18+
реклама
18+
Бургер менюБургер меню

Энтони де Мелло – Bir dəqiqə axmaqlıq (страница 4)

18

– Rəssam və musiqiçi ilə sufi arasında ümumi olan nədir?

Cavabı bilən olmadı.

– Hər üçü bilir ki, ən mükəmməl nitqi söz yaratmır, – Ustad dedi.

Ustad rəssama dedi:

– Uğura nail olmaqdan ötrü hər bir rəssama, yaxud bəstəkara uzun müddət səylə çalışmaq lazımdır. Bəzilərinə bu zəhmət zamanı öz eqosundan qurtulmaq nəsib olur. Və belə hallarda da şah əsər yaradılır.

Bir qədər keçdikdən sonra şagird Ustaddan soruşdu:

– Ustad kimdir?

– O kəs ki, eqosundan azad ola bilib. Belə adamın həyatı şah əsərdir, – Ustad cavab verdi.

Ustad həmişə deyirdi ki, Həqiqət gözlərimiz önündədir, lakin onu görməyimiz üçün bizə perspektiv çatışmır.

Bir dəfə dağa gedərkən Ustad şagirdini də özü ilə götürdü. Yolun artıq yarısı arxada qaldıqda şagird ətrafı nəzərdən keçirərək məyus halda dedi:

– Hə, indi hanı bəs barəsində həmişə danışdığın gözəl peyzaj?

Ustad gülümsəyərək cavab verdi:

– Sən o gözəlliyin düz ortasında dayanmısan və dağın zirvəsinə çatanda özün buna əmin olacaqsan.

– Ölkəmə qayıtdıqdan sonra mən özümə layiqli Müəllimi haradan tapa biləcəyəm?

– Onu axtarmağına ehtiyac yoxdur. O, həmişə sənin yanındadır.

Şagird heyrətə gəldi.

– Sadəcə, ətrafdakılara verdiyin reaksiyanı müşahidə et – quşlara və ağacların yarpaqlarına, göz yaşına və gülüşə – və onda hər şey sənin Müəllimin olacaq.

Ustadı etiket və xoş davranış tərzinin müdafiəçisi adlandırmaq olmazdı, amma insanlarla ünsiyyətində həmişə özünə təbiətən xas olan ədəb və nəzakətini göstərirdi.

Bir axşam Ustadı maşınla evinə aparan şagirdi yolda polisə qarşı kobudluq etdi. Özünə bəraət qazandıraraq dedi:

– Mən necəyəmsə, elə də olmaq istəyirəm və qoy hamı mənim nə hiss etdiyimi bilsin. Nəzakət havanın tərpənməsi kimi boş bir şeydir.

– Bu elədir, – Ustad gülümsəyərək razılaşdı, – ancaq bizim maşınımızın təkərləri məhz hava ilə doludur və görürsən, zərbəni yumşaltmağa o necə kömək edir.

Ustad, adətən, çox danışmazdı, ancaq söhbət sözlərin heyranedici gücündən düşdükdə o, gözəl natiqə çevrilirdi:

– Sözlərdən ehtiyat edin, – o deyərdi, – elə ki siz ehtiyatı əldən verdiniz, onlar öz həyatlarını yaşamağa başlayır; onlar sizin gözünüzü qamaşdıracaq, sizi hipnoz edəcək, terrora məruz qoyacaq, sizi reallıqdan uzaqlaşdıracaq və məcbur edəcək ki, elə onların özünü gerçəklik kimi qəbul edəsiniz.

Sizin gördüyünüz dünya uşaqların qavradığı Aləm deyil; sizin dünyanız fraqmentlərə bölünüb, sözlərinizlə minlərlə hissəciklərə parçalanıb…

Sanki okeanın hər bir dalğası müstəqildir və okeanın özündən ayrılıqda mövcuddur.

Sözlər və fikirlər susanda Kainat çiçəkləyir, o, real, bütöv və vahid olur; sözlər isə nə olmalıdılarsa, ona çevrilir: partituraya, amma musiqiyə yox; menyuya, amma xörəyə yox; yolda işarəyə, amma yolun sonuna yox.

Bir dəfə Ustad sözlərin hipnozedici gücündən danışırdı. Arxa sıralardan kimsə yerindən səsləndi:

– Sən cəfəngiyyat danışırsan! Məgər durmadan “Allah, Allah, Allah” deyə təkrarlasan, müqəddəs adama dönərsən? Ya da elə hey “Günah, Günah, Günah” deyən adam günahkara çevrilir?

– Otur yerinə, alçaq! – Ustad onun sözünü kəsdi.

Həmin adam çox hiddətləndi. Ən pis söyüşlər yağdırmağa başladı və xeyli vaxt özünə gələ bilmədi.

Peşman olmuş kimi görünən Ustad dedi:

– Bağışlayın məni… özümdən çıxdım. Buna görə səmimi qəlbdən sizdən üzr istəyirəm.

Şagirdin hirsi o dəqiqə soyudu.

– Bu da sənə cavab, – Ustad nəticə çıxardı. – Tək bircə sözə görə sən özündən çıxdın, digərinə görə isə sakitləşdin.

Hökmdar öz möhtəşəm iqamətgahını tərk edib Ustadın yanına gəldi və ona dərs keçməsini tələb etdi.

– Sən məndən nəyi öyrənmək istəyirsən? – Ustad soruşdu.

– Müdrikliyi.

– Ah, dost! Mən bunu böyük məmnuniyyətlə edərdim, ancaq bir əngəl var!

– Hansı?

– Müdrikliyi öyrətmək mümkün deyil.

– Deməli, burada öyrənəcəyim heç nə yoxdur.

– Müdrikliyi öyrənmək olar. Lakin onu öyrətmək olmaz.

Kimsə Ustaddan bəxtə inanıb-inanmadığını soruşdu.

– Əlbəttə, – Ustad göz vuraraq cavab verdi. – Əks halda, sevmədiyin insanların uğurlarını necə izah etmək olar?

Məhəbbət qavrayışı təhrif edir – Ustad bunu tez-tez deyirdi.

Bir dəfə şagirdlər bu sözlərin düzgünlüyünü sübut edən söhbətin şahidi oldular. Ustad bir qadından qızının necə yaşadığını soruşurdu.

– Mənim sevimli qızım! O çox xoşbəxtdir! Onun elə gözəl əri var! Qızıma maşın bağışlayıb, zinət əşyaları alıb, onun üçün qulluqçular tutub. Səhər yeməyini özü onun çarpayısına gətirir, qızım isə hər gün günortadan qabaq yerindən qalxmır. Ər deyil, əsl şahzadədir!

– Bəs oğlunun vəziyyəti necədir?

– Ah, mənim yazıq oğlum! Elə deyingən arvadı var ki! Oğlum onun üçün nə istəyirdisə, edib; maşın, zinət əşyaları alıb, bir ordu qulluqçu tutub. O isə günortayacan yatağında sərilib qalır! Heç ərinə səhər yeməyi hazırlamaq üçün də qalxmır!

Hamı təzə xəbəri müzakirə edirdi: çox dindar olan bir adam intihar edib.

Məbəddə intihar edənin əməli təqdir edilmədi, lakin bəziləri onun imanına heyranlıqlarını dilə gətirməyə başladı.

– Onun imanı? – Ustad soruşdu.

– Axı o öz qərarında mətin olub, elə deyilmi?

– Bu, fanatizmdir, iman yox. İman daha çox mətinlik tələb edir: öz qənaətlərini nəzərdən keçirmək və faktlara uyğun gəlmirsə, onlardan imtina etmək.

Ustad hələ uşaq olarkən məktəbdə onu dalaşqan sinif yoldaşı tez-tez incidirdi.

Böyüdükdən sonra peşman olan həmin adam məbədə gəldi. Ustad onu çox gülərüz qarşıladı.

Bir dəfə yoldaşı özünün o vaxtkı kobud rəftarından söhbət açdı, ancaq Ustad özünü elə göstərdi ki, guya heç nəyi xatırlamır.

– Doğrudan, heç nə yadında deyil? – deyə dostu soruşdu.

– Niyə ki, mən bunu unutduğumu aydın şəkildə xatırlayıram! – cavabı gəldi və hər ikisi güldü.

Yaxınlıqdakı meşənin yanğın nəticəsində məhv olduğunu eşidən Ustad bütün şagirdlərini yanına yığdı:

– Biz sidr ağacları əkərək meşəni bərpa etməliyik.

– Sidr ağacları? – şagirdlər təəccübləndi. – Axı onların böyüməsi üçün iki min il lazım olacaq!

– Belə olan halda bir dəqiqə də ləngiməyək. Dərhal işə başlamaq lazımdır.

Bir şagirdə sual verdilər:

– Ustadın yanına niyə gedirsən? O sənə yaşamaq üçün pul qazanmağa kömək edir?