Карл Генрих Маркс – KAPİTAL. Siyasi iqtisadın tənqidi (страница 20)
Gümüş və mis nişanların metal məzmununu qanun öz istədiyi kimi təyin edir. Tədavüldə onlar qızıl sikkədən daha tez sürtülüb yeyilir. Buna görə də onların sikkə funksiyası felən öz çəkilərindən, yəni heç bir dəyərdən asılı olmur. Qızılın sikkə varlığı onun dəyər substansiyasından tamamilə ayrılır. Bunun sayəsində də nisbətən heç bir dəyəri olmayan şeylər–kağız parçaları qızıl əvəzində sikkə vəzifəsi daşımaq imkanı alır. Metal pul nişanlarında onların xalis simvolik xarakteri hələ müəyyən dərəcəyə qədər gizli qalır. Kağız pulda bu xarakter tamamilə aydın surətdə meydana çıxır. Gördüyümüz kimi, ce n'est que le premier pas qui coute [ancaq birinci addım çətindir].
Biz burada ancaq icbari məzənnəli dövlət kağız pullarını nəzərdə tuturuq. Bunlar bilavasitə metal tədavülündən meydana gəlir. Əksinə, kredit pulları elə şərtlər tələb edir ki, biz sadə əmtəə tədavülü çərçivəsində qaldıqca, bunlar bizə hələ əsla məlum deyildir. Ancaq ötəri qeyd edək ki, əsil mənada kağız pul, pulun tədavül vasitəçi funksiyasından irəli gəldiyi kimi, kredit pullarının da təbii kökünü pulun tədiyyə vasitəsi olmaq funksiyası təşkil edir75.
Üzərində öz pul adları, məsələn, 1 f. st., 5 funt sterlinq və i. a. yazılmış olan kağız pullar tədavül prosesinə dövlət tərəfindən kənardan daxil edilir. Onlar doğrudan da öz eyni adlı qızıl məbləğləri əvəzində tədavül etdiyinə görə, öz hərəkətində ancaq pul tədavülünün özünün qanunlarını əks etdirir. Kağız pulun spesifik tədavül qanunu onun ancaq qızıla nisbətindən, ancaq qızılın nümayəndəsi olmasından irəli gəlir. Bu qanun isə sadəcə ondan ibarətdir ki, buraxılan kağız pulun miqdarı, onun simvolik olaraq təmsil etdiyi qızılın (və ya gümüşün) həqiqətən tədavül edə biləcəyi miqdardan artıq olmamalıdır. Doğrudur, tədavül dairəsinin qəbul edə biləcəyi qızılın miqdarı daim dəyişilərək məlum orta səviyyədən gah yuxarı qalxır, gah da aşağı düşür. Lakin müəyyən ölkənin tədavül vasitələri kütləsi empirik surətdə təyin edilə biləcək müəyyən minimumdan heç zaman aşağı düşmür. Bu minimum kütlənin öz tərkib hissələrini daim dəyişdirməsi, yəni hər dəfə başqa qızıl hissələrindən tərtib olunması, əlbəttə, bu kütlənin həcminə və onun daim tədavül dairəsində olmasına əsla təsir etmir. Buna görə də həmin kütlə kağız simvollarla əvəz edilə bilər. Lakin bu gün biz bütün tədavül kanallarını tamamilə dolacağı dərəcədə kağız pulla doldursaq, sabah əmtəə tədavülündə hər hansı dəyişikliklər üzündən bu kanallar həddən artıq dolmuş ola bilər. Burada hər bir əndazə itib gedir. Lakin kağız pullar öz əndazəsini keçsə, yəni həqiqətən tədavüldə ola biləcək eyni adlı qızıl sikkələrin miqdarını ötüb keçsə, bütün bu pulların etibardan düşməsi təhlükəsi hələ bir yana dursun, onlar indi əmtəə aləmində ancaq, ümumiyyətlə təmsil edə biləcəkləri miqdar qızılın, yəni əmtəə aləminin immanent qanunlarının müəyyən etdiyi miqdar qızılın nümayəndəsi olar. Məsələn, kağız pulların müəyyən kütləsi öz adına görə 2 unsiya qızılı təmsil edib real surətdə isə 1 unsiya qızılı əvəz edirsə, o zaman felən 1 f. st. əvvəlki 1/4 unsiya qızıl əvəzinə 1/8 unsiya qızılın pul adı olur. Alınan nəticə tamamilə ona bənzər ki, öz qiymət ölçüsü funksiyası cəhətdən qızılda dəyişiklik baş versin. Əvvəllər 1 funt sterlinqə bərabər qiymətdə ifadə olunan dəyərlər indi 2 funt sterlinqə bərabər qiymətdə ifadə edilir.
Kağız pul qızılın nişanıdır, yaxud pul nişanıdır. Kağız pulun əmtəə dəyərlərinə nisbəti ondan ibarətdir ki, əmtəə dəyərləri kağızlarda hisslə qavranılacaq simvolik ifadə alan miqdar qızılda ideal surətdə ifadə olunur. Kağız pul ancaq müəyyən miqdar qızılı təmsil etdiyinə görə dəyər nişanıdır, hər bir başqa əmtəə miqdarı kimi, qızıl miqdarı da eyni zamanda dəyər miqdarıdır.76
Nəhayət, sual olunur ki, nəyə görə qızılı onun heç bir öz dəyəri olmayan nişanları əvəz edə bilər? Lakin gördüyümüz kimi, ancaq ona görə əvəz edə bilər ki, qızıl öz sikkə və ya tədavül vasitəsi funksiyasında təcrid olunur, müstəqillik kəsb edir. Doğrudur, bu funksiyanın ayrılması ayrı-ayrı qızıl simgələrə aid deyildir, hərçənd bu hal sürtülüb yeyilmiş sikkələrin yenə də tədavüldə qalmasında özünü göstərir. Qızıl parçaları yalnız həqiqətən tədavül etdiyi müddətdə ancaq sikkə və ya ancaq tədavül vasitəsi olur. Lakin ayrı-ayrı qızıl sikkələrə aid olmayan şey kağız pulun əvəz edə biləcəyi minimum qızıl kütləsinə də aid edilə bilər. Bu kütlə daim tədavül dairəsində olur, arası kəsilmədən tədavül vasitəsi funksiyası daşıyır və buna görə də ancaq bu funksiyanın daşıyıcısı kimi mövcud olur. Deməli, bu kütlənin hərəkəti ancaq ondan ibarətdir ki, Ə–P–Ə şəklində olan əmtəə metamorfozunun bir-birinə əks prosesləri daim bir-birinə çevrilir, həm də burada əmtəənin öz dəyər surəti onun qarşısına ancaq bundan ötrü çıxır ki, dərhal yenidən yox olub getsin. Əmtəənin mübadilə dəyərinin müstəqil ifadəsi burada ancaq ötərgi bir haldır. Bunu dərhal başqa bir əmtəə əvəz edir. Buna görə də pulun əldən-ələ keçdiyi prosesdə pulun xalis simvolik surətdə mövcud olması kifayətdir. Pulun funksional varlığı onun maddi varlığını, necə deyərlər, özünə hopdurur. Əmtəə qiymətlərinin ötərgi obyektivləşdirilmiş inikası olmaq etibarı ilə pul ancaq öz nişanı kimi mövcud olur, buna görə də adi nişanlarla əvəz edilə bilər77. Ancaq gərək pul nişanı özünə obyektiv ictimai əhəmiyyət kəsb etsin, elə kağız simvol icbari məzənnə vasitəsi ilə belə bir əhəmiyyət kəsb edir. Bu dövlət məcburiyyəti ancaq həmin dövlət sərhədləri daxilində, yaxud daxili tədavül dairəsində qüvvədə olur, həm də ancaq burada pul öz tədavül vasitəsi, yaxud sikkə funksiyasında tamamilə əriyib həll olur və deməli, kağız pul şəklində zahirən öz metal substansiyasından təcrid edilmiş halda və xalis funksional surətdə yaşaya bilir.
3. PUL
Dəyər ölçüsü vəzifəsi daşıyan, buna görə də həmçinin, bilavasitə və ya öz əvəzləyiciləri vasitəsi ilə, tədavül vasitəsi vəzifəsi daşıyan əmtəə puldur. Buna görə də qızıl (və ya gümüş) puldur. Qızıl, bir tərəfdən, o hallarda pul vəzifəsi daşıyır ki, öz qızıl (və ya gümüş) cismində, pul əmtəəsi kimi meydana çıxmalı olsun, yəni o yerdə ki, sırf ideal surətdə, – dəyər ölçüsü funksiyasında olduğu kimi, –və öz təmsilçiləri tərəfindən əvəz edilə bilən bir şey kimi, – tədavül vasitəsi funksiyasında olduğu kimi, – meydana çıxmasın. Digər tərəfdən, qızıl (və ya gümüş) o hallarda pul vəzifəsi daşıyır ki, ancaq istehlak dəyərləri kimi meydana çıxan bütün başqa əmtəələrin əksinə olaraq, qızılın (və ya gümüşün) funksiyası, – onun bu funksiyanı özününmü, öz cismi vasitəsi ilə, yoxsa öz əvəzləyiciləri vasitəsi ilə daşımasından asılı olmadan, – onun yeganə dəyər surəti, yaxud mübadilə dəyərinin yeganə adekvat varlığı olmaq rolunu təsbit etsin.
Bir-birinə əks olan iki əmtəə metamorfozunun fasiləsiz dövranı, yaxud satqı və alqı əməliyyatlarının daim bir-birinin yerini tutması, pulun aramsız tədavülündə, yaxud pulun tədavüldə perpetuum mobile [daim hərəkət edən mexanizm (mühərrik)] funksiyası daşımasında meydana çıxır. Metamorfozlar sırası qırıldıqda və satqının ardınca daha bilavasitə alqı gəlmədikdə, pul dərhal hərəkətdən qalır, yaxud, Buagilber demişkən, meuble-dən [mütəhərrikdən] immeuble-yə [qeyri-mütəhərriyə], sikkədən pula çevrilir.
Əmtəə tədavülünün hələ lap ilk rüşeym halından başlayaraq birinci metamorfozunun məhsulunu–əmtəənin çevrilmiş formasını, yaxud onun qızıl sürfəsini əldə saxlamaq zərurəti və buna qızğın arzu doğur78. Əmtəəni ona görə satmırlar ki, başqa əmtəələr alsınlar, ona görə satırlar ki, əmtəə formasını pul forması ilə əvəz etsinlər. Maddələr mübadiləsində sadə vasitəçi halqa olan bu forma dəyişilməsi dönüb müstəqil bir məqsəd olur. Əmtəənin özgəninkiləşdirilmiş forması əmtəənin tamamilə özgəninkiləşdirilən forması olmaq və ya əmtəənin ancaq ötərgi pul forması olmaq yolunda maneələrə rast gəlir. Bunun nəticəsində pul hərəkətsiz qalıb dəfinə şəkli alır, əmtəə satıcısı isə dəfinə toplayan olur.
Əmtəə tədavülünün məhz ilk dövründə istehlak dəyərlərinin ancaq artıq hissəsi pula çevrilir. Beləliklə, qızıl və gümüş özlüyündə artıqlığın və ya sərvətin ictimai ifadəsi olur. Dəfinə toplanmasının bu bəsit forması elə xalqlar arasında əbədiləşir ki, orada öz istehlakı üçün nəzərdə tutulan ənənəvi istehsal üsuluna müvafiq surətdə möhkəm qərarlaşmış tələbat dairəsi olur. Biz bunu, məsələn, asiyalılar, xüsusən hindlilər arasında görürük. Əmtəə qiymətlərinin həmin ölkədəki qızıl və gümüş kütləsi ilə müəyyən olunduğunu zənn edən Vanderlint özünə belə bir sual verir ki, nəyə görə Hindistan malları bu qədər ucuzdur? Cavabı: ona görə ki, hindlilər öz pullarını yerə basdırırlar. O deyir ki, 1602-ci ildən 1734-cü ilədək hindlilər əvvəllər Amerikadan Avropaya gətirilmiş 150 milyon f. st. məbləğində gümüşü basdırmışlar79
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.