Исмаил Шихлы – Cəbhə xatirələri (страница 2)
Faşistlər geri çəkilərkən əhalinin bütün var-yoxunu yığıb aparmışdılar. Bu boyda kənddə bir toyuq da qalmayıb. Buna baxmayaraq, bizə ‒ əsgərlərə əhali çox hörmət edir. Şabanov yoxuşlarını aşıb gələnlər, demək olar ki, bir neçə gündür, acdır. Maşınlar işləmədiyindən, ərzaq anbarları bərənin o üzündə qaldığından yemək çatışmır. Piyada ərzaq dalınca gedənlər beş-altı gün yolda qalır, gətirdikləri otuz-qırx kiloqram çörəyin və konsentratın yarıdan çoxunu da özləri yeyirlər.
Aclıq yaman şeydir. Adamı düşmənin də qapısına aparır. İstər-istəməz qapıları döyməli olursan.
Yerli əhali bizim vəziyyətimizi başa düşür, öz boğazlarından kəsib nələri varsa, verirlər. Doğrudan da, bu ruslar sadə və genişqəlbli adamlardır. İllah da, qadınlar. Gecələr çox vaxt soyuqdan donan əsgərlər daxmaların qapısını döyür, qızınmaq üçün içəri buraxılmalarını xahiş edirlər. Qapını qoca bir kişi, ya da qarı açır. Görürsən ki, içəri adamla doludur. Yorğun əsgərlər bir-birinin üstə döşənib yatıblar. Ayaq basmağa yer yoxdur. Siyənək1 çəlləkdə qalaqlanan kimi qalaqlanıblar. Hətta ev sahibləri özləri oturmağa yer tapmırlar. Ancaq gülümsünüb:
Demək olar ki, İlskidə hər gün peçlər yanır, qazanlar qaynayır, arvadlar almanlardan gizlədib saxladıqları kartofu, kələmi, çuğunduru çıxardıb borş bişirir və kim qapıdan içəri girsə, əvvəlcə ona bir qab xörək verib qarınlarını doydururlar. Onların köməyi olmasaydı, əsgərlərin çoxu acından qırılardı.
Üç gündür ki, acıq. Ərzaq gözləyirik. Batalyonumuz gəlib çıxmayıb. Yemək gətirmək üçün gedən uşaqlardan da xəbər-ətər yoxdur. Onların dağlardan salamat qayıtmalarına da şübhə edirik. Yollarda o qədər hadisə olur ki.
Yeddi nəfərik. Bir otaqda oluruq. Uşaqlar səhər tezdən gediblər. Küçələrə səpələniblər. Aclıq onları qapılara aparıb. Mən yerimdən tərpənmirəm. Qapını döyüb tanımadığım adamdan yemək istəmək mənə çox ağır gəlir. Taqətdən düşsəm də, gözləyirəm. Yoldaşlarımızın ərzaq gətirəcəyinə ümidliyəm. Dünən axşam Çerkasov gətirdiyi çörəkdən bir az kəsib mənə vermişdi. Hələ də onun üstündəyəm.
Bu gün səhər də bizə ərzaq gəlmədi. Hərə bir bəhanə ilə evdən çıxdı. Axıra “Peredelski” adlı yaşlı bir əsgər qaldı. O, məni danladı. Dedi ki: “Utanmağın yeri deyil. Ac qalmaq olmaz. Belə getsə, taqətdən düşüb ölərsən. Əsgər isə çalışıb salamat qalmalıdır”.
Axşama qədər canımı dişimə tutub dözdüm. Yoldaşlarımızın ərzaqla gələcəklərini gözlədim. Qaranlıq qarışanda ümidimi kəsdim. Gördüm ki, gözüm qaralır, ayaq üstə güclə dayanıram. İradəmi toplayıb küçəyə çıxdım. Uzağa getməyə qorxurdum. Elə taqətsizləşmişdim ki, palçığa batıb qala da bilərdim.
Divarın dibi ilə xeyli getdim. Hələ əl-ayaq yığışdırılmamışdı. Əsgərlər ora-bura gedirdilər. Pəncərələr örtülsə də, bilirdim ki, çıraqlar yanır.
Olduğumuz evdən üç-dörd yüz metr aralandım. Qarşıma çıxan ilk qapının önündə dayandım. Tərəddüdlə xeyli boylandım. Sonra astadan qapını döydüm. İçəridən səs eşidildi:
‒ Buyurun.
İçəri girdim. Bir xeyli nə edəcəyimi bilmədim. Yoxsul, lakin səliqəli evə, stol arxasında oturan 17-18 yaşlı gözəl qıza, əlində kitab tutan balaca oğlana xeyli baxdım.
Qız ehtiyat və təlaşla ayağa durdu. Stul təklif etdi. Oturdum. Sözün düzü, Peredelskinin sözünə baxıb bura gəldiyimə peşman olmuşdum. Geri qayıtmağa da ar edirdim. Sakitcə oturmuşdum. Başımı aşağı salmışdım. Hiss edirdim ki, oğlanla qız mənim ocaq qırağında yatmaqdan tükləri tökülmüş qulaqlı papağıma, dörd-beş yerdən yanmış şinelimə, köhnə və çirkli paltarıma, palçıqlı dolaq və çəkməmə baxırlar. Bəlkə də, məndən qorxurlar. Əslinə baxsan, elə qorxulası görkəmim vardı. Qərara gəldim ki, bir neçə dəqiqə də oturub gedim. Elə bu vaxt qapı açıldı. 35-40 yaşlı bir qadın içəri girdi. Salamlaşdıq. Dinməz-söyləməz evin ortasındakı rus peçinə doğru getdi. Ortalığa yenidən sükut çökdü.
Bayaqdan hürkək baxışlarla tamaşa edən uşaqlar anaları gələndən sonra sakitləşdilər və yenidən kitab oxumağa başladılar.
Mən gözümü qarğı tərəcədəki kitablara dikdim və birdən gözümə Puşkinin “Yevgeni Onegin”i sataşdı. Mən soruşdum:
‒ O kitaba baxmaq olarmı?
Uşaqlar təəccüblə üzümə baxdılar.
‒ Hansı kitaba?
‒ “Yevgeni Onegin”ə.
Uşaqlardan çox qadın təəccübləndi. Əlindəkiləri peçin üstünə qoyub yaxın gəldi. İnanmırmış kimi məni xeyli süzdü.
‒ Məgər sən savadlısan?
‒ Bir az, ‒ sakitcə cavab verdim.
‒ Müharibəyə qədər nə işdə olmusan?
‒ Onu soruşmasanız, yaxşıdır.
‒ Yox, yox, xahiş edirəm.
Onun baxışlarındakı yalvarıcı sualı və qarşısıalınmaz marağı duydum. Özüm də hiss etmədən köksümü ötürdüm.
‒ Müəllim.
Uşaqlar yerlərindən durub analarının yanını kəsdirdilər.
Arvad birdən elə bil qarşımda diz çökdü. Əli ilə başımı yuxarı qaldırıb düz gözümün içinə baxdı. Onun bəbəkləri işıqda parıldadı. Gözlənilmədən başını sinəmə sıxdı.
‒ Mən də müəlliməm, oğlum, ‒ dedi.
Tez əl-ayağa düşdü. Qazanı peçin üstünə qoydu. Gəlib zorla şinelimi çıxartdı. Uşaqlar da hərəkətə gəldilər. Stolun üstündəki kitabları götürdülər. Müşəmbə örtüyü silib təmizlədilər. Ev sahibəsi uşaq kimi əlimdən tutub eyvana apardı. İsti su gətirdi. Sabun verdi. Əl-üzümü yudum. Sonra bir qab borş, soyutma kartof gətirdi. Başımın üstündə dayanıb məni doyunca yedirtdi. Puçur-puçur tər tökürdüm. Həm istidən, həm də xəcalətdən. Xörəyi yeyəndən sonra getmək istədim. Buraxmadı. Rus peçinin üstündə yer saldı. Hamamı qızdırdı. Əvvəlcə çimdim. Bilmirəm, haradansa tapdığı alt paltarı verdi və peçin üstünə çıxartdı.
Səhər oyananda öz paltarımın izi-tozu da qalmamışdı. Yevdokiya İvanovna (müəllimənin adını sonra öyrəndim) mənə nimdaş, amma tərtəmiz sırıqlı pencək-şalvar verdi, ayağıma dolamağa isti parça, dolaq verdi. Hətta şinelimi də təzələdi.
Mən çörək yedikdən sonra getmək istədim. Qoymadı. Dedi ki: “Sizin əsgərlər olan evə gedib xəbər verərəm ki, sən buradasan. Lazım olsa, gəlib çağırarlar”. İki gün onlarda qaldım. Bu iki gündə Yevdokiya İvanovna ancaq mənim əllərimi yumaqla məşğul oldu. Belə ki, şaxta vuran əlimin qabığı çat-çat olmuşdu. Üstəlik də his dolmuşdu. Sabunla təmizləmək olmurdu. Yevdokiya İvanovna əlimi ilıq suya qoydu. Təxminən əlim yarım saat suda qalandan sonra dəmir şotka ilə qaşıdı. Əlimin üst qatı soyulandan sonra dərimin ağrısını hiss etdim.
İlskidə on gün qaldıq. Mən yoldaşlarımın yanına gəlmişdim. Ancaq Yevdokiya İvanovna hər səhər dalımca gəlir və evinə aparırdı. Doyunca yedizdirməmiş buraxmırdı. Biz ana-bala kimi bir-birimizə isinişmişdik.
Nəhayət, İlskidən yola düşdük.
İlskidən yola düşəndə bərk çovğun başlamışdı. Külək qarı adamın üzünə çırpırdı. Biz yenə ponton qayıqların üstünə uzanmışdıq. Yollar çala-çuxur idi. Maşınlar silkələnir və bəzən bir yanı üstə əyilib az qalırdı ki, dönsün. Biz yıxılmamaq üçün kəndirlərdən yapışırdıq. Qaranlıq gecədə Xolmski stansiyasını keçdik. Axtırskiyə çatdıq. Burada mərmi və bombalardan uçub dağılmış daxmalarda yerləşdik.
Axtırski böyük bir kazak stanitsası idi. Lakin yarısı dağılmışdı. Yerli əhali, demək olar ki, yox idi. Cəbhə xətti olduğu üçün onları arxaya köçürmüşdülər. Təkəmseyrək gözə dəyənlər var idi. Amma əsgərlərin əlindən tərpənmək olmurdu. Yollar palçıq, küçələr palçıq, hətta evlərin də içi palçıq idi. Bağlar viran qalmışdı.
Buradan altı kilometr aralı ön cəbhə xətti idi. Gündüzlər kənddə sakitlik olurdu. Gecələr isə hərəkət başlayırdı. Cəbhəyə yola düşən hissələr ön xətdə, səngərdə olan adamlarına yemək aparan starşinalar, aşpazlar, yaralıları arxaya gətirməyə gedən tibb maşınları ancaq qaranlıq qarışandan sonra hərəkət edirdi. Uzaqvuran topların mərmiləri tez-tez kəndin küçələrində partlayır, gözlənilmədən evlərin üstünə düşür, qəlpələr vıyıltı ilə havada oynayırdı. Torpaq eşim-eşim olur, palçıq göyə sovrulurdu. Ölənlər, yaralananlar vardı. Gecələr işıltı görən kimi toplar atəşə başlayırdı. Tez-tez kəndin üstünə təyyarələr gəlir, bombalarını hara gəldi, tökürdülər. Bizim zenitlər tələm-tələsik atəşə başlayırdılar. Çox vaxt onların gülləsi boşa çıxırdı.
Ərzaq məsələsi yenə də çətin idi. Tək bizim hissə yox, elə bütün cəbhə boyu yerləşən hissələr aclıq keçirirdilər. Ərzaq gəlib çıxmırdı. Yolların palçıqları vaxtlı-vaxtında ərzaq gətirilməsinə imkan vermirdi. Aclıq çəkirdik. Burada yemək tapmaq asan deyildi. Kənd bomboş idi. Kartof tarlalarını eşib bir şey tapmaq istəyirdik. Amma əlimizə heç nə keçmirdi. Atlar da taqətdən düşmüşdülər. Onlar da insanlar kimi dağlar aşmış, toplar çəkib gətirmiş, aclıqdan əldən düşmüşdülər. Əsgərlər alacan2 olan atları gözdən qoymurdular. Büdrəyib yıxılan kimi boğazlayır və ətini dağıdırdılar. Mən də burada ilk dəfə at əti yedim. İki gün burada qaldıq. Martın 17-də, axşam döyüş tapşırığına getdik. Gecə ön xəttə çatmalı, bütün hazırlıq işlərini görməli və səhər tezdən dumandan istifadə edib çaya yaxınlaşmalı və orada bizi gözləyən piyadalara desant keçirməli idik.
İlk dəfə birbaşa cəbhə xəttinə gedirdik. Maşınları yüklədik. Dəstələrə bölündük. İndi maşınların üstündə yox, ayaqlıqda dayanmışdıq. Gözümüzü qaranlığa zilləmişdik. İşıqları yandırmamışdıq. Şoferlər fəhm ilə maşın sürürdülər. Yol-iz yox idi. Təxmini hərəkət edirdik.