Карл Генрих Маркс – KAPİTAL. Siyasi iqtisadın tənqidi (страница 2)
İndi nəzərdən keçirib görək, əmək məhsullarından nə qaldı. Onlardan heç bir şey qalmadı, qalan ancaq, hamısı üçün bərabər olan xəyali predmetlikdən, sadəcə fərqsiz insan əməyi
Əmtəələrin mübadilə nisbətinin özündə onların mübadilə dəyəri öz istehlak dəyərlərindən əsla asılı olmayan bir şey kimi qarşımıza çıxmışdır. Əgər biz əmək məhsullarının istehlak dəyərindən doğrudan da sərf-nəzər etsək onların indicə tərifini verdiyimiz şəkildə dəyərini əldə edərik. Beləliklə, əmtəələrin mübadilə nisbətində və ya mübadilə dəyərində ifadə olunan ümumi cəhət məhz onların dəyəridir. Tədqiqatın sonrakı gedişi yenə də bizi buna gətirib çatdıracaqdır ki, mübadilə dəyəri dəyərin zəruri ifadə üsulu və ya təzahür formasıdır; bununla belə, dəyər əvvəlcə həmin formadan asılı olmayaraq nəzərdən keçirilməlidir.
Beləliklə, istehlak dəyərinin, və ya nemətin, ancaq ona görə dəyəri vardır ki, onda abstrakt insan əməyi cisim şəkli almış və ya maddiləşmişdir. Bəs onun dəyərinin kəmiyyətini necə ölçməli? Görünür, onda olan əməyin, bu «dəyər yaradan substansiyanın» miqdarı ilə.. Əməyin öz miqdarı onun sərf edildiyi müddətlə, iş vaxtı ilə ölçülür, iş vaxtı özü də öz miqyasını zamanın müəyyən hissələrində tapır, məsələn: saat, gün və i. a.
Əgər əmtəənin dəyəri onun istehsal edildiyi müddətdə sərf olunan əməyin miqdarı ilə ölçülürsə, onda belə görünə bilərdi ki, əmtəəni istehsal edən adam nə qədər tənbəl və ya bacarıqsızdırsa, bu əmtəənin dəyəri bir o qədər artıq olmalıdır, çünki əmtəə istehsal etmək üçün ona daha çox vaxt lazım gəlir. Lakin dəyərlərin substansiyasını təşkil edən əmək bərabər insan əməyidir, eyni insanın qüvvəsinin sərf olunmasıdır. Cəmiyyətin, əmtəə aləmi dəyərlərində ifadə olunan bütün iş qüvvəsi saysız-hesabsız fərdi iş qüvvələrindən ibarət olsa da, burada eyni insan iş qüvvəsi kimi meydana çıxır. Bu fərdi iş qüvvələrindən hər biri, hər hansı başqası kimi, ictimai orta iş qüvvəsi xarakterinə malik olduğuna və belə bir ictimai orta iş qüvvəsi kimi fəaliyyət göstərdiyinə görə, deməli, məlum bir əmtəənin istehsalına ancaq orta dərəcədə zəruri və ya ictimai zəruri iş vaxtı sərf etdiyinə görə eyni insan iş qüvvəsidir. İctimai zəruri iş vaxtı, mövcud ictimai normal istehsal şəraitində və həmin cəmiyyətdə əməyin orta səviyyəli bacarıq və intensivliyi şəraitində hər hansı bir istehlak dəyərinin hazırlanması üçün tələb olunan iş vaxtıdır. Məsələn, İngiltərədə buxarla işləyən toxucu dəzgahı işə salındıqdan sonra müəyyən miqdar ipliyi parçaya çevirmək üçün, bu işə keçmişdə sərf edilən əməyin bəlkə də ancaq yarısı lazım gəlirdi. Əlbəttə, əl ilə işləyən ingilis toxucusu bundan sonra da ipliyi parçaya çevirməyə əvvəlki qədər iş vaxtı sərf edirdi, lakin indi onun fərdi iş saatının məhsulunda ictimai iş saatının ancaq yarısı təmsil olunurdu və buna görə də həmin məhsulun dəyəri iki qat azalmışdı.
Beləliklə, müəyyən istehlak dəyərinin dəyər kəmiyyəti yalnız, bu istehlak dəyərini hazırlamaq üçün lazım gələn ictimai zəruri əməyin və ya iş vaxtının miqdarı ilə müəyyən olunur9. Bu halda hər bir ayrıca əmtəə öz qəbilindən olan əmtəələrin yalnız orta nüsxəsi əhəmiyyətinə malikdir10 Buna görə də bərabər miqdarda əməyi ehtiva edən, yaxud eyni iş vaxtında hazırlana bilən əmtəələr bərabər dəyər kəmiyyətinə malikdir. Bir əmtəənin dəyərinin hər bir başqa əmtəənin dəyərinə nisbəti, birincinin istehsalı üçün zəruri olan iş vaxtının ikincinin istehsalı üçün zəruri olan iş vaxtına nisbəti kimidir. «Dəyər olmaq etibarı ilə bütün əmtəələr donub qalmış iş vaxtının yalnız müəyyən miqdarlarıdır»11.
Deməli, əmtəənin istehsalı üçün zəruri olan iş vaxtı sabit qalsaydı, əmtəə dəyərinin kəmiyyəti də sabit qalardı. Lakin hər dəfə əməyin məhsuldar qüvvəsi dəyişildikdə, iş vaxtı da dəyişilməyən məhsuldar qüvvəsi müxtəlif şərtlərlə, bir sözlə fəhlənin orta məharət dərəcəsi ilə, elmin inkişaf səviyyəsi ilə və onun texnoloji tətbiqi dərəcəsi ilə, istehsal prosesinin ictimai kombinasiyası ilə, istehsal vasitələrinin qədəri və effektivliyi ilə, təbii şəraitlə müəyyən olunur. Eyni miqdar əmək, məsələn, məhsulun yaxşı gəldiyi ildə 8 buşel, yaxşı gəlmədiyi ildə isə ancaq 4 buşel buğdada ifadə olunur. Eyni miqdar əmək yoxsul mədənlərə nisbətən zəngin mədənlərdə daha çox metal verir və i. a. Yerin qabığında almaz çox az tapılır, buna görə də almazı axtarıb tapmaq orta hesabla çox iş vaxtına başa gəlir. Deməli, kiçik həcmli almazda çoxlu əmək təmsil olunmuşdur. Ceykob bu fikirdədir ki, heç zaman qızılın tam dəyəri ödənilməmişdir. Bunu almaz haqqında daha artıq dərəcədə haqlı olaraq demək olar. Eşvegenin fikrincə, 1823-cü ildə Braziliya almaz mədənlərinin səksən illik bütün məhsulunun qiyməti Braziliya şəkər və ya qəhvə tarlalarının il yarımlıq məhsulunun orta qiymətinə çatmamışdı, halbuki almaz mədənlərinin məhsulunda xeyli artıq əmək və, deməli, xeyli artıq dəyər təmsil olunurdu. Daha zəngin mədənlər tapılsa, eyni miqdar əmək daha çox miqdar almazda ifadə olunardı və almazın dəyəri aşağı düşərdi. Azacıq əmək sərf etməklə kömürü almaza çevirmək mümkün olsa, almazın dəyəri kərpicin dəyərindən aşağı düşə bilərdi. Ümumiyyətlə, əməyin məhsuldar qüvvəsi nə qədər yüksək olursa, müəyyən məmulatı hazırlamaq üçün zəruri olan iş vaxtı bir o qədər az olur, bu məmulatda kristallaşan əmək kütləsi bir o qədər az olur, bu məmulatın dəyəri bir o qədər az olur. Əksinə, əməyin məhsuldar qüvvəsi nə qədər az olursa, həmin məmulatı hazırlamaq üçün zəruri olan iş vaxtı bir o qədər çox olur, bu məmulatın dəyəri bir o qədər çox olur. Beləliklə, əmtəənin dəyər kəmiyyəti bu əmtəədə maddiləşən əməyin miqdarı ilə düz proporsional və əməyin məhsuldar qüvvəsi ilə tərs proporsional olaraq dəyişilir.
Ola bilər bir şey istehlak dəyəri olsun, amma dəyər olmasın. Bu o zaman olur ki, şeyin insan üçün faydalılığı əmək vasitəsi ilə əldə edilmir. Məsələn: hava, xam torpaqlar, təbii çəmənlər, yabanı meşə və i. a. Ola bilər bir şey faydalı olsun və insan əməyinin məhsulu olsun, amma əmtəə olmasın. Öz əməyinin məhsulu ilə öz tələbatını ödəyən bir adam əmtəə deyil, istehlak dəyəri yaradır. Əmtəə istehsal etmək üçün o, sadəcə istehlak dəyəri deyil, başqaları üçün istehlak dəyəri, ictimai istehlak dəyəri istehsal etməlidir. Həm də ümumən təkcə başqaları üçün deyil, orta əsrlərdə kəndlinin istehsal etdiyi taxılın bir hissəsi töycü olaraq feodala, bir hissəsi əşər olaraq keşişlərə verilirdi. Lakin nə töycü şəklində özgəyə verilən taxılın, nə də əşər şəklində özgəyə verilən taxılın təkcə başqaları üçün istehsal edilməsi onu hələ heç də əmtəə etmirdi. Əmtəə olmaq üçün məhsul mübadilə vasitəsi ilə o adamın əlinə keçməlidir ki, bu ondan ötrü istehlak dəyəri olsun12 (Nəhayət, bir şey istehlak şeyi olmadan dəyər ola bilməz. Əgər şey faydasızdırsa, ona sərf edilmiş əmək də faydasızdır, əmək sayılmır və buna görə də heç bir dəyər yaratmır.
2. ƏMTƏƏLƏRDƏ OLAN ƏMƏYİN İKİLİ XARAKTERİ
Əvvəlcə əmtəə qarşımıza ikili bir şey kimi: istehlak dəyəri və mübadilə dəyəri kimi çıxdı. Sonralar aşkar oldu ki, əmək dəyərdə ifadə olunduqda, istehlak dəyərlərinin yaradıcısı olmaq etibarı ilə malik olduğu əlamətlərə daha malik olmur. Əmtəədə olan əməyin bu ikili təbiətini ilk dəfə tənqidi şəkildə mən sübut etmişəm13. Bu nöqtə başlanğıc nöqtəsi olduğuna görə və siyasi iqtisadi başa düşmək ondan asılı olduğuna görə, burada onu daha ətraflı işıqlandırmaq lazımdır.
İki əmtəə, məsələn bir sürtuk14 və 10 arşın kətan götürək. Tutaq ki, birincinin dəyəri ikincinin dəyərindən ikiqat artıqdır, belə ki, əgər arşın kətan =
Sürtuk müəyyən tələbatı ödəyən istehlak dəyəridir. Onu yaratmaq üçün müəyyən növ məhsuldar fəaliyyət lazım gəlmişdir. Bu məhsuldar fəaliyyət növü öz məqsədi, əməliyyatın xarakteri, öz predmeti, vasitələri və nəticəsi ilə müəyyən olunur. Beləliklə, faydalılığı öz məhsulunun istehlak dəyərində və ya öz məhsulunun istehlak dəyəri olmasında ifadə edilən əməyi biz sadəcə olaraq faydalı əmək adlandıracağıq. Bu nöqteyi-nəzərdən əmək həmişə öz faydalı effekti ilə əlaqədar olaraq nəzərdən keçirilir.
Sürtuk və kətan keyfiyyətcə müxtəlif istehlak dəyərləri olduqları kimi, onların varlığı üçün şərt olan işlər də: dərzilik və toxuculuq da keyfiyyətcə müxtəlifdir. Bu şeylər keyfiyyətcə müxtəlif istehlak dəyərləri olmasaydılar və deməli, faydalı əməyin keyfiyyətcə müxtəlif növlərinin məhsulu olmasaydılar, onlar əmtəə olaraq bir-birinə heç qarşı dura bilməzdilər. Sürtuku sürtuka, bir istehlak dəyərini eyni bir istehlak dəyərinə mübadilə etməzlər.
Müxtəlif növ istehlak dəyərlərinin, yaxud əmtəə cisimlərinin məcmusunda, eyni dərəcədə rəngarəng olan və eyni qədər müxtəlif cinslərə, növlərə, fəsilələrə, yarımnövlərə və zümrələrə bölünən faydalı işlər məcmusu meydana çıxır, bir sözlə – ictimai əmək bölgüsü meydana çıxır. İctimai əmək bölgüsü əmtəə istehsalının mövcud olması üçün şərtdir. Hərçənd əmtəə istehsalı, əksinə, ictimai əmək bölgüsünün mövcud olması üçün şərt deyildir. Qədim hind icmasında əmək ictimai cəhətdən bölünmüşdü, lakin onun məhsulları əmtəə olmurdu. Yaxud daha yaxın bir misal götürək: hər bir fabrikdə əmək müntəzəm bölünmüşdür, lakin bu bölgü elə bir üsulla həyata keçir ki, burada fəhlələr öz fərdi əmək məhsullarını mübadilə etmirlər. Yalnız bir-birindən asılı olmayan müstəqil xüsusi işlərin məhsulları bir-birinin qarşısına əmtəə kimi çıxa bilər. Beləliklə, hər bir əmtəənin istehlak dəyərində müəyyən bir məqsədəuyğun məhsuldar fəaliyyət, yaxud faydalı əmək vardır. İstehlak dəyərlərində keyfiyyətcə müxtəlif faydalı əmək növləri yoxdursa, bunlar bir-birinin qarşısına əmtəə kimi çıxa bilməz. Məhsulları adətən əmtəə şəkli aldığı bir cəmiyyətdə, yəni əmtəə istehsalçıları cəmiyyətində müstəqil istehsalçıların xüsusi işi olaraq, bir-birindən asılı olmadan icra edilən faydalı əmək növlərinin bu keyfiyyət fərqi inkişaf edib çoxhədli bir sistemə, ictimai əmək bölgüsünə çevrilir.