Эрнест Сетон-Томпсон – Hekayələr (страница 7)
Düşmənin təzyiqi ondan əməlli-başlı qarovul köpəyi yetişdirmişdi. Elə bir köpək ki, sahibinin haradasa dağların o üzündə əyyaşlıq etməsinə rəğmən, öz postunda ölməyə hazır idi.
Bu kiçik qəhrəman dörd gün dörd gecə postundan əl çəkmədən çadırı, sahibinin sərvətini çox qorxduğu çaqqaldan dəyanətlə qorudu.
Beşinci günün səhəri qoca Obri ayılaraq başa düşdü ki, evində deyil və çadırını bir küçüyün ümidinə buraxıb. O artıq əyyaşlıqdan çoxdan bezmişdi deyə həmin dəqiqə atını yəhərləyib yola çıxdı. Yolun yarısında ağlına birdən gəldi ki, deyəsən, Çinki tamam ac qoyub.
“Yəni bu balaca yaramaz mənim vetçinamın hamısını yeyib?” – düşündü və həyəcan içində evə tələsdi. Çadırı görünən təpənin başına çatanda əvvəlcə ona elə gəldi ki, hər şey öz yerində, qaydasındadır. Sonra birdən nə görsə yaxşıdır: çadırın lap astanasında tüklərini qabardıb bir-birinin üstünə mırıldayaraq burun-buruna duran iki canlını – yekə, qəzəbli çaqqalı və balaca, yazıq Çinki.
– Ay mənim başım batsın! – deyə Obri xəcalət içində dilləndi. – Mən bu murdar çaqqalı tamam unutmuşam. Yazıq Çink, gör nələr çəkib! Təəccüblüdür ki, bu çaqqal hələ onu da, çadırımı da parça-parça etməyib.
Bəli, cəsur Çink çaqqalın təzyiqinə, bəlkə də, sonuncu dəfə davam gətirirdi. Onun ayaqları qorxudan və aclıqdan tir-tir əssə belə, özü ən davakar görkəmdə idi və heç şübhə yoxdur ki, öz postunu qoruyaraq ölməyə hazır idi.
Bill Obri hər şeyi ilk baxışdan anladı. Atını çadırın yanına çapıb toxunulmamış vetçina torbasını görəndə başa düşdü ki, Çink o gedəndən bəri heç nə yeməyib. Yorğunluqdan və acından əsən küçük sürünə-sürünə onun yanına gəldi, üzünə baxıb əlini yaladı. Sanki deyirdi: “Sən nə tapşırmışdınsa, hamısını etdim”. Qoca Obrinin buna dözəsi halı yox idi və çantasından balaca qəhrəman üçün yemək çıxaranda gözlərində yaş gilələnmişdi.
Sonra küçüyə tərəf çönüb dedi:
– Çink, dostum, mən sənə pis münasibət göstərdim, sən isə sədaqətini qoruya bildin. Sənə söz verirəm ki, bir də harasa gəzməyə getsəm, tək qalmayacaqsan. Heç bilmirəm səni necə sevindirim, axı sən araq içmirsən. Bəlkə, əvəzində sənin ən böyük düşmənini məhv edim…
O, çadırın ortasındakı payadan çox fəxr etdiyi tüfəngini – bahalı, ayrıca darağı olan karabinini aldı. Sonrasını düşünmədən üzərindəki möhürü qırdı və qapıdan çıxdı.
Çaqqal, adəti üzrə, yaxınlıqda oturmuşdu, dişləri iblisvarı bir təbəssümdən ağarırdı. Amma atəş guruldadı və Çinkin qorxulu yuxularına son qoyuldu.
Özünü yetirən gözətçilər aşkar etdilər ki, parkın qanunları pozulub: qoca Obri buranın vəhşi sakinlərindən birini güllələyib. Onun karabinini alıb məhv etdilər, özünü və dördayaqlı dostunu isə parkdan qovaraq bir daha qayıtsa, həbsxanaya salınacağını söylədilər.
Amma Bill Obri heç nəyə heyifsilənmirdi.
– Olsun, – dedi. – Nə deyirsiniz deyin, amma məni heç vaxt satmayan bir dostuma xoş gələn iş görmüşəm.
GÜMÜŞXAL
Sizlərdən hansınızınsa vəhşi bir heyvanla yaxından tanışlığı olubmu? Heyvanlarla təsadüfi görüşlərinizi və yaxud qəfəsdə yaşayan canlıları nəzərdə tutmuram. Mən azad şəraitdə yaşayan hər hansı bir vəhşi heyvanı uzun müddət tanımağınızı nəzərdə tuturam. Adətən, bir heyvanı onun həmcinslərindən fərqləndirmək yaman çətin olur. Hər bir tülkü, hər qarğa başqa tülkü və qarğalara o qədər bənzəyir ki, sən hər dəfə elə eyni heyvanı gördüyünü düşünürsən. Amma elə də olur ki, hər hansı bir heyvan özünün gücüylə, ağlıyla öz həmcinslərindən yüksəkdə durur. Böyük başçıya çevrilir. Biz ona dahi də deyə bilərdik. Əgər bu heyvan digərlərindən iridirsə, əgər insanlar onu hansısa əlamətlərinə əsasən tanıya bilirsə, o, tezliklə öz ölkəsində məşhurlaşır.
Belə görkəmli heyvanlar sırasına aşağıdakılar daxil olub: Kurtland – XIV əsrin əvvəllərində, təxminən on il ərzində bütün Paris şəhərini dəhşətə gətirən qısaquyruq canavar; Kluborut – Sakramento çayının yuxarı axarında cəmi iki ildə bütün donuzçuları müflis edən, fermerlərin tən yarısını işini buraxaraq o yerlərdən getməyə vadar etmiş axsaq qonur ayı; Lobo – Yeni Meksikada beş il boyu hər gün bir inək öldürən canavar və nəhayət, iki ildən də az vaxt ərzində üç yüz insan həyatına son qoymuş Sene adlı panter. Gümüşxal da həmin məşhurlardan idi və mən indi onun tarixçəsini sizə qısaca danışmaq istəyirəm.
Gümüşxal qoca, müdrik bir qarğa idi. Öz adını sifətinin sağ tərəfində, gözü ilə dimdiyi arasındakı xırda pul boyda gümüşü-bəyaz ləkəyə görə almışdı. Bu ləkə onu başqa qarğalardan seçməyimə, həyatının ayrı-ayrı dövrlərini bir sapa düzməyimə kömək oldu.
Yəqin, bilirsiniz ki, qarğalar ən ağıllı quşlardır. “Qoca qarğa kimi müdrik” ifadəsi əbəs yerə deyilmir ki. Qarğalar nizam-intizamın nə qədər vacib olduğunu yaxşı bilir və bir əsgər kimi intizamlı olur. Onların dəstəsinin başında yalnız ən yaşlı, ən ağıllıları deyil, həm də ən güclü və ən cəsurları durur, çünki dəstə başçısı istənilən dəqiqə hər hansı bir özündənrazı qiyamçı ilə haqq-hesab çəkməyi də bacarmalıdır. Dəstənin yerdə qalan üzvləri gənclər və xüsusi bacarıqları olmayan sıravi qarğalardır.
Haqqında danışdığım Gümüşxal özünə yaşayış yeri kimi Toronto yaxınlığında çoxlu şamağacı ilə örtülmüş Kestl Frank təpəliyini seçmiş böyük qarğa sürüsünün başçısı idi. Onun sürüsündə iki yüzə yaxın quş vardı. Qış sərt keçməyəndə qarğalar Niaqara sahillərində qalırdılar, şaxtalı qışlarda isə daha cənuba köç edirdilər. Lakin hər il fevralın son həftəsi qoca Gümüşxal özünün bütün dəstəsini toplayıb quşları Torontonu Niaqaradan ayıran qırx millik su hövzəsinin üzərindən cəsarətlə keçirirdi. Amma heç vaxt düz xətt boyunca uçmur, bir qədər qərb tərəfə meyillənərək şamağacı ilə örtülmüş təpəni görənədək özü üçün nişanə kimi seçdiyi Dendas dağını gözdən qaçırmırdı. Hər il öz sürüsü ilə bu təpəyə gəlib altı həftəyə yaxın bir müddəti orada yaşayırdı. Hər səhər qarğalar üç dəstəyə bölünür, yem dalınca çıxırdılar. Dəstələrdən biri cənuba – Atbric buxtasına, digəri şimala – Don çayı səmtinə, üçüncüsü, ən böyüyü isə şimal-qərbə uçurdu. Üçüncü dəstəyə Gümüşxalın özü başçılıq edirdi. Digər dəstələrin başında kim dururdu, bundan xəbərim yoxdur.
Əgər səhər açılanda hava sakit olurdusa, qarğalar lap göyə millənir, tez də uçub gedirdilər. Küləkli havalarda isə quşlar küləkdən dərədə qorunaraq alçaqdan uçurdular. Mənim pəncərələrim də elə həmin dərəyə açılırdı. Qoca dəstəbaşını ilk dəfə l885-ci ildə gördüm.
Bu yerlərə yaxınlarda gəlmişdim və burada çoxdan yaşayan birisi dəstəni göstərərək belə dedi:
– Bax o qoca qarğa iyirmi ildən çoxdur ki, ilin bu vaxtı dərənin üstü ilə uçur.
Gümüşxal həmişə inad göstərib köhnə yolu ilə uçurdu, baxmayaraq ki dərədə artıq məskunlaşanlar vardı, evlər tikilmişdi və mən də tezliklə onu yaxşı tanıyaraq başqa quşların arasından seçməyə başladım. Mart ayında və aprelin birinci yarısında, sonra isə yayın axırı və payızın əvvəlində hər gün iki dəfə mənim yanımdan ötürdü.
Onun bütün hərəkətlərinə göz qoyur və dəstəsinə necə əmrlər verdiyini eşidirdim. Yavaş-yavaş anladım ki, qarğalar çox ağıllıdırlar, özlərinin dili və insanlarınkına çox bənzəyən ictimai quruluşları var.
Bir dəfə dərənin üstündən keçən hündür körpüdə durmuşdum. Küləkli bir gün idi, birdən gördüm ki, qoca qarğa sərgərdan dəstəsinin başında evə dönür. Hələ yarım millik məsafədən onun razılıq dolu, mənası “Hər şey yaxşıdır, yolunuza davam edin!” olan qarıltısını eşidə bildim.
Gümüşxal “Qar, qar!” edərək qarıldayır, onun köməkçisi isə dəstənin lap axırından başçının komandasını təkrarlayırdı. Yuxarılarda bərk külək olduğundan onlar alçaqdan uçurdu. Lakin üzərində durduğum körpü quşları daha yüksəklərə qalxmağa məcbur etdi. Gümüşxal məni gördü və onlara diqqətlə baxmağım heç xoşuna gəlmədi. Uçuşunu ləngidib qışqırdı: “Qar!”, yəni “Ehtiyatlı olun!” və elə həmin an da yuxarı milləndi.
Lakin mənim silahlı olmadığımı görəndə aşağı enərək lap başımın üstündən keçdi və qalan qarğalar da belə etdi. Körpünün üstündən keçən kimi dəstə əvvəlki hündürlüyə endi.
Ertəsi gün həmin yerə gəlib yenə körpünün üstündə dayandım. Qarğalar yaxınlaşanda əlimdəki ağacı qaldırıb özümü elə göstərdim ki, guya quşları nişan alıram. Qoca dəstə başçısı elə o dəqiqə öz çığırtısı ilə hamını xəbərdar etdi. Elə bil deyirdi: “Özünüzü gözləyin – tüfəng!”
Köməkçisi bu çığırtını təkrar etdi və dəstədəki hər bir quş yüksəyə qalxıb güllə mənzilindən uzaqlaşdı. Təhlükəli yeri keçəndən sonra onlar yenə özlərini təhlükəsizlikdə hiss etdikləri vadiyə sığındılar.
Başqa bir dəfə vadi üzərindən ötərkən onların yolunun üstündə olan ağaca bir qızılquyruq qırğı qondu. Qoca qarğa elə həmin an çığırdı: “Qırğı! Qırğı!” – və uçuşunun sürətini azaltdı. Qalan qarğalar da ona çatanda eyni şeyi etdilər. Bütün dəstə sıxlaşdı. Qarğalar sıx uçanda qırğı təhlükəli olmur. Lakin dörddəbir mil sonra quşlar əlitüfəngli adam gördülər və elə həmin an məxsusi, ciddi təhlükədən xəbərdar edən qarıltı səsləndi. Sanki başçı öz dəstəsinə belə deyirdi: “Ehtiyatlı olun! Tüfəng! Müxtəlif səmtlərə dağılın!” Bu çığırtı kəskin idi, bir neçə dəfə təkrarlandı: “Qa, qa, qa, qa, qarr!”
Qarğalar da o dəqiqə yuxarı, yanlara seyrələrək çağırışa tabe oldular və bu minvalla güllə məsafəsindən uzaqlaşdılar.
Bu dəstə ilə uzun müddət tanışlıqdan sonra qoca başçının işarələrindən çoxunu öyrənmişdim, onları fərqləndirə bilirdim. Əmin oldum ki, zahirən bir-birindən az fərqlənən səslər, əslində, tamam başqa mənaları ehtiva edir; məsələn, bəlli vəziyyətdə qarıltı qırğının, ya da hər hansı başqa təhlükəli heyvanın göründüyünə dəlalət edirsə, başqa halda “Dön!” mənasında olur. Görünür, burada iki siqnal qarışır: biri – təhlükə bildirən, ikincisi – geri çəkilməyə işarə edən. Sadə qarıltı – «Qar, qar!» isə “Salam!” mənası daşıyır və yanından ötən yoldaşa ünvanlanır. Daha bir qarıltı var və bu komanda, adətən, bütün dəstəyə verilir, onun mənası isə “Diqqət!”dir.