реклама
Бургер менюБургер меню

Харуки Мураками – Sərhəddən cənubda, günəşdən qərbdə (страница 3)

18

– Doğrudan?

– Hə, – deyə cavab verdi. – Bu dünyada bəzi şeyləri dəyişdirmək olur, bəzilərini isə olmur. Keçmişi geri qaytarmaq olmur. Bu günə qədər gəlmişiksə, geriyə qayıda bilmərik. Elə deyil?

Başımı yellədim.

– Bir müddət keçdikdən sonra hər şey donub bərkiyir. Vedrənin içinə tökülmüş sement kimi. Və biz bir daha geriyə gedə bilmirik. Sənin də demək istədiyin budu ki, daxilindəki sement artıq bərkiyib və buna görə sən başqa bir adam ola bilməzsən.

– Deyəsən, demək istədiyim bu idi, – tərəddüd edərək dedim.

Şimamoto bir qədər öz əllərinə baxdı.

– Bilirsən, hərdən böyüyüb evləndikdən sonrasını fikirləşməyə başlayıram. Necə bir evim olacağını, nə ilə məşğul olacağımı düşünürəm. Və neçə uşağım olacağını.

– Gör ha, – dedim.

– Yoxsa sən heç vaxt bu barədə düşünməmisən?

Başımı silkələdim. On iki yaşlı bir oğlan uşağından belə şeylər düşünməsini kim gözləyər?

– Yaxşı, de görək, neçə uşağın olmasını istəyirsən?

Bayaqdan divanın arxasına qoyduğu əli indi dizinin üstündə idi. Yubkasının damaları arasında gəzişən barmaqlarına boş-boş baxdım. Onlarda ovsunlayıcı nəsə var idi, sanki barmaqlarının ucundan yayılan gözəgörünməz iplərlə tamamilə yeni bir zaman anlayışı hörülürdü. Gözlərimi yumdum. Qaranlığın içində qarşımda burulğanlar parıldayırdı. Saysız-hesabsız burulğan meydana gəlir və sakitcə yoxa çıxırdı. Haradasa uzaqda Net Kinq Kol “Sərhəddən cənubda” mahnısını oxuyurdu. Mahnı Meksika haqqında idi, amma o vaxt bunu bilmirdim. “Sərhəddən cənubda” mahnısının sözlərində qəribə və cəlbedici bir ab-hava vardı. Sərhəddən cənubda möhtəşəm nəyinsə olduğuna inanmağa başlamışdım. Gözlərimi açanda Şimamotonun hələ də barmaqlarını yubkasının naxışları üzərində gəzdirdiyini gördüm. Bədənimin dərinliyində yüngülcə şirin bir ağrı hiss etdim.

– Qəribədi, – dedi, – amma mən gələcək uşaqlarım barədə düşünəndə yalnız birini təsəvvür edə bilirəm. Birtəhər təsəvvür edə bilirəm ki, anayam və bir uşağım var. Bu, asandı. Amma bu uşağın bacı, ya da qardaşının olmasını təsəvvür edə bilmirəm. Təsəvvürümdəki uşaq təkdi.

Şübhəsiz, Şimamoto dəyərli qız idi. Əminəm ki, qarşı cins nümayəndəsi olaraq məni cazibədar hesab edirdi – yəni düşünürəm ki, bu, qarşılıqlı hiss idi. Lakin bu cür fikirlərlə nə cür mübarizə aparacağımı bilmirdim. Məncə, Şimamoto da bilmirdi. Bircə dəfə əl-ələ tutmuşduq. Məni harasa aparırdı və sanki “bu yolla gedək, tələs” deyərək əlimi tutmuşdu. Əl-ələ olmağımız on saniyədən çox çəkməmişdi, amma mənim üçün bu müddət yarım saata bərabər idi. Əlimi buraxan kimi özümü itirmişdim. Əslində, əlimi tutması çox təbii idi, amma bilirdim ki, əlimi tutmağı o da çox istəyirdi.

Onun əlimdə buraxdığı hiss heç vaxt məni tərk etmədi. Bu, indiyə qədər tutduğum bütün əllərdən, indiyəqədərki bütün toxunuşlardan fərqli idi. Əslində, on iki yaşlı bir qızın balaca, isti əli idi, amma o barmaqlar və əlin içi bilmək istədiyim, bilməli olduğum şeylərlə dolu bir oyuncaq qutusu kimi idi. Əlimi ovcuna almaqla bu şeylərin nə olduğunu mənə göstərmişdi. Göstərmişdi ki, real dünyada belə bir yer mövcuddur. Həmən on saniyədə əsən külək məni havada qanad çalan bapbalaca bir quşa çevirmişdi. Səmadan uzaqlardakı bir mənzərəni görə bilirdim. Çox uzaqda olduğu üçün görüntünü tam seçə bilməsəm də, orada nəsə var idi və bir gün oraya gedəcəyimi bilirdim. Bu xəyali mənzərə nəfəsimi daraltmış və bədənimi yüngülcə titrətmişdi.

Evə qayıdıb masamın arxasında oturanda bayaq Şimamotonun tutduğu barmaqlarıma xeyli baxdım. Əlimi tutması məni məst eləmişdi. Onun bu zərif toxunuşu günlərlə qəlbimi isitməyə davam etdi. Bir tərəfdən də bu hərəkəti məni təəccübləndirmiş, çaşdırmış, hətta qəmginləşdirmişdi. Bu toxunuşun mənə verdiyi hisslərin öhdəsindən necə gələcəkdim?

İbtidai sinfi bitirdikdən sonra Şimamoto ilə fərqli orta məktəblərə getməyə başlamışdıq. Yaşadığım qəsəbədən köçmüşdük deyə başqa qəsəbədə qalırdım. Yeni qəsəbə də əvvəlkindən qatarla iki dayanacaq uzaqda idi. Məktəbə başladığım ilk üç ay ərzində Şimamotoya üç, yaxud dörd dəfə baş çəkmişdim. Elə bu qədər. Axırda getməməyə qərar verdim. Həssas bir yaşda idik, müxtəlif məktəblərə gedib iki dayanacaq uzaqda olmağımız bəs eləmişdi ki, tamamilə fərqli dünyalara aid olduğumuzu hiss edək. Dostlarımız və uniformalarımız başqa, dərsliklərimiz fərqli idi. Bədənim, səsim, düşüncə tərzim sürətlə dəyişirdi və gözlənilməz dəyişikliklər şəxsi dünyamızı təhlükə altında qoyurdu. Təbii ki, Şimamoto daha böyük fiziki və psixoloji dəyişikliklər keçirirdi. Bunlar da məni narahat edirdi. Anası mənə qəribə-qəribə baxmağa başlamışdı. Sanki demək istəyirdi: “Bu uşaq niyə hələ də bizə gəlir? Artıq qonşuluqda qalmır, həm də başqa məktəbdə oxuyur”. Bəlkə də, çox düşünməklə ağını çıxarmışdım.

Beləliklə, Şimamoto ilə yollarımız ayrıldı, sonda onlara getməməyə başladım. Güman ki (güman ki sözü bu məqamda işlətmək üçün ağlıma gələn yeganə sözdür. Çünki keçmiş adlanan yaddaş aralığını araşdırmağın və nəyin doğru, nəyin yanlış olmasına qərar verməyin vəzifəm olduğunu düşünmürəm), bu hərəkətim yanlış idi. Bacardıqca onun yanında olmalı idim. Ona ehtiyacım var idi, elə onun da mənə. Lakin çəkingənliyim mənə güc gəlirdi və qəlbimin qırılmasından çox qorxurdum. Onu bir daha görmədim. İllər sonraya qədər.

Bir-birimizi görməsək də, onu içimdə böyük sevgiylə daim düşünürdüm. Yeniyetməlik dövrünün qarma-qarışlığı və sıxıntıları ilə boğuşarkən birlikdə keçirdiyimiz anları düşünmək məni sakitləşdirirdi. Uzun müddət idi ki, qəlbimdə xüsusi bir yer tuturdu. Eynən restoranda küncdəki masanın üzərində “rezerv olunub” yazısı kimi bu xüsusi yeri məhz onun üçün saxlamışdım. Həm də bilə-bilə ki, onu bir də görməyəcəyəm.

Onunla tanış olanda hələ on iki yaşında idim və sözün həqiqi mənasında, heç bir cinsi hisslərim, yaxud istəyim yox idi. Buna baxmayaraq, sviterindən hiss olunan döşlərini və yubkasının altında nə olduğunu bilmək istədiyimi boynuma alıram. Amma bunun nədən xəbər verdiyi və nəyə aparıb çıxardığı barədə heç bir fikrim yox idi.

Əllərimi qulaqlarıma söykəyib gözlərimi bağladım və bir yeri təsəvvürümə gətirdim. Təsəvvürümdəki bu yer hələ yarımçıq idi. Qeyri-müəyyən, bulanıq və anlaşılmaz formalı bir yer. Amma əmin idim ki, orada məni həyati əhəmiyyətli bir şey gözləyir. Başqa bir şeyi də bilirdim: Şimamoto da bu yerə baxırdı.

Hələ fraqmental varlıqlar idik və daxilimizi doldurub ikimizi birləşdirən gözlənilməz bir reallığın varlığını indi-indi sezməyə başlamışdıq. Əvvəllər heç vaxt görmədiyimiz bir qapının qarşısında dayanmışdıq. Yalnız ikimiz idik və zəif titrək işığın altında axıb gedən on saniyədə bir-birimizin əlini bərk-bərk tutmuşduq.

2

Yuxarı siniflərdə adi bir yeniyetmə idim. Bu, həyatımın ikinci mərhələsi, şəxsi inkişaf yolumda növbəti addım idi – bu dövrdə fərqli bir insan olmaqdan əl çəkib normallaşmağa çalışırdım. Problemlərim də az deyildi. On altı yaşda kimin problemi olmur ki? Yavaş-yavaş mən dünyaya, dünya da mənə öyrəşirdi.

On altı yaşıma çatanda artıq evin əvvəlki balaca, arıq tək uşağı deyildim. Orta məktəbə başlamağımın ilk illərində evimizin yaxınlığında üzgüçülük dərslərinə gedirdim. Sürətli üzmə növündə peşəkarlaşmışdım və həftənin iki gününü hovuzda üzməyə ayırırdım. Kürəyim və sinəm genişlənmiş, əzələlərim güclənib bərkimişdi. Daha əvvəlki kimi bir-iki yağış damcısından soyuqlayıb yatağa düşən uşaq deyildim. Tez-tez hamamdakı güzgünün qabağında çılpaq dayanıb bədənimin hər yerinə diqqətlə baxırdım.

Demək olar ki, bütün fiziki dəyişkənliklərimi gözlərimlə görə bilirdim. Və bu dəyişikliklərdən məmnun idim. Məni böyümə prosesimdən daha çox dəyişikliyi görmək sevindirirdi. Tam dəyişə, başqa bir insan ola bilərdim.

Kitab oxumağı və musiqiyə qulaq asmağı sevirdim. Kitabları əvvəldən sevirdim, amma Şimamoto ilə dostluğum kitablara olan marağımı daha da artırmışdı. Kitabxanaya gedərək əlimin dəydiyi bütün kitabları acgözlüklə oxuyub bitirirdim. Bir kitabı əlimə aldımsa, oxuyub qurtarmamış əl çəkmirdim. Oxumaq aludəçiliyə çevrilmişdi, yemək yeyəndə, qatarda, gecəyarısına qədər yataqda və dərsdə (heç kim görməsin deyə məktəbə gizlin gətirirdim) oxuyurdum. Çox keçmədi ki, özümə kiçik bir pleyer alıb otağımda caza qulaq asmaqla vaxtımı keçirməyə başladım. Lakin kitab və musiqi ilə bağlı mənimsədiyim bilikləri insanlarla bölüşmək üçün özümdə heç bir istək hiss etmirdim. Heç kim yox, məhz özüm olduğum üçün xoşbəxt idim. Bu baxımdan məni yalnız olmağı sevən eqoist adlandırmaq olardı. Bütün kollektiv oyunlarına nifrət edirdim. Başqasından xalla üstün olan oyunlardan zəhləm gedirdi. Onları oynamaqdansa, dayanmadan təklikdə sakitcə üzməyi üstün tuturdum.

Əlbəttə, tam tənha da sayıla bilməzdim. Məktəbdə az da olsa, dostlarım var idi. Məktəbə nifrət eləyirdim. Mənə elə gəlirdi ki, məktəbdə yoldaşlarım həmişə məni sıxışdırmaq istəyirlər və daim özümü onlardan müdafiə etməliyəm. Bu məni möhkəmləndirmişdi. Yanımda dostlarım olmasaydı, yəqin ki, o qorxulu yeniyetməlik illərimdən daha böyük yaralarla çıxardım.

Üzgüçülüyə başladıqdan sonra artıq yemək seçimində mızıldanmırdım və üzüm qızarmadan qızlarla söhbət edə bilirdim. Nə olsun ki, evin tək uşağıydım, artıq bu məni məyus etmirdi. Ən azından, kənardan baxanda özümü evin tək uşağı olmaq lənətindən qurtulmuş görürdüm.