Герман Мелвилл – Mobi-Dik (страница 2)
– Sakit olun, cavan oğlan! – kişi yenə gülüb dedi. – Məsələ burasındadır ki, bizim harpunçu cənub dənizlərindən yenicə qayıdıb. Özü ilə də bir yığın yenizelandiyalı kəlləsi gətirib. Artıq hamısını bazarda xirid eləyib, bircəciyindən başqa… Səhər axırıncı kəlləni satmağa getdi. Sabah bazar günüdür axı, adamlar kilsəyə gedən vaxt əlində kəllə tutub satmaq yaxşı düşməz.
Nəhayət, söhbətin nədən getdiyini anlamışdım. Lakin yenə də gecə vaxtı küçələrdə ölü kəlləsi satan adamdan yaxşı heç nə gözləmək olmazdı.
– Sizin bu harpunçu çox təhlükəli adamdır, – mən dedim.
– Əsas odur, otağın pulunu vaxtlı-vaxtında verir. Mənə bax, bu fikirləri başından at getsin, rahatca yerinə uzan yat. Al, bu da şam, – Tabut Piter bunu deyib otaqdakı şamlardan birini mənə uzatdı.
Mən hələ də tərəddüd içində idim, yerimdən tərpənmək istəmirdim. Bunu görən mehmanxana sahibi divar saatına baxıb dedi:
– Saat 12 olub, harpunçu indi, Allah bilir, haralarda veyillənir, bu gecə çətin qayıtsın. Hə, nə deyirsən, gəlirsən, ya yox?
Mən əlacsız halda onun arxasınca yollandım.
4
Biz pilləkənləri çıxıb balaca bir otağa girdik. Bura məzar kimi soyuq idi. Otağın ortasındakı iri çarpayıya dörd harpunçu birdən sığardı.
Kişi əlindəki şamı küncdəki sandığın üstünə qoydu. Bu sandıqdan həm masa, həm də əlüzyuyan altlığı kimi istifadə olunurdu.
– Gir yerinə, rahatca yat, – Tabut Piter bunu deyib otaqdan çıxdı.
Çarpayının üstündəki adyalı kənara çəkib yatağa tərəf əyildim. Yorğan-döşək çox da təmiz deyildi, lakin birtəhər yatmaq olardı. Sonra otağa göz gəzdirdim. Burada çarpayı və sandıqdan başqa, rəf və buxarı da vardı. Bir küncdə isə dənizçi kisəsi gözümə sataşdı, yəqin, harpunçunun çamadanını bu kisə əvəz eləyirdi. Rəfdə bir neçə balıqçı qarmağı vardı, çarpayının baş tərəfində isə divara bir harpun söykəmişdilər.
Mən ayaqqabımı və paltarımı çıxardım, şamı söndürüb adyalın altına girdim. Döşək elə bərk idi, deyərdin, içinə qarğıdalı cecəsi doldurublar. Bir xeyli oyan-buyana çevrildim. Elə gözümə yenicə yuxu getmişdi ki, dəhlizdən gələn səsə oyandım. Kimsə ağır addımlarla yeriyirdi, qapının arasından otağa nazik işıq zolağı düşürdü.
– Allah, özün kömək ol! – öz-özümə pıçıldadım. – Bu, yəqin, lənətə gəlmiş kəllə taciridir!
O, içəri girəndə cınqırımı çıxarmadan yerimdə uzanmışdım. Harpunçu bir əlində şam, o birində də adam kəlləsi tutmuşdu. Şamı döşəməyə qoyub yerdəki kisənin ipini açmağa başladı. Harpunçunun üzünü görmək arzusu ilə alışıb-yansam da, bu, mümkün deyildi, arxasını mənə tərəf çevirmişdi. Nəhayət, kisənin ipini açıb üzünü döndərdi. Ay Allah! Necə qorxunc sifəti vardı! Üzü qıpqırmızı idi, bəzi yerlərdə sarımtıl ləkələr görünürdü. Üstəlik, sifətinə iri qara kvadratlar çəkilmişdi.
«Gəl indi bu qorxulu məxluqla bir çarpayıda yat!» – ürəyimdə dedim.
Qəfildən bir balina ovçusu haqqında eşitdiklərim yadıma düşdü. Vəhşilərə əsir düşən həmin adamın üzünə müxtəlif naxışlar döymüşdülər. Fikirləşdim ki, yəqin, bu harpunçunun başına da belə bir iş gəlib.
Harpunçu hələ də məni görməmişdi. O, kisədən baltaya bənzər bir alət çıxarıb rəfə qoydu, gətirdiyi yenizelandiyalı kəlləsini isə kisəyə basdı. Sonra papağını çıxardı. Başında tük yox idi, lakin düz təpəsində quş pipiyinə oxşayan bir topa saç vardı. Başı günün altında qurudulmuş kəlləyə bənzəyirdi. Əgər bu «qurumuş kəllə» qapı ilə mənim aramda durmasaydı, güllə kimi qaçıb otaqdan çıxardım.
Harpunçu paltarlarını soyunmağa başladı. Bədəninin bəzi yerlərində də üzündəki kvadratşəkilli döymələrdən vardı. Çox güman, qarşımda dayanan adam balina ovçularının cənub dənizlərindən tutub gətirdiyi vəhşi insan idi. Yəqin, adamyeyənlərdəndir. Yoxsa niyə kəllə satsın ki?!
Sonra o, buşlatının cibindən körpə uşaq fiquruna bənzər bir şey çıxarıb buxarıya yaxınlaşdı. Həmin fiquru buxarının üstünə qoydu. Digər cibindən isə bir ovuc yonqar çıxarıb fiqurun ətrafına səpələdi. Şamı döşəmədən götürüb onun alovu ilə yonqarlara od vurdu. Əlini alova tərəf uzadıb dərhal geri çəkdi. Sonra bu hərəkətini bir neçə dəfə təkrarladı. Üz-gözünü əyərək dodağının altında nəsə mızıldandı. Görünür, yatmazdan əvvəl dua eləyirdi. Nəhayət, odu söndürüb fiquru buxarıdan götürdü və yenə buşlatının cibinə qoydu. Sonra rəfdən baltasını əlinə alıb bir ucunu yonqarın közərən qalıqlarına yaxınlaşdırdı.
Gecə duasını başa vuran harpunçu elə indicə yatağa girəcək və məni görəcəkdi. Nəsə fikirləşməli idim. Lakin necə oldusa, həmin an harpunçu rəfdən baltasını götürüb mənə tərəf cumdu. Var səsimlə çığırmağa başladım:
– Ağa! Tabut Piter! Allah xatirinə, kömək eləyin!
Harpunçu közərən baltasını başımın üstündə yellədirdi. Elə bu vaxt qapı açıldı və mehmanxana sahibi əlində şamla içəri girdi. Mən dərhal çarpayıdan sıçrayıb özümü onun üstünə atdım.
– Sakit ol, sakit ol! – Tabut Piter dedi. – Kvikeq sənə heç nə eləməz.
Sonra üzünü harpunçuya tutub dilləndi:
– Kvikeq, bu oğlan səninlə qalacaq, başa düşdün?
– Başa düşdüm, – o belə deyib əlindəki baltanı çarpayının bir az əvvəl uzandığım tərəfinə tuşlayaraq dilləndi:
– Sənin yerin buradır.
Mən yalnız indi harpunçunun əlindəkinin balta yox, iri tənbəki çubuğu olduğunu anladım. Yenə də hər ehtimala qarşı Tabut Piterə dedim:
– Ona söyləyin ki, əlindəkini məndən uzaq eləsin. Burda çubuq çəkməsin.
Kvikeq bunu eşidib dərhal «balta» sını rəfin üstünə qoydu. Sonra çarpayının lap qırağında uzandı. Bununla göstərmək istəyirdi ki, mənimlə işi yoxdur.
– Gecəniz xeyrə qalsın, ağa, – mən üzümü Tabut Piterə tutub dedim. – Hər şey qaydasındadır, siz artıq gedə bilərsiniz.
Sonra çarpayıya uzanıb yuxuya getdim.
5
Səhəri gün gözlərimi açanda özümü Kvikeqin qollarının arasında gördüm. Yəqin, gecə üşüdüyü üçün mənə sarılıb yatmışdı. Onun möhkəm qollarını özümdən kənar eləməyə çalışsam da, gücüm çatmadı.
– Kvikeq! – deyə qışqırdım.
Cavabında yalnız harpunçunun xorultusu eşidildi.
Bir neçə dəfə çağırandan sonra, nəhayət, oyandı, dərhal qollarını üstümdən çəkib yağışa düşmüş it kimi silkindi. Mənə elə diqqətlə baxmağa başladı ki, elə bil bura necə gəlib çıxdığımı bilmirdi. Sonra, çox güman, gecə baş verənləri xatırlayaraq çarpayıdan yerə sıçradı. Döşəmədə oturub tez-tələsik geyinməyə başladı. Əvvəl qunduz dərisindən olan papağını başına qoydu. Sonra döşəmənin üstündəki çəkmələrini əlinə alıb çarpayının altına girdi. Ufuldamağından ayaqqabısını güclə ayağına keçirdiyini anladım. Nəhayət, çarpayının altından çıxıb axsaya-axsaya otaqda gəzişməyə başladı. Çox güman, çəkmələri ayağını sıxırdı. Kvikeq şalvarsız halda başında xəz papaq, ayağında çəkmə otaqda o tərəf-bu tərəfə gedirdi. Çox gülməli görünürdü. Mən onu tələsdirdim ki, geyinib qurtarsın. Nəhayət, köynəyini və şalvarını da əyninə keçirdi.
Əlüzyuyana yaxınlaşıb əvvəl qollarını, boynunu, sinəsini yudu, sonra cibindən bir parça sabun çıxarıb üzünü sabunlamağa başladı. Kvikeq ülgüc əvəzinə divara söykədiyi balina ovlamaq üçün istifadə olunan harpunu əlinə alıb iti ucunu sapından ayırdı və cəld hərəkətlərlə sifətini ülgücləməyə, daha doğrusu, harpunlamağa başladı. Nəhayət, işini bitirib buşlatını geyindi, harpununu da götürüb qalib sərkərdə ədasıyla otaqdan çıxdı. Bir neçə dəqiqədən sonra mən də onun arxasınca yollandım.
Yemək otağı adamla dolu idi. Burdakı matrosların bəzilərini axşam görməmişdim, yəqin, gecə gəlmişdilər. Əksəriyyəti balina ovlayan dənizçilərdi. Əzələli bədənləri günəşdən yanıb-qaralmış, üzlərini saç-saqqal basmışdı. Bir sözlə, əsl dəniz canavarları idilər.
– Səhər yeməyi hazırdır! – nəhayət, mehmanxana sahibi dilləndi.
Uzun yemək masasının arxasında oturduq. Heç kim dinib-danışmırdı. Kvikeqsə masanın lap baş tərəfində sakitcə əyləşmişdi. Harpunu da əlində idi. Arabir harpununu çəngəl kimi irəli uzadıb masanın ortasındakı isti bifştekslərdən[10] birini götürürdü. Bulkaya və qəhvəyə isə gözünün ucu ilə də baxmırdı.
Səhər yeməyi başa çatandan sonra hamı qonaq otağına keçdi, mənsə ətrafı gəzib-dolaşmaq üçün mehmanxanadan çıxdım.
6
Mehmanxanaya qayıdanda qonaq otağında bircə Kvikeq qalmışdı. Buxarının qarşısındakı kətildə oturub zümzümə eləyə-eləyə cib bıçağı ilə gecə yatmamışdan əvvəl qarşısında dua oxuduğu uşaq fiqurunu yonurdu. Məni görən kimi səsini kəsdi, fiquru cibinə qoyaraq rəfdən böyük bir kitab götürüb vərəqlərini saymağa başladı. Əlliyə kimi sayıb dayandı, sonra yenə başdan başladı. Deyəsən, əllidən o tərəfə saymağı bacarmırdı.
Mən maraqla onu izləyirdim. Bu vəhşi adam nədənsə xoşuma gəlməyə başlamışdı. Bədənini örtən döymələrin arxasında mərhəmətli bir ürəyin gizləndiyinə inanırdım. İri mavi gözləri, xeyirxah baxışları vardı. Lakin üzündəki sərt cizgilər onun cəsarətli adam olduğundan xəbər verirdi.
Mən özümü elə göstərirdim ki, guya pəncərədən çölə baxıram. Əslində isə diqqətlə onu gözdən keçirirdim. Kvikeqsə mənə fikir vermirdi, bütün diqqəti kitabda idi. Səhər yeməyində harpunçunun mehmanxanadakı başqa dənizçilərə qaynayıb-qarışmadığına, hamıdan uzaq durduğuna fikir vermişdim. Qarşımda öz doğma vətənindən çox uzaq düşmüş bir adam dayandığı qənaətinə gəlmişdim. Buradakı insanların arasında o özünü az qala yadplanetli kimi hiss eləyir, bununla belə, sakitliyini və təmkinini qoruyurdu.
Biz buxarının qarşısında oturmuşduq. Bayırda bərk şaxta vardı, külək tufan qoparırdı. Kətilimi Kvikeqə yaxınlaşdıraraq söhbət eləməyə cəhd göstərdim. O, əvvəl mənə fikir vermədi, sonra qəfildən soruşdu ki, bu gecə də onunla bir otaqda qalacağam, ya yox? Başımla təsdiqləyəndən sonra nədənsə mənə elə gəldi ki, o bu cavabdan razı qaldı.