Исмаил Шихлы – Hekayələr (страница 5)
Güzgüdəki oğlan mənə xeyli baxdı. Şinelinin yaxasını açdı. Barmaqlarını enli əsgər kəmərinin altına salıb köynəyinin qırışlarını arxaya sığalladı. Köksü qabardı, sinəsindəki orden və medallar cingildəyib titrəşdi. Sözün düzü, özümü tanıya bilmədim. Dörd ildə, cəbhədə olduğum müddətdə, imkan tapıb güzgüdə özümə əməlli-başlı baxa bilməmişdim. İnstitutun axırıncı kursunda oxuyanda həmin bu divardan, güzgüdən bir az aralı, əlaçı tələbələrin şəklini şərəf lövhəsindən asmışdılar. Mən də onların arasındaydım. Onda üzünə hələ ülgüc dəyməmiş, sifətində məhzunluq, gözlərində dalğınlıq, qıvrım saçları pərişan bir gənc boynunu azacıq yana əyib şərəf lövhəsindən mənə baxırdı. İndi isə hərəkətləri namərbud, yöndəmsiz bir adam güzgüdən boylanırdı.
Aynada məndən başqa müxtəlif sifətlər, adamlar da görünürdü. Gah hələ başının sarğısı açılmamış gənclər, gah qoltuqağacına söykənənlər, gah da on səkkiz-on doqquz yaşı yenicə tamam olmuş oğlan və qızlar güzgüyə ötəri nəzər salıb keçirdilər. Birdən güzgüdə gülümsər çöhrəli, qarabuğdayı, baxışlarından iradəli və inamlı bir adam təsiri buraxan toxtamış bir qız boylandı. Ani olaraq gözlərinə baxdım və sarsıldım. Nəzərimi onun baxışlarından yayındırmaq istədimsə də, bacarmadım. Qızın dodaqlarındakı təbəssüm gülüşə çevrildi. Nüfuzedici gözləri ovunu ürkütmüş alıcı quş gözü kimi alışdı və çalışdı ki, baxışını yayındırmaq istəyən oğlanı üzünə baxmağa məcbur etsin. Güzgüdəki əsgər çarpaz projektor işığına düşmüş təyyarə kimi çırpındı, baxışlarını sağa-sola çevirdi, gah aşağı, gah yuxarı baxdı, ancaq canını qurtara bilmədi. Sərt hərəkətlə geri döndü.
Qarşımda ortaboy, zil qara saçını səliqə ilə darayıb yana ayırmış, sivri burunlu, sifətindən və dodaqlarından təbəssüm silinməyən, qonur gözlərindən sərtlik, mehribanlıq, eyni zamanda zərif, ürəyiaçıq bir qadın nəvaziş və qayğısı sezilən qız dayanmışdı. O, boynunu azacıq yana əyib altdan-yuxarı, hər şeyi bilmək istəyən bir insan marağı ilə mənə baxırdı. Dodaqlar azacıq aralanmışdı. Sıx, zərif, hamar və şirmayı kimi ağ dişləri görünürdü.
– Gəl tanış olaq, mənim adım Əzizədir.
Tərəddüd etdim. Qızın əli havada qalmışdı. Bilmirəm nədənsə əvvəlcə əlimi şinelimin cibinə saldım, sonra üstümə sildim və onun əlini ovcuma aldım. Qızın alnındakı nazik qırışlar azacıq yığıldı, o ufuldamağa hazırlaşan kimi oldu. Hiss etdim ki, özüm də bilmədən bu zərif və yumşaq əli sıxıram. Məndə təqsir yox idi. Dörd il idi ki, avtomatın qundağını çiynimə dayayıb xəzinəni ovcumda sıxırdım. Bilirdim ki, onda daha yaxşı nişan alıram.
– Mən də Rəhmanam.
Əlini ovcumda saxladım. Dinmədi. Mənə elə gəldi ki, ovcumda zərif, pambıq kimi yumşaq, hərarətli bir şey tutmuşam. Kobud, dərisi qabalaşmış, qabarlı və düyünlü əlimin onu incitdiyini sezmirdim. Birdən bu zərif əli pəncəmdə sındıra biləcəyimdən ehtiyatlandım. Barmaqlarım boşaldı. O, əlini çəkmədi, əksinə, elə bil barmaqlarımı bir-bir saymağa başladı. Mən ordudan qayı- dandan sonra ikinci dəfə belə təmasa rast gəlirdim. Düz beş ay əvvəl yağışlı, palçıqlı, soyuq bir axşamda, gözlənilmədən cəbhədən evimizə qayıdanda, boynuma sarılan bacım elə yolun ortasında, evə keçməzdən əvvəl əlimi əlinə alıb bir-bir barmaqlarımı yoxlamışdı. Başa düşmüşdüm ki, əlimin şikəst olub-olmadığını bilmək istəyir. Bacımın özünün də əli qabarlı idi. Qoca ata-anamı saxlamaq üçün dərsi buraxıb kolxozda işləmiş, qapı-bacada yer belləmiş, qarğıdalı əkib sulamışdı.
Əzizə köhnə və yaxın tanış kimi, heç nədən çəkinmədən qoluma girdi. Məni güzgüdən uzaqlaşdırıb foyenin ortasına tərəf apardı. Yeridikcə ləngərlənir, hərdən ağırlığını qoluma salırdı. Mən nə qədər çalışırdımsa da, ayağımı düz ata bilmirdim, qılçalarım dolaşırdı.
– Düz üç gündür səni axtarıram.
– Nə üçün?
– Sifətinə baxmaq istəyirdim.
Mən bu gözlənilməz cavabdan diksindim. Paltarından cəbhə yollarının tozu, tüstü və barıt qoxusu getməyən, qan ləkələri silinməyən, qərib torpaqlarda məzara gömülmüş yoldaşlarının nəfəsi dəymiş nimdaş əsgər libasını dəyişib əyninə təzə paltar belə almağa imkanı olmayan bu qanlı-qadalı yollar yolçusunun sifətinə nə üçün baxmaq istəyirdi?
Qolumu çəkdim. O, bir az tutulsa da, sərbəstliyini itirmədi. Yenidən qolumdan yapışdı. Məni dabanı üstə fırlatdı. Nəfəsini üzümdə hiss etdim.
– Bilmək istəyirdim ki, rəqibim necə oğlandır? Onun kürəyini yerə vura biləcəyəm, ya yox?
Duruxdum. Qızı yenicə görürmüş kimi diqqətlə üzünə baxdım.
– Bilsəydim, ərizə verməzdim.
– Niyə, qorxdun?
– Qızla çəkişmək kişilikdən deyil.
– Buna bax, – deyə Əzizə səsini ucaltdı. – Deyəsən, pişik kimi kürəyini yerə vermək istəmirsən?
– Mən boyda pişik olar?
– Əlbəttə, olmaz! Pişik mehriban heyvandır. Sığal başa düşür, nəvaziş qanır, heç olmasa, adama isinişib xoruldayır. Amma sən kirpi kimi tikanlısan. Hər sözünü bir batman balla yemək olmur. "Qızla çəkişmək kişilikdən deyil". Baxarıq.
Onun sifəti tutuldu. Belə bir qızı incitdiyimə peşman oldum. "Bir ev tikməmişəm ki, yıxılanda vay deyəm. Mənə nə var, əsgər babayam. Harada olsa başımı girləyəcəyəm. Ancaq bu, zərif qız xeylağıdır", – deyə xəyalımdan keçirdim. Doğrudan da, onunla rəqabətə girməyi özümə ar bildim.
Aralanmaq istədim. Təlaşa düşdü.
– Hara?
– İdarəyə.
– Nə var?
– Bəlkə, sənədlərimi geri aldım.
– Pis olmaz.
Yenidən mehribanlıqla qoluma girdi. Pilləkəndən enərkən bərkdən güldü. Bu gülüşdə sevincmi, qəzəbmi olduğunu ayırd edə bilmədim.
– Mənim meydandan qaçan adamlardan zəhləm gedir, illah da kişilərdən.
Elə bil ortamdan güllə keçirdilər. Yaralananda heç belə göynəməmişdim. Əgər bu sözü mənə cəbhədə desəydilər, kimliyinə baxmadan boğazından yapışar, Kerçdə bizə sataşan "tılovoy krısaları" matroslarla birlikdə əzişdirdiyimiz kimi əzişdirərdim. Amma nə edəsən ki, indi zəmanə dəyişmişdi, qarşımdakı da müəmmalı bir qız idi.
İrəli keçdi. Qapını açıb küncdə oturan qızdan gülə-gülə soruşdu:
– Birinci imtahan nə vaxt olacaq?
– İki gündən sonra.
Katibə gah Əzizəyə, gah da otağın ortasında dirək kimi dayanan mənə baxdı. Qaş-gözü ilə nə isə soruşdu. Əzizə geri dönüb qolumdan yapışdı:
– Bu oğlan qızlarla çəkişməyi kişilikdən hesab etməsə də, mənim rəqibimdir. Özü də dəymədüşərin biridir. Sənədlərini geri almağa gəlib.
– Özümün dilim var.
Deyəsən, səsim guruldadı. İçəridəkilər dönüb təəccüblə mənə baxdılar. Xəcalətimdən başımı aşağı salıb bir-iki dəfə öskürdüm.
Elə bu vaxt aspirantura müdirinin oturduğu otağın qapısı açıldı. Professor içəridən çıxdı. Onun əynindəki zehli ağımsov pencək-şalvar elə bil ütünün altından bu saat götürülmüşdü. Paltarlarının rənginə uyğun güllü qalstuk bağlamışdı. Seyrək saçını yana daramışdı. Döş cibindən ağ dəsmalının ucu çıxmışdı. Adəti üzrə, "Kazbek" qutusunu və kibriti qəzetə büküb qoltuğuna almışdı. Çəkdiyi papirosun əzilməsindən qorxurmuş kimi barmaqlarının arasında ehtiyatla tutmuşdu. Onun qara-qumral sifəti, mehriban və qayğılı gözləri gülümsünürdü. Professor bir az arıqlamış olsa da, müharibədən əvvəl bizə mühazirə oxuduğu zamanlarda olduğu kimi səliqəli idi. O, içəridəkilərlə salamlaşdı və bizi görüb ayaq saxladı:
– Hə, balaca, tapışmısınız?
Əzizə ətrafa boylandı. Mən başa düşdüm ki, professor, tələbəlik illərində olduğu kimi, mənə yenə "balaca" deyir. Elə bir həftə bundan əvvəl onun yanına gedəndə də belə demişdi. Əvvəlcə məni tanıya bilməmişdi. Xeyli duruxmuş və üzümə baxmışdı. Sonra gülümsünüb əlini irəli uzatmışdı.
– Balaca, sənsən? Nə yaman uzanmısan! Yoxsa əsgərlikdə boğazından dartıb uzadıblar?
Mən nə üçün gəldiyimi söylədim. Firkə getdi.
– Bircə yer var, ora da ərizə veriblər. Sənə çətin olmazmı? Rəqibin od parçasıdır, universiteti yenicə qurtarıb.
Anladım ki, professor mənim müsabiqədən keçə bilməyəcəyimdən ehtiyat edir. Doğrudan da, çətin idi. Dörd illik fasilə, müharibə, qanlı-qadalı illər və yenidən imtahan.
Mənim tutulduğumu hiss etdi. Qayğılı gözlərində bir ilıqlıq duydum.
– Yaxşı, ərizəni ver…
Professor əvvəlcə mənimlə, sonra da Əzizə ilə görüşdü. Qız anladı ki, professor mənə "balaca" deyir. Gülümsündü. Onun baxışlarından hiss etdim ki, nə isə bir oyun çıxaracaq.
– Balaca sənədlərini geri alır.
– Niyə?
– Deyəsən, qorxur.
Professorun gözündən kölgə keçdi. Gözlərində təəssüf və məyusluq duydum.
– Elə iş eləmə.
Dinmədim. Birdən nə fikirləşdisə, qolumdan yapışıb kənara çəkdi. Onun sınayıcı və qayğıkeş baxışlarını üzümdə hiss etdim.
– Direktorla danışmışam, bəlkə, sənə çörək talonu düzəltdim.
Onu hiss etdim ki, yanaqlarım isindi. Bədənim buz kimi oldu, qulaqlarımın ucu alışıb-yandı…
O gedəndən sonra Əzizə çənəmin altında dayanıb altdan-yuxarı üzümə baxdı. Gözlərində dəcəllik qığılcımları oynadı və əlini əlinə vurub qəhqəhə ilə güldü: "Balacaya bax!"
Sözün düzü, qızın belə rəftarı məni ürküdürdü. Elə bilirdim ki, mənə istehza edir, hər hərəkətimi, sözümü ələ salır. Bəlkə, elə, doğrudan da, bu ərköyün şəhərli qızı bu yolla məni qorxutmaq, meydandan qaçırıb özü tək qalmaq istəyirdi?
Katibəyə yaxınlaşmaq istədim. Bunu sezən kimi sifəti birdən-birə dəyişdi. Zəhmli və amiranə bir görkəm aldı:
– İmtahanlara bir yerdə hazırlaşacağıq. Harada olursan?
Dinmədim. Onun xəbəri yox idi ki, mən hər gecə bir tanışın, ya da qohumun evində qalıram. İkinci dəfə onları narahat eləməyə üzüm gəlmirdi. Dünən gecə isə köhnə soldat kimi şinelə bürünüb vağzalda, taxtanın üstündə yatmışdım.