18+
реклама
18+
Бургер менюБургер меню

Ида Йессен – Doktor Baqqenin əhvalatı (страница 2)

18

Hər səhər yorğunluq öz tikanlarını mənə batırardı, indi xəstələrim kabinetimdə məni gözləyirlər, daha sonra isə məni yollar gözləyir. Yuxu mərhəmətin, şəfqətin qaranlığında bir yerdir Amma yollar işıq deməkdir, hansısa işıqlı bir məkana çıxaracaq vasitə deməkdir, yadımdadır bunlar. Elə dəqiq yadımdadır ki…

Bir neçə gündür ki, dəlisov əhval-ruhiyyədəyəm. Amma bu yay ən incə və mülayim yaylardandır, bu gün isə, bu bazar günü hətta arvadımın ad günüdür, biz bu münasibətlə piknik təşkil etmişdik. Qəhvə stolu ətrafında söhbətlər, müzakirələr arvadım üçün uyğun bir ssenari deyildi, amma piknik, hə təmiz havada piknik onun tam ürəyincə idi. Beləcə, hər il mayın iyirmisi işləmirəm, boş oluram. Bu il öncə arvadım Dolerup Bakkerdən ( Danimarkada, Viborq şəhərinin cənubunda, gözəl təbiət mənzərəli yer. A R) danışırdı, amma sonra hər halda Rörbak Sö ( Danimarkada, Mitidlandda ləziz yeməkləri ilə məhşur olan tarixi restoran A R) oldu qərarı. Pikniklər və gəzintilər təşkil edən şirkətdən bir maşın sifariş verib köhnə kələ-kötür yolla bir az irəliləyib, qədim dəyirmanı keçib, əsas magistral yola tərəf şütüməyə başladıq. Həmin gün yollarda sıxlıq yox idi, ara-sıra bir maşın gözə dəyirdi. Çox qədim landşaft idi. Biz avarları olan qayıq tapdıq, kiçik adacıqların arası ilə avar çəkib xarabalıqlar arasında bir divarın yanına gəlib qayığı yedəkləyəndən sonra açıq havada bir yer seçib oturduq. Arvadım vafli, yağlı kökə və bir piroq hazırlamışdı.

– Torağaylar ölkəsi,– o dedi.

Bir az yuxarı hissədə ağıldan buraxılan inəklər gözə göründü.

– Torağaylar əsirlər, inəklər isə yumrulanır,– arvadım dedi. “Düşünürəm ki, biz hələ səninlə belə gözəl ad günü keçirməmişik”.

O, hər il bu sözləri deyir.

Yox, niyə, bir-iki daha yaxşı ad günü xatırlaya bilirəm. Mənim qarnımda ağrılar vardı, bu səbəbdən də mən Rörbak Söya gəlməyi seçdim, üstəlik buradan evə qayıtmaq da Dollerup Bakerdən daha asan və rahatdır. Ad günü hədiyəsi kimi ona parıldayan dana dərisindən bir çanta, bənövşəyi bahar paltosu və bir şüşə “Kölnervasser” hədiyə etdim. İnanmıram ki, ondan istifadə etsin, o heç zaman parfümdən istifadə etmir. Sadəcə, ona belə bir hədiyə vermək istədim.

Suyu isti saxlayan rezin bir qab da hədiyə etdim ona. Arvadımın bir xüsusiyyəti var: o hər zaman üşüyür.

1904-cü il, yanvarın dördündə mən arvadımı lap birinci dəfə görmüşdüm.

Hava soyuq idi, külək isə güclü. Bir yığın məktubla stansiyada dayanmışdım. Stansiyanın damından yerə qar ağ tüstü təki düşürdü. Mən içəridə, poçtalyonun yanında olanda qatar gəldi, rəqs edən qar dənələrinin, çovğunun, stansiyadakı yeşiklərin , çantaların , şiddətli soyuğun arasında platformada hərəkətsiz dayanan bir insan fiquru diqqətimi çəkdi. Poçtalyon ayağa qalxıb pəncərədən çölə nəzər saldı. O da, həmin insan fiqurunu görmüşdü.

– Bu, xalis nərmənazik adamdır ki,– o dedi.

– Haqlısan,– mən cavab verdim.

Biz xəyallar aləminə düşdük.

– Hə, bildim. Tireqord orta məktəbinə yeni təyin olunan həmin müəllimə olmalıdır bu,– o dedi.

– O məktəb indi açılır axı,– Sivertsen davam etdi.

– Səncə, o məktəbdəkiləri idarə edə biləcək ki?– mən soruşdum.

Onun cavabı həddən artıq nəzakətli olsa da, cavabı ilə sanki mənə bir yumruq da ilişdirdi. Üstündən illər keçməsinə baxmayaraq hələ də onun gerizəkalı cavabı yadıma düşəndə əsəbimdən özümə yer tapa bilmirəm.

Bu aralar qrip yaman yayılıb. Deyəsən, orada mən də yoluxdum xəstəliyə. Rahatsızam… rahatsızlığımı gizlətmək məcburiyyətindəyəm, amma bununla rahatsızlığım heç də azalmır. Buna baxmayaraq, mən gecəyarı oyanmalıyam, əkizləri çevirib onları iyrənc dünyaya atmalıyam, daha sonra köməyimə ehtiyacı olan başqa bir insanın bu iyrənc dünyaya tutunmasına yardım etməliyəm. Özüm isə heç yaxşı deyiləm, sağlamlığım getdikcə pisləşir, gecələr dəhşətli dərəcədə pis yatıram. Stolda oturub nəsə bir iş görəndə, ölüm şəhadətnaməsi ya hər hansı hesabat, məruzə yazanda elə bil ki, boğuluram.

Çöldə yazdır…

Gecə yarıdır, pişiklərin bələkdəki körpələr kimi qışqırıb ağladığı zamandır. Mənim isə bədənim od tutub yanır. Mən təslim oluram və üzü üstə yerimə uzanıram. Özümə bir-iki saatlıq istirahət verirəm. Səndən heç yuxu da istəmirəm, uca Allahım! Yalnız bir-iki saat bədənim dincəlsin, yetər!

Durub stakan götürmək istəyirəm özümə. Dolabda çoxlu stəkanımız var. Onlara heç kəs toxunmur. Gedib açıb baxmaq istəyirəm görüm orada nə var. Portvin şərabı, albalı şərabı, hə, bir də, bəxtim gətirsə bir şüşə rom da tapa bilərəm orada.

“Stəkanı axıra kimi iç və ölüm hələ gözləyər,

əzrayıl qılıncını çəksə də, o hələ gözləyər.

Sən, ey insan, səbrli ol, axıra kimi iç

qoy getsin ölüm, bəlkə gələn il gələr”. ( Ölüm haqda, əzrayıl haqda İsveç musiqisi)

Bu mahnını atam oxuyanda eşitmişdim. Özü də bir-iki dəfə yox. Atam bu mahnını oxuyanda mən lap uşaq deyildim, bir az böyümüşdüm.

Qrip…

Faşist qripi…

Yağış milçəkləri yağışlı ayaqları ilə yağmurlu havada uçuşurdular.

İnsanlar danışa bilərdilər ki mən ölümə qarşı özümü peyvənd etdirmiş bir insanam. Bu fikir məndə erkən yaşlarımdan formalaşıb. Mən general Dr. Haynrix Adolf von Bardelbenin rəhbərliyi altında Berlində, Şaritendə könüllü işləyəndə orada səhər çağı bir yığın difteriyaya yoluxmuş azyaşlı uşaq görmüşdüm.

Ölmək mənim heç vecimə də deyil. Amma öləcəmsə, qəfil ölmək yaxşıdır. Arıqlamayım, heydən düşməyim, gözlərim çuxurlaşmasın, elə birdən gedim o dünyaya. Həm də göz yaşı-zad da istəmirəm ölümümdən sonra.

Yox, düzünü demək gərəkirsə, mən ölmək arzusunda deyiləm.

Heç də axmaq biri deyiləm, bir gün öləcəyimi yaxşı bilirəm, amma buna inanmıram nəsə…

Yavaş-yavaş qocalıram…

Bir tərəfdən də bu ağır formalı qrip. 3-4 həftədir ki heç özümdə deyiləm. Sanki artıq cəhənəmdəymişəm kimi səbrsiz və tündməcaz olmuşam, arvadımın hiss edirəm ki, mənə yazığı gəlir, o məni yaxına buraxmır amma. Amma mən heç ondan uzaq qalmaq istəmirəm və hər dəfə o mənə sığal çəkəndə xəstə pişik kimi sığallanıram. Və mənim bu xoşallanan ruhumda yaşlı adamın üfunəti, pis qoxusu yaşayır. Cavanlardan vəhşi heyvanların iyi gəlir, yaşlılardan isə dərinliyin dərin bir quruluq qoxusu gəlir. Dişlərimi poçt vasitəsiylə evə sifariş etidyim diş ipləri ilə təmizləyirəm-“ Pears Soap”. Yataq otağındakı dolabın gözündə bir böyük qalaq belə ipim var. Ütülənən paltarlarım olanda onları lavanda suyu ilə ütüləyirəm. Xoş ətirli lavanda suyunda onları nəmləndirib sonra ütüləyirəm. Bu iy mənim düşüncələrimi əks istiqamətə yönəldir. Bu iy mənə uşaqlığımı və atamı xatırladır. Atamın aptekindən də hər zaman lavanda iyi gələrdi, hə bir də qurudulmuş apelsin və mixək iyi də yadımdadır.

Atamın yanına getməyi çox istərdim. Hansı uşaq istəməz ki, bunu? Həmin yer əslində qaranlıq idi. Uzun stol qoyulmuş, uzunsov bir məkan, stolun yeri demək olar ki, tam məşğul etmişdi. Divarda isə rəflər və siyirtmələr gözə dəyirdi. Məhlullar, çini qablar, ağ xalatlı asistentlər və komissarlar, tərəzi, tərəzi daşları. Çəki daşları kasaların içərisində qoyulmuşdu. Asistenti sarı rəngli təbaşir iyi verən tozu ağzı bağlı gətirib kağız qutuya əndərdi. Balaca təmiz qablarda mayelər də var idi. Şüşə qablarda arsenik, opium, morfin, və qabların dibində əyri-üyrü forma almış digər məhlullar gözə dəyirdi.

Heç də çətin uşaq olmamışam. Atama son dərəcə valeh olaraq böyümüşəm. Onun mənə tərəf baxmağına ehtiyac yox idi, var olmağı bəs edirdi.

Hələ o vaxtın gerçəkliyi ilə o çox ciddi adam idi. Axşam yeməyi zamanı masanın başında oturardı, amma bu zaman bizlər ayaq üstündə dayanardıq, o yeməyini yeyib qurtarandan, çəngəl-bıçağını stolun üstünə qoyandan sonra isə haqqımız nə idi stolda oturaq, bu zaman biz də durmalı idik. Hissləri, münasibəti soyutmaq istəmirdik. Elə olurdu doymurdum, bu zaman gizlincə mətbəxə keçib bir pay da yemək yalvarırdım qızdan. O isə mənə böyük bir mərhəmətlə bir qab da çəkib verərdi. Balaca, çəlimsiz, arıq, nazik barmaqlara sahib uşaq idim. Atamın olduğu, onun toxunduğu hər şeyi əzizləmək, oxşamaq arzusunda olan barmaqlar idi bu barmaqlar. Amma mən bunu etmirdim. O yataq otağında olanda belə onun zəhmli baxışlarından qaçmağa, gizlənməyə çalışardım. Yataq otağındakı stulun başına keçirilmiş pencək gördümsə, bilirdim ki, kişi evdədi. Arada utancaqlığımı və qorxumu aşaraq onun darağını və saç yağını əlimə götürmədən daha yaxından baxardım. Heç nəyə toxunmazdım. Onun köynəyinin yaxalığı nişastalanırdı. Heç zaman ona toxunmazdım.

Atamın pulu var idi. Atasından ona yaxşı pul qalmışdı. Ona Sönderborqda aptek almağa imkan verən pullar babamın pulları idi. Uşaqlığımı səkkiz yaşıma kimi orada keçirtdim. Atam öz atasından qalan pulları vasitəsilə özünü uzaqlaşdırdı. Atam haqqında xatirələrim var. Onun arıq , cılız vaxtları da, kök vaxtları da yaxşı yadımdadır. Ondan spirt və tütün iyi gəlirdi, gülərkən boğazının qırışlarından onu tanımaq olurdu. Aptek toz olardı çox zaman, günəş şüaları altında bu tozlar qızıl kimi parıldayardı. Atamdan laqeydliyin iyi də gəlirdi. Onu heç zaman qapıdan çölə çıxan görməzdim. Onun iş otağında hər zaman tüstü sanki iş masasını üzərindən keçib, pəncərədən çardağa qalxan körpü rolunu oynayardı. Əlində qəlyan sümürərdi, tüpürəndə isə məhz bu məqsəd üçün qoyduğu vedrəyə tüpürərdi. Gəmi kapitanları onun üçün İngiltərədə ticarət edib, heyvanlarını satıb geri qayıdandan sonra otaqda oturub qızıl pulları sayardılar. Babam həm brendi-çaxır həm də heyvandarlıq alveri ilə məşğul olurdu. Heyvanlar satışa çıxarılmazdan qabaq pəyədə bordağa qoyulub yaxşıca bəslənilər, “tıx” deyənə kimi yedizdirilərdilər. Babam məni qucağına götürər, onun qızıl sikkələrindən kilsə, qüllə və ev tikməyimə icazə verərdi. Biz birlikdə şəhər də tikərdik. Sonra o tikdiklərimizi əli ilə söküb-dağıdar və qəhqəhə çəkib gülərdi. Baban məni qucağında otuzdurub mənə cürbəcür fokuslar göstərərdi: qızıl sikkələr gah mənim qulaqlarımdan, gah da bunumdan peyda olardılar. Əlimi qızıl sikkəyə uzatdım. “Onu istəyirsən hə, balaca balam”? – babam soruşdu- “hə, bax buna! Gör nə qəşəndir”– o davam etdi- “bilirsən nə qədər pul edir bu qızıl sikkə? Bir gün sənin də bu qədər pulun olacaq, amma gərək ilk növbədə sən puldan düzgün istifadə etmək qaydalarını öyrənəsən. Ağıllı olmalısan pulla davranışda”!