Исмаил – Seçilmiş əsərləri (страница 2)
Xətai mövzunun imkanlarından bacarıqla istifadə edib rəngarəng təbiət lövhələri, insan duyğularının təbii, səmimi ifadəsi üçün müxtəlif boyalar tapıb işlədir. Sıx-sıx lakin yerli-yerində verilmiş qəzəllər poemadakı lirizmi daha da gücləndirir. Şairin yaratdığı təbiət təsvirlərindən biri poemanın başlanğıc hissəsində verilmişdir. Bu təsvirlər o qədər dəqiqdir ki, rəssamlar onun əsasında heç bir çətinlik çəkmədən çoxlu lövhələr yarada bilərlər.
Azərbaycan ədəbiyyatşünaslığında bahariyyə adlı janra bir qayda olaraq Xətainin həmin təsviri ən səciyyəvi nümunə kimi göstərilir. Ədəbiyyatımızda çoxlu təbiət təsviri yaradılmasına baxmayaraq Xətainin yaratdığı həmin təsvir bu tipli təsvirlər içərisində müstəsna yer tutur:
Bu təsvirdə təbiət insandan təcrid olunmur. Şən, şad bir qəlbin təbiətdən aldığı həzz, sevinc addımbaşı özünü hiss etdirir. Şair quşların fəğanə düşməsini deyən kimi insan həyatı barədə araya tez bir söz atır, "Eşq odu yenə bu canə düşdü" deyərək təbiətlə insan həyatını vəhdətdə götürdüyünü nəzərə çatdırır.
Təbiətdə gül açıb quşlar nəğmə oxuyanda insan qəlbində də sevgi duyğularının oyandığını söyləyir.
Təbiət təsvirləri ilə yanaşı poemada Aşiqin mənəvi iztiablarını əks etdirən qəzəllər də əsərin bədii təsir gücünü artırmağa xidmət edir.
"Dəhnamə" mövzusunda Xətaidən əvvəl başqa Azərbaycan şairləri – Hümam Təbrizi, Marağalı Əvhədi də əsərlər yazmışdır. Bu ənənəvi süjeti Xətai vəziyyət və hadisələrə uyğun olaraq yaratdığı lövhələr və başqa poetik tapıntılar vasitəsilə yeniləşdirə bilmişdir. Həmçinin Xətainin "Dəhnamə"si ana dilində yaranan ilk epik əsərlərdəndir.
Epik əsərdə lirik janrlardan, o cümlədən qəzəllərdən istifadəyə Füzulidən, hətta Həqiridən əvvəl Xətai poemasında rast gəlirik. Xətai bu poemanı hakimiyyət uğrunda mübarizələrinin ən gərgin çağlarında, 1506-cı ildə, iyirmi yaşında olanda yazmışdır. O, həyatının bu gənc çağlarında təkcə Azərbaycan Səfəvi dövlətinin əsasını qoymaqla məşğul olmamış, həm də epik şerimizə "Dəhnamə" kimi orijinal keyfiyyətlərə məxsus bir əsər bəxş etmişdir.
Xətai ədəbi irsinin mühüm bir hissəsini heca vəznində xalq şeri formalarında yazılmış əsərlər təşkil edir. Heca vəznli şerimizin tarixi Xətai ilə başlayır. Düzdür, bu forma xalq arasında Xətaidən əvvəl də olmuşdur, lakin onu yazılı ədəbiyyata gətirən Xətaidir. Hökmdar şair fikirlərini daha çox xalq şeri ənənələri əsasında tərbiyələnən, nisbətən az savadlı, və ya tam savadsız olan geniş kütlələrə, müridlərə, qızılbaş əsgərlərə çatdırmaq üçün doğma janrların daha əlverişli olduğunu duymuş, onların sevdiyi, başa düşdüyü formalardan istifadə etməyi özünə borc bilmişdir. Bu şerlərdə xalq ruhuna və zövqünə yaxınlıq xüsusi yer tutur. Xətainin siyasi, əxlaqi, estetik baxışları bu şerlərdə son dərəcə aydın və sadə bir tərzdə ifadə olunur. Ümumiyyətlə, Xətai şerinə xas bir keyfiyyət olan sadəlik və aydınlıq onun heca vəznli şerlərində daha qabarıq şəkildə nəzərə çarpır. Xətainin heca vəznində yazdığı qoşma, gəraylı, varsağı, bayatı, nəfəs və ilahilər indi də öyrənmək, ibrət almaq üçün nümunə olmaq dərəcəsindədir. Şair oxucularını diqqətli, ehtiyatlı olmağa, əqidə, məslək yolunda sədaqətlə yürüməyə çağırır:
Bu parçalarda oxucunu, dinləyicini doğruçu və cəsarətli olmağa, orda-burda qeybətlə, dedi-qodu ilə məşğul olmaqdan əl çəkməyə çağırır, həqiqət yolundan azmış insanlara qarşı dərin nifrətini bildirir.
Bədii söz haqqında danışmaq, ona münasibətini bildirmək orta əsrlərdə yaşamış sənətkarlarımızın yaradıcılığında pozulmaz bir ənənə kimi yayılmışdır.
Nizaminin, Füzulinin, Saib Təbrizinin, Qövsi Təbrizinin, Vaqifin və başqa Azərbaycan sənətkarlarının söz haqqındakı şerləri, fikirləri bu həqiqəti bir daha təsdiq etməkdədir. Xətainin "Bir söz" rədifli gəraylısı Füzulinin "Söz" rədifli qəzəli kimi yadda qalan qiymətli sənət əsərlərindən biridir:
Xalq şerinin bayatı şəkli də Xətainin məhəbbətlə, məharətlə müraciət etdiyi formalardandır. Şair bayatılarının axıcılığına, yığcamlığına, atalar sözləri və xalq məsəlləri kimi aforistik məna daşımasına xüsusi diqqət yetirmişdir:
Xətainin istər heca, istərsə də əruz vəznində yazdığı əsərlər klassik yazılı ədəbiyyatımızın ən qiymətli nümunələrindən sayılır. Şairin irsi sonrakı dövrlərin ədəbiyyatı üzərində dərin izlər buraxmışdır. Füzuli kimi dahi sənətkar Xətainin bir sıra şerlərinə cavab yazmış, ilk böyük əsəri olan "Bəngü Badə"ni ona ithaf etmişdir. Görkəmli el sənətkarı, hökmdar şairin müasiri Aşıq Qurbani onu "Mürşidi-kamilim, şeyx oğlu şahim" deyə tərənnüm etmişdir. Şah İsmayıl Xətainin əsərləri istər əlyazmaları, istərsə də şifahi şəkildə geniş yayılmış, məclislərdə musiqi havalarının müşaiəti ilə ifa olunmuşdur. Onun həyat nə mübarizəsi ilə bağlı məşhur Şah İsmayıl dastanı yaranmışdır. Bu dastan əsasında Müslüm Maqomayev eyni adlı opera bəstələmişdir. Yazıçı Ə. Cəfərzadənin "Bakı-1501", F. Kərimzadənin "Xudafərin körpüsü", Ə. Nicatın "Qızılbaşlar" romanları və bir sıra bədii əsərlər son illərdə Şah İsmayıl Xətainin həyatı və şəxsiyyətinə olan güclü marağın ifadəsi kimi meydana çıxmışdır.
Müslüm Maqomayev (bəstəkar) – “Şah İsmayıl” (opera)
Sərdar Fərəcov – “Şah Xətai” simfoniyası
Bakıda heykəli (1993, müəllif İbrahim Zeynalov)
Ərdəbildə heykəli
Xaçmazda heykəli
Gəncədə büstü
Şah İsmayıl Xətai fondu
Xətai metrostansiyası
“Şah İsmayıl” ordeni
Masallı şəhərində əzəmətli heykəli (müəllifi Valid Məmmədli)
Qəzəllər
«Hüsni-rüxsarın kim, oldu canü dil heyran ana…»
«Getdi ol dilbər, bəsi dərdü bəla qaldı mana…»