Эндрю Найдерман – İblisin vəkili (страница 16)
‒ Bəs mister Milton?
‒ Yəqin, o, işə başqa vaxt gedir.
Miriam gözlərini Kevinə zillədi.
‒ Necə yəni başqa vaxt?
‒ Əzizim, hövsələn olsun, mən hələ hər şeyi yerli-yataqlı bilmirəm. Amma öyrənəcəyəm, öyrənəcəyəm, öyrənəcəyəm, ‒ o öz-özünə zümzümə etməyə başladı.
Miriam arxaya söykəndi. Onlar tıxacda uzun-uzadı dayandıqdan sonra, nəhayət, şəhərə daxil oldular. Kevin Bleyzer-avenyuya dönüb Riversayd-drayva yaxınlaşdıqda Pol Skolfild çoxmərtəbəli binanın qarşısında dayanmış, üstündə «Con Milton və ortaqları» yazılmış limuzindən düşürdü. Pol əli ilə yeraltı qaraja işarə etdi.
Qarajın darvazası açılıb onları içəri buraxdı.
‒ Uşaqlar, sizin yeriniz «15 D»-dir, ‒ Pol dayanacağı göstərib dedi. ‒ Maşını ora verin.
Kevin maşını həmin yerdə saxladı. Pol avtomobilin qapısını Miriam oturan tərəfdən açdı və nəzakətlə əlini uzadıb ona düşməyə kömək etdi. Bu vaxt Kevin də maşından düşdü və həmkarını salamladı.
‒ Sizi yenidən gördüyüm üçün çox xoşbəxtəm, missis Teylor.
‒ Rica edirəm, mənə, sadəcə, Miriam deyin.
‒ Miriam. Onda mən də sizin üçün hər zaman Pol və yalnız Polam, ‒ Skolfild mehriban təbəssümlə cavab verdi. ‒ Lift düz qarajın içindən qalxır, ‒ o, metal qapıları göstərdi, sonra pencəyinin cibindən bir pult çıxarıb Kevinə uzatdı. ‒ Bununla isə darvazanı açmaq olar. İkinci beləsini öz mənzilinizdə mətbəx mebelinin üstündə tapa bilərsiniz. Fikir verirsinizsə, qaraj qızdırılır, ‒ Pol qürurla əlavə etdi və liftin düyməsini basdı.
Sürət liftinin qapıları bir göz qırpımında açıldı və Skolfild əli ilə onları içəri dəvət etdi.
‒ Burada e… Helenlə birlikdə çoxdan yaşayırsınız? ‒ Kevin liftə minəndə Polun arvadının adını yadına salıb soruşdu.
‒ Biz bura mister Milton binanı alan vaxtdan köçmüşük. Təxminən… altı il əvvəl.
‒ Bura, yəqin ki, şəhərdə ən yaxşı yerlərdən biridir, düzdür? ‒ Miriam soruşdu.
Pol gülə-gülə başını tərpətdi.
‒ Biz, demək olar, Linkoln mərkəzinin yanındayıq. Ətrafda çoxlu qalereyalar var, üstəlik, çox sayda teatrın yerləşdiyi rayon da yaxınlıqdadır. Bir sözlə, Nyu-Yorkun istənilən yeri əlimizin altındadır, Miriam.
Liftin qapısı 28-ci mərtəbədə açıldı. Pol əli ilə qapını tutub Kevinlə Miriamı irəli buraxdı, sonra isə dəhlizlə sağa getməli olduqlarına işarə etdi.
Pol «15 D» lövhəciyinin qarşısında dayandı. Bu mənzilin də digərləri kimi palıddan hazırlanmış iri qapısı var idi. Dəstəyin üstündə qapını döymək üçün xüsusi balaca çəkic asılmışdı.
‒ Necə də romantikdir, ‒ Miriam dedi. ‒ Qədim üslubda düzəldilən şeylərdən xoşum gəlir.
Pol açarları çıxarıb qapını açdı və qonaqpərvərcəsinə mənzilin yeni sakinlərinə yol verdi. Onlar əvvəlcə vestibülü xatırladan geniş dəhlizi gözdən keçirdilər. Dəhlizin o biri başından yemək otağına qapı açılırdı. Pəncərələrdən divarboyu mavi məxmər pərdələr asılmışdı. Çöldə hava kifayət qədər tutqun olsa da, bu cür yüksəklikdə içəri, demək olar, işıqlı idi.
‒ Gözəldir… ‒ Miriam özünü saxlaya bilməyib dilləndi.
Ayaqlarının altındakı xalis palıd ağacından düzəldilmiş parketdöşəmə göz oxşayırdı. Buradan aşağı qatda yerləşən və ağ mərmər buxarısı olan daha bir qonaq otağına yol var idi. Yerə səma rəngli təptəzə yaraşıqlı xalça döşənmişdi. Qonaq otağının künc tərəfinə spinet5 qoyulmuşdu.
‒ Kevin, bir bura bax! ‒ Miriam əllərini sinəsinə sıxıb hündürdən dedi. ‒ Həmişə bunu arzulamışam! ‒ o, barmaqlarını alətin dillərində gəzdirdi. ‒ Özü də kökdədi! ‒ Miriam «Memori»nin bir neçə giriş akkordunu çaldı.
‒ Miriam əla çalır, ‒ Kevin izah etdi. ‒ Biz çoxdan idi pianino almaq istəyirdik, amma öz evimiz olana qədər bu işi təxirə salmışdıq.
‒ Axı bu alət haradan peyda olub? Bu kimin ağlına gəlib? ‒ hələ də möcüzəyə inana bilməyən Miriam soruşdu.
‒ Kimin olacaq? Təbii ki, mister Miltonun, ‒ Pol olduqca sakit cavab verdi. Sanki bunda təəccüblü bir şey olmadığına işarə edirdi. Sonra o, çiyinlərini çəkdi. ‒ Ümumiyyətlə isə, alət çoxdan buradadır.
Miriam əlləri ilə spinetin qapağını oxşadı və gülümsədi.
‒ Necə də xoş sürprizdir, ‒ qadın dodağının altında dedi.
‒ Bu alətin işinizə yarayacağına şadam, ‒ Pol cavab verdi.
Hələ də təəccüb içində olan Miriam yuxarı qata – yemək otağına qalxdı.
‒ Kevin, yemək otağımız üçün mən məhz belə divar kağızları almaq istəyirdim. Onları qonşuluqdakı dükanda gözaltı etmişdim.
Miriam büllur çilçırağa valeh oldu, sonra isə divarları limon rənginə çalan geniş mətbəxə keçdi. Burada tosterdən, mikrodalğalı sobadan, qab-qacaqdan tutmuş həvəngdəstə və qozsındıran kimi xırda şeylərə qədər hər şey var idi. Divarboyu vurulmuş rəflər az yer tutduğundan mətbəx böyük və işıqlı görünürdü. Pəncərə yemək otağında olduğu kimi Hudzon çayına baxırdı.
Amma əsas sürprizlər qabaqda idi. Yataq otağını görəndə Miriamın az qala nəfəsi kəsiləcəkdi. Hətta Kevin yerində quruyub-qaldı.
‒ Blisdeyldəki yataq otağımızdan iki… ‒ Miriam kəkələdi.
‒ …dəfə böyükdür, ‒ Kevin onun sözünü tamamladı.
Hamam otağının qapısının yan tərəfində ağ mərmərdən balaca tualet stolu qoyulmuşdu. Divardakı güzgülər otağı bir az da geniş göstərirdi.
‒ Kevin, ‒ Miriam yanıqlı-yanıqlı inildədi, ‒ Blisdeyldəki mənzilimiz indi gözümdə daxmaya çevrildi.
‒ Əzizim, öyrəşəcəksən. İnsan yaxşı şeyə tez öyrəşir.
‒ Ancaq iş orasındadır ki, bizə mebel lazım olacaq, özü də çoxlu mebel. Mənzili doldurmaq üçün… Bir gör nə qədər yer var.
‒ Hər şeyin öz vaxtı var, ‒ Kevin üzünü Pola tutdu. ‒ Başlandı. O lazımdır, bu lazımdır.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.