18+
реклама
18+
Бургер менюБургер меню

Исмаил Шихлы – Məni itirməyin (страница 6)

18

Yerindən tərpənə bilmədi. Qorxdu ki, ayağa qalxsa, həsrətini çəkdiyi, ulu əcdadlarından tutmuş bu günə qədər axtardıqları o gözəl diyar yoxa çıxar. Əli göydə, gözü üfüqdə, dizi üstə quruyub qaldı.

Ruzu

Kişi yola düşəndə dan yeri yenicə ağarırdı. Gecikmiş xoruzlar orada-burada qanad çalıb banlayır, səhər mehi otları xışıldadır, torağaylar pırıltı ilə qalxıb sirkan kollarının dibinə qonurdular. O, axşamdan arvadına demişdi ki, uzaq səfərə çıxacaq, Allah-taalanı tapıb dərdini ona deməyincə geri qayıtmayacaq. Arvad əli üzündəcə donub qalmış, xəyalından keçirmişdi ki: “Allah, sən özün saxla, kişinin başına havamı gəldi, nədir?” Ancaq ağzını açıb bir söz deyə bilməmişdi. Bütün gecəni korun-korun ağlamış, ərinin yoluna tədarük görmüşdü. Heybəyə beş-altı çörək, bir torba süzmə, yarım baş pendir qoymuşdu. Səhərəcən yatmayıb ərinin patavasını, çarığını qurutmuş, paltarının cırıq-söküyünü yamamışdı. Xoruzun üçüncü banından sonra kişi paltarını geyinib sakitcə evdən çıxmaq istəmişdi. Arvadı isə həyətdə, boz kilimin üstündə mitil yorğana bürünüb yan-yana yatışan uşaqlarını dürtmələyib qaldırmışdı ki, durun, atanız uzaq yola çıxır, görüşün. Uşaqlar yuxulu-yuxulu onun boynuna sarılmışdılar. Ata balalarını bir-bir öpmüş və daxmasından çıxmışdı.

O, hansı səmtə gedəcəyini bilmirdi. Ona görə də üzünü günəşə tutdu və yolu əlinə aldı.

O, əkinçi idi. Bir parça torpağı, iki öküzü və bir cütü vardı. Səhər tezdən yuxudan durar, Allah verəndən torbasına qoyar, öküzlərini qabağına qatıb işə gedər və bir də qaranlıq qarışanda evə qayıdardı. Heç kimlə işi olmaz, heç kəsin paxıllığını çəkməz, heç kəsin malına göz dikməzdi. Allahdan arzusu o idi ki, balalarının qarnı doysun, əyinləri paltar görsün. Gecə-gündüz əlləşər, halal zəhmətlə dolanar, haram tikəyə əl vurmazdı. O inanırdı ki, öz əlinin bəhrəsi ilə güzəranını yaxşılaşdıracaqdı, amma illər keçir, uşaqlar böyüyür, saqqalına dən düşürdü. Dolanacağı isə günü-gündən pisləşirdi.

O, günortaya qədər üzü günəşə sarı getdi, sonra isə dönüb günün dalına düşdü. Dərə-təpə aşdı, eniş-yoxuş çıxdı, axırda bir taxıl zəmisinin yanında ayaq saxlayıb nəfəsini dərdi. Kişinin gözü sevindi, ürəyi şadlandı. Gördü ki, qara qılçıq sünbüllər baş-başa verib, taxıl boy atıb qurşağa çıxır. Zəmiyə göz düşüb. Sütül sünbüllər bu gün-sabah bərkiyib saralacaq. O, xəyalən oraq götürdü, taxılı biçib dərz bağladı, tayalara vurdu, xırmana gətirdi, taxılı döyüb sovurdu və hər biri zoğal boyda olan sarı kəhrəba buğdanı çanaqlayıb çuvallara doldurdu. Ürəyində belə taxıl becərənə “afərin” dedi və yola düşmək istədi. Elə bu vaxt zəminin kənarında məlul-müşkül oturan yazıq bir kişi gördü, səmtini dəyişib onun yanına gəldi. Salam verdi, salam aldı. Taxılın qırağında oturub fikrə gedən kişi başını qaldırdı, onun üzünə baxdı, qayğılı-qayğılı soruşdu:

– Ey Allah bəndəsi, belə bivaxt hara gedirsən?

– Tanrıdan gizli deyil, bəndədən nə gizlədim, Allahın yanına gedirəm.

– Əstəğfürullah de, a kişi, sənin Allahla nə işin var?

– Var, işim də var, şikayətim də. Onu harada olsa, axtarıb tapacağam və soruşacağam ki, niyə dünyanı başlı-başına buraxıbsan? Görmürsənmi, insaf-mürüvvət qalmayıb, çapovulçuluqdur, dünyanı dağıdırlar? Ona deyəcəyəm ki, necə rəva görürsən ki, sənin yolundan çıxmayıb halal zəhmətlə, halal çörəklə dolananlar zillət çəksin, qarnı dolusu çörək, əyni dolusu paltar tapmasın, amma Allah yolundan çıxıb şeytanlara qulluq eləyənlərin başından var-dövlət tökülsün. Yoxsa istəyirsən ki, saçımızın-saqqalımızın ağ vaxtında yolumuzu azıb şeytana qulluq eləyək?

– Axşam-axşam küfr danışma, kişi, sənin dünya ilə nə işin var, öz dərdimizi çəkə bilmirik, öz dərdimiz özümüzə bəsdir. De görüm, dərdin nədir?

– Dərdim odur ki, məndən çox işləyən yoxdur, amma balalarımın qarnını doydura bilmirəm, Allah ruzumu kəsib. Deyəcəyəm ki, kəsməsin.

Kişi elə bil ürəyini boşaldıb sakitləşdi və gözünü yenidən taxıl zəmisinə zillədi:

– Sənin dərdin nədir? Heç belə taxıl becərənin də dərdi olarmı?

– Elə məni yandıran da odur. Yeri əkirəm, taxılı səpib becərirəm, qara qılçıq sünbüllər buğum-buğum olur, saralır, sabah əlimə oraq götürüb biçməyə gələndə gözümün qabağındaca taxıl od tutub alışır, çatırtı ilə yanıb külə dönür. Mənciyəz də əli qoynunda baxa-baxa qalıram. İndi sən özün de, bundan böyük dərd olarmı, ay qardaş.

Susdular. Günəş yaxırdı. Onun maili şüaları zəmini işıqlandırırdı. Elə bil sünbüllər od tutmuşdu, bu saat alışıb yanacaqdı. Hər ikisi saralan üfüqə baxdı, əllərini göyə qaldırıb dua oxudular. Zəmi sahibi ayağa qalxdı.

– Bivaxtdır, gedək bizdə qal. Axşamın xeyrindən, səhərin şəri yaxşıdır.

– Yox, yolçu yolda gərək, mən getməliyəm. Gün çıxanda mən də qalxmalıyam.

O, çarıqlarının ipini bərkitdi, dolaqlarını açıb yenidən doladı, heybəsini çiyninə alıb ayağa qalxdı. Halallaşıb yola düzəldi. Gün batıb çöllərin üzərinə hüznlü bir qaranlıq çökəndə yaşıl bir çəmənlikdə dayandı. Heybəsini başının altına qoyub yatdı. Günəşdən də qabaq ayağa durdu. Dünənki kimi üzü günəşə yol tutdu, xeyli getdi. Birdən onu qamarladılar. Kişi başını qaldırıb gördü ki, onun dörd yanını kəsənlər yaraqlı-yasaqlı padşah adamlarıdırlar. Qorxuya düşdü. Sahibinin altında oyur-oyur oynayıb yüyənini çeynəyən atlar az qalırdılar ki, onu ayaqlasınlar. Əllərdə siyirmə qılınc vardı. Onu atın sinəsinə salıb apardılar. Yaşıl xiyabanların, güllü-çiçəkli bağların arasından keçirib bir çadırın qabağında saxladılar, itələyib içəri saldılar. Kişi taxtda əyləşən çatmaqaşlı, qız kimi göyçək bir oğlanla üzbəüz dayandı və başa düşdü ki, şahın hüzurundadır. Dərhal yerə döşənib yalvardı:

– Şah sağ olsun, məni öldürmə, rəhm elə, yol adamıyam, burax, çıxım, gedim.

Şah onu qaldırdı. Kişinin tir-tir əsdiyini görüb gülümsündü və səsinə mehribanlıq verməyə çalışdı:

– A kişi, sən hara, bura hara, buraya quş gəlsə, qanad salar, qatır gəlsə, dırnaq. De görüm, hara gedirsən?

– Allahın yanına.

– Nə?!

Kişi diz çökdü. Hər şeyi olduğu kimi şaha danışdı. Oğlan fikrə getdi, çadırda xeyli gəzindi və birdən taxtında oturdu:

– A kişi, yaxşı yol, get, uğurun xeyirli olsun. Amma mənim də səndən bir təvəqqem var. İşdir, şayəd Allahı tapsan, mənim də dərdimi ona de. De ki, mən çox varlı, güclü bir şaham. Ləşkərimin, qılınc-qalxanımın sayı-hesabı yoxdur. Torpağımın ucu-bucağı görünmür, amma davada həmişə basılıram.

Şah iki atlı verdi, kişini sərhəddən o üzə ötürdülər.

İndiyədək günəşə doğru gedən kişi indi onun dalınca addımladı. Qan-tər içində axşama qədər irəlilədi. Günəş üfüqdəki dağların dalına çəkiləndə ucu-bucağı görünməyən sonsuz bir düzənliyə çıxdı. Səhranın üstünə axşam kölgəsi çökmüşdü, çöllər bomboz idi. Quru torpaqdan başqa, heç nə görünmürdü. Elə bil bu yerlərə soyuq nəfəs dəymişdi. Adamın bədəninə üşütmə düşürdü. Kişi vahimələndi və yaxasını örtüb bərk-bərk büründü. Onun gözünə uzaqda tərpənən bir qaraltı dəydi. Bu qaraltı getdikcə iriləndi, yaxınlaşdı və kişi gördü ki, nəhəng bir canavardır, düz üstünə gəlir. Tükləri biz-biz oldu, qaçmaq o yana dursun, heç yerindən tərpənə bilmədi, dili tutuldu.

Canavar gəlib onun qabağında dayandı və birdən adam kimi dil açdı:

– Hara gedirsən, ey bəni-insan?

Canavarın danışığından kişi daha da vahimələndi, çənəsi əsdi. Amma birdən-birə elə bil qorxunu canından quş kimi hürküdüb uçurtdular və o, hər şeyi yerli-dibli canavara söylədi, canavar ləngərləndi, kişi gördü ki, bu murdar ayaq üstündə güclə dayanır.

– Görürsənmi, qabırğalarım bir-birinə yapışıb, acından ölürəm. İşdir, Allahı tapsan, mənim də şikayətimi ona yetir. Deynən mənim yeməyimi göndərsin.

Canavar gəldiyi kimi də ağır-ağır aralandı və səhranın qaranlığında əriyib qeyb oldu.

Kişi zindan altından çıxmış kimi dərindən nəfəs aldı və elə dayandığı yerə çökdü, heybəsini başının altına qoyub yuxuya getdi.

Ertəsi günü günortaya qədər üzü günəşə yol getdi, sonra isə onun dalınca düşdü. Qaranlıq qarışana qədər onu haqlamaq istədi, qayalıqların arasında gizlənməyə çalışan günün ətəyindən yapışmaq məqsədilə qaça-qaça gəlib bir çəmənliyə çıxdı. Elə bu vaxt göy guruldadı, şimşək şaqqıldadı, qayalar səs-səsə verdi:

– Ey bəni-insan, kimi axtarırsan?

– Allahı.

– Allah mənəm.

Kişi üzü üstə yerə döşəndi. Sonra ayağa durub Allahı görməyə çalışdı. Yenə qayalar şaq-şaq şaqqıldadı:

– Məni görə bilməzsən, amma mən səni görürəm, sözünü de.

– Dünyanı niyə başlı-başına buraxmısan, ey xudavəndi-aləm, görmürsənmi, zülm ərşə dayanıb?

– Dünyanın dərdi sənə qalmayıb, sözünü de.

– Sözüm odur ki, mənim ruzumu ver. Qoy halal zəhmətimlə halal çörək qazanıb balalarımı saxlayım.

– Verdim, get.

Kişi dayandı, ətrafa boylandı, istədi, yola düşsün, amma əkinçi yadına düşdü. Yenə dağlar səsə gəldi:

– Niyə getmirsən?

– Bir şikayəti də sənə yetirməliyəm. Bir kəndçi var. Taxılı biçmək istəyəndə zəmi od tutub yanır, qoyma, yansın.

– Gedəndə o kişiyə deyərsən ki, zəminin ortasında balaca bir təpə var, orada qızıl basdırıblar. Gün qızanda qızıllardan qığılcım qalxıb zəmini yandırır. Təpəni qazıb qızılları çıxartsın.

Kişi yenə baş əydi. İki-üç addım gedib ayaq saxladı:

– Xudavəndi-aləm, qəzəbinə keçsəm də, bir padşahın dərdini sənə deyəcəyəm.

– Bilirəm, – deyə yenə qayalar şaqqıldadı. – O padşah oğlan paltarı geyinmiş qızdır. Ərə getməyib günah işləyir. Denən ərə getsin.