18+
реклама
18+
Бургер менюБургер меню

Фритьоф Ведель-Ярлсберг Нансен – Qafqazlardan Volqaya (страница 2)

18

Şam yeməyindən sonra ay işığı altında maşınlarla təpələr boyu qalxırıq. Restoranın verandasında oturub qoz yeyir, şərab içirik. Sağlıqlar deyilir, şadyanalıq edilir. Erməni dostumuz bizə başına gələn maraqlı macəralardan danışır. Aşağıdan şarmankadan dayanmadan səs gəlir. Belə başa düşdük ki, bunu bizim hər şeyi düşünən dostumuz Napoleon düzüb-qoşub.

Adamı əridən melodiyaların ən əridici yerində 3-4 not çatmırdı, bu isə qarşısıalınmaz effekt yaradırdı. Yerində qalan notlar diş protezindəki yanlış qoyulan dişlərə bənzəyirdi. Onların gözəlliyi çatışmazlıqlar ucbatından hiss edilmirdi. Bizdən aşağıda, Kür çayının yatağı boyunca minlərlə işığı olan, evlərinin bacasından tüstü yüksələn, kilsələrinin qüllələri səmaya ucalan şəhər yerləşirdi, ətrafımızda ay işığında yuyunan müxtəlif ölçülü təpələr vardı. Uzaqlarda, axşam dumanın arasında Qafqaz dağlarının şiş uclu təpələri güclə sezilirdi. Tiflis dünyanın bu hissəsinin mərkəzidir və burada ərazini təşkil edən mədəniyyətlər, həyat tərzləri, etnik azlıqlar qovuşur: ermənilər, gürcülər, tatarlar, farslar, osetinlər, avarlar və başqa bütün Qafqaz dağlarında yaşayan xalqların nümayəndələrindən var bu şəhərdə. Kürdləri sarışın olmalarından, ləzgi və avarları saçlarının seyrək qalmasından, tatarları qaraşın olmalarından seçmək mümkündür. Saysız-hesabsız milli azlıqların nümayəndələrinə ən çox şəhərin cənub hissəsində yerləşən, dar küçələri və xiyabanları olan qədim hissəsində, vurhavurda olan bazarlarında, şıdırğı alver gedən marketlərində rast gəlinir. Burada bacarıqlı erməni satdığı malı sənə ilkin qiymətindən dəfələrlə ucuz təklif edə bilər. Sən “yox, istəmirəm” deyib uzaqlaşırsan, o isə yeni qiymət deyə-deyə düşür arxanca.

Bu arada, qürurlu fars ayağını ayağının üzərinə aşırdıb qarşısında qalaqlanmış malını satır, vecinə də deyil, sən qiymətlə razılaşacaqsan, yoxsa yox, özü də qiymət də elə aşağı deyil ha. Deyirlər ki, ticarətdə dörd yəhudi bir yunan, dörd yunan bir erməni, dörd erməni isə bir fars qədərdir. Əslində belə olub-olmadığı açıq sualdır. Amma hər bir halda, çox güman ki, bu sonuncu millətin nümayəndələri Şərqdə ən yaxşı ticarətçilər sırasındadır. Burada həm İran, həm də Qafqaz xalçaları elə çəkici qiymətə satılır ki, hətta ən iradəli adamlar belə özləri ilə bacarmır. Mənim özüm də Norveçə kimi qatarla, gəmi ilə, maşınla uzun yolum olmasaydı, şirniklənmişdim.

Bir az daha getdikdən sonra dəmirçilərin və gümüş məmulatları istehsal edən sənətkarların küçəsinə yetişirik. Burada həmçinin Qafqazın məşhur olduğu silahlar da hazırlanırdı. Məharətli qafqazlı silah düzəldənlər səni hazırladıqları silahların mükəmməlliyinə inandırmağa çalışırdılar, inandırmaq istəyirdilər ki, onların hazırladığı xəncəri götürüb daşa endirsən, polad xəncərdə zərrə qədər də iz qalmayacaq. Burada həmçinin qılınc, dəmir qalxan, dəbilqə, sizə Orta əsrlər çağlarını xatırladan digər döyüş ləvazimatlarını görüb təəccüblənə bilərsiniz. Amma bunlar hələ də bir çox dağ xalqları, xüsusən də Qafqaz dağlarının yüksək vadilərində yaşayan xevsurlar (Gürcüstanda yaşayan azsaylı xalq tər) tərəfindən istifadə edilir. Qafqazlıların qızıl və gümüş məmulatları lap qədim zamanlardan çox yüksək qiymətləndirilmişdir. Xüsusən də sümük və gümüşdən hazırlanmış zərgərlik məmulatları məşhur olmuşdur. Qafqaz dağlarında məskunlaşan xalqlar üçün onların silahları hər zaman çox mühüm rol oynadığından bu cür bəzəmə onların bütün silahlarında işlənməli idi. Xəncərlərdə, qəmələrdə, qılınclarda, dayan-doldurmlarada, barıt buynuzlarında, güllə daraqlarında və s. işləmələrə rast gəlinirdi. Öz gözəl, yaxşı hazırlanmış silahları ilə seçilən müəyyən vadilər, kəndlər mövcuddur. Bu sənətkarlıq nümunəsi, deyəsən, yavaş-yavaş aktuallığını itirsə də, bəzi yerlərdə davam edilir. Küçələr boyunca su satanlar da dolaşır, onlar öz qiymətli mayelərini ya eşşək, ya at tərkində böyük dəri çuvallarda daşıyır, müştəri haylayırlar. Bəziləri isə özləri daşıyır. Bu şəhərlərdə su mühüm ticarət obyekti sayılır, xüsusən quru, isti, suyun az olduğu yaylarda daha çox qiymətə minir. Eşşəkləri tərəvəz və meyvə ilə yükləyən oğlanlar da öz məhsullarını müştərilərə təqdim edir.

Yad adamlara bəlkə də qəribə görünə biləcək məqam bütün bu insanları bürüyən sakit ciddilikdir. Ticarətə, alverə, kiçik göstərilərə baxmayaraq, bu insanların həyatlarında müəyyən sevinc çalarları da var. Amma burada təravətləndirici gülüşü çox nadir hallarda eşidə bilərsən. Hətta qadınlar da burada ciddi və təmkinli görünür, istər şəhərin ruslar yaşayan müasir hissəsində, istərsə də müsəlmanların yaşadığı qədim hissədə – burada qadın nadir hallarda görə bilərsən – bu belədir. Dünyanın biz olduğumuz hissəsində qadınlar onların səslərinin qısılmasını istəmir. Burada isə sanki hər yerdə musiqinin səsini qısırlar. Bəlkə də biz avropalılar yaxşı tərbiyə görməyin, ləyaqətin, dəyərin nə olduğunu bilmirik. Bu mənə bir Çin diplomatını xatırladır, bir dəfə bir jurnalist ona Avropa sivilizasiyası haqqında sual verəndə o demişdi: “Nə bilim, bəlkə də yaxşı şeydir, bircə kaş bu qədər səs-küylü olmazdı”.

Şəhərin qədim hissəsindəki evlər alçaqdır, adətən onlar iki mərtəbəlidir, ikinci mərtəbədə açıq eyvanları olur. Və bütün ailə, xüsusən də evin xanımı günün çox hissəsini, əsas da isti yay gecələrini orada keçirdir. Onlar iki eyvana sahib olmağı xoşlayırlar. Hərəsi evin bir tərəfinə düşür və onların biri hər zaman kölgədə qalır.

Şəhərin qədim hissəsinin cənubu və bazarlar isti kükürdlü hamamlara sahibdir, bu hamamlar qədim zamanlardan məlumdur və təzəliklə yenidən təmir edilib. Ola bilsin, şəhər öz adını da məhz bu hamamlardan götürüb. (Tbilisi: gürcü dilində: isti şəhər tər). Şəhərin ən gözəgəlimli və cəlbedici yerlərindən biri cənub tərəfdə, dar xiyabanda, hündür təpələr üzərində yerləşən Botanika bağıdır. Günün yandırıcı istisindən bura gəlib sərin, uzun tuneldən keçmək, Fars qalası adlanan yerin yanında oturmaq təravətləndirici təsir bağışlayır. Savkissi adlanan axın təpə tərəfdən dərin, dar vadini kəsir. Yayın bu vaxtı bura sadəcə azsulu bir irmaqdır, amma yəqin onun da vaxtları olub: köpüklənən, coşqun axan və hündür şəlalələr yaradan bir çay kimi. Bağ təpəliklərdə yerləşir və romantik çoxçeşidlilik burada hakimdir, cənub təbiətinə xas istənilən ağac və kola burada rast gəlmək olar. Ümumiyyətlə, bitki örtüyü zəngindir. Ağacların arası ilə təpələrə çətin keçilən, kölgəli cığırlar qalxır. Diqqətçəkən məqam ondan ibarətdir ki, bu ağacların hazırda bitdiyi bütün torpaq sonradan bu qayalıqlara gətirilib səpilmişdir. Bacarıqlı insan əllərinin işidir. Hər tərəfdən su axırdı, arxlar, bulaqlar. Amma vadinin o biri tərəfində suyu və ağacları olmayan arxlar vardı, orada, əsasən, qəhvəyi, solmuş otlar gözə dəyirdi. Burada həmçinin qədim, dağıdılmış Məhəmməd qəbiristanlığı dayanıb – bu bizə bir zamanlar ən qədim xristian ölkələrində baş tutmuş ərəb işğalını xatırladırdı. Bu ölkələr ərəblərə qarşı inancları və azadlıqları üçün tənha mübarizələrini aparmışlar. Amma Məhəmmədin qolu öz gücünü itirib, onun zamanı keçib gedib.

Bağın şimal hissəsində təpələrin üzərində səmaya dikilən “Fars” qalası yerləşir. Bu qala isti hamamların, bazarların üzərində, təpənin lap sıldırım ucunda yerləşir. Və bu qala vadinin uzaq nöqtələrinə, aşağıdan bir-birinə sıx tikilmiş evlərin arası ilə axan, burulan, parıldayan sarı lentə oxşayan Kür çayına, saysız-hesabsız kilsə qübbələrinə, şimala, uzağa, dağ sipərinə, Kazbek dağının ağ qarlı şiş zirvəsinə boylanır.

Axşam bizi yenidən dostumuz Napoleonla bərabər axşam yeməyinə dəvət etdilər. Amma bizim miskin düşüncələrimiz hələ şərqin vaxt anlayışı ilə uyğunlaşmamışdı. Dəqiqələr keçirdi, amma maşın gəlib bizi götürmək bilmirdi. Qərb təfəkkürümüzlə nəyisə gözləməyi nə qədər dözülməz hesab edirdiksə, şərq insanı bunu bir o qədər təbii sanırdı. Bir dəfə adamlarımdan biri bir nəfərlə çərşənbə günü saat birdə görüşməli idi, həmin adam növbəti gün səhər 12-yə kimi gəlib çıxmamışdı. Gələndə də kifayət qədər gec gəldiyi üçün üzr istəmişdi. Amma Kuzlinqlə mən heç vaxt bu qədər çox gözləyə bilməzdik. Bir saat yarım keçəndən sonra özümüz başlayardıq getməyə.

Biz böyük bir bağda axşam yeməyi yedik, orada bizi təmiz, gözəl, balaca masalarda əyləşdirib qulluq etdilər. Qiymət kifayət qədər yaxşı idi və orada çox az sayda qonaq vardı. Şərqdən qalxan ay ağacların yarpaqlarının arasından bizə baxıb gülürdü. Qaranlıq yollar bu ölkənin şanlı keçmişi haqqında xəyallar qurmaq üçün çox uyğun idi. Günün yandırıcı istisindən sonra bir neçə cütlük hüzurlu axşamın təravətləndirici havasında rahatlıq tapırdı. Biz sevimli bir gürcü qadının evində idik. Bura fransız zərgər Çardinin 250 il öncə dediyi sözlərə uyğun idi: “Mən deyirəm axı, onları görüb də aşiq olmamaq mümkün deyil. Gəlin bir qədər cəsarətli olaq: çadranı çıxarın! Axı niyə özünüzü gizlədirsiniz? Amma bəlkə saxlayasınız, hər halda xəyal olan dünya ən yaxşı dünyadır”.

Aşağıda köpüklənə-köpüklənə axan Kür torpaqlara bərəkət verərək axır və dənizə tökülür. Biz qəmli gürcü mahnısı dinləyirik:

Qəfildən köhnə yaraların qaysağı qopur, O, mənim vətənim, bir zamanlar sən necə bərəkətli, vergili idin.