18+
реклама
18+
Бургер менюБургер меню

Энвер Мамедханлы – Hekayələr (страница 2)

18

– Hə, onu deyirdim axı, öyrəli dili söz tutanda birdən dikəldi, yerindən qalxdı, əlimi qamarladı, sinəsinə basdı, Məsmə nənə, dedi, ölüm haqdır, amma mən ona görə bu qədər əzab çəkirəm, ona görə sizə də bu qədər zülm eləyirəm ki, xoşbəxt ölmək istəyirəm… O günə, Məsmə nənə, dedi, o günə, oğlumun əli əlimə dəyən günə mən bu ürəyimi qurban demişəm…

Qadınlar kövrəldilər, qara kağız alanların dərdi təzədən qövr eləyirdi, yollarını gözlədiklərinin nigarançılığı yenidən daş olub ürəklərindən asılırdı, amma özlərini boğurdular, xısın-xısın ağlayırdılar ki, səslərini ana eşitməsin, sonra əllərinin tərsi ilə gözlərini silirdilər və heyrətlə bir-birinin üzünə baxırdılar: xoşbəxt ölüm? Məgər vardımı bu dünyada belə bir ölüm?

Ana üçün vardı…

Vardı ki, sinəsi ölmüşdü, əlləri-ayaqları ölmüşdü, gözləri, dili, dodaqları ölmüşdü, ciyərləri, saçları ölmüşdü, təkcə ürəyi ölməmişdi, o ürəyi ki, həmişə yalnız oğlu üçün döyünmüşdü və indi yenə o ürək ananın bircə dəfə oğlunu görüb xoşbəxt ölməsi üçün bu qədər inad edirdi, təslim olmurdu, son zərbəsini vurmurdu və bununla da ananın can çəkişmə əzabını bu qədər uzadırdı.

Oğul! Hələ iki yaşı tamam olmamış atasından yetim qalmışdı və o vaxt ana hələ çox gözəl və çox gənc idi, amma neçə dəfə qapısına elçi gəlmişdisə, hər dəfə qapısı ağzından geri qaytarmışdı, gənc vücudunun, şəfqət istəyən ürəyinin, çiçəkli və təravətli qadınlığının bütün istək və diləklərini boğmuşdu.

Və oğul böyütmüşdü.

Elə mərd bir oğul ki, igid yaşına dolanda bütün kənd ananın adına oğlunun da adını qoşmuşdu və böyük-kiçik, xüsusilə balaca uşaqlar hər dəfə anaya ”Murad dayının anası xala“ deyəndə, ananın gülüşü, ana üçün ən xoşbəxt bir gülüş olmuşdu.

Sonra ana oğlunu şəhərə göndərmişdi, məhrumiyyətlərə qatlaşmışdı, ayrılığa dözmüşdü, səbir eləmişdi, “qoy oğlum şəhərdə böyük elm” oxusun, demişdi.

Aylar keçmişdi, illər dolanmışdı, oğul şəhərdə böyük elm oxumuşdu, təhsilini bitirmişdi, kəndə gəlmişdi və ilk sözü bu olmuşdu:

– Yır-yığış elə, ana, şəhərə aparıram səni, orda böyük bir fabrikdə işə başlamışam…

Və ana nə deyəcəyini bilməmişdi, oğlunun üzünə baxa-baxa qalmışdı, dədə-baba ocağından, torpağı altında ürəyinin parasını dəfn etdiyi bu yerlərdən ayrılıb getmək istəməmişdi, amma oğul fərağına dözməyə də artıq ürəyində taqəti qalmamışdı.

Və elə o gün şəhərdən gələn müharibə xəbəri bütün kəndi vəlvələyə salmışdı.

Oğul bir dəqiqə yubanmadan dəmiryol stansiyasına getmişdi, ordan şəhərə zəng eləmişdi, sonra axşamüstü qayıdıb gəlmişdi ki:

– Şəhər söhbəti sonraya qaldı ana, səbir elə, yolumu gözlə və heç vaxt məndən naümid olma…

Və yenə ana nə deyəcəyini bilməmişdi, amma o ifadə ki gözlərində zahir olmuşdu, oğul gözlərini qaçırtmışdı və elə o axşam şəhərə qayıtmışdı.

… İndi bu axşam yenə ölüm ilə ananın ürəyi arasında elə amansız və növbəti bir döyüş başlanmışdı ki, içəridəki qadınlar ananın üzünə baxa bilməmişdilər, başlarını aşağı salmışdılar.

Bu vaxt Məsmə qarı da gəlib çıxmışdı, amma qarı bu dəfə balaca qız nəvəsinin əlindən tutub içəri girmişdi. Qızcığaz elə qapı ağzındaca geniş açılmış gözləri ilə yatağında huşsuz yatan anaya baxanda və bərk-bərk nənəsinin böyrünə qısılanda, qarı yavaşdan onu irəli itələmişdi və qızcığaz yaxın getmişdi, ananın başı üstündə dayanmışdı, amma ananın üzünə baxmağa qorxmuşdu, gözlərini yummuşdu və birnəfəsə nənəsi ona nə əzbərlətmişdisə, təkrar eləmişdi:

– Xalacan, gözün aydın, dava qurtardı… Xalacan, dədəm, Murad dayı, Şirin bacının qardaşı Bədəl – hamısı ismarış göndərib ki, qırmızı vaqona minib kəndə gəlirlər… Sonra qızcığaz geri dönüb nənəsinin üstünə qaçmış və bu dəfə də Məsmə qarı qızcığazı içəridən çölə qovmuşdu ki, çıx, orda, artırmada məni gözlə.

Və içəridə kim vardısa, hamısının canından buz kimi soyuq bir gizilti keçmişdi, amma hamı sidq-ürəkdən inanmışdı ki, yalnız bu bir tikə məsum qız uşağının tərtəmiz, cingiltili səsi gedib can çəkən ananın huşuna çatacaq və ana oğlunun davadan sağ-salamat qayıtdığını eşidib, nəhayət, son dəfə rahat nəfəs alacaq, canını təslim eləyəcək və neçə gündən bəri çəkdiyi bütün bu əzaba son qoyulacaq.

Buna görə indi içəridəkilər hamısı başını qaldırmışdı, gözlərini anaya zilləmişdi və bu vaxt günlərdən bəri yatağında daş kimi hərəkətsiz düşüb qalmış ana yerindən tərpənən kimi olmuşdu, başını hara isə çevirmək istəmişdi, amma gücü çatmamışdı, gözlərini açmaq istəmişdi, aça bilməmişdi. Məsmə qarı tez yaxın gedib ananın üstünə əyilmişdi və yenə ananın dodaqlarının tərpənişindən nə dediyini oxumağa başlamışdı:

– Deyir, gəldiyin yollara anan qurban, oğul… Deyir, gözümü aça bilmirəm, üzünü görə bilmirəm, oğul… Deyir, əlini ver, əlin əlimə toxunsun, oğul…

Bu vaxt ananın əli sürüşüb taxt üstündən yerə düşmüşdü, bir-birinə qısılıb oturmuş qadınlar qorxub içlərini çəkmişdilər, hətta Məsmə qarı diksinərək və bir addım geri çəkilmişdi və hamı ananın taxtdan yerə düşmüş əlinə baxa-baxa qalmışdı.

Çünki ananın yerə düşmüş və açıq qalmış əli tərpənmirdi, amma elə bil nəyisə gözləyirdi, tərpənmirdi, amma elə bil nəyisə axtarırdı, tərpənmirdi, amma elə bil fəryad edib kimisə çağırırdı.

Və Məsmə qarı davam gətirməmişdi, hövlnak ayağa qalxmışdı, özünü açıq qapıdan artırmaya salmışdı, gedib orda, kəllə divardakı taxçanı eşib-eşələmişdi və axırda ordan yupyumru, hamar və qaramtıl bir daş tapıb çıxartmışdı.

Və bu daşı Məsmə qarı dəfələrlə gəlib anadan alıb aparmışdı, bu yupyumru hamar, qara daşla dəfələrlə böyük bir teşt içində abqora1 üçün qora2 əzmişdi…

Sonra Məsmə qarı artırmadan qayıdıb içəri gəlmişdi, anaya yaxın getmişdi, yerə əyilmişdi və əlindəki bu qara daşı əlləri titrəyə-titrəyə ananın yerə düşmüş və açıq qalmış ovcuna qoymuşdu. Həmin dəqiqə ananın ovcundan rişələr keçmişdi: hərəkətsiz vücudu güclə sezilən bir titrəyişlə sarsılmışdı və əvvəlcə bir müddət bükülməyən barmaqları, nəhayət, bükülmüşdü, ovcundakı qara daşı bərk-bərk sıxmışdı… Və sonra hansı bir möcüzəyləsə ananın yerə düşmüş əli yuxarı qalxmışdı, sinəsi bərabərinə gəlmişdi və orda ovcundakı qara daşla bir yerdə taqqıltı ilə qupquru sinəsi üstünə düşmüşdü.

Və o şam ki çoxdan ərimişdi, çoxdan tükənmişdi, amma bir tikə alovu ilişmişdi dibində, ərinti üstündə qalmışdı, indi, nəhayət, o da sönmüşdü – ananın inadkar ürəyi son dəfə çırpınmışdı və son zərbəsini vurmuşdu.

Sonra o uğursuz və sirli səssizlikdən içəridəkilərin qulaqları cingildəyəndə, Məsmə qarı dərindən köksünü ötürmüşdü və hər iki əlini göyə qaldırmışdı:

– Ey bu vaxtın sahibi, – demişdi, – axır ki, o, əzabdan qurtuldu, sən də əgər adilsən, günahından keç, sən də əgər rəhmdilsən, bu aciz bəndənə, həmişə dərgahında boynunu bükənə rəhm elə!

ƏFSANƏLİ DAĞLAR

(Uzaq dağlarımıza qalxan ilk məktəb müəlliminə)

O birinci dəfə idi ki, bu yerlərə ayaq basırdı. Üç gündü ki, bu uzaq dağlarda itirdiyi ovunu axtarırdı. Onu buralara aşağıdan, qalın aran meşələrində izinə düşdüyü bir maral çəkib gətirmişdi. Nabələd olduğu bu dağlarda isə o azıb yorulmuş və artıq ovunu tapmaqdan tamamilə ümidini kəsmişdi ki, birdən axtardığına rast gəldi. Ovçu onu meşənin dərinliyində, göydə çətirləri bir-birinə qarışmış qalın gövdəli, ucaboylu vələs ağacları arasında dayanmış gördü. Maral başını aşağı salıb ağac gövdəsinə söykənmiş, elə bil məruz qaldığı təqiblərdən yorulub indi dərin fikrə getmişdi.

Ovçu qəfildən onun üstünə çıxarkən qeyri-ixtiyari diksindi, sonra həyəcan içində tələsik və qəti bir hərəkətlə əlini tüfənginə atmaq istəyirdi ki, birdən maral ağır-ağır başını geri çevirdi, boynunu büküb qara, işıltılı qonur gözləri ilə ovçuya baxdı.

Lənətə gələsən səni, dəli şeytan! Yenə ovçunun əlləri sustaldı, yenə ovçu yerində donub qaldı. Heyvanın gözləri o qədər qəşəng, parlaq və cazibəli idi ki, ovçu bu dəfə də ona əl qaldıra bilmədi. Ona elə gəldi ki, əgər o, təbiətin bu nadir yaraşığına qəsd edərsə, əgər bu saat ona zillənmiş o qəribə gözlər qapanarsa, yanaqlardan süzülən bütün bu yaşıl işıqlar bir anda sönəcək, meşə üzərinə zülmət bir gecə enəcək, dağlar-qayalar belə fəryad edib haray qoparacaqlar. Sanki bu dəqiqə təbiət özü ürəyini tutub nəfəsini udmuş, rəngi qaçmış meşə çiçəkləri gözlərini geniş açmışdı.

Ovçu davam gətirməyib başını aşağı saldı, ayaqları altındakı qorxmuş çiçəklərə baxıb gülümsədi – o, təqib etdiyi ovuna imkan verirdi ki, qaçsın, uzaqlaşsın. Yox, görünür, o, bu maralı ovlaya bilməyəcəkdi. Artıq ikinci dəfə idi ki, maral onu bu cür sehrləyirdi. İkinci dəfə idi ki, o, bu günəş gözlü varlığa qıya bilmir, ürəyini gəmirən acgöz ovçuluq ehtirası ruhuna işləyən bir gözəlliyin amansız cazibəsi ilə üz-üzə gəlirdi. Ovçu şikarının yox olduğunu güman edərək başını qaldırdı. Lakin maral getməmişdi. Maral ona baxırdı. Ovçu heyrət içində gözlərini döydü. Bu zaman maral xəfif bir hərəkətlə başını buladı, sol biləyini qaldırıb dırnaqlarını iki dəfə yerə çırpdı, sonra yola düzəldi. Bu dəfə o qaçmayaraq ağır-ağır gedirdi. Bir qədər uzaqlaşıb yolunu kəsən pöhrəliyi döşü ilə yardı, sonra dayandı, boynunu büküb yenə geriyə baxdı.

Elə bil o, ovçunu harasa çağırırdı. Ovçu ovunun iradəsinə tabe olaraq maralın dalınca getdi. Maral qabaqda, ovçu arxada meşə ilə çox getdikdən sonra, nəhayət, onlar uçurumlu böyük bir dərəyə yetişdilər. Ovçu bütün cığırların bu uçurumlu dərə kənarında bitdiyini gördü. Elə bil buradan o tərəfə heç kəs keçməmiş, dərənin o biri tayı nə insan səsi eşitmiş, nə insan ləpiri görmüşdü…