüsusi halda mürəkkəb əməyi sadə əməyə müncər etmək zərurətindən azad edər.

Deməli, sürtukun və kətanın dəyərlərində onların istehlak dəyərlərinin fərqləri yox olduğu kimi, bu dəyərlərdə təmsil olunan əməkdə də onun dərzilik və toxuculuq kimi faydalı formalarının fərqləri yox olur. İstehlak dəyərləri olan sürtuk və kətan ancaq məqsədəuyğun məhsuldar fəaliyyətin mahud və ipliklə birləşməsidirsə, dəyər olmaq etibarı ilə sürtuk və kətan yekcins əmək birkintilərindən19 başqa bir şey deyildir; eynilə də bu dəyərlərdə olan əmək məsrəflərində də onların mahuda və ipliyə məhsuldar münasibəti deyil, ancaq insan iş qüvvəsinin sərf olunması əhəmiyyətlidir. Dərzilik və toxuculuq özlərinin məhz keyfiyyətcə müxtəlif xüsusiyyətləri sayəsində sürtuk və kətan kimi istehlak dəyərləri yaradan ünsürdür; ancaq dərzilik və toxuculuğun xüsusi keyfiyyətlərindən sərf-nəzər edildikdə, bunlar eyni bir keyfiyyətə, insan əməyi keyfiyyətinə malik olduqda, sürtuk və kətanın dəyər substansiyası olur.

Lakin sürtuk və kətan nəinki ümumiyyətlə dəyərlərdir, habelə müəyyən kəmiyyətli dəyərlərdir: bizim fərz etdiyimizə görə, sürtuk 10 arşın kətandan ikiqat artıq dəyərə malikdir. Onların dəyər kəmiyyətindəki bu fərq haradandır? Səbəb ondadır ki, kətanda olan əmək sürtukda olan əməyin ancaq yarısı qədərdir, belə ki, sürtukun istehsalına kətanın istehsalı üçün lazım olduğundan ikiqat artıq müddətdə iş qüvvəsi sərf etmək lazımdır.

Buna görə də əmtəənin istehlak dəyəri cəhətdən bu əmtəədəki əməyin ancaq keyfiyyəti əhəmiyyətlidirsə, dəyərin kəmiyyəti cəhətdən əməyin ancaq miqdarı əhəmiyyətlidir, həm də bu əmək heç bir başqa keyfiyyəti qalmayan insan əməyinə müncər edilmiş olmalıdır. Birinci halda məsələ əməyin necə sərf olunması və nə istehsal etməsi, ikinci halda isə nə qədər əmək sərf olunması və onun neçə müddət davam etməsi üzərindədir. Əmtəənin dəyər kəmiyyəti əmtəədə olan əməyin ancaq miqdarını ifadə etdiyinə görə, müəyyən proporsiyada götürülən əmtəələr həmişə bərabər kəmiyyətli dəyərlər olmalıdır.

Əgər bir sürtukun istehsalı üçün lazım olan bütün faydalı əmək növlərinin məhsuldar qüvvəsi sabit qalırsa, onda sürtukların dəyər kəmiyyəti onların miqdarına proporsional olaraq artır. Əgər bir sürtuk x iş günü təmsil edirsə, onda 2 sürtuk 2x iş günü təmsil edir və i. a. Lakin tutaq ki, bir sürtukun istehsalı üçün lazım olan əmək ikiqat artır və ya yarıbayarı azalır. Birinci halda bir sürtukun dəyəri iki sürtukun əvvəlki dəyərinə, ikinci halda isə iki sürtukun dəyəri bir sürtukun əvvəlki dəyərinə bərabərdir, hərçənd hər iki halda sürtukun göstərdiyi xidmət dəyişilməz qalır, habelə onda olan faydalı əməyin keyfiyyəti də dəyişilməz qalır. Lakin onun istehsalına sərf olunan əməyin miqdarı dəyişilmiş olur.

Çox miqdar istehlak dəyəri özlüyündə çox miqdar maddi sərvətdir: iki sürtuk bir sürtukdan çoxdur. İki sürtukla iki adamı, bir sürtukla ancaq bir adamı geyindirmək olar və i.a. Bununla belə, maddi sərvətin artan kütləsinə eyni zamanda onun dəyər kəmiyyətinin aşağı düşməsi uyğun gələ bilər. Bu bir-birinə əks hərəkət əməyin ikili xarakterindən irəli gəlir. Məhsuldar qüvvə, əlbəttə, həmişə faydalı, konkret əməyin məhsuldar qüvvəsidir və əslində ancaq məlum vaxt ərzində məqsədəuyğun məhsuldar fəaliyyətin effektivliyi dərəcəsini müəyyən edir. Deməli, faydalı əmək öz məhsuldar qüvvəsinin yüksəlməsinə və ya aşağı düşməsinə düz mütənasib olaraq məhsulların gah daha zəngin, gah da daha yoxsul bir mənbəyi olur. Əksinə, məhsuldar qüvvənin dəyişilməsi özlüyündə əmtəənin dəyərində təmsil olunan əməyə əsla toxunmur. Məhsuldar qüvvə əməyin konkret faydalı formasına məxsus olduğuna görə, əməyin konkret faydalı formasından sərf-nəzər etdikdə, məhsuldar qüvvənin əməyə, əlbəttə, dəxli ola bilməz. Deməli, əməyin məhsuldar qüvvəsi necə dəyişilirsə dəyişilsin, eyni bir əmək bərabər müddətlərdə həmişə kəmiyyətcə bərabər dəyərlər yaradır. Lakin bu şəraitdə əmək bərabər müddətlərdə müxtəlif miqdar istehlak dəyərləri yaradır: məhsuldar qüvvə artdıqda çox istehlak dəyəri, aşağı düşdükdə isə az istehlak dəyəri yaradır. Məhsuldar qüvvənin dəyişilməsi əməyin səmərəliliyini və, deməli, onun yaratdığı istehlak dəyərləri kütləsini artırdıqda, deməli, bu artmış kütlənin dəyər kəmiyyətini azadır, zira həmin kütlənin istehsalı üçün lazım olan iş vaxtının miqdarını azaldır. Habelə əksinə.