Эрнест Сетон-Томпсон – Hekayələr (страница 8)
Aprelin ilk günlərində qarğalar arasında yaman çaxnaşma başlandı. Qarğalar səhər açılandan axşamadək yem dalısınca uçmaq əvəzinə, günün yarısını şamağaclarının arasında keçirirdilər. İkibir-üçbir bir-birini qovur, hərdən isə elə bil uçuşda yarışırdılar. Onların sevimli əyləncəsi yüksəklikdən qoparaq budaqda əyləşən başqa bir qarğanın üstünə şığımaq, lap çatanda isə son anda, aralarında tük qədər məsafə qalanda yolunu dəyişərək qəflətən sürətlə göyə millənmək idi. Qalxanda elə bərk qanad çalırdılar ki, səsi uzaqdan eşidilən ildırımın sədasını andırırdı. Bəzən görürdün ki, qarğalardan biri lələklərini qabardıb başını yana əyir və başqa qarğaya lap yaxın uçaraq sürəkli bir qarıltı çıxarır: “Qr-r-r-ay!”
Bütün bunların mənası nə idi? Tezliklə məsələnin nə yerdə olduğunu öyrəndim. Bu, erkək quşların dişilərə qulluq göstərdiyi mövsüm olurdu. Erkək qarğalar qanadlarının, səslərinin gücünü nümayiş etdirirdilər və görünür ki, nümayiş etdirdikləri istedadları layiqincə qiymətləndirilirdi, çünki aprelin ortasında qarğalar cüt-cüt bölünərək müxtəlif səmtlərə uçub getdilər ki, bal aylarını sakitlikdə keçirələr. Kestl Frankın tündrəngli, qoca şamağacları boşaldı.
Şəkərdağ adlı təpə Don çayının vadisində tənha ucalır. Onun üzəri Kestl Frankın meşələrinə qovuşan meşəliklə örtülüb. Bu iki meşə arasındakı sahədə təpəsində tərk edilmiş qırğı yuvası olan bir şamağacı var. Torontodakı hər məktəbli bu yuvaya yaxşı bələddir, amma kimsə onun yaxınlığında həyat nişanəsi görməyib; bircə mən bir dəfə orada qara dələ vurmuşam. Bu köhnə, yarıuçuq yuva illər uzunu orada idi. Amma hər halda, hələ sona kimi dağılmamışdı.
Bir may səhəri dan yeri söküləndə evdən çıxaraq meşə ilə sakitcə getməyə başladım. Yerə tökülərək örtüyə çevrilən sarı yarpaqlar elə islanmışdı ki, bircə xışıltı belə eşidilmirdi. İş elə gətirdi ki, mən düz köhnə yuvanın altından keçəsi oldum və yuvadan qara quş quyruğunun çıxdığını görəndə yaman təəccübləndim. Ağacın gövdəsinə bir zərbə endirdim, yuvadan bir qarğa uçdu. Sirr açılmışdı. Mən çoxdan şübhələnirdim ki, hər il bu şamağaclarında hansısa qarğa cütlüyü öz yuvasını qurur, amma indi gördüm ki, bu, Gümüşxal ilə rəfiqəsi imiş. Onlar bu köhnə yuvaya yiyələnmişdilər, lakin o qədər uzaqgörən idilər ki, onu hər bahar yeniləmir, məskun görkəm vermirdilər. Bu yuvada tam təhlükəsizlik içində yaşayırdılar, baxmayaraq ki onun altından hər gün əlitüfəngli, qarğa vurmaq həsrətiylə alışıb-yanan kişilər, oğlanlar keçirdi. Amma qoca qarğanı orada bir də görmək heç mənə də nəsib olmadı, hərçənd ki yuvanı hətta durbinlə belə süzürdüm.
Bir dəfə, adətim üzrə, müşahidələrimlə məşğul olanda Don çayı vadisi üzərindən uçan qarğa gördüm. Dimdiyində nəsə ağ bir şey tutaraq çaya tərəf uçurdu. Çayın kənarında həmin ağ şeyi dimdiyindən buraxdı. Bir qədər də diqqətlə baxanda köhnə dostumu – Gümüşxalı tanıdım. Bir dəqiqədən sonra o buraxdığı ağ şeyi təzədən götürdü – bu, balıqqulağı idi – və yoluna davam etdi. Çayın üstündən keçərək bataqlıq otlarının arasında torpağı eşib bir yığın balıqqulağı, ağ, parıldayan daşlar çıxardı. Onları günün altına düzür, çevirir, növbə ilə dimdiyinə alıb qaldırır, təzədən yerə qoyur, quş yumurtasıymış kimi üstünə oturur, xəsis tacir sərvətinə baxan kimi acgözlüklə baxır, əylənirdi. Bu onun şakəri idi. Təbii ki, niyə belə etdiyini, bu qəribə əşyalardan niyə xoşu gəldiyini izah edə bilməzdi, necə ki hər məktəbli oğlan nədən poçt markaları topladığının, nədən bir qız yaqutdan çox mirvarini sevdiyinin səbəbini izah edə bilməz. Amma hər halda, bununla məşğul olarkən aldığı zövq ən səmimi bir hiss idi. Yarım saata yaxın oynayandan sonra o öz sərvətinin üstünü yenidən torpaqla, yarpaqlarla basdıraraq uçub getdi.
Mən elə həmin dəqiqə o yerə yollandım, qarğanın anbarına baxdım. Orada bir qalaq ağ daş, balıqqulağı, tənəkə qırıqları vardı. Aralarında bir çini çaydan qulpu da görünürdü. Yəqin, bütün kolleksiyasının ən qiymətli nümunəsi də məhz o idi. Amma bu sərvəti bir də seyr etmək mənə nəsib olmadı. Gümüşxal mənim onları tapdığımdan haradansa xəbər tutdu və anbarının yerini dəyişdi. Təzə anbarının harada olduğunu isə öyrənə bilmədim.
Gümüşxal çox macəra görmüşdü, təhlükədən dəfələrlə qurtula bilmişdi. Bir dəfə bir qırğının onun dalınca necə düşdüyünü görmüşəm. Dalınca düşüb onu ovlamaq istəyən yırtıcı quşlardan tez-tez qaçası olurdu. Xüsusilə də meşəxoruzu lap zəhləsini tökürdü. Əlbəttə, bu xoruzlardan ona nəsə bir ziyan dəydiyini söyləmək olmazdı, amma bu quşlar o qədər səs-küylü idi ki, onlardan tez uzaqlaşmağa çalışırdı. Yaşlı adamlar da səs-küylü, zəhlətökən oğlanlardan beləcə qaçırlar.
Onun özünün də bəzi qəddar adətləri vardı; məsələn, hər səhər balaca quşların yuvalarını axtarmağa yollanır və tapdığı yumurtaların hamısını yeyirdi. Qarğa bunu xəstəni bəlli vaxtlarda müayinəyə gələn həkim dəqiqliyi ilə edirdi. Amma bu şakərinə görə onu qınaya bilmərik: axı özümüz də hinə girib eyni işi görür, öz toyuqlarımızla eləcə davranırıq.
Qarğanın fərasəti məni tez-tez mat qoyurdu. Bir dəfə onun dimdiyində bir tikə çörək yarğan boyu uçduğunu gördüm. Həmin vaxt aşağıda, düz onun altında fəhlələr kərpicdən boru tikirdilər. Çayın iki yüz yardlıq bir hissəsi artıq tamam bağlanmışdı. Gümüşxal çayın açıq hissəsi üzərindən uçarkən qəflətən çörəyi dimdiyindən yerə saldı. Çörək axara düşüb çayaşağı getdi və tuneldə gözdən itdi. Gümüşxal aşağı endi. Əvvəlcə diqqətlə tunelin zülmətinə baxdı, sonra isə elə bil qəflətən ağlına xoşbəxt bir fikir gəldi. O, üzüaşağı, axar boyu tunelin o biri başına uçdu, orada durub suyun çörəyi çıxarmasını gözlədi.
Gümüşxal, həqiqətən, bəxtəvər qarğa idi; bəxti daim ona yar olurdu. Özü elə bir yerdə yaşayırdı ki, təhlükə ilə dolu olsa belə, yem sarıdan heç kasadlıq yox idi. O hər il öz rəfiqəsi ilə köhnə, yarıuçuq yuvada məskunlaşırdı və bu yuvanı heç mən belə əməlli-başlı müşahidə edə bilmirdim və qarğalar öz balalarını məhz orada sağ-salamat çıxarır, böyüdürdülər. Qarğalar yenidən dəstələrdə birləşəndə isə o, yenə quşların hamısı tərəfindən qəbul edilən başçı olurdu.
Dəstənin toplanışı, adətən, iyun ayının axırlarında olurdu. Valideynlər özləri ilə qısaquyruq, yumşaqqanad və cır-cır səsli, lakin boy etibarilə artıq böyüklərə çatmış balalarını qoca şam meşəsinə, dəstənin toplandığı yerə gətirirdi. Qarğalar üçün həm məktəb, həm də bir qala olan bu qoca meşədə cavanlar ilk dəfə cəmiyyətə daxil olurdu. Burada onlar tam təhlükəsiz şəraitdə idi, çünki hündür budaqlarda etibarlı qorunan sığınacaqlar da burada idi və onların təhsili məhz burada başlanırdı. Cavanlar hər qarğanın bilməli olduğu sirlərə burada yiyələnirdi.
Əvvəlcə gənc qarğalar bir-biri ilə tanış olurdu, çünki qarğa cəmiyyətinin qanunlarına görə, dəstədəki hər qarğa onun bütün üzvlərini mütləq tanımalıdır. İndi valideynlər balalarını yedirtməkdən, tərbiyələndirməkdən dincələ bilərdilər, çünki körpələri artıq böyümüşdü, özlərinə yem tapa bilərdi.
Təxminən iki həftədən sonra tük tökümü başlayırdı. Belə günlər qoca qarğalar, adətən, çox əsəbi, qəzəbli olurdu. Onlar gəncləri öyrətməkdə davam edir, cavanların isə tükü tökülən müəllimlərdən heç xoşları gəlmirdi. Qoca Gümüşxal çalışqan müəllim idi. Bəzən sanki tələbələri qarşısında nitq söyləyirdi. Onun nə dediyini, təbii ki, mən tapa bilməzdim, amma nitqinə dinləyicilərin münasibətindən nəticə çıxarsam, deyə bilərəm ki, onun çıxışları maraqlı olması ilə fərqlənirdi.
Cavan qarğalar hamısı bir yerdə yox, lap insanların məktəbi kimi, sinif-sinif bölünərək dərs keçirdi: bir qədər böyük qarğa balaları bir sinifdə, onlardan cavanları digərində toplanırdı. Sentyabr ayı üçün səs-küylü, sarsaq qarğa balalarının başına artıq ağıl qoymaq mümkün olurdu. Gözlərinin körpələrə xas olan incə mavi rəngi yetkin qarğaların tünd-qəhvəyi rəngi ilə əvəz olunurdu. Onlar artıq cücə deyildilər, yaşlı qarğanın bilməli olduğu hər şeyi öyrənmiş, ehtiyatlı olmuşdular. Onlar tüfəngin və tələnin nə olduğunu, zəhərli həşəratları yeməlilərdən ayırmağı öyrənmişdilər. Öyrənmişdilər ki, qoca fermerin gonbul arvadı on beş yaşlı oğullarından xeyli yekə olsa da, daha az təhlükə kəsb edir. Onlar qardaşı bacıdan seçməyi bilirdilər. Onlar öyrənmişdilər ki, çətir tüfəng deyil. Önlar artıq altıyadək saya da bilirdilər və bu, cavan qarğalar üçün çox yaxşı göstəricidir, hərçənd ki Gümüşxal özü az qala otuzadək saya bilirdi. Artıq barıt qoxusu da onlara tanış idi və ağacların cənub tərəfini də seçə bilirdilər. Axırda, təbii ki, başladılar öz nailiyyətləri ilə qürrələnməyə, özlərini böyük kimi aparmağa. Uçuşdan sonra yerə enəndə qanadlarını mütləq üç dəfə bükürdülər ki, yaxşıca büküldüyünə tam əmin olsunlar. Onlar tülkünün öz naharının yarısından imtina etməsinə necə nail olmağın da yolunu bilirdilər və başqa quşlar – meşəxoruzu, suquzğunu hücum çəkəndə tez gizlənmək lazım olduğundan da xəbərdar idilər, çünki bu balaca düşmənlərlə vuruşmaq eynən zənbilindən alma oğurlanmış gonbul bir arvadın almanı oğurlayan balaca oğlanı tutmağa cəhd göstərməsi kimi bir şey idi. Bütün bunları cavan qarğalar artıq öyrənmişdilər, lakin başqasının yumurtasını oğurlamağı hələ bilmirdilər. Onların balıqqulağı haqda təsəvvürləri də hələ yox idi, hələ heç vaxt at gözünü dimdikləyib dadına baxmamışdılar, buğda görməmişdilər və ən yaxşı məktəb olan səyahətlər barədə heç bir məlumatları yox idi.