Фритьоф Ведель-Ярлсберг Нансен – Qafqazlardan Volqaya (страница 3)
Bağda Moskvadan gələn kampaniya müxtəlif şoular göstərirdi, amma oturub baxmağa yer yox idi. Adəti üzrə onlar mükəmməl performans göstərdilər və axırda sürəkli alqışları haqq etdilər. Rusların necə qabiliyyətli olması həqiqətən diqqətçəkicidir. Eyni sözləri bu qafqazlılar haqqında da söyləmək olar, onlar istənilən səhnə fəaliyyətində ustadırlar. Aktyorluq – istər komediya, istər dram olsun, balet, opera… Hələ mən rəqsdən danışmıram. Bütün tamaşa növləri istənilən əhali təbəqəsi tərəfindən qiymətləndirilir və qəbul edilir. Qeyd etməyə dəyər ki, Moskvadakı Sovet hökuməti məşhur opera və balet əsərlərinin səhnələşdirilməsinə qarşı çıxdığında – bu işlərə büdcədən ayrılan illik vəsait həddən artıq çox olduğundan – əhali etiraz ərizəsi hazırlayıb, imzalayıb mərkəzə göndərdilər. Bildiyim qədər fəhlə sinfinin yekdil etiraz etdiyi yeganə səhnə olub bu. Amma onlar öz baletlərini istəyir, hökumət isə geri addım atmaq istəmirdi.
Səhnə tamaşalarına bu qədər meyllə, bacarıqlı aktyorluqla yanaşı nə geyimlərində, nə rəftarlarında qeyri-adilik nümunəsi sezmək mümkün deyildi. Başlarında yumşaq Lenin kepkaları, əyinlərində ya boz, ya mavi bluza, böyük anlamda yalnız monoton təəssürat oyadırdılar. Heç qadınları da burada rəngarəng geyimlərdə görmədim. Orda-burda rəngbərəng bluzalar, şallar gözə dəyir, amma onlar da bayram geyimləri deyil, yalnız boz rəng əskikdir. Hər tərəfdə işçi sinfin monoton görünüşlü gündəlik geyimləri var. Amma, ola bilsin, yeni cəmiyyətlərdə məhz belə də olmalıdır. Köhnə günlər öz cah-cəlalı, möhtəşəmliyi və bayramları, qızılı ilə ötüb keçmişdir. Bütün xoş köhnə günlər işçi sinfin sayəsində olmuşdu. Artistik nöqteyi-nəzərdən və səhnədə baş verənlər baxımından indi yerləri dolduran “proletariar” idi. Çoxu da ipək geyimdə və çarşabda olan kişilər, qadınlar…
Biz bu izdihamı izlədiyimiz zaman, qəfildən dostumuz Napoleon qarşımızda peyda oldu. Dostları ilə bərabər bizi Tiflisin bütün əyləncə yerlərində axtarmışdılar. Nəhayət, gəlib burada tapmışdı. Növbəti gün olacaq səfərimiz üçün hazırlıqlarla başı çox qarışdığı üçün bu qədər gecikmişdi. İndi isə Kaxet şərabı və musiqi ilə kompensasiya etmək niyyətində idi. Və indi həzin gürcü musiqisinin sədaları altında biz Gürcüstan paytaxtı ilə vidalaşırdıq.
Rusiyada baş verən böyük aclıqların nəticələrini qismən aradan qaldırmaq üçün işləri davam etdirərkən Moskvada Dağıstan Respublikasının prezidenti Samurski ilə görüşdüm. Orada da böyük qəm-qüssə vardı. Və o, məndən səmimi şəkildə şərtləri görüb, tanış olub. Mənə mane oldular, gedib baxa bilmədim və nəticədə ən zəruri tibbi ləvazimatları, dərmanları göndərməklə kifayətləndim. İndicə ondan teleqram almışdım, ürəkdən məni evinə dəvət edirdi ki, qayıdarkən Dağıstana keçim və onun qonağı olum. Bunu etməyə mənə heç nə mane olmadığından, Kvuzlinqə teleqram vurdum ki, iyulun altısı, bazar ertəsi Vladiqafqazda olacam.
Qafqaz dağlarının şərq ətrafından birinci Bakıya, sonra Xəzər dənizi boyunca Dərbəndə, ordan da Dağıstana uzun dəmir yolu səyahətini seçməkdənsə, Qafqaz dağları boyunca Gürcüstan hərbi yolu adlanan yolla ora getmək istəyirdik.
Bizə bu yolda baş verə biləcək bir çox diqqətçəkən əhvalatları danışmışdılar. Bir il öncə, poçt daşıyan düz sərnişinin yanında güllələnib öldürülmüşdü. Sonra isə onların hər şeyini soyub talamış, lüt-üryan yolun ortasında buraxmışdılar. Yazda bir sərnişinin bəxti gətirməmiş və hər iki dizindən güllə yarası almışdı. Bu davakar dağ xalqları, inanılmaz hündürlükdə yerləşən vadilərdə yaşayır və hər kəs burada silahla gəzir və onlar öz yaşayış adət-ənənələrindən qurtulmaqda çətinlik çəkirlər. Amma bizə dedilər ki, yol bu aralar tamamilə təhlükəsizdir. Qafqaz dağları Xəzər dənizi ilə Qara dəniz arasında, cənub-şərqdə Bakı olmaqla, şimal qərbdə Azov dənizinə qədər nisbətən dar silsilədə uzanır. Uzunluğu 1100 km, eni 70-170 km olmaqla 120 min kvadrat km. 700 km uzanan dağların hündürlüyü 3000 km-dən artıqdır, burada yollar dar, keçidlər hündür və təhlükəlidir. 2300 metrdən 3000 metrə kimi dəyişən hündürlüklər tarix boyu şimaldan cənuba, cənubdan şimala insanların köçünü əngəlləməklə təbii sipər rolunu oynamışdır. Belədə, onlar ya Xəzər dənizin şərq sahillərinə doğru, ya da boğazlar, keçidlər vasitəsiylə Qara dənizə doğru köç etmələrini şərtləndirmişdir. Qafqaz dağlarının bir neçə bükülməsi var və mərkəzi bükülmə Terek və Kuban çaylarının mənbələri arasına düşür. Dağ silsiləsinin mərkəzi hissəsi qranit və kristal qayalıqlardan ibarətdir. Onlar təməl qayaya aid ola bilər. Təməl qaya bir çox başqa yerlərdə ağır çöküntü süxurlarından ibarətdir.
Bu mərkəzi bükülmənin şimal hissəsində qayalar üzərində son zamanlar iki vulkan püskürməsi halı qeydə alınmışdır, biri şimal-qərbdə yerləşən Elbrus, yaxud da Cin-Padşah,
Hündür dağlıq ərazilərdəki bulaqlar, adətən, vadilərə, uzununa, dağ silsiləsi boyunca axır, hərdən sıldırım qayaların, dağların arasından süzülüb şəlalələr, dar keçid suları yaradır. Silsilənin dağ döşündə qar xətti 2900-3500 metr arası dəyişirsə, şimal hissədə bu rəqəm 3300-3900 metrdir. Alp dağlarında olduğu kimi bu dağlar da buzlaşma dövründən keçib və çətinliklə keçilən qar örtükləri, iri buzlaqlarla örtülüb. Bəzən bu buzlaqlar dağ ətəklərinə qədər gələ bilir. Amma diqqət çəkən məqam odur ki, vadilər və hamar ərazilər burada iri buzlaqların müdaxiləsi ilə bir çox buzlaqların geniş yayıldığı ölkələrdən fərqli olaraq “U” formalı landşaft əmələ gətirməyib. Burada buzlaqlar isə quru ərazisinə soxulub çoxsaylı dərin dağ gölləri də yaratmayıb. Bu təbiət hadisəsi daha çox buz sürüşmələrin geniş yayıldığı Norveç və İsveç kimi ölkələrdə müşahidə edilməkdədir. Qafqazda vadilərin bir tərəfi dikdirdir, ora dərin, dar və “V” formasındadır. Belədə, vadi dibləri dar olmaqla keçid üçün xeyli dərəcədə əlverişsizdir. Çox zaman çaylar dərin dərələrdən, uçurum vadilərdən axır. Burada göllər yoxdur və çaylar qıjıltı ilə axıb – demək olar, hər zaman onların suyu palçıqlı olur – ovalıq ərazilərdə, düzənliklərdə insanlar tərəfindən əkin-biçin işlərində istifadə edilir və dağ ətəklərində böyük depozit olaraq yatırılır.
Ola bilsin, vadilərin belə özünəməxsus olmasına səbəb hər iki sıradakı dağ döşlərinin çox dik olması, iri buzlaqların heç bir maneə ilə rastlaşmadan aşağı sürüşə bilməsidir. Eyni zamanda həm su, güclü şaxta ilə bərabər çox güclü eroziya təsirinə sahibdir. Bundan başqa, burada qayaların nisbətən yumşaq olması onların suya qarşı müqavimətini daha təsirsiz edir. Su və şaxtanın gücü həmişə buzlaqlardan daha çox olub.
Çox güman Qafqaz dağlarında qalxma-enmə ilə ətraf ərazilərində eyni coğrafi olayların müşahidə edilməsi arasında bağlılıq var. Eyni zamanda həm şimal, həm də cənub Qafqaz dağlarındakı isti-soyuq bulaqlar da var. Bulaqlardan bəziləri qaynar, bəziləri buz kimi soyuqdur, onların yod, brom, kükürd, maqnezium və başqa çoxsaylı faydalı minerallarla zəngindir. Bu bulaqlar lap qədimdən öz müalicəvi əhəmiyyəti ilə seçilmişdilər. Bulaqların ətrafında müxtəlif xəstəliklərin və orqanizm zəifliklərinin müalicəsi üçün sanatoriyalar, xüsusi müalicə mərkəzləri fəaliyyət göstərir. Əfsanəyə görə, Böyük İsgəndərin adamları bu şəfaverici bulaqların bəzilərinin suyundan istifadə etmişlər.
Bu möhtəşəm dağların bəzi dağətəyi rayonlarında, xüsusən, yeni geoloji qatlarında neft (nafta) tapılır. Müalicəvi neft, əsasən, Bakı və onun ətrafında, eyni zamanda Kür çayının cənub ərazilərində tapılır. İndi, demək olar ki, Bakıdakı qədər neft çıxarılan yer Terek çayının cənubunda, Qroznı yaxınlığındakı yataqdır. Petrovskdan cənubdakı düzənlik ərazilərdə, Xəzər dənizinin sahilləri boyunca – eyni zamanda qarşı tərəfdə, şimal-qərb silsiləsində, Azov dənizində, Taman yarımdasındada – neft yataqları mövcuddur. Amma dağların cənub yamaclarında, Gürcüstanda, Kür çayı ilə onun qolu Alazan arasındakı hissədə də neft var. Bir çox yerlərdə yerin tərkindən təbii qaz çıxır, qədim dövrlərdə insanlar yerin tərkindən çıxan qaza ibadət etmişlər və onlar atəşpərəstlər adlanmışlar. Qafqazlarda hələ ki, əhəmiyyətli miqdarda qara, yaxud əlvan metal tapılmamışdır. Bəzi çayların yataqlarında qızıla rast gəlinib, amma faydalı, gəlir gətirəcək miqdarda yox. Hərçənd hələ qədim zamanlarda yunan Strabon qeyd etmişdir ki, ona söylənilən məlumata görə, “çay axınları qızılla zəngindir, onları barbarlar yuyub aparırmışlar”. Onlar bunu ucu biz nizələri üstünə tükü olan dəri keçirtməklə nail olurmuşlar. Və bu yolla da “Qızıl yun” nağılı meydana çıxmışdır. Vladiqafqazdan qərbdə yerləşən Osetya adlı ölkədə əhəmiyyətli gümüş, sink və qurğuşun yataqları mövcuddur. Burada həmçinin bir az dəmir və mis də var. Amma faydalı qazıntılar içində ən önəmlisi, heç bir müqayisəyə gəlməyən, əsasən, Gürcüstanda, Kutaisinin qərbində, cənubi dağ yamaclarında geniş yayılmış manqanes yataqlarıdır. 1925-ci ildə Harrimanın başçılıq etdiyi Amerika şirkəti bu yataqların – ehtimal ki, bu yataqlar dünyada öz qəbilindən ən mühüm yataqlar hesab edilir – istismarı üçün razılıq əldə etmişdir. İllik böyük məbləğdə istismar haqqı verildiyi üçün böyük narahatlıq vardı. Amma hazırda anlaşmazlıqların aradan qalxdığı indiki dövrdə yataqların nəzarət və istismar hüququ yenidən Sovet hökumətinin əlinə keçmişdir. Kutaisinin qərbində həmçinin kömür yataqları da var. Sulfata, əlbəttə ki, Dağıstanda rast gəlinir. Çaylara gəldikdə, xüsusən, dörd böyük çayın adını çəkə bilərik. Və ola bilər ki, bu dörd çayın orta əsrlərlə Cənnətdən axıb gələn dörd çayla əlaqəli olduğuna inanır yerlilər. Amma şimal qütbündə həm çaylar, həm dağlar dəyişib. Elbrusda başlayan Kuban şimal istiqamətindən düzən ərazilərdən axır, sonra qərbə doğru yönəlib Azov dənizinə tökülür. Terek çayı Kazbek dağının cənub yamaclarından başlayır, əvvəl şərqə doğru axır, sonra köpüklənə-köpüklənə dar qayalıq ərazilərlə gəlib Vladiqafqazdan keçir, ondan sonra şərqə doğru kəskin bir dönüş edir və böyük delta yaradaraq Xəzər dənizinə tökülür. Dağın cənub-qərb yamaclarında Rion çayı Kutaisinin alçaq düzəngahları boyunca Kolxisaya qədər axır və Qara dənizə tökülür. Qızıl çomaq və Günəş kralı sarışın qızını məhz bu çaydan götürmüşdür. Dördüncü və ən böyük çay sıra dağların cənub yamacları boyu Azərbaycanın düzən ərazilərindən axan və Xəzər dənizinə tökülən Kür çayıdır. Bu çay mənbəyini Qafqaz dağlarından deyil, Kars dağı yaxınlığındakı yüksəkliklərdən götürür. Amma çayın xeyli iri qolları var, ən böyükləri sırasında Arqava, Yora, Alazan çaylarını deyə bilərik. Qafqaz dağlarının şimal hissəsində yaylar çox zaman quru, isti, az yağıntılı keçirsə qışlar soyuq və şaxtalı olur. Ümumi götürdükdə, Azov dənizi ətrafına da çox az miqdarda – təxminən illik 500 mq – yağıntı düşür. Amma dağ silsiləsinin mərkəzinə doğru yaxınlaşdıqca, yağıntının miqdarı, demək olar, iki dəfə artır. Dağın cənub yamaclarına da çox yağıntı düşür, xüsusən, Qara dənizə tərəf yağıntının miqdarı 2 metrə kimi çata bilər. Dağın bu cənub-qərb yamacları ona görə də qalın subtropik meşələrlə örtülüdür. Digər tərəfdən Qafqaz dağlarının şimal-şərq hissələrində isə – xüsusən, Dağıstanda – dağlar o qədər çılpaq görünür ki, elə bil tamam ağacsızdır. Şimala doğru dağ yamacları, silsilənin həm mərkəzində, həm də şimal-qərbində əksinə olaraq sıx meşələrlə örtülüdür. Qafqaz dağlarının aşağı yüksəkliklərində meşələr, adətən, şam, ağcaqayın, palıd, göyrüş, ardıc, şabalıd, qoz, çinar ağaclarından ibarət olur. Ağacların arasında ilanlara, kərtənkələlərə və başqa sürünənlərə tez-tez rast gəlmək olur. Bir qədər yuxarıda həmişəyaşıl palıda, at şabalıdına, cökə, ağcaqayın, fıstıq, küknar, ağcaqovaq ağaclarına rast gəlmək mümkündür. Bir az da yuxarıda yenidən küknar və ağcaqayın sıralanır və sonra ağcaqayın daha da sıx rast gəlinir. Ağaclar təxminən 2200 metr yüksəkliyə kimi davam edir, ordan yuxarıda isə təxminən 3000 metrə kimi örüşlər davam edir. Heyvanlar aləmi də zəngindir burada. Burada ayılara, canavarlara, çaqqallara, tülkülərə, kaftarlara, vəhşi pişiklərə, şirlərə və az hallarda bəbirlərə də rast gəlmək olur. Bu meşələrdə vəhşi donuz və maral da çoxdur. Uca dağlarda, sıldırım qayalarda isə turlar və dağ keçiləri məskən salıb. Sıra dağların qərb hissəsindəki yüksəkliklərdə Avropa bizonunun sürüləri də var, eyni zamanda çox az yerdə vəhşi öküzə rast gəlinir. Buradakı tip öküz bir zamanlar bütün Avropaya yayılmış aurok öküzünün qohumudur. Endemik quşlardan qırqovulu göstərmək olar, onların sayı çoxdur və gerçək evləri Rion çayı yaxınlığında, Yunanıstanın Phasis ərazisindədir – bu quş latınca adını məhz buradan götürüb: Pheasant.