18+
реклама
18+
Бургер менюБургер меню

Исмаил Шихлы – Hekayələr (страница 3)

18

– Xoş gördük, İslam, niyə burda durursan?

– Maaş almağa gəlmişəm.

– Mən də. Bəs nəyi gözləyirsən?

– Heç. Papiros çəkmək üçün çıxmışam.

Doğrusu, başıma gələnləri ona demək istəmədim. Hər halda, özümü sındırmamağa çalışdım. Camal gülə-gülə məndən aralandı. Mən onun tünd mürəkkəbi rəngli drap paltosunun əyninə necə kip yatdığına baxdım. Bu palto onsuz da qıvraq olan Camalı bir az da çevik göstərirdi.

Aradan on beş dəqiqə keçməmiş yanımdan güllə kimi ötdü. Elə bil sümüyü çırtlayırdı.

– Hara qaçırsan?

– Banka.

– Dayan görüm.

O, ayaq saxladı. Təəccübümü gizlədə bilmədim:

– Tələbnaməni yoxlatdın?

– Nə tələbnamə? – deyə gülümsündü və əlindəki kağızı mənə göstərdi. – Çek də yazdırmışam. Bəs sən banka getmirsən?

– Yox, – deyə köksümü ötürdüm, – rəhmətliyin oğlu, kefdən danışırsan, heç hesabdarın torundan çıxa bilirəm ki?

– Dayan, dayan, – o, qolumdan yapışıb məni bir az da kənara çəkdi. – Əmioğlunu görübsən?

– Əmioğlu kimdir?

– Şeydayev.

– Yox.

– Onda yarım ay buradasan.

Camal əlini əlinə vurub qəhqəhə çəkdi. Onun incə dişləri parıldadı, xırdaca gözləri oynadı. Onsuz da saz olan kefi lap duruldu. Mənə elə gəldi ki, qonşu məktəbin direktoru Camal təcrübəsiz yoldaşını ələ salır və özünün üstünlüyündən həzz alır. Kəndə qayıdan kimi mənim burada boynumu büküb necə dayandığımı müəllimlərə danışacaq, əlini əlinə vurub indiki kimi şaqqanaq çəkəcək. Amma gözlədiyimin əksinə, Camal qolumdan tutub məni idarədən bir az da araladı və saatına baxdı.

– Get, bu saat yarım litr araq al. – Mən diksindim. İnstitutu qurtarmağımıza baxmayaraq, hələ də dilimə içki dəyməmişdi. Camal bic-bic güldü. – Tənəffüsə çıxan kimi Şeydayevə ver, sonrası ilə işin olmasın.

– Nə danışırsan, elə şey olar?

– Olar, olar. Bura bax, qız kimi niyə qızardın? Sənə nə deyirəm, ona qulaq as. Özü də baş mühasibə yaxınlaşanda "yoldaş Şeydayev" zad demə. Bircə kəlmə "Əmioğlu" de, eşitdinmi? Di sağ ol, mən getdim, gecikirəm.

Camal qırğı kimi sıçrayıb küçəni keçdi və azacıq sonra gözdən itdi. Hiss etdim ki, qulaqlarım güyüldəyir, bədənimi od və tər basır.

Küçənin hər iki tərəfindən balaca arx axırdı. Altı və yanları sementlə suvanmış bu dördkünc arxın suyu yeknəsəqliklə şırıldayırdı. Papirosumu sümürüb kötüyünü arxa atdım. Papiros bir müddət suyun üzündə qaldı. Qıjoy və təmiz su onu ora-bura çırpa-çırpa ağzına alıb apardı və lilli burulğana saldı. Papiros yox oldu, azacıq sonra isə saralmış və islanmış halda bir az aşağıdan üzə çıxdı. Şübhəsiz, lillənib bata da bilərdi.

Küçənin o üzündəki dükana yaxınlaşdım. Oğurluğa gedən adam kimi əvvəlcə ətrafıma boylandım, qorxa-qorxa içəri girdim. Ömrümdə ilk dəfə içki aldım. Tələsik paltomun qoltuq cibində gizlətdim və ayağım dolaşa-dolaşa qapıdan çıxdım. Mənə elə gəldi ki, hamı gözünü zilləyib baxır, bu saat qışqırıb güləcəklər.

Şəhərin kənarındakı hamamın nazik və bir az da boğuq çıxan fit səsi nahar fasiləsinin çatdığını bütün rayon idarələrində işləyənlərə xəbər verdi. Mən yol kəsməyə hazırlaşan cani kimi döngədə gizləndim. Ancaq canilərdən fərqli olaraq qorxa-qorxa, ürkək baxışlarla boylana-boylana. Şeydayevin tələsik gəldiyini gördüm. İrəli çıxmaq əvəzinə geri çəkildim. Daldada gizləndim. Hiss etdim ki, ürəyimin döyüntüsü boynumun damarında çırpınır. Dəsmal çıxarıb tərimi sildim və elə bu vəziyyətdə də baş mühasiblə qarşılaşdım. Şeydayev diksinib geri çəkildi, üzümə təəccüblə baxıb qaş-qabağını tökdü:

– Ay yoldaş, fasilə vaxtı adamın qabağını küçədə kəsməzlər, qanacağın olsun, bura idarədir?

Hülqumum bir neçə dəfə qalxıb-endi, dodağım titrədi, öz səsimdən özüm ürkdüm.

– Əmioğlu…

Şeydayev dayandı. Elə bil kişinin üzündəki maskanı çıxarıb təzəsini taxdılar. Özü də, dodaqları da, gözü də güldü. Sinəmi sıxan ağırlıq yox oldu, sinədolusu nəfəs aldım. İlk addım atılmışdı. Ancaq sonra nə etmək lazım gəldiyini müəyyənləşdirə bilmədiyimdən susurdum.

Şeydayev əvvəlcə üzümə, sonra isə paltomun şişmiş sinəsinə baxdı. Elə bu an haradansa əsən külək, xoşbəxtlikdən paltomun yaxasını açdı. Araq şüşəsinin ucu göründü. Şeydayev təklif gözləmədən əlini uzadıb cibimdən şüşəni çıxartdı. Tələsik qoynunda gizlətdi.

– Lap yerinə düşdü, əmioğlu, deyəsən, hal əhlisən. Gedək bizə, əla pitimiz var.

– Çox sağ olun, toxam.

– Yaxşı, məni gözlə. Qayıdan kimi birbaş yanıma gəl.

– Bəs hesabdar?

Şeydayev gülümsündü. O aralanandan sonra uzaq yol yorğunu kimi süst düşdüyümü hiss edib bir daşın üstündə oturdum.

Fasilədən sonra baş mühasib iki dəqiqənin içində tələbnaməni yoxladı, lazımi düzəlişlər edib qol çəkdi, çek yazdı. Mən sevincək ayağa durdum, qapıya doğru qaçdım, ancaq birdən dayanıb geri döndüm. Eşitmişdim ki, çox vaxt bankda pul olmur, ya da müdir qəsdən gələnləri əliboş geri qaytarır və deyir ki, get üç gündən, ya da bir həftədən sonra gəl. Bəzən bu get-gəl o qədər uzanır ki, çekin vaxtı qurtarır və adamlar yenidən baş mühasibin yanına gəlməli və təzədən çek yazdırmalı olurlar.

Şeydayev, deyəsən, ürəyimdən keçənləri duydu. Gözlərini qıyıb gülümsündü:

– Çeki mənə ver.

Verdim. Baş mühasib çeki əlinə alıb kənarındakı işarəni göstərdi.

– Bunu görürsənmi?

– Görürəm.

– Bilirsən bu nə deməkdir?

Çiyinlərimi çəkdim.

– Bu o deməkdir ki, sən əmioğlumsan, səni ləngitmək olmaz. Ancaq xərci var.

– Nə qədər?

– Bir palazqulaq yüzlük.

…Elə həmin gün evimizə belə dəymədən pay-piyada yola düşdüm. Axşama özümü kəndə çatdırıb müəllimlərin pulunu payladım.

Aradan bir ay keçdi. Direktor məni yanına çağırdı.

– İslam, maaş dalınca getmək istəmirsən?

– Yox, əmioğlu, bu dəfə özün getsən yaxşıdır.

CƏRİMƏ

Səhər tezdən qapıları döyüb gülə-gülə qəzet paylayan oğlan bu dəfə Arifi şübhə və təəccüblə süzdü. Jurnalı və qəzeti verdikdən sonra əlindəki dəftərçəni irəli uzadıb: "Qol çəkin", – dedi və ağzıbağlı zərfi ona verib uzaqlaşdı. Arif qapının arasından süzülən işığın qılınc kimi kəskin zolağında aydın görünən zərfi açdı. Hərflər ekrana düşmüş rəqəmlər kimi aydınlaşıb böyüdü. "Bu gün, 1949-cu il mart ayının 15-də, səhər saat onda məhkəmə icraçısının yanında olmalısınız. Əks-təqdirdə inzibati tədbir görüləcəkdir". Kağızı bir neçə dəfə o üz-bu üzə çevirib yazıları təkrar-təkrar oxusa da, bir şey başa düşə bilmədi. Mətbəxdə xörək bişirən ev sahibəsinin şübhəsini artırmamaq üçün tələsik otağa keçdi. Bütün planları pozulub fikri alt-üst oldu. O bu gün evdən çıxmamağı, axşamacan, lap elə gecəyarıyacan oturub sabahkı imtahana hazırlaşmağı qərara almışdı. Fikrindən dönmək istəmədi. Stəkandakı yarımçıq çayını içdi. Köynəyini əyninə keçirdi. Kitabı qabağına çəkib kağız-qələm götürdü. Ancaq beş dəqiqə keçməmiş hiss etdi ki, gözü kitabın sətirlərində olsa da, fikri məhkəmədədir. "Əks-təqdirdə inzibati tədbir görüləcək". "Axı mənim məhkəmədə nə işim var?" Əlacı kəsildi. Paltarını tələm-tələsik geyinib bayıra çıxdı.

Havanın soyuqluğundanmı, yoxsa həyəcanlandığındanmı, nədənsə üşürgələndi. Pencəyinin yaxasını düymələyib sürətini artırdı. Son günlər haralarda olduğunu, kimlərlə oturub-durduğunu bir-bir yadına saldı. Kitabxanalardan başqa heç yerə getməmişdi. Tramvaydan gedə-gedə atlanmamışdı. Küçə hərəkəti qaydalarını pozmamış, restorana getməmişdi. Danışmaqla da arası uşaqlıqdan yox idi. Bəs onda günahı nəydi?

Məktubda yazılan ünvanı tapdı. Qaranlıq dəhlizdən keçib lazım olan otağın qapısı ağzında dayandı. İçəri girməzdən əvvəl üst-başını yoxladı. Əlini daraqlayıb saçını bir neçə dəfə geri itələdi. Hərəkətlərinə sərtlik və cəsarət verib qapını açdı:

– Olar?

İri yazı masasının arxasında oturub toz basmış qovluqları araşdıran kişi başını qaldırmadan gözünün altından sərt-sərt Arifə baxdı.

– Qapını açandan sonra icazə istəməzlər.

– Məni siz özünüz çağırmısınız.

Əlindəki kağızı irəli uzatdı. Kişi qovluqları kənara itələyib qolu ilə masanın üstündəki şüşənin tozunu sildi və qələmi mürəkkəbə batırıb nəyəsə qol çəkəcəkmiş kimi hazır dayandı.

– Verin görüm.

Arif çağırış vərəqəsini verdi. O heç nə soruşmadan kağızı aldı. Qovluqlardan birini götürüb saralmış vərəqləri xeyli çevirdi. Axtardığını tapdıqdan sonra əlindəki göndərişi qovluğa yapışdırdı. Qələmi bu dəfə qırmızı mürəkkəbə batırıb solaxayı qeydlər etdi və yenə başını qaldırmadan dilləndi:

– Yüz manat verməlisiniz.

– Nə üçün?

– Şahidlikdən imtina etdiyinizə görə məhkəmənin qərarı ilə cərimə olunmusunuz.