Исмаил – Seçilmiş əsərləri (страница 1)
Şah İsmayil Xətai
Seçilmiş əsərləri
ŞAH İSMAYIL XƏTAİ YARADICILIĞI
Azərbaycanda Xətai irsinin öyrənilməsi sovet hakimiyyəti illərindən başlanmışdır. Azərbaycanın tarixçi və ədəbiyyatşünas alimlərindən S. Mümtaz, H. Araslı, M. Quluzadə, Ə. Məmmədov, O. Əfəndiyev, M. Abbaslı kimi mütəxəssislərin bu yöndə apardıqları araşdırmalar və yürütdükləri mülahizələr xüsusilə diqqəti cəlb edir.
İsmayıl Xətai az yaşamasına, vaxtının çoxunu dövlət işlərinə sərf etməsinə baxmayaraq zəngin və çoxcəhətli bir irs yaratmışdır. O, həm əruz, həm də heca vəznində, həm epik, həm də lirik janrlarda qələmini işlətmiş, yaddaqalan, nümunə, örnək ola bilən əsərləri ilə Azərbaycan ədəbiyyatını zənginləşdirmişdir. Onun səmimi, ürəkdən qopub gələn, zamanın qarşıya qoyduğu tələblərə cavab kimi meydana çıxan poeziyası çox vaxt siyasi-ictimai fəaliyyəti ilə birləşmişdir. Bu poeziya gah qılıncla bərabər döyüş meydanlarına getmiş, gah müdrik el ağsaqqallarının, təriqət şeyxinin öyüdlərinə çevrilmiş, gah da dünyaya və insana məhəbbətlə dolu bir qəlbin tərcümanı olmuşdur. Bu poeziya qəhrəmanlığa, gözəlliyə, mənəvi saflığa məhəbbətlə, şərə, eybəcərliyə, əqidəsizliyə, dönüklüyə, sədaqətsizliyə, cılızlığa nifrətlə doludur. Bu poeziya, hər şeydən əvvəl, mənəvi azadlığı təsdiq edir. Din və şəriətin mənəvi əsarətini bu poeziya qəbul etmir. Dünyagörüşü etibarilə panteist olan şair Mənsur Həllac və İmadəddin Nəsimi kimi "ənəlhəq" (“mənəm allah”) şüarına, ideyasına tərəfdar çıxıb özünü “vəhdət gülzarının bülbülü” adlandırır:
Bütün kainatı ilahi, mütləq varlıqla bir sayan, yaradıcı ilə yaradanı, insanla allahı eyniləşdirən və bu eyniliyi vəhdət gülzarı, özünü isə bu vəhdət və birlik gülzarının bülbülü, şairi adlandıran Xətai özünü "mütləq həqiqət" ("həqqi-mütləq") deyə vəsf edir:
Xətai divanı
Böyük mütəfəkkir şair Nəsimi kimi Xətai də görünən hər şeydə, o cümlədən insanın simasında ilahi varlığı görməyə çağırır:
Şairin sufi olması onun poeziyasına da güclü təsir göstərmiş, ona daha cəsarətli humanist ruh vermişdir. Lakin bu cəsarət Xətainin yaradıcılığını sırf təriqət poeziyasına çevirməmişdir. O, bütün məqamlarda real həyat və real insan haqqında düşünmüş, real insana müraciətlə yazıb yaratmış, real insandan və onun hisslərindən, qayğılarından söhbət açmışdır.
Onun şerlərində xeyir və şər anlayışları ilə bağlı fikirlər də vardır. Bu məsələdə Xətai Azərbaycan ədəbiyyatının dühası Nizami Gəncəvi ilə həmfikirdir. O da belə hesab edir ki, insan yaxşı-yaman nə iş tutsa, onun bəhrəsini görəcək, pis əməl sahibi öz əməlləri üçün xəcalət çəkəcəkdir. Ancaq xeyir işlər, əməllər arxasınca gedənlər hər cür xəcalət, peşmanlıq hisslərindən uzaq olacaqlar.
Xətainin şerlərində insan, lirik qəhrəman məğrur, azad fikirli, öz qüdrətinə inanan bir varlıq kimi tərənnüm olunur, onun ölməzliyi, əbədiliyi, ən ağıllı bir şəxs olması, düşmənlərin canına vəlvələ salmağa qadir olduğu dönə-dönə nəzərə çatdırılır.
Hələ XII əsrdə Nizami Gəncəvi sufizmə rəğbətlə yanaşmış, sufiləri ürəkdən xəbərdar olan adamlar kimi təqdim etmişdir. Şairin "Sirlər xəzinəsi" əsərində müxtəlif xarakterlərə malik sufi surətləri yaradılmışdır. Xətai də sufiləri halal və haram yola gedənlər adı ilə iki yerə ayırır. O, ən yüksək insani keyfiyyətləri əsl sufilər arasında axtarır, öz müridlərini əsl sufi kimi hərəkət etməyə, sufi – insan adını uca tutmağa çağırır:
Şairin nəzərində həqiqi sufi əsl insandır. Onda alıb-satmaq, harama meyl etmək, əyri yola getmək kimi hərəkətlər, sifətlər ola bilməz. Əgər hər hansı bir sufi bu sifətlərə malik deyildirsə, o sufilikdən də, insanlıqdan da uzaq bir adamdır. Xətai belə sufiləri rədd edir.
Xətainin poeziyasında ehkamçılığa, mövhumatçılığa, insan mənəviyyatını buxovlayan zəncirlərə qarşı güclü bir etiraz vardır. Xətai şerinin əsas obyekti insan, əsas qayəsi insana məhəbbətdir. Xətai dövründə islam dininin insan idealı ilə humanist ziyalıların insan idealı bir deyildir. Dindar insan hər cür istək və arzularını buxovlayıb cənnət xəyalı ilə yaşayırdısa, humanist ziyalıların ideal insanı əsl cənnəti bu dünyada axtarır və tapırdı. İnsansız dünyanı və cənnəti barsız bağa bənzədir, insansız cənnəti istəmirdi:
Şair insanı yer üzünün ən qiymətli gövhəri saydığından insansız olan, insana zidd olan, insanın sədaqətinə mane, buxov, əngəl olan hər şeyi rədd edir.
Xətainin şerlərində gah real insani sevgi tərənnüm olunur, gah da məhəbbətdən geniş fəlsəfi bir kateqoriya kimi söhbət açılır. Hər iki halda məhəbbətin tərənnümü onun humanizmi, fikir sərbəstliyi ilə bağlıdır.
İnsan gözəlliyi bu şerdə romantik bir dillə, heyranlıqla qələmə alınmışdır. Buradakı bədii suallar, bənzətmələr aşiqin qəlbindəki təlatümləri, həyəcanları təbii, səmimi şəkildə oxucuya çatdırır.
Xətainin məhəbbət poeziyası güclü kədərdən, qəmdən bir qayda olaraq uzaqdır. Xətai yaradıcılığını tədqiq edənlərin fikrincə bu isə onun daha çox cəmiyyətdə tutduğu ali mövqe ilə əlaqədardır. Çünki, şah heç zaman maddi və ya digər sərvətlərdən əksiklik görməmişdir ki, şikayətlənsin.
Şairin təbiət təsvirinə həsr edilmiş şerlərində şux, şad əhvəli-ruhiyyə hökm sürür:
Xətainin aşiqanə qəzəllərində sevgi duyğuları bir çox hallarda o qədər səmimi, təbii verilir ki, boyalarının, ifadələrinin əlvanlığı və sadəliyi ilə insanı heyran edir, tilsimləyir. "Qızıl gül, bağü bustanım, nə dersən?" misrası ilə başlanan məşhur qəzəli yada salaq. Bu qəzəldəki hər beyt, hər parça saf, həssas bir qəlbdən qopan sevgi harayı kimi səslənir:
Real insanın, real insani hisslərin, arzuların, düşüncələrin romantik şəkildə tərənnümü, həm də Xətaiyə məxsus bir tərzdə tərənnümü XVI əsrin birinci rübü üçün qiymətli yeni bir hadisə idi. Nəsiminin, Kişvərinin, Həbibinin, Hamidinin poeziyasından qidalanan bu şerlərdə yeni, orijinal, ancaq Xətaiyə məxsus cəhətlər də çoxdur.
Xətainin çoxcəhətli poeziyasında epik əsərlər də mühüm yer tutur. Onun "Nəsihətnamə" məsnəvisi və "Dəhnamə" poeması epik şerin qiymətli nümunələridir. "Nəsihətnamə" adından da göründüyü kimi, nəsihətamiz, fəlsəfi poemadır. Burada ardıcıl nəql edilən hadisə yoxdur. "Nəsihətnamə" sufizmin panteist müddəalarını şərh edən fəlsəfi bir əsər olmaqla bərabər insan haqqında qabaqcıl humanist düşüncələri də əks etdirir.
"Dəhnamə" Xətainin həcm, fikir və sənətkarlıq baxımından ən mühüm əsəridir. Bir yandan klassik ədəbiyyatdan, bir yandan da xalq yaradıcılığının zəngin xəzinəsindən, nağıl və dastanlardan istifadə ilə yaradılan bu poema başqa "Dəhnamə"lərdən forma və məzmun əlvanlığı ilə seçilir. Xətainin özünəməxsusluğu: hissləri səmimi, inandırıcı, təbii ifadə etmək, təbiəti duymaq, məhəbbətin həyəcanlarını dolğun əks etdirmək, xalq ədəbiyyatından şüurlu şəkildə bol-bol faydalanmaq keyfiyyətləri bu əsərdə də göz qabağındadır.
Dəhnamə on məktub deməkdir. Zahirən əsər on məktubdan ibarət olsa da, poemanın məzmununu məktublar yox, daha çox həmin məktublarla əlaqədar hadisələr təşkil edir.