Эрнест Миллер Хемингуэй – Əlvida, silah! (страница 4)
– Mən sizi şəhərdə görmüşəm. Dedilər, siz amerikalısız.
– Bəli.
– Mən də ingilisəm.
– Doğrudan?
– Bəli. Siz elə bilirdiz italyanam?
– Əgər bizim maşınlara bir əncam çəkə bilsəniz, çox yaxşı olar, – dedim.
– Biz onları sizə lap saz vəziyyətdə qaytararıq, – o dedi. – İndi sizi burdan birtəhər çıxarmaq lazımdır. Bu saat həkimlərlə danışaram. Biz gedəndə sizi də özümüzlə apararıq.
O, ehtiyatla yaralıların arasından keçərək qapıya tərəf getdi. Bir azdan məntəqənin adyal salınmış qapısından hündürboy ingilislə iki sanitar içəri girdi. O, italyanca:
– Budur amerikalı leytenant, – dedi.
– Mən gözləyə bilərəm, – dedim. – Burada daha ağır yaralılar var.
O mızıldandı:
– Yaxşı, yaxşı… Özünüzü qəhrəman kimi göstərməyin, – sonra isə italyanca əlavə elədi: – Ehtiyatla qaldırın.
Onlar məni qaldırıb məntəqənin binasına gətirdilər. Bütün stolların üstündə əməliyyat aparırdılar. Baş həkim məni tanıyıb fransızca soruşdu:
– Hə, pis deyilsiniz ki?
– Pis deyiləm, – cavab verdim.
– Onu mən gətirmişəm, – ucaboy ingilis italyanca dedi. – Amerikan səfirinin yeganə oğludur. Onunla məşğul olanacan burda uzansın. Sonra elə birinci reyslə apararam, – ardınca mənə tərəf əyilib pıçıldadı: – Gedim sənədlərinizi qaydaya saldırım. Onda hər şey asan olar.
Məni qaldırıb stolun üstünə qoydular. Stol bərk və sürüşkən idi. Hər tərəfdən kəskin iy gəlirdi. Şalvarımı çıxartdılar. Həkim ayaqlarımı diqqətlə gözdən keçirib feldşer-assistentə diktə etməyə başladı:
– Sol və sağ budunda, sol və sağ dizində, sağ pəncəsində çoxlu yüngül yara, sağ dizində dərin yara, başında açıq yara, kəllə sümüyünün çatlaması ehtimalı. Döyüş postunda yaralanmışdır.
Assistent onun dediklərini kağıza köçürdü.
Bir az sonra ingilis maşını gəldi. Məni xərəyə uzadıb maşının kuzasına qoydular. Yanımda bir xərək də vardı. Bu xərəkdə sifəti tamamilə sarınmış bir nəfər uzatmışdılar. O, ağır-ağır nəfəs alırdı. Daha iki xərəyi qaldırıb yuxarıdakı qayışlara keçirdilər. Ucaboy ingilis yaxınlaşıb qapıdan baxdı.
– Yavaş sürəcəyəm, – dedi. – Çalışaram ki, sizi incitməyim.
Biz tərpəndik. Mən sakit uzanmışdım. Ağrıya dözmək üçün var gücümü toplamışdım.
Çox keçmədi ki, yuxarıdan nəyinsə damcıladığını, sonra isə süzülüb axdığını hiss etdim. Tez sürücünü səslədim.
– Nə olub? – o soruşdu.
– Üstümdəki yaralını qan aparır.
– Aşırıma az qalıb. Təkbaşına xərəyi çıxara bilmərəm.
Qanın brezentin harasından axıb töküldüyünü görmürdüm. Bir az kənara çəkilsəm də, qan yaxama tökülüb köynəyimi bədənimə yapışdırmışdı. Mən həm donurdum, həm də ayağım elə bərk ağrıyırdı ki, ürəyim bulanırdı. Bir az sonra yuxarıdan axan qan yavaşıdı.
– Hə, nə təhərdi orda vəziyyət? – ingilis qanrılaraq soruşdu. – Biz lap çathaçatdayıq.
– Mənə elə gəlir ki, o ölüb, – dedim.
Posta çatan kimi sanitarlar xərəkləri çıxartdılar, başqalarıyla dəyişdilər. Biz yolumuza davam etdik.
8
Səhra hospitalının palatasında mənə dedilər ki, nahardan sonra yanına gələn olacaq. İsti bir gün idi, otaqda isə çoxlu milçək vardı. Onların əlindən güclə yata bilirdim. Oyananda ayaqlarım göynəyirdi.
Sanitarlardan biri Rinaldini palataya gətirdi. O cəld addımlarla mənə yaxınlaşdı və əyilib üzümdən öpdü.
– Hə, işlər necədir? Özünüzü necə hiss edirsiniz? Bir xoş xəbər var: siz gümüş medala təqdim olunmusuz; amma bu, tunc da ola bilər.
– Nədən ötrü?
– Axı siz ciddi yaralanmısız. Belə deyirlər ki, əgər igidlik göstərdiyinizi sübut etsəniz, gümüş medal alacaqsınız. Yoxsa tunc olacaq. İgidlik göstərmisiniz?
– Yox, – dedim. – Mərmi partlayanda makaron yeyirdim.
– Axmaqlıq eləməyin. Ola bilməz ki, bir igidlik göstərməyəsiniz. Yaxşı yadınıza salın.
– Heç bir şey eləməmişəm. Qızlardan nə xəbər?
– İki həftədir ki, onların növbəsini dəyişmirlər. Lap biabırçılıqdır!
Rinaldi ilə bir qədər çənə döydükdən sonra o mənimlə xudahafizləşib getdi.
Çox keçməmiş yanıma keşiş gəldi.
– Özünüzü necə hiss edirsiz? – o da hamı kimi soruşdu. Sonra isə əlindəki boğçanı yatağın yanına, yerə qoydu.
– Yaxşıyam, müqəddəs ata.
Keşiş stulda əyləşdi və pərt halda pəncərəyə baxdı. Çox yorğun görkəmi vardı.
– Mən bircə dəqiqəliyə gəlmişəm, – dedi. – Çox qala bilmərəm. İcazə vermirlər.
– Niyə ki? Oturun bir az. Təzə nə xəbər var?
O gülümsündü.
– Əvvəlki kimi yenə məni lağa qoyurlar, – onun səsində də yorğunluq hiss olunurdu. – Allaha şükür, hamı sağ-salamatdır. Çox şadam ki, bu cür qurtarmısınız. Çox ağrıtmır ki?
Mən onu heç vaxt belə görməyə adət etməmişdim.
– İndi o qədər də ağrıtmır, – dedim.
– Orda sizsiz çox darıxıram.
– Mən də burda darıxıram. Sizinlə söhbət etmək mənim üçün həmişə xoşdur.
– Sizə bəzi şeylər gətirmişəm, – dedi. Boğçasını döşəmədən qaldırıb içindəkiləri bir-bir göstərdi. – Bu mığmığa torudur. Bu da bir şüşə vermut3. Vermut xoşlayırsız? Hə, bu da ingilis qəzetləri…
– Bunları böyük məmnuniyyətlə oxuyaram.
– Onları güc-bəlayla tapmışam. Yenə də taparam.
– Lütf edib yanıma gəldiyiniz üçün sizə təşəkkür edirəm, müqəddəs ata, – bir az ordan-burdan laqqırtı vurduqdan sonra soruşdum. – Sizə nə olub, niyə belə yorğun görünürsünüz?
– Mümkün olsa, Abrutssıya qayıdacam, – keşiş dedi. – Orda yaşamaq və sevərək Allaha xidmət etmək… Orda – mənim vətənimdə insanın Allahı sevməsi təbii bir şey sayılır, yoxsa iyrənc hoqqabazlıq hesab edilmir.
– Başa düşürəm.
O mənə baxıb gülümsədi.
– Başa düşürsüz, amma Allahı sevmirsiz.
– Bəzən gecələr ondan qorxuram.
– Yaxşı olardı ki, onu sevəydiz.
– Mən heç kəsi sevmirəm.
– Sevəcəksiz. Bilirəm ki, sevəcəksiz. Onda siz xoşbəxt olacaqsız.