18+
реклама
18+
Бургер менюБургер меню

Эрнест Миллер Хемингуэй – Qoca və dəniz (страница 2)

18

– İstəmirəm. Gedib evdə yeyərəm. Ocağı qalayım?

– Yox. Bir azdan özüm qalayaram. Bəlkə, daşmanı elə soyuq-soyuq yedim.

– İcazə verirsən, toru götürüm?

– Əlbəttə, götür.

Əslində, qocanın toru yox idi. Balaca toru satdıqları oğlanın yaxşı yadındaydı. Onlar qəsdən belə danışır, bilə-bilə hər gün özlərini aldadırdılar. Heç üstünə balıq qoyulmuş sarı düyü daşması da yox idi. Oğlan bunların uydurma olduğunu çox gözəl bilirdi.

– Səksən dörd uğurlu rəqəmdir, – deyə qoca gülümsədi, – sabah min girvənkə ağırlığında bir balıq tutub gətirsəm, nə deyərsən?

– Mən toru götürüb sardina dalınca gedirəm. Sən kənarda otur, özünü günə ver.

– Yaxşı, oturaram, dünənki qəzetdə beysboldan yazılanları oxuyaram…

Oğlan qəzetin dünənki olub-olmadığını bilmirdi. Qoca çarpayının altından bir qəzet çıxardıb dedi:

– Bunu mənə çaxırsatan Periko verdi.

– Sardinanı tutan kimi qayıdıb gələcəm. Sənin payını da, özümünkünü də bir yerdə buza qoyaram, sabah səhər bölüşdürərik. Mən gələndə beysbolun necə qurtardığını deyərsən.

– “Yankilər”i dünyasında udan olmaz.

– Qorxuram ki, Klivlendin “Hindular” komandası “Yankilər”i birtəhər eləsin.

– Oğlum, “Yankilər”dən arxayın ol, ulu Di Macionu yadına sal.

– Sözün doğrusu, hər iki komandadan qorxuram. Klivlendin “Hindular”ından da, Detroytun “Pələnglər”indən də.

– Belə getsə, sən Sinsinatanın “Qırmızılar” Çikaqonun “Ağ corablar” komandalarından da qorxmağa başlarsan.

– Otur qəzeti oxu, kimin udduğunu mənə deyərsən.

– Gəlsənə, bir lotereya bileti alaq. Özü də seçib səksən beş nömrəli bileti götürək. Sabah səksən beşinci gün olacaq.

– Alaq da, – oğlan razılıq verdi, – bəlkə, səksən yeddinci nömrəli bileti götürək? Ötən dəfə axı səksən yeddi gün getmişdin, rekord yadındadır?

– Dünyada heç nə təkrar olunmur. Elə bilirsən, səksən beş nömrəli bileti taparsan?

– Əlbəttə, taparam. Sifariş verərəm.

– Bir bilet iki dollar yarımadır. Kimdən borc ala bilərik?

– Borc tapmaq asandır. İki dollar yarımı istədiyim vaxt tapa bilərəm.

– Mənə elə gəlir ki, mən də tapa bilərəm. Amma borca düşmək istəmirəm. Bir dəfəyə bənddir. İkinci dəfə əl açıb dilənəcəksən.

– Ustad, özünü günə ver, – oğlan yenə dedi, – gözlə, soyuq dəyməsin. Unutma ki, sentyabr ayıdır.

– İri balıqlar həmişə sentyabrda gəlir. May ayına nə var, mayda nənəm də balıq tutar, – qoca dedi.

Oğlan:

– Mən getdim sardina dalınca, – dedi.

O geri qayıdanda qoca oturduğu yerdəcə yatmışdı. Gün batırdı. Oğlan çarpayının üstündəki köhnə əsgər yorğanını götürüb stulun söykənəcəyinə saldı, qocanın kürəyini, çiyinlərini örtdü; bu çiyinlər nə qədər də qeyri-adi, möhkəm idi. Balıqçının başı sinəsinə sallanmışdı, boynundakı qırışlar indi o qədər sezilmirdi. Əynindəki yamaqlı köhnə köynəyi qayığının yelkəninə oxşayırdı. Qırışmış yamaqlar gün altında cürbəcür rəngə çalırdı. Onun başı yaman ağarmışdı. Üzündə zərrəcə həyat əlaməti qalmamışdı. Yalın ayaqlarındakı damarları saymaq olardı. Qəzet dizinin üstünə düşmüşdü; əlini qəzetin üstünə qoymuşdu. Yüngül meh əsirdi.

Oğlan qocanı yatdığı kimi də qoyub getdi; qayıdıb hələ də ayılmadığını görəndə onu səslədi:

– Ustad, axşamdır, dur, – deyə əlini onun dizinin üstünə qoydu.

Qoca gözlərini açdı, bir anlığa haradansa çox uzaqdan qayıdıb gəldiyini düşündü. Sonra gülümsədi:

– Nə gətirmisən? – dedi.

– Axşam yeməyi, hazırlaş, şam eləyək.

– Mən o qədər də ac deyiləm.

– Gəl, şam elə. Yeməsən, balıq tuta bilməzsən.

– Acqarına o qədər balıq tutmuşam ki… – deyib qoca ayağa qalxdı, qəzeti götürüb bükdü, yorğanı da qatladı.

Oğlan dedi:

– Yorğanı çiyninə sal. Nə qədər mənim canım sağdır, səni acqarına balıq tutmağa qoymayacam.

– Səni görüm pir olasan. Özünə fikir ver. Yaxşı, yeməyə nəyimiz var?

Oğlan “Terras” restoranından iki tənəkə qabda yemək gətirmişdi; iki çəngəl, iki bıçaq, iki də qaşıqdan ibarət dəsti isə ayrılıqda kağız əlsilənə büküb cibinə qoymuşdu.

– Bunları sənə kim verdi?

– Restoranın sahibi Martin.

– Onu görəndə gərək razılıq eləyəm…

– Mən razılıq etdim. Sağ ol da dedim, sən deməyə də bilərsən.

– İri balıq tutanda qarnının altındakı yumşaq, ləzzətli ətdən ona yaxşı bir pay göndərərəm. Martin bizə tez-tez əl tutur, kömək edir. Birinci dəfə deyil.

– Elədir.

– Dediyim pay ona azdır. Nə isə əməlli-başlı bir şey verməliyəm. Böyük yaxşılıq etməliyəm. İnsafən yaman qeydimizə qalır.

– İki butulka da pivə verdi.

– Şüşə pivəsinə varam. Əla pivədir.

– Elədir. Özü də “Hauti” firmasının pivəsindəndir; boş şüşələri sabah aparıb verməliyəm.

– Yadından çıxmasın. – Sonra qoca soruşdu: – Yemək yeyək?

Oğlan hörmətlə dilləndi:

– Əlbəttə, yeyək. Bayaqdan səni gözləyirəm. Sənsiz qabın ağzını açmaq istəmirəm.

– Mən hazır, – qoca həvəslə qabağa yeridi, birdən dayandı, – yox, əvvəlcə əl-üzümü yumalıyam.

Oğlan fikirləşdi: “Görəsən, bu qoca harada yuyunur?” Bütün qəsəbə camaatı suyu qocanın komasından iki küçə o yandan, aşağı məhəllədən, yol qırağındakı krandan götürürdü. “Gərək gedib su, sabun, yaxşı bir əl-üz dəsmalı gətirəydim. Gör nə keyəm. Ona bir köynək, qış gödəkcəsi, ayaqqabı, bir də əlavə yorğan tapmaq lazımdır”.

Qoca xörəyi yeyə-yeyə təriflədi:

– Soyutma ət çox ləzzətlidir.

Oğlan xahiş etdi:

– Ustad, beysboldan danış görək. Nə yazıblar? İşlər necədir?

Qoca həvəslə dedi:

– Necə olacaq? Mən deyən kimi. “Yankilər” Amerikada birinci yeri tutub.

Oğlan dedi:

– “Yankilər” bu gün uduzub ki.

– Bir dəfə uduzanda nə olar? Böyük şeydir? Ulu Di Macio özünü bundan sonra göstərəcək.