Энтони де Мелло – Bir dəqiqə axmaqlıq (страница 2)
– Bundan belə bir qənaətə gəlmək olar ki, nəzəriyyələr faydasızdır?
– Xeyr. Qızılgülü parçalayaraq biz dəyərli məlumatlara yiyələnə bilərik, lakin gülün özü haqda heç bir şey öyrənməyəcəyik. İnsan alim olarkən çoxlu biliklər əldə edir, lakin o, Gerçəkliyin özü barədə heç bir şey bilmir.
İnsanlar qısqanclıq, həyəcan, inciklik, günah kimi neqativ hislərdən ayrılmaq istəmirlər, çünki bu onların eqosunu2 qidalandırır, onlarda həyatın dolğunluğu təəsüratını yaradır, – deyən Ustad nümunə kimi bu əhvalatı danışdı:
“Kənd poçtalyonu çəmənliyi velosipedlə keçirdi. Yolun yarısında bir öküz onu görüb dalınca düşür. Yazıq güc-bəla ilə özünü hasara çatdıra bilir.
– Bir az da geciksəydin, səni yaxalayacaqdı, – səhnəni seyr edən Ustad ona dedi.
– Hə, – poçtalyon təngnəfəs halda cavab verdi, – hər dəfə də belə olur”.
Günahlarını etiraf etmək üçün kilsəyə getdiyini söyləyən dindar qadına Ustad:
– İnana bilmirəm ki, sən ağır bir günaha batasan, – dedi. – Sən nəyi etiraf etdin ki?
– Bir dəfə bazar günü ibadətinə getməyə tənbəllik etmişdim, bir dəfə isə bağbanla dalaşmışdım. Hələ bir dəfə də qayınanamı evdən qovmuşdum.
– Amma bu, beş il əvvəl baş verib, elə deyilmi? O vaxtdan bəri sən, yəqin ki, günahlarını etiraf etmisən.
– Hə, etmişəm. Ancaq mən bunu hər dəfə təkrarən edirəm. Bunu xatırlamaq, sadəcə, mənim xoşuma gəlir.
Ustad iddia edirdi ki, insanların əksəriyyəti Real həyatda deyil, öz ağlı ilə yaratdıqları həyatda yaşayır.
Bir alim bu məsələ ilə bağlı mübahisə etməyə gələndə Ustad iki çubuğu yerdə “T” hərfi şəklində qoyaraq soruşdu:
– Burada nə görürsən?
– “T” hərfini – alim cavab verdi.
– Elə də bilirdim, – Ustad söylədi. – Təbiətdə heç bir “T” hərfi yoxdur; olan ancaq sənin beynindəki işarədir. Burada isə sadəcə olaraq iki dənə qırıq budaq qoyulmuşdur.
– Siz Gerçəklik barədə danışarkən, – Ustad dedi, – sözlərlə izah edilə bilinməyəni təsvir etməyə çalışırsınız. Buna görə də təəccüblü deyil ki, sizin dedikləriniz səhv başa düşülə bilər. Bax buna görə də həyata İncil gözü ilə baxan insanlar vaxt keçdikcə axmaq və qəddar olurlar: onlar sağlam düşüncəyə deyil, özlərinin Müqəddəs yazıları nə cür başa düşdüklərinə əməl edirlər.
Və sonra dediklərinə maraqlı bir pritça ilə bu cür illüstrasiya verdi:
“Kənd dəmirçisi özünə ağır işi minimal qiymətə yerinə yetirməyə razı olan bir köməkçi tapdı. Dəmirçi ilk gündən cavan oğlanı öyrətməyə başladı:
– Mən metal parçasını oddan çıxarıb zindana qoyduqdan sonra sənə başımla işarə verəcəyəm. Sən də həmin vaxt çəkiclə onu vur.
Şagird başa düşdüyü kimi etdi.
Növbəti gün o, kənd dəmirçisi oldu”.
Ateist:
– De görüm, doğrudan da, Tanrı mövcuddurmu?
Ustad:
– Əgər səninlə tam səmimi olmağımı istəyirsənsə, onda cavab verməyəcəyəm.
Bir müddət sonra şagirdləri ondan cavab verməməyinin səbəbini soruşdular.
– Bu sualın cavabı yoxdur, – Ustad dedi.
– Deməli, sən ateistsən?
– Əlbəttə, yox. Ateist sözlərlə ifadəsi mümkün olmayanı inkar etməklə səhvə yol verir.
Dediklərini dərk etsinlər deyə qısa fasilə gözlə-dikdən sonra əlavə etdi:
– Teist, əksinə, sözlərlə ifadəsi mümkün olmayanı təsdiq etməklə səhvə yol verir.
– Sənin sakitliyinin sirri nədədir?
– Qaçılmaz olanla tam barışmağımda, – Ustad cavab verdi.
– Xoşbəxt olmaq üçün nə etmək lazımdır?
– Malik olduğunla qənaətlənməyi öyrənmək lazımdır.
– Bəs, ümumiyyətlə, nəyi isə arzulamaq olar?
– Olar, – Ustad cavab verdi, – əgər özünü bir dəfə doğum evində rast gəldiyim bir ata kimi aparsan. Tibb bacısı ona demişdi:
– Bilirəm ki, oğlan arzusunda idiniz, lakin sizin qızınız oldu.
– Əşi, heç nə olmaz, hər şey normaldır. Axı mən onsuz da düşünürdüm ki, əgər oğlan olmasa, yəqin, qız olacaq.
Xeyli yaşı olan bir şagird evinin yandığını eşidib oraya qaçdı. Qayıtdıqdan sonra hər kəs ona təskinlik verməyə başladı.
Ustad isə yalnız bunu dedi:
– Əvəzində indi ölmək daha asan olacaq.
Məbəd üçün daha geniş bina tikmək ehtiyacı yarananda bir sahibkar milyon dollarlıq çek yazaraq Ustadın qabağına qoydu. O isə çeki götürərək dedi:
– Çox yaxşı. Mən bunu qəbul edirəm.
Sahibkar məyus oldu. Məbləğ çox böyük idi, Ustad isə heç ona təşəkkür də etmədi.
– Mən milyon dollarlıq çek yazdım, – deyə sahibkar Ustadın diqqətini cəlb etmək istədi.
– Hə, mən gördüm.
– Düzdür, mən zənginəm, amma milyon dollar böyük məbləğdir.
– Sənə təşəkkür etməyimi istəyirsən?
– Məncə, siz bunu etməlisiniz.
– Mən niyə? Verən təşəkkür etməlidir, – Ustad dedi.
Ustadın sosial təminat sisteminə münasibəti təəccüb doğururdu. O gah bunu qətiyyətlə müdafiə edir, gah da ona laqeyd yanaşırdı.
Bu cür qeyri-sabit olmağına verdiyi izah da çaşqınlıq yaradırdı. O deyirdi:
– Yaxşılıq etmək istəyən gərək bütün qapıları döysün. Sevən kəsə isə qapılar həmişə açıqdır.
Şagirdlər mötəbər bir jurnalda Ustadın təliminin lağa qoyulduğunu eşidəndə məyus oldular.
Ustad isə kefini pozmadan:
– Heç kimin gülmədiyi bir şey həqiqi ola bilərmi? – dedi.
– Aydınlanmış insan üçün, – Ustad dedi, – dünya mövcud olduğu vəziyyətdə də mükəmməldir.
– Bəs bağban? – kimsə soruşdu. – O da mükəmməldir?
Məbədin bağbanı qozbel idi.
– Əgər onun həyatdakı qisməti budursa, onda bağban mükəmməl qozbeldir.
Şagirdlər həyatda hər şeyin mükəmməl olduğunu heç cür qəbul edə bilmirdilər. Ona görə də Ustad daha aydın dildə izah etməli oldu:
– Həyatımızın və hətta bizim günahlarımızın iplərindən Tanrı çox gözəl naxışlar toxuyub. Lakin biz bunu görmürük, çünki xalçanın yalnız astarına baxırıq.
Bir qədər də lakonik şəkildə əlavə etdi: