Эндрю Найдерман – İblisin vəkili (страница 15)
‒ Kevin, axı bizim başqa dostlarımız da var!
‒ Bilirəm, amma əhatəmizi genişləndirməyin vaxtı çatıb, əzizim. Bu insanlar Nyu-Yorkda yaşayır və işləyirlər. Onlar sərgilərə, konsertlərə, rəsm qalereyalarına gedir, istirahət üçün isə xaricə yollanırlar. Nəhayət, sən də ən böyük arzuna çata bilərsən…
Miriam fikrə getdi. Bəlkə, Kevin haqlıdır? Bəlkə, elə o özü də, həqiqətən, bu şəhərcikdə ilişib qalıb? Bəlkə, baramanın içindən çıxmaq vaxtıdır?
‒ Kevin, sən, doğrudan da, əminsən ki, doğru addım atmısan?
‒ Əzizim, ‒ Kevin yerindən qalxıb arvadına yaxınlaşdı. ‒ Bu, sadəcə, düzgün addım yox, həm də çox gözəl addımdır!
Kevin hələ də çaşqınlıq içində olan Miriamı öpdü, onun yanında əyləşib əllərindən tutdu.
‒ Mənim üçün ən əsası sənin xoşbəxt olmağındır. Hətta istəsəm də, səni bədbəxt, ya da məyus edəcək iş tutmaram, bu mümkün deyil. Sənsiz mən də xoşbəxt ola bilmərəm… Axı biz bir bütövün iki parçasıyıq…
‒ Hə…
Miriam gözlərini yumub alt dodağını dişlədi. Kevin arvadının yanaqlarını sığalladı, o, gözünü açdı.
‒ Mən səni sevirəm, Miriam. Səni kiminsə məndən çox sevə biləcəyini təsəvvürümə belə gətirmirəm!
‒ Ah, Kev…
Onlar qucaqlaşıb bərk-bərk öpüşdülər. Bu vaxt Miriam ərinin barmağındakı yeni üzüyü gördü.
‒ Kevin, bunu hardan tapmısan? ‒ o, üzüyü diqqətlə gözdən keçirmək üçün ərinin əlini öz əlinə aldı. ‒ Sənin adının baş hərfidir?
‒ İnanmayacaqsan! Bu, mister Miltonun hədiyyəsidir, bir növ, «xoş gəldin» deməkdir.
‒ Doğrudan? Bəs onların təklifini qəbul edəcəyini hardan bilirdilər?
‒ Mister Miltonla tanış olanda bunu özün daha yaxşı anlayacaqsan. Bu adam ətrafa inam, qüvvət, uğur saçır.
Miriam başını tərpədib yenidən üzüyə baxdı.
‒ Yüksək əyarlıdır, ‒ Kevin barmağını oynadıb qürurla dedi.
‒ Onlar səni özlərinə məftun ediblər…
‒ Elədir.
‒ Kevin, bəs yol məsələsi necə olacaq? Axı sən heç vaxt belə uzağa getmək istəmirdin…
‒ Mister Milton bunun da gözəl həll yolunu təklif etdi, ‒ Kevin gülümsündü. ‒ Hərçənd həqiqət olduğuna adamın inanmağı gəlmir, lakin bu, doğrudan da, belədir.
‒ Nə təklif etdi? De görüm! ‒ Miriam divanda sakit otura bilmirdi.
Kevin onun hövsələsizliyinə güldü.
‒ Bir neçə il əvvəl o, məhkəmədə böyük bir işə çıxıb, nəticədə isə Riversayd-drayvda bina alıb. Orada bizim üçün də mənzil var.
‒ Riversayd-drayvda? Demək istəyirsən ki, biz Nyu-Yorka köçəcəyik?! ‒ Miriam həyəcanlandığını hiss etdi. O heç vaxt iri şəhərlərdə yaşamaq istəməmişdi.
‒ Bilirsən, həmin mənzilin qiyməti neçədir?
‒ Təsəvvürüm belə yoxdur.
‒ Altı yüz min dollar!
‒ Kevin, məgər bizim buna gücümüz çatar?
‒ Şərt deyil ki, gücümüz çatsın…
‒ Necə yəni?
‒ Biz arzu etdiyimiz evi tikənə qədər orada elə-belə yaşaya bilərik. Nə kirayə haqqı ödəmək lazımdır, nə də başqa bir şey. Hətta işıq pulu da verməyəcəyik.
Miriam o dərəcədə heyrətlənmişdi ki, Kevini gülmək tutdu.
‒ Özün təsəvvür elə də: Ted Makkarti, Deyv Koteyn və Pol Skolfild arvadları ilə bir yerdə həmin binada yaşayırlar!
‒ Bəs mister Milton harada yaşayır?
‒ Elə həmin binanın penthausunda4. Ted Makkarti mənə beləcə də dedi: «Con Milton və ortaqları» böyük bir ailədir.
Miriamın müqavimət gücü get-gedə zəifləyirdi. Kevin arvadında onları qarşıda gözləyən yeni həyata maraq oyatmağı bacarmışdı.
‒ Bəs mister Miltonun arvadı və uşaqları var?
‒ Yox. Bəlkə, elə buna görə də öz həmkarlarına ailə üzvləri kimi yanaşır.
‒ Yaxşı, bəs o necə adamdır?
‒ Miriam, ‒ Kevin səmimiyyətlə dedi, ‒ Con Milton həyatımda gördüyüm ən xarizmatik şəxsiyyətdir. O, adamı özünə valeh etməyi az müddətdə, həm də məharətlə bacarır!
Firma rəhbəri ilə söhbətini arvadına danışdıqca Kevin sanki həmin anları yenidən yaşayırdı. Görüşün hər xırdalığı onun xəyalında bir daha canlanırdı.
Şam yeməyindən sonra ər-arvad yorğun halda yatağa girdilər. Kevin bütün gecəni pis yuxular gördü. Belə yuxuların birində Lois Uilsonun məhkəməsi təkrarlanırdı. Bircə fərqlə – bu dəfə hakimin yerində Con Milton əyləşmişdi…
Budur, Milton razılıqla Kevinə baxıb başını tərpədir. Vəkil isə üzünü şahid kürsüsündə tamamilə çılpaq oturmuş Barbara Stenliyə çevirir. Lois Uilson qızın qabağında dayanıb barmaqları ilə onun döşlərini oynadır, sonra vəkilə baxır və əllərini uşağın paçasına salır…
‒ Yox! ‒ Kevin bağırdı.
‒ Kevin?
‒ Yox! ‒ Kevin gözlərini açdı.
‒ Nə olub?
‒ Nə?
‒ Sən qışqırırdın…
‒ Nə? Həə… ‒ Kevin hələ də gözlərinin qabağından çəkilməyən mənzərədən yaxa qurtarmaq üçün tez-tez üzünü ovxaladı. ‒ Heç, pis yuxu görürdüm.
‒ Danışmaq istəmirsən? ‒ Miriam həyəcanla soruşdu.
‒ Yox… Yaxşısı budur, bir az da yatım. Boş şeydir, narahat olma.
Miriam nəsə mızıldanıb təzədən yuxuya getdi. Bir neçə dəqiqədən sonra Kevin də gözlərini yumdu.
Səhər Kevin ofisə zəng vurub dedi ki, bu gün işə gəlməyəcək. Ona görə də Meridən Settonlarla görüşünü ayrı vaxta keçirməyi xahiş etdi. Katibə təəccübləndi, Kevini sorğu-suala tutmağa başladı, amma o, söhbəti uzatmadan dəstəyi yerinə qoydu.
Bu telefon danışığından sonra Kevinlə Miriam əyinlərini geyinib birlikdə qəhvəaltı etdilər, sonra isə birbaşa Nyu-Yorka yollandılar. Gecə il ərzində ikinci dəfə qar yağmışdı. Hələ heç dekabr ayı gəlməmişdi, ancaq yerdə xeyli qar qalmışdı. Torpağın üstünə ağappaq yumşaq xalı sərilmişdi. Qar adamın ayaqları altında xışıldayırdı, Miriam Milad bayramının ab-havasını hiss etdi, hətta kirşələrdəki zınqırovların cingiltisini də eşitdi. Maşına oturarkən o, başını qaldırıb göyə baxdı və buludların arasından mavi səmanın kiçik bir parçasını gördü. Oradan özünə yol tapan günəş şüaları qarın üstündə bərq vurdu.
Lakin Qrand-Sentral-Parkveydəki tıxacla yavaş-yavaş hərəkət edən maşınlar ağappaq qarı boz-qara çamıra çevirmişdilər. Öndəki avtomobillərin təkərləri altından çıxan palçıq sıçrayıb maşının qabaq şüşəsinə yapışırdı. Şüşətəmizləyənlər yeknəsəq bir ardıcıllıqla bu lehməni silirdi. Düz qabaqda – üfüqdə boz buludlar qatılaşırdı.
‒ Zəhləm tıxacdan gedir, ‒ onlar pullu yoldan istifadəyə görə ödəniş köşkünə çatanda Kevin donquldandı. ‒ Adam boş yerə vaxt itirir, üstəlik, əsəbləri gərilir…
‒ Gördüyün kimi, şəhər həyatı da bir şey deyil: bir yandan tıxaclar boğaza yığır, o biri yandan isə maşını saxlamaq üçün həmişə yer axtarmalı olursan…
‒ Miriam, parkinq problem deyil. Bizim orada nəhəng yeraltı qarajımız var.
‒ Doğrudan? Nə danışırsan!
‒ Əzizim, üstəlik, işə getmək üçün öz maşınımdan istifadə etməyə də ehtiyac yoxdur. Mister Milton əməkdaşları üçün limuzin ayırıb. Bir növ, marşrut taksisi kimi evdən işə, işdən evə aparır. O dedi ki, bu limuzin ikinci ofis kimidir, orada işləmək üçün lazım olan hər şey var. Biz hətta limuzində gündəlik işlərimizi də müzakirə edə bilərik.
‒ Biz?
‒ Hə də: Pol, Ted, Deyv…