18+
реклама
18+
Бургер менюБургер меню

Энвер Мамедханлы – Hekayələr (страница 3)

18

Maral yana buruldu. Sonra dönüb geri baxdı, qonur gözlərinin lal çağırışı ilə o yenə ovçunu dalınca çəkib harasa aparırdı. Gizlin və sanki marala məlum bir cığırla aşağıya, uçuruma endilər, sonra divar kimi dik bir yoxuşa rast gəlib yuxarı dırmaşdılar. Ovçu yoxuş divarında üfüqi istiqamət almış ağac budaqlarından, üzüaşağı sallanıb bir-birinə sarmaşan müxtəlif bitkilərin uzun hörüklərindən yapışaraq özünü yuxarı qaldırır, girinti-çıxıntıları ayaqları altında pillə edib sanki dik bir divara dırmaşırdı. Qabaqda gedən maral isə tez-tez gah sağa, gah sola burulur, ayaqları altında qopan daşlar gurultu ilə aşağı töküləndə, ovçu cəld özünü ağacların gövdələri arxasına verib daldalanmağa məcbur olurdu. Nəhayət, onlar yoxuş başına qalxıb yüksək və hamar bir yaylaya çıxdılar. Burada, meşənin seyrələn yerində qarşılarında bir tala açıldı. Talanın yuxarı tərəfində əfsanəvi qala bürclərini andıran çılpaq qayalar yüksəlirdi. Onlardan biri, görünür, vaxtilə dəhşətli bir sarsıntı nəticəsində qopub aşağıya, talaya yumarlanmış, sonra isə bu nəhəng qaya parçasının böyrünə kiçik bir dağ kəndi sığınmışdı. Kənd cəmisi on dörd komadan ibarət bir oba idi.

Maral irəli gedib kənardakı ucqar bir komanın yanında dayandı. Komanın hörmə çubuq çəpərli həyətindən çıxan ensiz cığırın bir qolu qızıl lalələrlə örtülü kiçik bir dərəyə enir, digər qolu isə talanı kəsib keçərək meşə içində gözdən itirdi.

Ovçu dayanıb bir an ətrafı gözdən keçirdikdən sonra maralı nişan tutub ucqar komaya doğru yönəldi. Maral orada başını aşağı salıb komanın divarına söykənmiş, elə bil yenə nə barədə isə öz-özünə fikirləşirdi.

Ovçu artıq ona çatmışdı ki, birdən heyvan diksinib kənara sıçradı, ildırım kimi dərə döşüylə üzüaşağı götürüldü, bir dəqiqə sonra isə artıq sıx meşəyə girib gözdən itdi.

Ovçu koma yanında dayanıb uzun-uzadı maralın arxasınca baxdı, sonra birdən yorğunluq ona elə güc gəldi ki, tüfəngini çiynindən çıxardıb, özünü koma arxasındakı dikdir üstünə yıxdı. Ovçu bu cür yorğun-arğın çox oturub qaldı. Axşam günəşi odlu bir quş kimi üfüqdə yarımdövrə vurub, qərbdəki Yasamal dalına endi.

O zaman ovçu da ayağa qalxdı, obada gecələmək niyyəti ilə ucqar komanın qapısını döydü. Qapını açan, üzündə keçmiş gözəlliyindən solğun izlər qalmış alagöz bir qadın idi. O, ovçunu Allah qonağı kimi içəri buraxdı. Ovçu komaya girib qapı ağzında dayandı. Komanın yuxarı tərəfində baca altında ocaq yanırdı. Ocağın sağında çal qaşları altındakı gözləri dərin çuxurlara düşmüş bir qoca oturmuşdu. O, əlində yonduğu ağac parçalarından qaşıq və çömçə qayırırdı. Ocağın solunda həsir üstündə salınmış yataqda kim isə yorğan altında uzanmışdı.

Qoca içəri girən qonağın salamını alıb öz yanında, ocaq başında ona yer göstərdi, sonra üstünü çırparaq, yonub yanına tökdüyü yonqarı çəngələyib ocağa atdı. Ovçu bilirdi ki, əgər özü deməsə, heç kəs ondan – Allah qonağından – haradan gəldiyini, haraya getdiyini və kim olduğunu soruşmayacaq. Qoca kəhildəyib ayağa qalxarkən:

– Otur, oğlum, – dedi, – otur, mən də bu saat qayıdıram.

Qoca komadan çıxarkən ovçu yuxarı başa keçdi və bu zaman ocağın gözünü tutmuş yonqar topası birdən çatırdayıb alışdı, alov çırpınıb quş kimi qanad çaldı, közərən kösövlərdən qopan çırtdaqlar yuxarıya, bacaya doğru sıçradı.

Bu zaman komanın divarlarında rəqsə başlayan qırmızı şölə ocağın yanındakı yatağı da işıqlatdı, hələ də ayaq üstündə dayanmış ovçu isə qeyri-ixtiyari yataqdakının üzünə baxdı.

Güllü çit yorğan altında uzanmış gənc bir qızın qara saçları yastıq üzərinə dağılmış, solğun üzündəki qaşları elə çatılmışdı ki, elə bil o, yuxusunda gördüyü röyalara qarşı hirslənmişdi.

Ev sahibəsi gəlib yataq yanında oturarkən qız gözlərini açdı, sonra əlini alnına çəkib başını yana çevirəndə, hələ də ocaq başında ayaq üstə durmuş ovçunu görüb diksindi, cəld anasının əlindən tutub geniş açılmış gözləri ilə ovçuya baxa-baxa qaldı.

Qızın baxışları altında ovçunun da halı dəyişdi, bir qədər özünü itirib başını aşağı saldı. Qız dönüb anasına baxdı:

– O kimdir, anacan, o kimdir? – deyə soruşdu.

Anası əllərini qızının saçlarına çəkərək:

– Allah qonağıdır, bala, – dedi, – indicə qapını döyüb içəri girdi.

Qız həyəcan içində qalxıb yerində oturdu:

– Yox, bu, odur, anacan, bu, odur, – dedi.

Anası təlaş içində qızının çiyinlərini qucaqladı:

– Sakit ol, Pərican, sakit ol, elim-günüm, yoxsa səni yenə qara basır?

Bu dəfə qız artıq dinmədi. Yalnız başını çevirib komanın açıq qapısından, üzərinə axşam qaranlığı çökən dağlara baxdı, külək tərpədən meşələrdən gələn sirli uğultuya qulaq verdi, sonra birdən anasının sinəsinə qapanarkən, çiyinləri titrəyib əsdi.

Ovçu ayaq üstə donub qalaraq qızın titrəyən arıq çiyinlərinə baxır, ana isə qızını bağrına basıb pıçıldayırdı:

– Ağlama, gözünə qurban, nə var ki səndə, sağalacaqsan, ağlama, axı evdə qonağımız var. Qoy Əşrəf baba keçiləri sağsın, bu saat qonağımız üçün süfrə açarıq.

Qız başını qaldırıb yenidən ovçuya baxdı, indi onun gözyaşı ilə yuyulmuş gözlərində suları soyumuş payız dənizlərinin hüznü vardı. Ovçu bu baxışlar altında nə edəcəyini bilməyərək tüfəngini ocaq yanında divara söykərkən, qız ondan soruşdu:

– Səni bura mənim maralımmı gətirdi?

Ovçu diksinib heyrət içində qıza tərəf döndü, başının hərəkəti ilə qızın sualına cavab verdi. O zaman Pərinin başı yenidən yastıq üstünə düşdü, yol çəkən gözləri komanın tavanına, hisli pərdələrə dikildi, sonra o sanki öz-özünə danışırmış kimi:

– Axır ki gəlib çıxdın, – dedi. – Gecələr yuxuda görüb, gündüzlər yolunu gözləməkdən yorulub yatağa düşmüşdüm.

O gündən ovçu uzaq dağların əsiri olaraq qaldı. Pəri isə tezliklə yatağından qalxdı, az keçmədən yabanı bir dağ çiçəyi kimi açıldı, dodaqları lalə rəngli naxışlar çaldı, gözlərində günəşlər od tutub yandı, ürəyi fələklərə meydan oxuyan bir sevinc çeşməsi kimi qaynadı.

O zaman çoxdan bəri Pərinin mahnılarına həsrət qalmış dağlar, dərələr yenə onun səsini eşitdi, meşədən susmuş qumrular yenə ona səs verdi.

İndi kənddə artıq on beş koma vardı.

Əşrəf baba meşədən qırıb gətirdiyi çubuqlardan yastı-yapalaq bir koma hörmüş, Pəri ilə ovçu isə bu koma içində səadətlərinin sarayını göyə ucaltmışdılar.

Artıq Pərinin hər günü, bir günlük ömür sürən əlvan qanadlı bir kəpənəyə bənzəyirdi. Nazlı bir kəpənəyi andıran dan şəfəqi sərin və ipək qanadlarını Pərinin gözlərinə çəkir, qız ayılır, gözləri qarşısında qızıl qanadlı bir dağ səhəri görür, sonra bu zərif kəpənək havada rəqs edərkən, qanadlarından yerə qucaq-qucaq ulduzlar tökülür, axşama yaxın isə yorğun qanadlarını büküb qərbdəki Yasamal üzərinə sərilir, orada batan günəşin sarı simli şüalarında çırpınıb göz qırpır, sonra yavaş-yavaş əriyib yox olurdu. Sabahısı daha yaraşıqlı bir kəpənəyə bənzər başqa bir səhər açılır, axşam olurkən o da əvvəlkilər kimi qərbdəki Yasamal üzərində bir xəyala dönüb sönür, əbədiyyətin sonsuz dənizində bir zərrə kimi yox olurdu.

Pəri isə bu kəpənək – səhərlər arxasınca yüyürüb oynayan qayğısız bir körpə kimi idi. İndi ona elə gəlirdi ki, günəş onu oyatmaq üçün doğur, ay ona gülümsəmək üçün göyün ortasında süzür, dağdan qopan külək onun saçlarını oxşamaq üçün qanad açıb gəlir, dalğın gözlü axşamlar ona layla çalmaq üçün yer üzərinə enir.

Lakin bir gecə dağlarda şiddətli tufan qoparkən Pərinin məhəbbət röyaları ilk dəfə olaraq çalxanıb təlatümə gəldi və qızın əlvan səadət sarayından sanki bir kərpic qopub yerə düşdü.

Tufan gecə qəfildən qopdu.

Göy nəhəng bir mərmi kimi Pəri ilə ovçunun koması üstündə partladı. Hardasa meşədə külək sındıran bir ağacın fəryadı eşidildi. Pəri dik atılıb hövlnak yuxudan ayıldı. Ovçu da diksinib qalxaraq yatağında oturdu. Qız qaranlıqda özünü ovçunun üstünə ataraq qışqırdı:

– Oyan, laçınım, maralımı vurdular.

Ovçu Pərini qolları arasına alaraq:

– Qorxma, göyərçinim, – dedi, – qorxma, göy guruldadı. İstəyirsən su verim, iç!

Bu anda yenidən ildırım çaxdı, daxmanın içi süd kimi aydınlıq oldu. Pərinin geniş açılmış gözlərində, rəngi qaçmış üzündə bir-birinə sarmaşan işıltılar yanıb söndü.

Pəri su içib yuxudan tamamilə ayıldısa da, lakin yenə sakit ola bilmədi, ürəyi təlaş içində döyünməyə başladı. Bu tufanlı gecə ona nəyi isə xatırlatdı, çoxdan görmədiyi maral qızın yadına düşdü. Bütün bu günlər, həftələr qız öz sonsuz səadətinə elə qərq olmuşdu ki, maralını tamamilə unutmuşdu.

İndi yaralanmış bir yırtıcı kimi dağlarda, dərələrdə nərə çəkən küləyə, coşqun dağ çayları kimi şappıldayıb guruldayan meşələrə, dalbadal göydə partlayıb ətrafı sarsıdan ildırımlara qulaq asdıqca qız uçunur, maralını düşünür, ürəyi qorxu ilə dolurdu. Bütün bu illər ərzində gün olmamışdı ki, maral meşədən gəlib Pərini yoxlamasın. Qışda qarlı meşələrdə canavar sürüləri vurnuxanda heyvan qaçıb Pərinin həyətinə pənah gətirər, koma qarşısında qapı ağzında gecələyərdi. İndi neçə həftə idi ki, maral yox olmuşdu. Birinci dəfə idi ki, maral bu qədər uzun müddət meşədə qalıb obaya doğru gəlmirdi. Ovçunu gətirdiyi gündən heyvan gözdən itmiş, o gündən bəri bir dəfə də olsun Pəriyə baş çəkməmişdi.

Səhərin gözü açılar-açılmaz Pəri ayağa qalxıb meşəyə, maralı axtarmağa getdi. Ovçu isə ayılarkən Pərini komada görməyib təlaşa düşdü, lakin Əşrəf baba onu sakit eləyib özü ilə bərabər meşəyə, çoxdan yerini bələdlədiyi bir ağacı kəsməyə apardı. Pəri yalnız axşamüstü, Əşrəf baba ilə ovçudan çox sonra yorğun və fikirli halda meşədən qayıtdı. Bu vaxt ovçu daxmada, ocaq qırağında oturub tüfəngini silib təmizləyirdi. Pəri içəri girəndə başını çevirib tutqun baxışlarla qızı süzdü. Pəri ocaq başında oturub dalğın gözlərini oda zillədi, sonra başını qaldırıb ovçunun baxışlarını görərkən, yavaşdan köksünü ötürərək: