Эрнест Миллер Хемингуэй – Hekayələr (страница 8)
Qız susurdu.
– Mən səninlə gedəcəyəm və yanından ayrılmayacağam. İynə vuracaqlar, sonra hər şey qaydasına düşəcək.
– Bəs sonra başımıza nə gələcək?
– Hər şey yaxşı olacaq. Əvvəlki yoluna düşəcək.
– Niyə belə düşünürsən?
– Bizə mane olan elə təkcə budur. Bircə buna görə biz xoşbəxt ola bilmirik.
Qız pərdəyə baxdı, əlini uzadıb qamışlardan ikisini tutdu.
– Deməli, sən düşünürsən ki, biz özümüzü yaxşı hiss edəcək və xoşbəxt olacağıq?
– Mən əminəm. Bircə sən qorxma. Eyni şeyi edən çox adam tanıyıram.
– Mən də, – qız dedi. – Sonra hamısı çox xoşbəxt olur.
– Əgər sən istəmirsənsə, lazım deyil. Sən istəmirsənsə, mən təkid etmirəm. Amma bilirəm ki, boş bir şeydir.
– Sən, həqiqətən, bunu istəyirsən?
– Düşünürəm ki, ən düzgün çıxış yoludur. Yox, əgər özün istəmirsənsə, lazım deyil, onda mən də əsla istəmirəm.
– Amma mən bunu etsəm, razı qalarsan. Hər şey əvvəlki kimi olar və sən məni yenə sevərsən!
– Mən səni elə indi də sevirəm, özün ki bilirsən.
– Bilirəm. Bunu edəndən sonra hər şey əvvəlki kimi yaxşı olacaq və mən deyəndə ki, təpələr ağ fillərə oxşayır, bu sənin xoşuna gələcək?
– Bu mənim çox xoşuma gələcək. Elə indi də xoşuma gəlir, amma indi fikrim bir az ayrı yerdədir. Özün bilirsən, mən həyəcan keçirəndə həmişə belə oluram.
– Bəs mən bunu etsəm, sən həyəcanlanmayacaqsan ki?
– Yox, çünki bu, boş, yüngül bir şeydir.
– Elə isə mən bunu edərəm. Başıma nə gələcəyi vecimə deyil.
– Necə yəni?
– Başıma nə gələcəyi vecimə deyil.
– Axı mənim vecimədir.
– Hə, hə. Amma başıma nə gələcəyi mənim vecimə deyil. Mən bunu edəcəyəm və hər şey yaxşı olacaq.
– Əgər belədirsə, onda sənin bunu etməyini istəmirəm.
Qız ayağa qalxıb platformanın qurtaracağına qədər addımladı. Yolun o başı ağaclıq idi, Ebronun sahili boyunca əkin sahələri uzanırdı. Çayın arxasında, uzaqlarda dağlar ucalırdı. Buludun kölgəsi yamyaşıl zəmilərin üstü ilə sürünür, ağacların arasından isə çay görünürdü.
– Bütün bunlar bizim ola bilərdi, – qız dedi. – Hamısı bizim ola bilərdi, amma bunun mümkün olması ehtimalı gündən-günə azalır. Günah da özümüzdədir.
– Sən nə deyirsən?
– Deyirəm ki, hər şey bizim ola bilərdi.
– Hər şey onsuz da bizimdir.
– Yox, bizim deyil.
– Bütün dünya bizimdir.
– Yox, bizim deyil.
– Biz ürəyimiz istəyən yerə gedə bilərik.
– Yox, bilmərik. İndi bütün bunlar bizim deyil.
– Bizimdir.
– Yox. Bir dəfə əldən buraxdığın bir daha geri qayıtmaz.
– Amma biz hələ heç nəyi əldən buraxmamışıq.
– Görərsən.
– Gəl kölgəyə qayıdaq, – kişi dedi. – Belə həyəcanlanmaq lazım deyil.
– Mən həyəcanlanmıram, – qız dedi. – Sadəcə, hər şeyi anlayıram.
– İstəmədiyin bir şeyi etməyinə razı deyiləm…
– Yaxud mənə ziyan olan bir şeyi. Bilirəm. Bəlkə, yenə pivə içək?
– Yaxşı. Amma sən başa düşməlisən ki…
– Mən başa düşürəm, – qız dedi. – Bəlkə, bu söhbəti kəsək?
Onlar masanın arxasında oturdular. Qız çayın o tayındakı təpələrin günəşdən yanmış yamaclarına, kişi isə qıza, bir də masaya baxırdı.
– Sən başa düşməlisən ki, – kişi dedi, – istəmədiyin heç bir şeyi etməli deyilsən. Əgər bu sənin üçün belə əhəmiyyət daşıyırsa, mən buna razıyam.
– Bəs sənin üçün əhəmiyyət daşımır? Birtəhər öhdəsindən gələrdik.
– Əlbəttə, daşıyır. Amma iş orasındadır ki, səndən başqa mənə heç kəs lazım deyil. Onu da bilirəm ki, bu, boş bir şeydir.
– Əlbəttə. Sən bunun boş şey olduğunu bilirsən.
– Nə istəyirsən de, amma mən bunun belə olduğunu bilirəm.
– Səndən bir şey xahiş edə bilərəm?
– Sənin üçün nə istəsən edərəm.
– Elə isə mən səndən çox, çox, çox, çox xahiş edirəm ki, susasan.
O cavab verməyib divarın yanındakı çamadanlara baxdı. Çamadanların üstünə qaldıqları bütün otellərin yarlıqları yapışdırılmışdı.
– Sənin bunu etməyini istəmirəm, – kişi dedi. – Bu mənə qətiyyən lazım deyil.
– Mən indi qışqıracağam, – qız dedi.
Qadın bardan çıxıb əlindəki iki parç pivəni islanmış altlıqların üstünə qoydu.
– Qatar beş dəqiqədən sonra gələcək, – kişi dedi.
– O nə deyir? – qız qadına baxıb soruşdu.
– Deyir ki, qatar beş dəqiqədən sonra gələcək.
Qız minnətdarlıqla qadının üzünə gülümsündü.
– Gedim çamadanları o biri tərəfə keçirim, – kişi dedi. Qız cavabında güldü.
– Yaxşı. Sonra qayıt pivəni iç.
Kişi ağır çamadanları qaldırıb stansiyanın o biri tərəfindəki platformaya daşıdı. Yola baxdı, qatar hələ görünmürdü. Geri qayıdarkən barın içindən keçdi. Qatarı gözləyən sərnişinlər pivə içirdilər. O, piştaxtanın qabağında bir stəkan “Anis del Toro” içdi və içəridəkilərə baxdı. Hamı sakitcə qatarı gözləyirdi. O, bardan çıxdı, bambuk pərdəni araladı. Qız masanın arxasında oturmuşdu, onu görcək gülümsədi.