реклама
Бургер менюБургер меню

Герман Мелвилл – Mobi-Dik (страница 3)

18

Bir qədər sonra biz artıq söhbət etməyə başlamışdıq.

– Tənbəki çəkək? – mən soruşdum.

O, cibindən tütün kisəsi ilə baltaya oxşayan tənbəki çubuğunu çıxarıb mənə uzatdı. Biz növbə ilə bu qəribə çubuğun tüstüsünü içimizə çəkib onu bir-birimizə ötürürdük. Sonra Kvikeq alnını alnıma söykəyib məni qucaqladı və dedi ki, bundan belə biz qardaşıq. Axırda isə əlavə etdi ki, əgər lazım gələrsə, mənim üçün ölümə getməyə də hazırdır.

Şam yeməyindən sonra otağımıza yollandıq. Kvikeq yenizelandiyalı kəlləsini mənə bağışladı. Əlini tütün kisəsinə salıb oradan bir ovuc gümüş sikkə çıxardı. Təxminən otuz dollara bərabər olardı. Sikkələri masanın üstünə qoyub iki bərabər hissəyə ayırdı. Sonra onlardan birini əli ilə mənə tərəf sürüşdürüb «bu sənindir» dedi. Mən etiraz eləməyə başlayanda isə pulları masadan yığıb cibimə tökdü.

Kvikeq gecə duasına hazırlaşmağa başladı. Cibindən uşaq fiqurunu çıxarıb buxarının üstünə qoydu, yonqarları da ətrafına səpələdi. Hərəkətlərindən belə başa düşdüm ki, mənim də bu mərasimə qatılmağımı istəyir. Mən yonqarları yandırdım. Uşaq fiqurunu alova yaxınlaşdırıb geri çəkdim və iki-üç dəfə ona baş əydim.

Dua mərasimi başa çatandan sonra hərəmiz çarpayının bir tərəfinə uzandıq, di gəl, yatmadıq. Çünki Kvikeq mənə öz həyatından danışmağa başlamışdı.

Dediklərindən belə məlum olmuşdu ki, o, Kokovoko adasının yerli sakinlərindəndir. Atası qəbilə başçısı, əmisi isə kahin imiş. Anası döyüşkən ailənin qızı olub. Bir sözlə, adanın adlı-sanlı nəslinin nümayəndəsidir.

Günlərin bir günü Kvikeq adaya Seq-Harbordan gəlmiş gəmiyə minib dünyanı dolaşmaq fikrinə düşür. Ancaq gəminin kapitanı buna razılıq vermir. Kvikeqsə öz qərarından dönən adamlardan deyildi. O, balaca bir qayığa minib uzaqdakı boğaza tərəf üzür. Gəmi adanı tərk eləyəndən sonra həmin boğazdan keçməli idi. Qayığı ilə birgə sahildəki yosunların arasında gizlənib gözləməyə başlayır. Gəmi gəlib oradan keçəndə qaçaraq qayığın üstünə sıçrayır. Oradan da tullanıb gəminin lövbər zəncirindən yapışır və bir göz qırpımında göyərtəyə atılır. Gəmini sahilə bərkitmək üçün istifadə olunan halqadan yapışaraq qışqırır ki, onu öldürsələr də, halqanı əlindən buraxan deyil. Gəminin kapitanı əlindəki baltanı Kvikeqin başının üstündə hərləyərək ona hədə-qorxu gəlməyə başlayır. Lakin Kvikeq gözünü də qırpmır. Onun cəsarəti kapitanın xoşuna gəlir və gəmidə qalmasına razılıq verir. Beləliklə, Kvikeq balina ovçusuna çevrilir.

Mən ehtiyatla soruşdum ki, qayıdıb öz qəbiləsinə başçılıq eləməyi düşünmürmü? Çünki atası artıq ölmüş olar. Cavabında Kvikeq dedi ki, hələlik belə bir fikri yoxdur. Yer üzündəki dörd okeanın dördünü də görmək arzusundadır və onun harpunu qəbilə başçısının əsasından daha yaxşıdır.

Balina ovlayan gəmidə işə düzəlmək istədiyimi biləndə isə dedi ki, o da mütləq mənimlə eyni gəmiyə düşəcək. Sevincək razılaşdım. Təkcə ona görə yox ki artıq Kvikeqə isinişməyə başlamışdım, həm də bu təcrübəli harpunçudan öyrənəcəyim çox şey vardı.

7

Bazar ertəsi səhər tezdən yenizelandiyalı kəlləsini yerli bərbərə bağışlayıb – ondan parik üçün qəlib düzəldirdi – mehmanxana sahibinin haqqını ödədik və körpüyə tərəf üz tutduq. «Şibyə» adlı paketbot oradan Nantaket adasına yola düşəcəkdi.

Yoldan keçən adamlar bizə maraqla tamaşa eləyirdilər. Onlara Kvikeqin zahiri görünüşündən çox, mənim bu vəhşi adamla bir yerdə addımlamağım maraqlı gəlmişdi. Lakin biz adamlara fikir vermirdik. Limana gəlib çatanda isə paketbot artıq yola düşməyə hazırlaşırdı. Gediş haqqını ödəyib gəmiyə mindik.

Çox keçmədən paketbot açıq dənizə çıxdı. Güclü külək əsirdi, bizim balaca gəmimiz suda burnundan ağ köpük çıxara-çıxara irəliləyirdi. Mən Kvikeqlə göyərtədə dayanıb duzlu dəniz havasını ciyərlərimə çəkirdim. Göyərtədəkilər bizə baxıb xısın-xısın gülürdülər. Kvikeq əvvəl onlara fikir vermədi, lakin bir qədər sonra qəfildən kişilərdən birinin yaxasından yapışıb başının üstünə qaldırdı, havada fırladaraq göyərtəyə çırpdı.

– Kapitan! Kapitan! – həmin adam özünə gələn kimi yerdən qalxıb qışqırmağa başladı. – Bir görün, bu qara iblis neyləyir!

Dorağacı kimi arıq, uzun kapitan Kvikeqə yaxınlaşıb dedi:

– Cənab, belə olmaz axı! Siz onu öldürə bilərdiniz.

– O nə deyir? – Kvikeq məndən soruşdu.

– Deyir ki, sən az qala onun adamını öldürəcəkdin.

– Mən bu balaca balığı öldürəcəkdim? – dostum üz-gözünü əyib soruşdu. – Kvikeq balaca balıq öldürmür, böyük balina öldürür.

– Lənətə gəlmiş adamyeyən! – kapitan özündən çıxdı. – Hünərin var, bir də mənim gəmimdə kiməsə barmağının ucunu toxundur!

Elə bu vaxt güclü külək yelkənləri dorağacına bağlayan kəndiri qırdı. Dorağacının üfüqi dirəklərindən biri göyərtənin üstündə sürətlə o tərəf-bu tərəfə yellənərək qarşısına keçəni vurub-yıxmağa başladı. Ardınca da Kvikeqin bir az əvvəl yerə çırpdığı adama dəyib onu göyərtədən suya saldı. Matroslar çaşıb-qalmışdılar. Bircə Kvikeq özünü itirmədi, dərhal dizləri üstə dorağacının altına tərəf süründü. Kəndirin bir ucunu əlinə keçirib falşborta[11] bağladı, digər ucundan isə kəmənd düzəldərək başının üstündə yellənən dirəyə tərəf atdı. Dirəyi kəməndə salıb yenidən dorağacına bərkitdi. Yelkənlər tarım çəkildi. Matroslar adamı xilas eləmək üçün qayıq sallamağa macal tapmamış Kvikeq buşlatını və köynəyini çıxarıb suya tullandı. Güclü qolları ilə dalğaları yararaq adamı axtarmağa başladı. Adam suyun üzündə görünmürdü. Onda Kvikeq suyun altına dalıb bir neçə dəqiqədən sonra üzə çıxdı. İndi o, bir əli ilə üzür, digər əliylə isə adamın hərəkətsiz bədənini suyun üzündə saxlamağa çalışırdı.

Matroslar cəld suya qayıq sallayıb onları göyərtəyə çıxartdılar. Kvikeq adamı ölümdən xilas eləmişdi. Dənizçilər də, kapitan da onun əlini sıxıb «çox sağ ol» dedilər. Mənsə gəmiyə yapışan balıqqulağı kimi Kvikeqə elə bərk sarıldım ki, son ana kimi bir gün belə ondan ayrılmadım.

Bundan savayı yolda qeyri-adi hadisə baş vermədi və biz sağ-salamat Nantaket adasına gəlib çatdıq.

8

Nantaket… Xəritəni götürüb baxsanız, bu bapbalaca adanın qurudan nə qədər uzaqda olduğunu görərsiniz. Okeanın qoynundakı bu kiçik qum təpəciyinə diqqətlə baxın! Nantaketlilərin çörəyi okeandan çıxır, odur ki əkinçilərin hər gün torpağı şumladıqları kimi onlar da durmadan suların qoynunda «şırım» açırlar.

Adada Tabut Piterin bizə məsləhət gördüyü mehmanxanaya düşdük. Balıq şorbası ilə toqqanın altını yaxşıca bərkidəndən sonra otağımıza yollandıq. Yatmazdan əvvəl səhəri gün üçün plan tərtib eləməli idik. Lakin Kvikeq dedi ki, o artıq bu barədə gecələr qarşısında dua elədiyi fiqurla – Yoco ilə məsləhətləşib. Yoco bu fikirdədir ki, Kvikeq sabah otaqdan çıxmasın. Odur ki mən təkbaşına sahilə yollanıb işə düzələcəyimiz balina ovlayan gəmini seçməliyəm. Kvikeq öz tanrısına çox bel bağlayırdı. Əmin idi ki, Yoconun dediyi kimi hərəkət eləsək, heç bir çətinliklə qarşılaşmarıq.

Kvikeqin, daha doğrusu, Yoconun bu planı heç də mənim ürəyimcə deyildi. İşə düzələcəyimiz balina ovlayan gəmini seçərkən Kvikeqin təcrübəsinə ehtiyacım vardı. Axı bizim gələcək taleyimiz məhz bu gəmidən asılı idi. Lakin nə qədər etiraz eləsəm də, dostumu mənimlə sahilə gəlməyə razı sala bilmədim. Ertəsi gün isə onu öz Yocosu ilə baş-başa qoyub dəniz kənarına yollandım. Yerli sakinlərdən soraqlaşıb öyrəndim ki, üç gəmi balina ovuna çıxmağa hazırlaşır. Mən onları gözdən keçirəndən sonra «Pekod» adlı gəmini seçdim. «Pekod» bir vaxtlar Amerikanın Massaçusets ərazisində məskunlaşmış və hazırda nəsli kəsilmiş hindu qəbiləsinin adıdır.

Həyatım boyunca çox gəmi görmüşdüm, ancaq beləsinə ilk dəfə rast gəlirdim. «Pekod» – qədim dənizçilik məktəbi ənənələrinə uyğun inşa olunmuş, yanlardan enli, orta ölçülü gəmi idi. İlk baxışdanca bu gəminin okeanlarda çox tufanlardan, qasırğalardan çıxdığını anlamaq olardı. Taxta burnu elə didilmişdi ki, lap saqqala bənzəyirdi. Gəminin dorağacı, yəqin ki, ən güclü küləklərə belə mətanətlə sinə gərmişdi. Göyərtəsi qədimi kilsələrin döşəmə taxtaları kimi köhnəlib yeyilmişdi. Yerli sakinlərdən öyrəndim ki, gəminin sahibi qoca kapitan Falekdir. O, «Pekod» da əvvəl kapitan köməkçisi, sonra kapitan işləsə də, artıq öz hücrəsinə çəkilib.

Köhnə gəmi qəribə tərzdə bəzədilmişdi. «Pekod» un dörd bir tərəfindən ələ keçirilmiş qənimətlərin sümükləri asılmışdı. Gəminin göyərtəsi isə geniş açılmış heyvan çənəsini xatırladırdı. Bu «çənə»nin içini iri kaşalot[12] dişləri qaplamışdı. Dorağacının kəndirləri həmin dişlərə bərkidilmişdi. Bir sözlə, qeyri-adi gəmi idi!

Göyərtədə heç kim gözə dəymirdi. Elə bu vaxt gözümə dorağacının yaxınlığında qurulmuş çadırabənzər bir şey, daha doğrusu, balina bığcıqlarından hörülmüş viqvam[13] sataşdı. Çox güman ki, bu viqvam müvəqqəti, yalnız limanda istifadə olunmaq məqsədilə düzəldilmişdi. Viqvamın içində yaşlı bir kişi buşlatına bürünüb oturmuşdu.

– Bu gəminin kapitanı sizsiniz? – mən ona yaxınlaşıb soruşdum.

– Tutaq ki, mənəm. Nə lazımdır? – kişi dilləndi.

– İşə düzəlmək istəyirəm.

– Belə de… – kişi susdu. Bir az fikirləşəndən sonra isə əlavə etdi: – Görürəm, gəlmə adama oxşayırsan. De görüm, heç parçalanmış qayıqda üzmüsən?

– Xeyr, cənab, üzməmişəm.

– Yəqin, balina ovundan da xəbərin yoxdur?

– Yoxdur, cənab, ancaq öyrənə bilərəm. Mən ticarət gəmisində…