Карл Генрих Маркс – KAPİTAL. Siyasi iqtisadın tənqidi (страница 19)
vəzifəsi daşıyan pul kütləsinə. Bu qanun ümumi bir əhəmiyyətə malikdir. Müəyyən müddət ərzində hər bir ölkənin tədavül prosesi, bir tərəfdən, eyni zamanda, məkan etibarı ilə yanaşı baş verən bir çox dağınıq satqı (müvafiq surətdə alqı) əməliyyatlarını, yaxud natamam metamorfozları əhatə edir və burada eyni pul öz yerini bircə dəfə dəyişir, yaxud bircə dəfə dövr edir; digər tərəfdən, həmin proses qismən paralel baş verən, qismən bir-biri ilə çulğaşan, halqaların az və ya çox zəngin olan bir çox metamorfoz sıralarının məcmusunu əhatə edir və burada eyni bir pul az və ya çox əhəmiyyətli miqdar dövr edir. Lakin tədavüldə olan bütün eyni adlı pul vahidləri dövrlərinin ümumi sayı ayrıca bir vahidin dövrlərinin orta sayını, yaxud pul tədavülünün orta sürətini göstərir. Məsələn, gündəlik tədavül prosesinin əvvəlində tədavülə daxil olan pul kütləsi, əlbəttə, eyni zamanda və məkanca bir-biri ilə yanaşı tədavül edən əmtəələrin qiymətləri məbləği ilə müəyyən edilir. Lakin proses daxilində hər bir pul vahidi bütün qalanları üçün, necə deyərlər, məsuliyyət daşıyır. Bunlardan biri öz tədavül sürətini artırırsa, bununla da başqasının tədavül sürətini azaldır, həm də bu axırıncısı tədavül dairəsindən tamamilə çıxa bilər, çünki bu dairə ancaq o qədər qızıl qəbul edə bilər ki, bu miqdar qızıl özünün ayrı-ayrı ünsürlərinin dövrlərinin orta sayına vurulduqda, reallaşması lazım gələn qiymətlərin məbləğinə bərabərdir. Buna görə də pulun dövrlərinin sayı artırsa, tədavüldə olan pulun kütləsi azalır. Pulun dövrlərinin sayı azalırsa, onun kütləsi artır. Tədavül vasitəsi vəzifəsi daşıya bilən pulun kütləsi müəyyən orta tədavül sürəti şəraitində məlum olduğuna görə, tədavülə müəyyən miqdar kağız pul, məsələn, bir funtluq kağız pul buraxmaqla oradan eyni miqdar qızıl soveren götürmək olar, – bu da bütün banklara yaxşıca məlum olan bir fənddir.
Əgər ümumiyyətlə pul tədavülündə ancaq əmtəələrin tədavül prosesi, yəni onların bir-birinə əks metamorfozlar yolu ilə dövranı təzahür edirsə, pulun tədavül sürətində əmtəə formalarının bir-birini əvəz etməsi sürəti, bir metamorfozlar sırasının başqaları ilə arası kəsilmədən çulğaşması, bu maddələr mübadiləsinin sürəti, tədavül dairəsindən əmtəələrin sürətlə qeyb olması və bunları yeni əmtəələrin eyni sürətlə əvəz etməsi təzahür edir. Beləliklə, pul tədavülünün sürətində bir-birinə əks olan və bir-birini tamamlayan fazaların dəyişkən vəhdəti meydana çıxır–əmtəənin istehlak formasının dəyər surətinə çevrilməsi və dəyər surətinin də dönüb istehlak formasına çevrilməsi, yəni hər iki prosesin: satqı ilə alqının vəhdəti meydana çıxır. Əksinə, pul tədavülünün yavaşımasında bu proseslərin bölünüb bir-birinə əks olan iki qütbə ayrılması, yəni formalar çevrilməsinin və, deməli, maddələr mübadiləsinin dayanması özünü göstərir. Əlbəttə, tədavülün özündən görmək olmaz ki, onun dayanması haradan irəli gəlir. Tədavül bu hadisənin mövcud olmasının özünü ancaq aşkara çıxarır. Pul tədavülü yavaşıdıqda, tədavülün ucqarlarındakı bütün nöqtələrdə pulun get-gedə daha gec-gec meydana çıxmağa və qeyb olmağa başlaması faktı, adi baxışa görə, tədavül vasitələrinin kifayət qədər olmaması ilə izah edilir.69
Beləliklə, hər bir müəyyən zaman ərzində tədavül vasitələri vəzifəsi daşıyan pulun ümumi miqdarı, bir tərəfdən tədavüldə olan bütün əmtəələrin qiymətlərinin məbləği ilə, digər tərəfdən də, bir-birinə əks istiqamətdə olan əmtəə tədavülü proseslərinin çox və ya azsürətli olması ilə müəyyən edilir, bundan da belə bir cəhət asılıdır ki, qiymətlərin ümumi məbləğindən hansı hissəsi eyni pul vahidinin köməyi ilə reallaşa bilər. Lakin əmtəə qiymətlərinin bu məbləğinin özü hər bir ayrıca əmtəə növünün həm kütləsindən, həm də qiymətindən asılıdır. Bu üç amil: qiymətlərin hərəkəti, tədavüldə olan əmtəələrin kütləsi və pulun tədavül sürəti müxtəlif istiqamətlərdə və müxtəlif proporsiyalarda dəyişilə bilər; buna görə də reallaşmalı olan qiymətlər məbləği və, deməli, ondan asılı olan tədavül vasitələri kütləsi də bir çox kombinasiyaya uğraya bilər. Biz burada ancaq, əmtəə qiymətləri tarixində ən mühüm rol oynayan kombinasiyanı qeyd edəcəyik.
Əmtəə qiymətləri sabit qaldıqda, tədavüldəki əmtəələrin kütləsi artırsa və ya pulun tədavül sürəti azalırsa, ya da bu hər iki hal birlikdə baş verirsə, tədavül vasitələri kütləsi arta bilər. Əksinə, əmtəə kütləsi azalırsa və ya pulun tədavül sürəti artırsa, tədavül vasitələri kütləsi azala bilər.
Bütün əmtəə qiymətləri qalxdıqda, tədavüldəki əmtəələrin kütləsi bunların qiymətlərinin artdığı nisbətdə azalırsa və ya pulun tədavül sürəti qiymətlərin artmasına mütənasib olaraq artırsa, həm də tədavüldəki əmtəələrin kütləsi sabit qalırsa, tədavül vasitələri kütləsi sabit qala bilər. Əmtəə kütləsi azalırsa və ya tədavül sürəti qiymətlərdən daha tez artırsa, tədavül vasitələri kütləsi azala bilər.
Bütün əmtəə qiymətləri düşdükdə, əmtəələrin kütləsi bunların qiymətlərinin düşdüyü nisbətdə artırsa və ya pulun tədavül sürəti qiymətlərlə eyni nisbətdə azalırsa, tədavül vasitələri kütləsi sabit qala bilər. Əmtəə kütləsi artırsa və ya tədavül sürəti əmtəə qiymətlərinin düşməsindən daha tez azalırsa, tədavül vasitələri kütləsi arta bilər.
Müxtəlif amillərin variasiyaları bir-birini elə əvəzləyib tamamlaya bilər ki, bunların daim dəyişilməsinə baxmayaraq, reallaşmalı olan əmtəə qiymətlərinin ümumi məbləği sabit qalır, odur ki, tədavüldəki pul kütləsi də sabit qalır. Buna görə də hər bir müəyyən ölkədə tədavüldə olan pulun kütləsi, bilxassə nisbətən uzun dövrlər nəzərdən keçirilərkən, ilk baxışda gözlənilə biləcəyindən xeyli çox sabit bir orta səviyyədə olur və bu orta səviyyədən xeyli az uzaqlaşır; sənaye və ticarət böhranlarının, daha az hallarda isə pulun öz dəyərindəki dəyişilmələrin törətdiyi güclü sarsıntı dövrləri istisna təşkil edir.
Tədavül vasitələri miqdarının tədavüldəki əmtəələrin qiymətlərinin məbləği ilə və pul tədavülünün orta sürəti ilə müəyyən edildiyini göstərən qanun70 bu şəkildə də ifadə edilə bilər: əmtəələrin dəyər məbləği məlum olduqda və onların metamorfozlarının orta sürəti məlum olduqda, tədavüldə olan pulun və ya pul materialının miqdarı bu materialın öz dəyərindən asılıdır. Belə bir illüziya vardır ki, guya məsələ məhz əksinədir, guya əmtəə qiymətlərini tədavül vasitələri kütləsi müəyyən edir, tədavül vasitələri kütləsini isə həmin ölkədə olan pul materialı kütləsi müəyyən edir71; bu illüziyanın kökü onun ilk nümayəndələrində belə mənasız bir hipotezdədir ki, əmtəələr tədavül prosesinə qiymətsiz, pul isə dəyərsiz daxil olur və sonra bu prosesdə əmtəə həlməşiyinin müəyyən hissəsi metal qalağının müvafiq hissəsinə mübadilə olunur72.
Pulun tədavül vasitəsi funksiyasından onun sikkə forması meydana gəlir. Qiymətdə və ya əmtəələrin pul adında fikrən təsəvvür edilən müəyyən çəkili qızıl hissəsi tədavül prosesində bu əmtəələrin qarşısına eyni adlı bir qızıl parçası və ya sikkə şəklində çıxmalıdır. Qiymət miqyasının müəyyən edilməsi kimi, sikkə kəsilməsi də dövlətin əlinə keçir. Qızıl və gümüşün sikkə olaraq geydiyi və dünya bazarına gələrkən yenidən çıxardığı müxtəlif milli libaslarda, daxili və ya milli əmtəə tədavülü dairəsi ilə ümumi dünya bazarı dairəsi arasındakı bölgü meydana çıxır.
Deməli, qızıl sikkəsi ilə qızıl külçəsi bir-birindən ancaq görkəminə görə fərqlənir və qızılı daim bir formadan digərinə çevirmək olar73. Sikkəxanadan çıxan qızılın tutduğu yol onu ən axırda aparıb əritmə putasına çıxarır. Ona görə ki, tədavüldə qızıl sikkələr sürtülüb yeyilir, həm də biri çox, biri az yeyilir. Qızıl sikkənin adı ilə onun qızıl substansiyasının miqdarı, onun nominal məzmunu ilə real məzmunu yavaş-yavaş bir-birinə uyğun gəlməməyə başlayır. Eyni adlı qızıl sikkələr müxtəlif dəyər kəsb edir, çünki indi onların çəkisi müxtəlif olur. Tədavül vasitəsi olan qızıl qiymət miqyası olan qızıldan uzaqlaşır və qiymətlərin reallaşdırdığı əmtəələrin gerçək ekvivalenti olmaqdan çıxır. Bu qarışıqlığın tarixi orta əsrlər və XVIII əsrədək yeni dövr ərzində sikkə işi tarixinin başlıca məzmununu təşkil edir. Tədavül prosesinin təbii meyli sikkənin qızıl varlığını zahiri qızıla çevirməyə, yəni sikkəni öz rəsmi metal məzmununun ancaq simvoluna çevirməyə olan bu təbii meyl hətta ən müasir qanunvericilikdə də qəbul edilmişdir: bu qanunvericilik müəyyən edir ki, metal nə dərəcədə itkiyə uğradıqda qızıl sikkə tədavül üçün yararsız olur, yəni sikkəlikdən çıxır.
Pul tədavülünün özü sikkənin real məzmununu nominal məzmunundan uzaqlaşdırırsa, onun metal varlığını onun funksional varlığından uzaqlaşdırırsa, bunda sikkə funksiyasında metal pulu başqa materialdan olan nişanlarla və ya sadəcə simvollarla əvəz etmək imkanı gizli halda vardır. Qızıl sikkəni gümüş və mis nişanların əvəz etməsi rolu tarixən, bir tərəfdən, qızıl və ya gümüşdən vəzncə tamamilə cüzi sikkələr kəsməyin texniki çətinlikləri ilə izah edilir və digər tərəfdən bununla izah edilir ki, aşağı metallar yüksək metallardan–gümüş qızıldan, mis də gümüşdən–əvvəl dəyər ölçüsü olmuş və deməli, daha nəcib metal onları taxtdan saldığı zaman onlar artıq tədavüldə pul vəzifəsi daşıyırmışlar. Onlar qızılı əmtəə tədavülünün elə sahələrində əvəz edirlər ki, burada sikkə çox böyük sürətlə dövr edir və, deməli, çox böyük sürətlə sürtülüb yeyilir, yəni elə sahələrində əvəz edirlər ki, burada alqı və satqı əməliyyatları çox kiçik miqyasda daim təkrar olunur. Qızılın bu cığırdaşlarının qızılın öz yerini tutmasına mane olmaq üçün bunların qızıl əvəzində hökmən qəbul edilməsindən ötrü qanunla ən aşağı tədiyyə hədləri müəyyən edilir. Müxtəlif növ sikkələrin tədavül etdiyi xüsusi dairələr, əlbəttə, bir-biri ilə çulğaşır. Qızılla yanaşı xırda sikkə qızıl sikkələrdən ən kiçiyinin hissələrini ödəmək üçün meydana çıxır; qızıl daim pərakəndə tədavülə daxil olur və xırda sikkəyə dəyişilmək yolu ilə eyni dərəcədə daimi surətdə oradan kənara atılır74.