Фритьоф Ведель-Ярлсберг Нансен – Qafqazlardan Volqaya (страница 7)
Osetinlərdə haqqı olduqları şeyə sahib olmaq açıq şəkildə vacibdir və onlarda bunu etmək üçün praktik yollar var. Əgər bir adamın nəsə haqqıdırsa və onu digər adamdan ala bilmirsə, o, həmin adamın əcdadlarının qəbrinin üstündə it öldürməklə hədələyir. Bu zaman onun əcdadlarının ruhları o dünyada bu heyvanların verdiyi əzabla utanıb biabır olur. Bu düşüncəyə heç bir osetin dözə bilmir və məsələ nə olsa da, dərhal həllini tapır. Bir osetin and içəndə itin quyruğundan, yaxud da eşşəyin qulağından tutur. Və əgər and içib andına xilaf çıxsa, onun əcdadları o dünyada eyni heyvanları yeməyə məcbur ediləcəklər. Eyni konsepsiyalar xevsurlarda da mövcuddur və çox böyük ehtimal əcdadlarının inancları ilə bağlıdır.
Bu dağlardakı osetin kəndləri elə də böyük deyil: onlar bəzən dik dağ döşlərində tikilən 20-30 ev, bəzənsə 5-6 ev qədər kiçik ola bilər. Bir qədər yuxarılarda evlər daha dağınıq yerləşib, amma onlar gücləndirilmiş qalalar təsiri bağışlayır. Dağ vadilərindəki evlər daşdandır, xevsurlardakı kimi, bir qədər aşağılarda isə onlar Norveçdə olduğu kimi taxtadan düzəldilib. Kəndlərdə hər zaman müdafiə üçün bir hündür qüllə olur. Bir çox yerdə bu qüllədən hər evdə biri olur. Bu dalaşqan insanlar hər zaman özlərini müdafiə etməyə hazır olmalıdır. Bir şey də önəmlidir: başqa tayfanın içindən çıxan oğru və soyğunçulara cinayətkar kimi baxılmamalıdır. Sanki onlar daimi müharibə içindədir. Hər bir kənd icma yaradır, icmanın başında ağsaqqal dayanır, bu icma öz növbəsində “böyük ailələrə” bölünür. Hər ailənin bir ağsaqqalı olur. Amma bu böyük ailə daha birlikdə deyil və ümumi mülkləri də yoxdur. Evin kişisi öləndə onun mülki oğlanları arasında bərabər bölünür, amma böyük oğul özünə düşən ev və heyvan payından əlavə də bir pay alır. Ən kiçik oğula isə bir az mal-qara və silah düşür. Qızlara heç nə düşmür. Digər tərəfdən evlilik zamanı onlar üçün pul ödənilir, həmin pul da ya ataya, ya da qardaşlara gedir. Belədə, onlarla satıla bilən əmlak kimi davranılır. Əksər osetin tayfaları arasında səviyyə, rütbə məsələləri, fərqlər mövcud deyil.
Osetinlər, əsasən, heyvandarlıq hesabına yaşayır, çoxu mal-qara böyütməklə – xüsusən də, yüksək dağlıq ərazilərdə – dolanır. Bundan əlavə, qədimdən gələn mal-qara oğurluğu adəti də yaşamın mühüm vasitələrindən biri hesab edilir. Peyin çox zaman yığılır və sahələrə səpilir, amma bu heç bütün başqa Qafqaz xalqlarına xas xüsusiyyət deyil. Ruslar kimi onlar da mal-peyinini – burada, hündürdə, ağac olmayan dağlıq ərazilərdə yanacağa çox az rast gəlinir – qurudub sonra ondan isitmə vasitəsi kimi istifadə edirlər. Peyin çox zaman evin çölündə divara bitişik bir yerdə günün altında qalaqlanıb qurudulur. Meşəli vadilərdə çox zaman meşələrdən də istifadə edilir, Norveçdə olduğu kimi ağac oduncaq-larından sallar düzəldilir. Burada çaylar iti axır, yolüstü maneələr çoxdur, çox zaman oduncaqlar nəyəsə ilişib dayanır, dartıb yolunu açmaq lazım gəlir.
Kişilər ağır həyət-baca işlərini görür: şumlamaq, ot biçmək, odun doğramaq, qışa tədarük görmək, hasar düzəltmək və s. Qadınlar evdə işləyir, təmizlik işlərinə, mal-qaraya baxır, süd sağır, pendir düzəldir, toxuculuqla məşğul olur və s. Onlar həmçinin sahədə də işləyir, dəryazla ot qırxır, meşədən süpürgəotu gətirir və s.
Aydın məsələdir ki, belə kiçik cəmiyyətlərdə bir kişinin ölməsi böyük hadisədir. Həm osetinlər, həm xevsurlar yas mərasimini bütün kəndin iştirakı ilə böyük məclisdə qeyd edir. Qadınlar üz cırıb ağlayır, insanlar yas saxlayır, sonra yeyib-içmək, pivə dolu yas məclisi verilir. Dəfn və o biri dünyaya göndəriş qədim atəşpərəstlik qaydalarına uyğun aparılır. Növbəti bir ildə on iki məclis keçirilir və qonºu kəndlərin camaatı da bu məclislərə dəvət edilir. Bunu ona görə edirlər ki, o biri dünyada həmin ölmüş adam çörəkdən, pivədən, müqəddəs ruhdan əziyyət çəkməsin və ot yemək zorunda qalmasın. Amma dul qadın gərək bütün ili oruc tutsun, il boyu qara ətək, qara bluzanı əynindən çıxartmasın. Hər cümə günü özü ilə yemək-içmək götürüb ərinin qəbri üstünə getməlidir. Bu insanların taxta qayıqları, yemək və ev avadanlıqları, eyni zamanda buğdadan pivə çəkmə üsulları qədim almanlarınkına bənzəyir. Xevsurlarda da bu eyni cürdür, amma başqa Qafqaz xalqları çox zaman pivəni ya arpadan, ya çovdardan çəkir.
Osetinlərin həyat tərzindəki, adət-ənənələrindəki bir çox şeyin bizlərlə – Şimali avropalılarla eynilik təşkil etməsi, çox güman ortaq Hind-Avropa kökünə görədir. Amma, əlbəttə, buna səbəb həyat tərzinin və şərtlərinin eyniliyi də ola bilər. Bir şeyi də qeyd etmək lazımdır ki, bu adət-ənənələrə yalnız onların qonşularında – xevsurlarda, pşavlarda – deyil, həmçinin fərqli kökdən olan, fərqli dildə danışan insanlarda da rast gəlmək mümkündür.
DÖRDÜNCÜ HISSƏ
QAFQAZLARDAN ŞIMALDA
Şimal və Şimal-şərqdən gələn Passanauru, ağ Araqvanın şimal-şərqdən gələn qara Araqvası ilə birləşir. Bu çayların adları onların daşıyıb gətirdikləri palçığın rəngləri ilə uyğunlaşdırılıb. Çayın öz axını da təbiətə görə dəyişir. Qayalar bərkdirsə, su şəffaf axır, əgər çay yatağı dərindirsə, çayın rəngi tutqunlaşır, belədə, qara və tutqun çay adlanır. Əgər qayalar yumşaqdırsa, çay özü ilə palçıq daşıyır və çay qayaların rəngini alır. Ağ Arqava çayı boyunca şimala doğru hərəkət edirik. Yaşıl rəngə bürünmüş, meşələrlə örtülü vadidən köpüklənə-köpüklənə çay üzüaşağı axır. Vadinin qərb tərəfindəki çayların əksər hissəsi gürcü kəndləri olsa da, az miqdarda Osetin kəndləri də var. Osetin kəndləri dərhal kasıb görünüşü ilə diqqət çəkir. Vadi boyunca sabit sürətlə üzüyuxarı qalxırıq. Yol getdikcə daha çox dikəlir. Hündürlüklərdə, dağ döşündə, vadinin qərb tərəfində qədim müdafiə qalaları ilə Osetin kəndləri sanki asılı qalıb. Ora qalxan yol o qədər yoxuşdur ki, samanı və taxılı ya gərək belə yükləyib, ya da kirşədə daşıyasan. Kəndlər belə əlçatmaz yerlərdə tikildiyində, əsasən, müdafiə məsələləri nəzərdə tutulurdu. Qala ilə möhkəmləndirilmiş bu yerləri yadların götürməsi elə də asan deyildi. Şərtlər çətin idi. Hər zaman döyüşlər gedirdi, hər zaman hücumlara və soyuğunçulara qarşı mübarizə gedirdi. Bu kəndlərdə həyat heç də asan deyildi.
Xevsurların torpağına doğru, vadinin şərq tərəfində görüləsi bir kənd belə yoxdur, onlar çöl dünyadan uzaq durmağa dağ döşlərindəki kəndlərində yaşamağa üstünlük verir. Mleti kəndi (dəniz səviyyəsindən 1513 m. yüksəklikdə yerləşir) Araqvanın köpüklü sularının üzərindən keçən körpü istiqamətində yerləşir. Və məhz burada sözün əsl mənasında dağ dünyası başlayır. Bura kimi yol çay boyunca, tədricən qalxmaqda olan vadini izləyə bilirdi, amma burada buna son verilir. Və biz özümüzdən asılı olmadan sual veririk: həqiqətən də qarşımızda ucalan bu sıldırım qayalara, dağlara bu təhlükəli yolsuzluqla dırmaşmağa dəyərmi? Dolanbac yollar gözdən itənə kimi dağlara sarılır.
Dolanbac dalınca dolanbac qalxaraq ancaq yuxarı qalxırdıq. Hər dönüşdən sonra vadi daha da dərinliklərə yuvarlanırdı. Bəzi yerlərdə döngələr elə qəfil olurdu ki, biz dönə bilmək üçün maşını uçurumun lap kənarına gətirib sonra döndərməli olurduq.
Yuxarı qalxdıqca qarşımızda aşağıdakı vadinin daha geniş və aydın mənzərəsi canlanırdı. Uçurumdan dərinliklər-də hazırda Araqva çayı bizə ağ köpük lenti kimi görünürdü. Aşağımızda, digər tərəfdə isə kəndlər bir-bir qaranquş yuvası kimi dağlara sığınmışdı. Kəndlərin arxasında isə göz işlədikcə uzanıb gedən qarlı dağlar vardı. Bir zirvənin ardınca digəri ucalırdı – Qırmızı dağ, onun ardınca isə Yeddi qardaş dağı. Hər ikisi qırmızımtıl vulkanik qayalardan düzəlib. Hər tərəfdə qar və buzlaqlar gözə dəyirdi, onların arasında isə perpendikulyar ölçüdə yarğanlar və vadilər, ən dibdə isə ağ köpüklənən çay vardı. Nəhayət, biz uçurumun kənarına yetişə bildik. Və indi sol tərəfimizdə Qud-xevini, Şeytan dərəsini görə bilirdik. Dağlardan gələn Araqva dərənin içi ilə burula-burula axırdı. Başgicəlləndirici dar uçurum, dərin, lovğa dağların, demək olar, perpendikulyar divarları… Sanki bir qüdrətli nəhəng gəlib bura və qəzəb içində hər şeyi daşa çevirib. Tezliklə biz dəniz səviyyəsindən 1600-2000 metr yüksəklikdə olan Qudara yetişdik. Bura bütün yolun ən yüksək dayanacaq stansiyası idi. Orda-burda meteoroloji stansiyalar da gözə dəyirdi. Yol Araqva dərəsinin şərq istiqamətindən baş gicəlləndirici sıldırımlara doğru qalxırdı. Getdikcə ətraf daha da yabanılaşırdı. Bir çox yerdə yol qar uçqunu ilə, yuxarıdan sürüşüb gəlmiş daş qalaqları ilə örtülmüşdü. Tez-tez dağ döşündəki kasad otlaqlarda mal-qara otaran uşaqların yanından ötüb keçirdik. Onlar uçurumun lap kənarında, maşınımızın önündə rəqs edirdi. Bizi salamlayaraq, “xoş gəlmisiniz” mənasında güllər atırdılar maşınımızın önünə. Bu diyarın adəti belə idi, amma onlar dilənmirdi. Sonra biz Krestovu keçidinin ən hündür nöqtəsinə yetişdik – bura təxminən dəniz səviyyəsindən 2380 metr hündürdə yerləşirdi. Daş sütunla qeyd edilib və qarşıda, yolun sağ tərəfində qədim bir xaç qoyulub – çox güman elə bu zirvə də onun adı ilə adlanmışdı. Deyilənə görə, çar Tamara tərəfindən qurulmuşdu. Burada, uca dağlarda onun adı hələ də yaşayır. Bir çox yerlərdə qədim, daş kilsələr, yaxud onların qalıqları var. Əfsanəyə görə, onları da o tikib. Deyilənə görə, özü ordusu ilə bu dağlıq ərazilərə soxulub, dağ xalqlarının müqavimətini qırıb və onları xristianlığa gətirib. Bu hadisə Svanetiyada insanların dilində nəğməyə dönüb: