реклама
Бургер менюБургер меню

Энид Блайтон – Gizli laborotoriya (страница 3)

18

Lakin Enn onlarla eyni fikirdə deyildi.

– Bilirsən nə var, – o, üzünü qardaşına tutub dedi, – təkcə oğlanlar yox, qızlar da güzəştə getməyi bacarırlar. Özü də bu işdə sizdən qətiyyən geri qalmırıq. Məsələn, mən…

– Aman Allah! – Fanni xala araya girib qızın sözünü kəsdi. – Gör bir nəyin üstündə mübahisə eləyirlər! Xəbəriniz var ki, Kirrin-kottecə gəlib çatmışıq?

Corcgilin yaşadığı, həyətində rəngbərəng gül-çiçəklərin bitdiyi bu qədim evin pəncərələri düz Kirrin körfəzinə açılırdı. Uşaqların dördü də sevinclə çığırıb özlərini qapıdan içəri saldı. Evə girəndə çox təəccübləndilər. Coanna da burada, Kirrin-kottecdə idi. Bu yaşlı qadın onların Londondakı evlərində həm təsərrüfat işlərinə baxır, həm də yemək bişirirdi. O, təzəlikcə Londondan gəlmişdi ki, yay tətilində Fanni xalaya ev işlərində kömək eləsin. Coanna qollarını geniş açıb uşaqları sevinclə qucaqladı. Timmi də qadının ətrafında sevinclə dövrə vurmağa başladı.

– Axır ki, gəlib çıxdınız! Gör nə vaxtdır sizi görmürəm! Necə böyümüsünüz! Culian, sən lap yekə oğlan olmusan, boyun da məni ötüb. Enn, sən də bir az boy atmısan.

Enn Coannanı çox istəyirdi. O, qadını qucaqlayıb üzündən öpdü. Culian bel çantalarını içəri daşıyan Fanni xalaya kömək etdi. Çamadanlarını Londondan daha sonra yollayacaqdılar. Oğlanlar köməkləşib bütün əşyaları evə daşıdılar.

Enn isə pilləkənlərlə yuxarı qalxdı ki, yataq otağına baş çəksin. Yay tətillərində o, Corcla birlikdə bu otaqda qalırdı. «Yenidən Kirrin-kottecdə olmaq çox gözəldir!» – qız öz-özünə dedi. Sonra sevinclə zümzümə eləməyə başladı.

Bu vaxt Dik onunla Corcun bel çantalarını otağa gətirdi.

– Bilirsən, Dik, – Enn üzünü qardaşına tərəf tutub dedi, – mən Kventin əminin adaya getməsinə sevinirəm. Axı o, evdə olanda biz rahat oynaya bilmirdik.

– Hə, düz deyirsən, – Dik gülümsəyib dilləndi. – O, evdə olanda cınqırımızı da çıxara bilmirdik. Elə yaxşı ki, çıxıb adaya gedib.

Bu vaxt aşağıdan Fanni xalanın səsi eşidildi:

– Uşaqlar, yemək hazırdır, isti kökə də var, gəlin soyumamış yeyin.

– Gəlirik, Fanni xala! – Dik yuxarıdan aşağı qışqıraraq cavab verdi. – Enn, gəl gedək, mən çox acmışam.

Bu vaxt Corc otağa girdi. Timmi də yanında idi. İt evin bütün künc-bucağını iyləyəndən sonra bir-iki ağız hürüb sakitləşmişdi. İndi də Corcun yanında dayanıb quyruğunu bulayırdı.

– O, həmişə belədir! – Corc itinə baxıb dedi. – Elə bilir, keçən ildən bu yana evdə hər şey dəyişib! Bütün künc-bucağı iyləyir ki, görsün hər şey yerindədir, ya yox.

Uşaqlar üçlükdə aşağı düşdülər. Fanni xala mətbəxdə süfrə açmışdı.

– Ana, nə qədər ki atam evdə deyil, olar Timmi yanımda otursun? O özünü ağıllı aparacaq!

– Yaxşı, qoy otursun, – Fanni xala razılıq verdi.

Nəhayət, şam yeməyi başladı. Masanın üstündə o qədər ləzzətli yemək vardı ki, onlardan başqa iyirmi adam da yeyib doya bilərdi.

Yeməklərin hamısını Coanna bişirmişdi. Yəqin, bütün günü mətbəx sobasının yanından çəkilməmişdi.

Kirrin adasına səyahət

Ertəsi gün hava isti və günəşli idi.

– Adaya getmək olar, – Fanni xala pəncərədən çölə baxıb dedi. – Özümüzlə bir az yemək də götürərik. Əminəm ki, yemək hazırlamaq Kventinin heç yadına da düşməyib.

– Ana, bəs onun qayığı var? – Corc təşvişlə soruşdu. – Yoxsa, mənimkini götürüb?

– Xeyr, əzizim, – Fanni xala dedi. – Kventinin öz qayığı var, amma mən qorxdum ki, o, qayığı adanın sahilindəki qorxunc qayalıqların arasından keçirə bilməz. Adanın yaxınlığında belə sualtı qayaların sayı çoxdur. Ona görə də Kventinə məsləhət gördüm ki, qayığı idarə etmək üçün dənizçi tutsun.

– Bəs adadakı qülləni kim tikib? – Culian maraqla soruşdu.

– Qülləni Kventin özü layihələşdirib, tikinti işini də fəhlələr yerinə yetiriblər, onları nazirlikdən göndərmişdilər, – Fanni xala izah elədi. – Amma bu barədə hər şeyi sirr kimi gizli saxlayırlar. Qonşular da elə hey bu qülləni soruşurlar, halbuki bu barədə mən də elə onlar qədər bilirəm. Tikintidə yerli sakinlərdən heç kim iştirak etməyib, yalnız bir neçə balıqçı əşyaların və fəhlələrin adaya daşınmasına kömək edib, vəssalam.

– Bütün bunlar çox müəmmalıdır! – Culianın maraqdan gözləri parlayırdı. – Deyəsən, əmimizin həyatı çox maraqlı keçir. Əgər belədirsə, mən də alim olmaq istərdim.

– Mən isə, yəqin ki, həkim olacağam, – Dik dilləndi.

Bu söhbət Corca maraqlı gəlmədi.

– Gedim qayığa baxım, – qız dedi.

Corc böyüyəndə nə işlə məşğul olacağını yaxşı bilirdi. Timmi ilə birlikdə Kirrin adasında yaşayacaqdı, vəssalam!

Bu vaxt ərzində Fanni xala səyahət üçün böyük bir yemək çantası hazırlamışdı. Onlar hamılıqla üzüaşağı, dənizə tərəf addımlamağa başladılar. Ən axırda Culian gəlirdi, onun çiynində içi ərzaqla dolu çanta var idi. Corc artıq qayığını suya salmışdı. Bu işdə ona köhnə dostu, balıqçı oğlu Ceyms kömək etmişdi. Oğlan dizəcən suyun içinə girib hamı minəndən sonra qayığı itələmək üçün hazır vəziyyətdə dayanmışdı. Ceyms Corcun əmisi uşaqları ilə yay tətillərinin birində tanış olmuşdu. Kventin əmi əvvəllər Corca Timmini evə gətirməyə icazə vermirdi. Timmi onda küçük idi. Həmin vaxt Ceyms onu öz həyətlərində saxlamışdı. Corc oğlanın bu yaxşılığını heç vaxt unutmur, tətillərdə evə gələndə mütləq ona baş çəkirdi.

– Adaya gedirsiniz? – Ceyms soruşdu. – Orada tikilən hündür qülləni görmüsünüz? Deyəsən, mayakdır.

Oğlan bunu deyib əlini Ennə uzatdı ki, qayığa minməsinə kömək eləsin. Çox keçmədən uşaqlar, Fanni xala və Timmi artıq qayıqda öz yerlərini tutmuşdular. Culianla Corc kürəkləri əllərində hazır saxlamışdılar. Ceyms qayığı itələdi və onlar yavaş-yavaş adaya tərəf üzməyə başladılar. Tezliklə qayıq sürətini artırdı, Culianla Corc kürəklərə güc vermişdilər. Yenidən dənizdə olmaq çox gözəl idi! Kaş tətil çox uzun sürəydi!

– Corc, burada bir az ehtiyatlı olun, – qayıq adaya yaxınlaşanda Fanni xala qızına xəbərdarlıq elədi. – Ətraf təhlükəli qayalıqlarla doludur.

– Ana, yaxşı bilirsən ki, mən bura min dəfə gəlmişəm, hər daşına bələdəm! Adaya gözüyumulu belə sağ-salamat gedib çıxa bilərəm.

Kirrin adasına yalnız bir yerdən, qayalıqların arasındakı balaca təbii buxtadan3 yanaşmaq mümkün idi. Buxtanın sağında və solunda şiş uclu qayalar vardı. Corcla Culian adanı şərq tərəfdən dövrə vuraraq buxtaya yaxınlaşdılar.

– Bura, doğrudan da, çox qəşəng yerdir! – Enn adaya tərəf baxıb heyranlıqla dilləndi.

– Adaya gedirsiniz? – Ceyms soruşdu. – Orada tikilən hündür qülləni görmüsünüz? Deyəsən, mayakdır.

Adada hər şey – köhnə qəsr, onun dağılmış divarları, hətta divarların üstünə qonmuş dolaşalar da öz yerində idi. Qəsrin yanında isə yeni bir qüllə ucaldılmışdı. Qüllə kərpicdən deyil, hansısa hamar, parıltılı materialdan tikilmişdi. Qüllənin ayrı-ayrı hissələrinin arasındakı «tikişlər» aydınca sezilirdi: bu, tikilinin asanlıqla sökülüb başqa yerdə ucaldıla biləcəyindən xəbər verirdi.

– Bu, qəribədir, elə deyil? – Dik dedi. – Hələ qüllənin lap təpəsindəki şüşəli otağa baxın. Eynilə müşahidə göyərtəsinə bənzəyir. Görəsən, onu niyə tikiblər? Fanni xala, bəs ora necə qalxmaq olar?

– Qüllənin içində dolama pilləkənlər var. Yəqin ki, başqa cür mümkün olmazdı. Deyəsən, bütün məsələ də elə o şüşəli otaqdadır. Oradakı məftilləri görürsünüz? Məncə, Kventinə qüllə özü yox, elə həmin otaq lazımdır. Deyəsən, o orada bəzi eksperimentlər aparır.

Bu söhbət Enni darıxdırmağa başlamışdı. Qız Fanni xalanın dediklərini yaxşı başa düşmürdü.

– Mən də ora çıxmaq istərdim, – Enn dilləndi.

– Bəlkə, əmin buna icazə verər, – Fanni xala dedi.

– Hə, əgər o bu gün yuxudan acıqlı durmayıbsa… – Corc istehza ilə dedi.

– Corc, belə danışma, – anası ona məzəmmətlə baxdı.

Həmin vaxt qayıq buxtaya yanaşdı, onun burnu yavaşca qumlu sahilə toxunaraq Kventin əminin qayığının yanında dayandı.

Corcla Culian qayıqdan düşüb onu bir az irəli itələdilər ki, qalanları da ayaqlarını islatmadan aşağı düşə bilsinlər. Hamıdan axırda Timmi qayıqdan yerə hoppandı və dərhal sahil boyunca qaçmağa başladı.

– Timmi, bura gəl! – Corc itinə təpindi.

İt quyruğunu qısıb qızın yanına qayıtdı.

Əlbəttə ki, Timmi adada ora-bura qaçışan dovşanları görmüşdü, amma, heyif ki, Corc onların arxasınca düşməyə icazə vermirdi. O ki pis bir iş tutmurdu!

– Bunlar da bizim köhnə dostlarımız! – Enn də adadovşanlarını görüb ucadan dilləndi. – Fanni xala, görün necə qəşəngdirlər! Ay aman, hələ o bala dovşana baxın! Pəncələrini yalayır, çox gülməlidir, elə deyil?!

Hamı ayaq saxlayıb bu sevimli heyvanlara tamaşa etməyə başladı. Adada heç kim yaşamadığından indiyə kimi dovşanları qorxudan olmamışdı, odur ki uşaqları görəndə ürküb-qaçmadılar.

– Bəs Kventin əmi haradadır? – onlar qəsrin giriş qapısı sayılan iri, yarıuçuq vəziyyətdə olan tağın altından keçəndə Enn soruşdu.

Tağı keçəndən sonra qəsrin həyətinə aparan pilləkənlər başlayırdı. Bir neçə yerdən uçulub-dağılmış pilləkənlərin üstünü ot-alaf basmışdı. Əvvəl Fanni xala ehtiyatla birinci pilləkənə ayaq basdı. Onun arxasınca da uşaqlar çıxmağa başladılar. Kiçik daş dəhlizi keçib qəsrin geniş həyətinə gəlib çatdılar. Bir vaxtlar həyətə daş plitələr döşənsə də, indi onların yerində bircə qum qalmışdı. Bəzi yerlərdə təzə bitmiş otlar gözə dəyirdi. Vaxtilə qəsrin hər iki küncündə iki böyük qala ucalırdı, amma indi onlardan biri, demək olar, uçulub-dağılmışdı, digəri isə nisbətən yaxşı vəziyyətdə idi. Qalanın üstündə məskən salmış dolaşalar uşaqların səsini eşidən kimi bir ağızdan qarıldamağa başladılar.