реклама
Бургер менюБургер меню

Энид Блайтон – Gizli laborotoriya (страница 2)

18

– Yaxşı ki, bu gün çıxıb gedirlər, – başqa bir müəllim dilləndi. – Corc, hara gedirsən? Dayan görüm! Belə qaçmaq olmaz axı! Özü də itlə!

– Artıq tətil başlayıb, ona görə də olar! – Corc bunu deyib yenidən qaçmağa başladı.

Avtobus bir göz qırpımında uşaqları dəmiryolu stansiyasına çatdırdı. Onlar hay-küylə vaqonlara doluşdular.

Hər ağızdan bir avaz gəlirdi: «Bu mənim yerimdir! Qızlar, bel çantamı görməmisiniz ki? Qatar fit verdi! Ura! Yola düşürük!»

Teplovoz ağır-ağır platformadan tərpəndi, içi məktəblilərlə dolu vaqonları da çəkib özü ilə apardı. Stansiyaları, tarlaları, qəsəbələri geridə qoyub, nəhayət, dumanlı Londona yaxınlaşdı.

– Oğlanların qatarı bizimkindən iki dəqiqə əvvəl gəlməli idi, – London vağzalının platformasına yaxınlaşanda pəncərədən baxan Enn dilləndi. – Əgər gecikməyibsə, onlar bizi platformada gözləməlidirlər. Bax, Corc, ordadırlar!

Corc da pəncərədən çölə boylandı.

– Salam! – qız qışqırdı. – Culian, Dik, biz buradayıq!

Kirrin-kottecdə

Culian, Dik, Enn, Corc və Timmi platformanı tərk edib vağzalın yaxınlığındakı kafeyə yollandılar ki, limonad və kişmişli bulka ilə toqqanın altını bərkitsinlər. Nəhayət, onlar yenə bir yerdə idilər! Bu ki qiyamətdir! Timmi oğlanları görəndə elə sevinmişdi ki, kafedə oturduqları müddətdə elə hey onların dizinin üstünə çıxmağa çalışırdı.

– Bura bax, dostum, mən də səni çox istəyirəm, yenidən görüşdüyümüzə görə də çox şadam, – nəhayət, Dik dözməyib dedi, – amma bir az sakit olsan, yaxşıdır. Artıq ikinci dəfədir ki, stəkanımı aşırıb limonadı üstümə tökürsən! Belə olmaz axı! Corc, o, yataqxanada da özünü belə aparırdı?

– Timmi cəmi bircə dəfə anbardan ət oğurlayıb, – Corc gülümsəyərək dedi. – Ayaqqabılarımızı da əvvəlki kimi çeynəyib pis günə qoymurdu. Düzdür, hərdənbir olurdu, lakin kimsə öz çəkmələrini otağın ortasına atıb gedirsə, məgər buna görə Timmi günahkardır? Yazıq it, sadəcə, bir az oynamaq istəyir, vəssalam!

Corc da pəncərədən colə boylandı.

– Salam! – qız qışqırdı. – Culian, Dik, biz buradayıq!

– Hə, Timmi çəkmələrlə oynayandan sonra onların nə günə düşdüyünü təsəvvür eləyirəm, – bu dəfə Culian dilləndi. – Yəqin ki, lap it ağzından çıxmış kimi olurlar! – oğlan bunu deyib qəhqəhə çəkdi. Sonra üzünü Timmiyə tutub dedi:

– Dostum, deyəsən, bu rüb davranışdan qiymətlərin yaxşı deyil, hə? Kventin əmi bunu eşitsə, səni yaxşıca cəzalandırar!

Bayaqdan bəri üzündən təbəssüm əskik olmayan Corc atasının adını eşidən kimi qaşqabağını tökdü. Bunu görən Dik cəld dilləndi:

– Görürəm, əziz əmiqızımız yenə mısmırığını salladı. Deyəsən, o heç dəyişməyib!

Əmisi uşaqlarından uzaqda böyüyən Corc yeni tanış olduqları vaxt onlarla ünsiyyət qurmaqda çətinlik çəkmişdi. Ailənin tək övladı olan Corc əmisi uşaqları ilk dəfə Londondan Kirrin-kottecə gələrkən onları kobud qarşılamış, onlarla oynamaq istəməmişdi. Lakin sonradan uşaqlar bir-birinə isinişib dostlaşmışdılar. Dik də elə bunu nəzərdə tuturdu.

– Heç də elə deyil! – Enn əmisi qızını müdafiə elədi. Sonra oğlanlara Corcun anasının yazdığı məktub barədə hər şeyi yerli-yataqlı danışdı.

– Bura bax, Corc, – Culian bacısının söylədiklərinə qulaq asandan sonra dilləndi, – atan bir müddət adada yaşasa, dünya dağılmayacaq ki! Bundan ötrü bu qədər narahat olmağa dəyməz. Başa düş, axı sənin atan çox yaxşı alimdir, həddən artıq ağıllı və istedadlı adamdır! Məncə, belə insanlara işləmək üçün hər bir şərait yaradılmalıdır. Əgər Kventin əmi hansısa səbəbdən Kirrin adasında işləmək istəyirsə, buna ancaq sevinmək lazımdır! Sən ona elə bu cür də cavab verməli idin: «Əlbəttə, atacan, mən buna görə çox şad olaram!»

Corc əmisi oğlunun bu sözləri ilə qəti razı deyildi, bununla belə, onun fikrinə hörmətlə yanaşdı. Culian yaşca onların hamısından böyük idi. Həm də çox ağıllı və cəsur oğlan idi. Odur ki Corc sakitcə dedi:

– Əgər sən belə hesab eləyirsənsə… Yaxşı, Culian, mən atama hirslənməyəcəyəm. Ancaq nə gizlədim, kefim tamam pozulub. Adada bizdən başqa kiminsə olmasını istəmirdim!

– Hamımız buna görə bir az məyus olmuşuq, – Culian dedi. – Ancaq nə etmək olar?! Yaxşı, bulkanı tez ye qurtar, hələ bundan sonra Londonun ta o biri başına gedib çıxmalıyıq. Yoxsa Kirrinə gedən qatara gecikə bilərik.

Uşaqlar kafedən çıxandan sonra Culian cəld bir taksi saxladı. Çox keçmədən onlar artıq Kirrin qatarında yerlərini tutmuşdular. Enn pəncərənin kənarında oturmuşdu, lakin çölə baxmaq əvəzinə qürurla böyük qardaşına tamaşa eləyirdi. Culian onları vaxtında qatara çatdırmaqla qalmamış, həm də qızlara pəncərə kənarında iki yer təşkil eləyə bilmişdi. Bəli, onun qardaşı heç bir vəziyyətdə özünü itirmirdi!

– Culian, görüşmədiyimiz müddətdə mən bir az boy atmışam, elə deyil? – Enn qardaşından soruşdu. – İstəyirəm ki, boyum tezliklə Corcun boyuna çatsın! Di gəl o da xeyli boy atıb.

– Hə, məncə, boyun təxminən bir santimetr uzanıb, – Culian cavab verdi. – Amma hələ bizə çatmağına çox var.

Qatar Kirrinə gəlib çatdı. Corcun anası Fanni xala uşaqları platformada gözləyirdi. Uşaqlar onun xətrini çox istəyirdilər. Odur ki özlərini sevinclə Fanni xalanın üstünə atdılar. Corcun anası çox xeyirxah qadın idi, tündxasiyyət əri nəyə görəsə uşaqlara hirslənəndə belə həmişə onları müdafiə eləyirdi.

– Kventin əmi necədir? – Culian nəzakətlə soruşdu.

– Yaxşıdır, – Fanni xala cavab verdi, – lakin axır vaxtlar çox narahat görünür. Mən heç vaxt onu bu qədər həyəcanlı görməmişdim. Buna baxmayaraq, deyəsən, elmi işi uğurla davam edir.

– Bəs son təcrübələri nə yerdədir?

– Düzünü desəm, bu barədə heç nə bilmirəm. Axı Kventin öz işləri barədə mənə heç vaxt danışmır. Lakin mənə elə gəlir ki, indi o çox mühüm elmi təcrübə aparır. Hə, bir də, deyəsən, bu təcrübənin son mərhələsi dənizin ortasında, adada keçirilməlidir. Bu barədə başqa heç nə bilmirəm.

– Baxın, bu da Kirrin adası! – Enn birdən qışqırdı.

Onlar küçəni burulub evə yaxınlaşmışdılar ki, gözləri qarşısında möhtəşəm mənzərə açıldı – Kirrin körfəzi göründü. Uzaqda, körfəzin ağzına yaxın yerdə isə bapbalaca torpaq parçası – Kirrin adası gözə dəyirdi. Adadakı qədim qəsrin dağıntıları günəşin şüaları altında çox ecazkar təsir bağışlayırdı.

Corc diqqətlə adaya tərəf baxırdı, bilmək istəyirdi ki, atası orada yeni bir qüllə tikib, ya yox? Uşaqlar da gözlərini adaya zilləmişdilər. Həqiqətən də, qəsrin lap yaxınlığında, çox güman ki, düz onun həyətində ensiz, uzun bir qüllə ucalırdı. Bu tikili qüllədən çox dəniz mayakına2 oxşayırdı. Qüllənin lap təpəsindəki otağın pəncərələri günəşin şüaları altında bərq vururdu.

– Ana, bir ora bax! Necə çirkin görünür! – Corc üz-gözünü əyişdirərək əlini adaya tərəf uzadıb dedi. – Bu mayak bütün mənzərəni korlayır!

– Əzizim, atan söz verib ki, təcrübəsini başa vuran kimi mayakı sökəcək. Yeri gəlmişkən, atan sizin hamınızı bu mayak-qülləyə tamaşa etməyə çağırıb. Əlbəttə, əgər istəyirsinizsə… Məncə, sizin üçün maraqlı olar.

– Əlbəttə! – Enn həyəcanla dilləndi. – Qüllə çox əsrarəngiz görünür. Kventin əmi indi orada təkdir?

– Hə, balaca, təkdir, – Fanni xala dedi. – Düzünü desəm, onun uzun müddət adada qalması mənim heç xoşuma gəlmir. Ən azından ona görə ki Kventin düz-əməlli yemək bişirməyi bacarmır, yəqin, bütün gün ac-acına gəzib-dolaşır. Bir də, orada başına bir iş gələcəyindən qorxuram. Belə olsa, Kventinə necə kömək eləyə bilərəm? O, adada, mən isə burada…

– Gərək Kventin əmiyə tapşırardınız ki, hər gün adadan sizə siqnal göndərsin. Onda əmin olardınız ki, hər şey qaydasındadır, – Culian dedi. – Qüllənin başından siqnal göndərmək çətin iş deyil. Gündüzlər bunu güzgüyə gün işığı salmaqla eləmək olar, gecələr isə fənərlə.

– Düz deyirsən, mən artıq ona bunu təklif etmişəm, lakin bir söz deməyib. Sabah biz hamılıqla adaya yollanarıq. Culian, onda sən bu siqnal məsələsini bir də əminin yadına salarsan. Məncə, o sənin sözünə qulaq asar.

– Necə, atam bizi öz gizli laboratoriyasına dəvət edib?! – Corcun eşitdiklərinə inanmağı gəlmirdi. – Hətta bizi apardığı təcrübələrlə də tanış edəcək?! Amma nahaq zəhmət çəkib. Şəxsən mən heç yerə gedən deyiləm! Çünki bu mənim adamdır! Başqasının orada öz evindəki kimi əmr yağdırmasını görmək istəmirəm!

– Corc, xahiş eləyirəm, yenə özündən çıxma! – Enn ah çəkdi. – Hamımız bilirik ki, ada sənindir. Atan bir müddət orada qalsa, dünya dağılmayacaq ki! Ah, Fanni xala! Corcu sizin məktubunuzu alanda görsəydiniz! Necə qəzəblənmişdi! Çox qorxmuşdum!

Fanni xala köks ötürdü. O, qızının xasiyyətinə yaxşı bələd idi. Corc nəinki başqaları, heç atası ilə də yola getmirdi. Əslində, qız xasiyyətcə atasına çəkmişdi. Bir şey olmamış eynilə atası kimi qaşqabağını töküb çiyinlərini dartırdı. «Ah, kaş Corc da əmisi uşaqları kimi sakit, mülayim, üzüyola olaydı!» – deyə Fanni xala bir anlıq qəlbindən keçirdi. Corc isə anasının üzündəki məyus ifadəni görüb öz hərəkətindən utandı. Əlini anasının çiyninə qoyub dedi:

– Yaxşı, anacan, atama heç nə deməyəcəyəm, özümü ələ almağa çalışacağam. Bəlkə, doğrudan da, o çox mühüm işlə məşğuldur… Mən də sabah sizinlə adaya gedəcəyəm.

– Ən doğrusu elə budur, – Culian dilləndi. – Görürsünüz, o artıq başqalarına güzəştə getməyi öyrənir. Corc, sən belə edəndə əsl oğlana bənzəyirsən!

Qız bu sözləri eşidib qızardı. Culianın onu oğlanlarla müqayisə etməsi çox xoşuna gəlirdi. Axı o, ömrü boyu qız deyil, oğlan olmaq istəmişdi.