реклама
Бургер менюБургер меню

Харуки Мураками – Sərhəddən cənubda, günəşdən qərbdə (страница 2)

18

Başqa qızlarla keçirdiyim vaxtlardan fərqli olaraq, Şimamoto ilə çox rahat olurdum. Onunla bir yerdə evə getmək xoşuma gəlirdi. Yeriyəndə azca axsayırdı. Hərdən yolu yarılayanda dayanıb fasilə verirdik, mən də onu tələsdirmirdim. Əksinə, hətta daha çox bir yerdə vaxt keçirəcəyimiz üçün sevinirdim.

Beləcə, vaxtımızın çoxunu birgə keçirməyə başlamışdıq, amma heç kimin bizə lağ etməsini xatırlamıram. O vaxtlar bu heç diqqətimi çəkməmişdi, amma indi qəribə gəlir. Axı o yaşdakı uşaqlar təbii olaraq bir-biri ilə yaxın olan bütün cüt gəzənləri lağa qoyurlar. Bəlkə də, buna səbəb Şimamotonun xarakteri idi. Onun təbiətində insanları özündən uzaqlaşdıran nəsə var idi. İnsanları belə düşünməyə vadar edən xarakteri var idi: bu qıza qarşı şit zarafat eləməsəm yaxşıdır. Hətta müəllimlər də ondan çəkinirdilər. Bəlkə də, bu, Şimamotonun axsaqlığına görə idi. Bütün hallarda çoxları Şimamotonun zarafatlaşmaq üçün yaxşı hədəf olmadığını düşünürdülər. Bu mənim üçün də yaxşı bir şey idi.

Bədən tərbiyəsi dərslərində bir kənarda otururdu, bütün siniflə gəzintiyə, yaxud dağa dırmaşmağa gedəndə evdə qalırdı. Yay aylarında üzgüçülük məktəbi zamanı da eyni vəziyyət olurdu. İllik idman yarışlarında da kefsiz olurdu. Bunları çıxsaq, normal məktəb həyatı var idi. Ayağı haqqında danışmazdı. Yaddaşım məni aldatmırsa, heç vaxt bu barədə danışmamışdı. Birlikdə məktəbdən evə gələndə məni yavaşlatdığı üçün heç vaxt nə üzrxahlıq, nə də məyus olduğunu büruzə verən bir hərəkət eləmişdi. Bununla belə, bilirdim ki, ayağı onu utandırır deyə bu barədə danışmaqdan çəkinir. Ayaqqabılarını yapon adətinə görə qapının girişində çıxarmalı olduğundan başqa uşaqların evinə getmək istəmirdi. Ayaqqabılarının dabanının hündürlüyü və formaları müxtəlif idi, məhz bu, nəyin bahasına olursa olsun, hamıdan gizlətmək istədiyi şey idi. Yəqin ki, xüsusi olaraq onun üçün hazırlanırdı. Evə çatar-çatmaz ilk elədiyi şey tələsik şəkildə ayaqqabılarını çıxarıb şkafda gizlətmək idi.

Şimamotonun evində təptəzə musiqi mərkəzi var idi, musiqiyə qulaq asmaq üçün ora gedirdim. Əla cihaz idi. Amma yenə də atasının val kolleksiyasını əvəz edə bilmirdi. Əsasən, slov musiqilərdən ibarət kolleksiyada on beş val olardı. On beş valı min dəfələrlə dinləmişdik, hətta hər bir notunu bu gün də xatırlayıram.

Vallara Şimamoto cavabdeh idi. Birini qabından çıxarar, valın bayır səthinə barmaqlarını toxundurmadan diqqətlə cihaza yerləşdirər, balaca bir fırça ilə başlığı təmizləyər, tozsuz olduğuna əmin olandan sonra iynəni valın üzərinə qoyardı. Musiqi bitəndə vala spreylə yüngülcə maye hopdurar və yumşaq bezlə silərdi. Sonda valı qabına yerləşdirib rəfdəki yerinə qoyardı. Bu proseduru ona atası öyrətmişdi, o da bu göstərişləri üzündəki ciddi ifadəylə, gözlərini qıyıb asta-asta nəfəs alaraq yerinə yetirirdi. O bunları edərkən mən divanda oturub onun hər hərəkətinə tamaşa eləyirdim. Yalnız val rəfdəki yerini alandan sonra mənə baxar və yüngülcə gülümsəyərdi. Buna görə hər dəfə bir düşüncə məni narahat edərdi: onun əlində olan val deyildi, şüşə qabın içindəki kövrək ruh idi.

Bizim evdə nə val, nə də musiqiyə qulaq asmaq üçün cihaz var idi. Valideynlərim musiqi dinləməyi çox da sevmirdilər. Buna görə kiçik plastik AM radioda musiqiyə qulaq asırdım. Rock`n Roll sevimli janrım idi, amma sonradan Şimamotonun klassik musiqilərindən zövq almağa başlamışdım. Bu musiqilər sanki başqa bir dünyadan gəlmişdi, onları sevirdim, çünki Şimamoto da o dünyanın bir parçası idi. Həftədə bir, yaxud iki dəfə divanda oturub anasının dəmlədiyi çayı içərək günortadan sonranı Rossininin uvertüralarını, Bethovenin pastoralını və Per Güntün süitasını dinləməklə keçirirdik. Anası onlara gəldiyim üçün özünü xoşbəxt hiss edirdi. Qızının yeni məktəbə keçməsindən qısa müddət sonra dost tapmasına sevinirdi, bunda təmiz paltarlarımın da rolu vardı. Düzünü desəm, anasını ürəkdən sevə bilmədim. Niyəsini özüm də bilmirəm. Mənimlə həmişə xoş davranmışdı, amma səsində məni narahat edən nəsə var idi deyə ona yovuşa bilməmişdim.

Atasının vallarından ən çox Listin piano konsertlərindən birini sevirdim: hər üzdə bir konsert. Onu sevməyimin iki səbəbi vardı. Birincisi, valın qabı gözəl idi. İkinci səbəb isə, tanıdığım heç kim – əlbəttə ki, Şimamotodan başqa – Listin piano konsertlərini dinləmirdi. Bu fikir məni həyəcanlandırırdı. Ətrafımda heç kimin xəbəri olmayan bir dünya – yalnız mənim girməyimə icazə verilən gizlin bir bağça tapmışdım. Ucalmış və başqa bir müstəviyə daxil olmuşdum.

Təkcə musiqi özlüyündə möhtəşəm idi. İlk dəfə qulaq asanda mənə ifrat həngaməli, süni, hətta anlaşılmaz gəlmişdi. Asta-asta təkrarən dinlədikcə beynimdə nəsə mənalı təsəvvür formalaşırdı. Gözlərimi yumub diqqətimi cəmləyəndə musiqi sanki su burulğanına çevrilirdi. Bir burulğan meydana gəlir, onun içindən də digəri çıxırdı. İkinci burulğan da üçüncü ilə əvəzlənirdi. İndi başa düşürəm ki, bu burulğanlar, əslində, mücərrəd şeylərə işarə verirdi. Hər şeydən çox bunları Şimamotoya demək istəyirdim. Amma danışdığımız dilin onları dilə gətirməyə imkanı çatmazdı. Tamamilə başqa söz quruluşlarına ehtiyac var idi, amma bu sözlərin necəliyi ilə bağlı heç bir fikrim yox idi. Üstəlik bilmirdim ki, hiss etdiklərimi sözlərə çevirməyin mənası var, ya yox. Çox heyif ki, pianoçunun adı indi yadıma düşür. Yadımda olan yeganə şey valın rəngli, parlaq qabı və ağırlığı idi. Valın qəribə ağırlığı var idi və iri idi.

Şimamotogilin evindəki kolleksiyada Net Kinq Kol və Binq Krosbinin hərəsindən bir val var idi. Onlara çox qulaq asırdıq. Krosbinin valında Yeni il mahnıları var idi, amma hansı fəsil olmasından asılı olmayaraq, zövqlə dinləyirdik. İndi mənə belə şeylərlə təkrar-təkrar necə əylənə bildiyimiz maraqlı gəlir.

Yeni ilə yaxın, dekabr günlərindən birində Şimamoto ilə qonaq otağında idik. Həmişəki kimi divanda oturub qrammofona qulaq asırdıq. Anasının həyətdə işi vardı deyə biz tək idik. Buludlu, alaqaranlıq bir axşamüstü idi. Günəş şüaları qalın buludların arasından güclə parıldayırdı. Hər şey sönük və hərəkətsiz görünürdü. Toranlıq düşürdü və otaq gecə olduğu kimi idi. Kerosin qızdırıcı öz ölüvay işığı ilə otağı zəif qırmızıya boyayırdı. Net Kinq Kol “Pretend” mahnısını oxuyurdu. Təbii ki, mahnının ingilis dilində olan sözlərini başa düşmürdük. Bizim üçün dini nəğmə kimi idi. Bununla belə, mahnını sevirdim və o qədər çox qulaq asmışdım ki, ilk sətirlərini rahatca yamsılaya bilirdim:

Pretend you’re happy when you’re blue

It isn’t very hard to do[1]

Musiqi Şimamotonun üzünü bəzəyən təəccüblü təbəssümlə harmoniya içində idi. Elə mən də ondan fərqlənmirdim. Mahnının sözləri həyata yanaşma forması haqqında idi, amma yenə də bəzən həyata o formada baxmağa çətinlik çəkirdim.

Şimamoto dairəvi yaxası olan mavi sviter geyinmişdi. Onun çoxlu mavi sviterləri var idi, yəqin ki, ən çox sevdiyi rəng mavi idi. Bəlkə də, məktəbə gedəndə geyindiyi tünd-göy rəngli paltosuna yaraşırdı deyə o sviterləri geyinirdi. Köynəyinin ağ yaxalığı boğaza qədər örtülü idi. Dama-dama yubkası və ağ pambıq corabları geyimini tamamlayırdı. Yumşaq, dar sviterdən döşləri azacıq bəlli olurdu. Divanda ayaqlarını qatlayıb oturmuşdu. Musiqi dinləyəndə dirsəyini divanın arxasına söykəyib uzaqda hansısa xəyali mənzərəyə baxırdı.

– Evin tək uşaqlarının valideynləri yaxşı yola getmirlər deyirlər, səncə, düzdü? – deyə soruşdu.

Dediyi barədə düşündüm. Amma səbəb-nəticə əlaqəsini tapa bilmədim.

– Kim deyir ki bunu? – deyə soruşdum.

– Bir nəfər deyib. Lap çoxdan. Yaxşı yola getməyən ana ilə atanın cəmi bir uşağı olur. Bunu eşidəndə elə pis olmuşdum ki.

– Hmm… – dedim.

– Ananla atan yaxşı yola gedirlər?

Dərhal cavab verə bilmədim. Bu barədə əvvəl heç düşünməmişdim.

– Anam fiziki olaraq çox da güclü deyil, – dedim. – Əmin deyiləm, amma, çox güman ki, məndən sonra daha bir uşağa baxmaq anam üçün çətin olardı.

– Bacın, ya da qardaşın olsaydı, necə olardı? Bu barədə heç düşünmüsən?

– Yox.

– Niyə?

Masadakı val qabını götürdüm. Qaranlıq idi deyə üstünə yazılanı oxumaq asan deyildi. Geri qoyub əlimlə gözlərimi ovxaladım. Anam da bir dəfə bu sualı mənə vermişdi. Verdiyim cavab onu nə sevindirmiş, nə də məyus eləmişdi. Təkcə fikirlərini qarışdırmışdı. Amma, məncə, tamamilə dürüst və səmimi cavab vermişdim.

Danışarkən demək istədiyim şeylər bir-birinə qarışmışdı və mənə elə gəlirdi ki, fikrimi sonsuzadək izah edib qurtara bilməyəcəyəm. Deməyə çalışdığım bu idi: indi burada olan mən bacı-qardaşsız böyümüşdüm. Əgər bacım, ya qardaşım olsaydı, onda mən indiki mən ola bilməzdim. Yəni indi buradakı məndən bacı-qardaşım olacağı halda hansı hisslər keçirəcəyimin soruşulması qəribədir. Başqa cür desək, anamın sualı mənasız idi.

Şimamotoya da eyni cavabı verdim. Mən danışdıqca gözlərini qaçırmadan gözlərimə baxdı. Üz ifadəsində insanı cəzb edən nəsə var idi. Sanki adamın qəlbini örtən qatları bir-bir asta-asta açırdı, çox təsirli hiss idi – təbii ki, bunları o zaman düşünə bilmirdim. Danışarkən hər dəfə üz ifadəsi dəyişəndə dodaqları azca əsmişdi, bir anlıq gözlərinin dərinliyindəki o zəif və solğun işıq görünmüşdü. Qaranlıq və dar otaqda titrəyən şam işığı kimi idi.

– Deyəsən, nə demək istədiyini başa düşürəm, – sakit səslə dedi.