Ида Йессен – Doktor Baqqenin əhvalatı (страница 3)
Onların xallı bir iti vardı, adı cənab Benjamin idi, məni əyləndirmək üçün onu da gətirib otuzdurmuşdular stolun başında. Beləcə, cənab Benjamini oturtdular, qarşısına çəngəl-bıçaq qoydular boğazına isə ağ salfet bağladılar. Qarşısına- stolun üzərinə yemək də gətirib qoydular. Babam itə sol pəncəsini bıçağın, sağ pəncəsini isə çəngəlin üzərinə qoymağı öyrətmişdi. Daha sonra isə o başını boşqabına doğru əyib yeməyə girişirdi. Babamgildə çox qalırdım, uzun müddətli orada olsam da atam mənimlə olmurdu. Onun öz valideynləri vardı. Mən yeddi yaşına çatana kimi, atam da, anam da öldü və bir neçə ilin içərisində bütün pullar havaya sovruldu.
Bir neçə kəlmə də arvadımla tanış olduğum dövrlər haqqında.
Məktəbdəki qadın haqqında öz axmaq düşüncələrimi unuda bilmirəm, bu səbəbdən də hələ də bu fikirlər mənimlədir. Düzdür hər gün yox, amma arabir bu baş verir. Sakitçilik olanda bəzən onu gözümün qabağında canlandırıram. O qar içində olan platformada dayanıb, dik qamətli, yaraşıqlı, adi bir insan. O məni maraqlandırmağa başlamışdı. Yox, heç də insanların bu gün danışdığı formada deyildi bu maraq: O bununla maraqlanır, bu onunla maraqlanır və s. Onda da hamı belə başa düşür ki, söhbət burada sevgidən gedir. Yox, məni ona çəkən daha metodik bir yol idi.
Aylarla onu görmədim, amma onun haqqında eşidirdim. Fröken Höy şad idi, sağlam idi, uşaqları ilə nəğmələr oxuyurdu və onun çox gözəl səsi vardı.O Tireqord otelində qadınlar üçün nəzərdə tutulan gimanstika kurslarına rəhbərlik etməklə bərabər axşamlar valideynlərə dərslər keçirdi. Bundan əlavə, o məruzələrlə də çıxış edirdi.
Payıza doğru Tireqorda xəstəyə dəyməyə gəlmişdim, orada xəstəmdən eşitdim ki, məktəbin yeni müəlliməsi dolabın harada dayanmalı olduğunu yaxşı bilir. Adamlar bu bölgədə qeybət edəndə, bu heç də qeybət kimi səslənmir. Başqa informatorlar arasında məlumat qırıqlığı yaşanırdı. Bir şey haqqında tələsik, yarımçıq bir məlumat və dərhal da yeni informasiyaya keçid.
– Hə, demək şəhərə bacarıqlı, savadlı bir müəllimə gəlib? – mən soruşdum.
– Hə, amma ola bilsin az bacarıqlı biridir.
Daha heçnə danışmadıq. Amma bir neçə ay sonra eşitdim ki, adamlar onun metodlarından heç də razı görünmürlər. Onlar uşaqlarının konfermasiya edilməsini istəyirdilər. Belə dedilər. Mən dedim: “Nə olub ki, niyə onların uşaqları konfermasiya oluna bilmirlər”?
– O əzbərdən öyrənmək istəmir və onlar psalmları oxumaq məcbutiyyətində deyillər.
Sanki çox ağıllı bir müəllimə kimi görsənir. Ondan yəqin ki mən çox razı qalacam.
– Dərs vaxtı isə onlar stolların ətrafında dövrə vururlar, bir sıra ilə otururlar.
– Necə stolların arasında dövrə vururlar?– mən təkrar soruşdum.
– Hə, onlar elə deyirlər.
– Onlar, kim?
– İnsanlar.
– Bələdiyyə məktəbindəki Nielsen deyil təsadüfən bunu sənə deyən?
– O hər zaman yaxşı və möhkəm bir müəllim olub.
– O misionerdi. Uşaqlara ana vətən haqqında informasiyadan başqa heç nə öyrətmir.
– Bunu qadın müəllimə də edə bilər də.
Mən xəstəmin heç nə ifadə etməyən üzünə baxdım. O bununla nə demək istəyirdi?
Özümdə onu xilas etməyə bir məcburiyyət hiss etdim. Mən ona yazdım ki, onun yaratdığı mühazirə cəmiyyəti haqqında eşitmişəm və çox istərdim ki, gəlim bir mühazirə ilə də mən çıxış edim, təbii ki bu fikir ona ağlabatan ideya kimi gəlirsə.
Bir neçə gün sonra cavab gəldi. “ Deməliyəm ki, elə mən özüm də sizə yazmağa hazırlaşırdım”. “Onda mən gəlib məktəbdə gigiyena qaydaları haqqında mühazirə deyərəm.” Mən cavab məktubunda belə yazdım. O yazdı ki, bu çox gözəl bir fikir olardı.
Mühazirəmdən bir gün öncə ona yazdım ki, yaxşı olar ki, mən gəlməzdən öncə sinif otağını yaxşıca qızdırsınlar. Əməlli- başlı isti olsun istəyirdim otaq. Düzdür, bu məktubuma cavab yazmadı, amma ondan xahiş etdiyim kimi davrandığını biz Nörreqade tərəfə qalxanda bildim. Yolüstü yalnız bir binanın bütün pəncərələrindən tüstü çıxırdı. İçərindən gələn iydən bilinirdi ki, tüstü məhz oradan gəlir.
Peçin yanıb közərən, heç də sağlam olmayan bürküsündə neçə uşağın isinməyə çalışdığını, baş ağrısından və ürəkbulanmadan şikayət etdiyini görə bilmədim. Ağarmış bənizlər, arıq simalar, gündəlik burun qanaxmaları, və çox bərbad ruh halında olan uşaqlar var idi qarşımda. Mən bu ərazidəki bütün solğun bənizli şagirdlərin siyahısını hazırlamışdım. Qızlar üçün sevindirici məqam ondan ibarətdir ki, xəstəhal və solğun bənizli oğanların sayı qızlarınkından bir qədər daha artıqdır. Ola bilsin, heç kəs bu məqamı ciddiyə almayıb. Düzdür, uşaqlar solğun və xəstəhal görsənirdilər, amma onlar axı hələ yatağa düşməyiblər. Hələ.
Həmin gün axşam orada oturanların hər birinin çox ağır günü olmuşdur. Onlar çox ağır yüklər qaldırmış və çətin işlər görmüşdülər. Onlar üzlərini ovuşdurur, səndələyib yıxılmaq ərəfəsində olanda isə özlərini düzəldirdilər.
Mən isə saymağımda idim.
“Amma sizə deməliyəm ki, əgər diqqət yetirməsəniz ağciyər xəstəliklərinə, isteriyaya və yaxud digər yaralara yo luxmaq şansınız çox yüksəkdir. Bənizi ağarmış şagirdlər əvvala təmiz havaya çıxmalıdırlar, daha sonra isə onlar daha rahat həzm olunan yeməklər yeməlidirlər. Xəmir xörəkləri və kartofdan bişmiş ağır yeməklər həzm olunmur və bağırsaqlarda qalırlar və bu orqanizm üçün zəhər mənbəyinə çevrilir. Daha yaxşı olar ki, yüngül yulaf yarması və süd məhsullarına üstünlük verəsiniz. Amma sizlər bunu bilə- bilə əməl etmirsiniz.
Op… Op… Op....”– mən qışqıraraq sinif otağının bağlı pəncərələrinə doğru getdim və onları bir- bir açmağa başladım. “Qalxın ayağa” mən dedim və gödəkçəmin düymələrini açdım. Elə burada, partaların arasındaca beş dəqiqə gimnastika ilə məşğul olacağıq. “Baxın mən bəzən evdən çıxanda evimin havası burada olan qədər ağır olduqda mən çıxanda pəncərələrimi açıq saxlayıb gedirəm. Təmiz havanın olması otaqda çox önəmlidir”.
Gödəkçəmi bir kənara qoydum. “ Metodiki gimnasitika” – mən qışqırdım- beləliklə,döş qəfəsi çox miqdarda oksigen qəbul etdiyi üçün genişlənəcək”.
Gimnastikanı etdirəndən sonra məktəbdə işim bitmiş sayılırdı və mən evə getmək üçün məktəbdən çıxdım. Peter Sillesthuved bayırda dayanıb məni gözləyirdi.
– Səncə onlar niyə gülürdülər ki?-mMən soruşdum.
Fröken Höy biraz sıxılaraq təəcüb dolu nəzərlərlə mənə baxırdı.
– Hər şey o dərəcədə gözlənilməz və qəribə oldu ki,– odedi. “Sanki kəskin bir keçid oldu onlar üçün belə vəziyyət. Onlar həkimi bu vəziyyətdə görməyə öyrəşməyiblər”.
– Onlar heç inanmırdılar ki, mən belə şeylər edə bilərəm, – mən dedim.
O üzünü çevirdi, mənə elə gəldi ki, o gülürdü.
Yazın sonlarına doğru ona bir də yazdım. Məktəbdə uşaqları peyvənd etməliydim və bunun üçün özümə münasib bir tarix təklif edirdim. Bu tarix ona uyğun gəlirmi? Bəli, o cavab verdi ki, bu tarix ona uyğun gəlir.
Məktəbə gözəl bir yaz günündə gəldim. Uşaqlar və müəllimləri çölə çıxmışdılar, orada onlar günəş şüaları altında alçak skamyalarda oturub dərs keçirdilər.
– Ola bilər bu biraz qeyri-adidir- o dedi. “Amma, məncə, bu günlər ki günəşin parlaq olduğu son günlərdir, gərək istifadə edək”.
– Bu ki yaxşıdır, çox yaxşıdır,– mən dedim.
Bu dəfə onu yadda saxladığımdan daha arıq idi və yorğun görsənirdi. Üzündə çillər də əmələ gəlmişdi. O dedi ki, skamyaları çölə çıxarıb düzməyə ona valideynlərdən biri kömək edib.
Qızların bəziləri mənə keçəlləşmiş məktəb həyətinin bir küncündə yenicə əkilmiş və üstündən də sulanmış turpları və gülləri göstərdi. Mən bu müəllimədən ruh alırdım, insan nə dərəcədə öz işinin uğurlu olmasına inana bilər. İnamı hədsiz çox idi.
– Bir hissədir hə?– mən yanımdakı qızlardan soruşdum.
Deyəsən nə dediyimi heç başa düşmədilər.
Digər tərəfdən bu cavan müəllimənin bir çox şeydə xeyli uğura nail olduğunu demək olardı. Həyatımda hələ belə sağlam sinif otağı görməmişdim. Günəşin şüaları böyük şəfaf pəncərədən keçib sinif otağına dolurdu. Döşəmə təravətli gül-çiçək iyi verirdi, saxsı qablar isə kitab rəfi funksiyasını yerinə yetirirdi.
Şən kitablar? Təbii ki bu zarafat deyildi. Düşündüm ki buradakı uşaqlar da başqa uşaqlara oxşayır, yastısinə və siçovulabənzər, saçları sapsarı, dikburun, arıq, gözlərinin altında isə çox zaman qaraltı ya göyərti. Qiymətləndirməmə görə onlardan demək olar ki yarısında bağırsaq qurdu olmalı idi.
Vaksinasiyanı bitirəndən sonra bir saat daha məktəbdə qalmaq üçün icazə alıb keçib oturdum arxa sıraya qoyulmuş alçaq skamyalardan birində. Oturub riyaziyyat dərsinin gedişatını izləyirdim. Dərs elə rahat, elə tez keçdi ki, heç xəbərim olmadı nə zaman başladı, nə zaman bitdi, müəllimə isə necə təsəvvür edirdimsə elə də bacarıqlı və savadlı idi.
Dərs bitəndən sonra o məndən qəhvə istəyib- istəmədiyimi soruşdu. Uzun müddət harasa itdi. Sinif otağını gəzişir, pəncərədən çölə baxır,rəflərə qoyulmuş kitabları vərəqləyirdim. Otağın hər üç pəncərəsi məktəb həyətinə açılırdı, oradan isə çöllüyə mənzərə açılırdı, baxanda Peter Stillesthuvedin kirli mehmanxananın həyətində oturub qəhvə içərərək məni gözlədiyini gördüm. Nəhayət, əlində məcməyi içəri girəndə qalxıb ona kömək etmədim, olduğum yerdə qalıb döşəmədən altdan yuxarı onu nəzərlərimlə süzdüm. Əlindəki məcməyini partanın üzərinə qoydu.
– Burada bir parça piroq da var. Onu qəlyanaltı üçün hazırlamışdım, indi yəqin bir az quru olar.
“Möhtəşəmdir”!