Эдгар Аллан По – Hekayələr (страница 7)
– Sizə izah edərəm, özünüz hər şeyi aydınca başa düşərsiniz. Əvvəlcə gəlin sizinlə danışdığım andan haqqında danışdığımız o qəribə göyərtisatanla toqquşduğunuz vaxta qədər nə haqda düşündüklərinizi yada salaq. Hadisələr aşağıdakı ardıcıllıqla cərəyan edir: Şantilyi, Orion, həkim Nikols, Epikür, stereotomiya8, səki daşları və göyərtisatan.
Həyatda çox az adam tapılar ki, heç olmasa, bir dəfə əyləncə naminə başına gələnləri fikrində götür-qoy etməsin, məlum nəticə çıxarmasın. Bu, çox maraqlı bir əyləncədir. Kim ona birinci girişsə, çıxış nöqtəsindən son nəticəyə qədər böyük bir məsafənin olduğunu və onların arasındakı uyğunsuzluğu gördükdə heyrətlənəcək.
Təəccüblə Düpenə qulaq asırdım, özü də eşitdiklərimin tamamilə həqiqət olduğunu istər-istəməz etiraf etdim. Dostum davam etdi:
– O biri küçəyə burulmazdan qabaq, düzgün yadımda qalıbsa, gərək ki, atlar barəsində danışırdıq. Düz bu yerdə söhbətimiz kəsildi. Bax bu küçəni keçərkən başında iri bir səbət olan göyərtisatan cəld yanımızdan ötdü və sizi küçəni təmir etmək üçün bir yerə topalanmış daşların üstünə itələdi. Daşların birinə ilişib büdrədiniz. Çevrilib daş topasına baxdınız, sonra yolunuzu davam etdiniz.
Hərəkətlərinizi xüsusi bir diqqətlə izləyirdim. Müşahidəçilik son zamanlar mənim üçün bir növ tələbata çevrilib. Onu deyim ki, sıx-sıx pilətələr döşənmiş Lamartin döngəsinə çatanadək baxışlarınızı yerdən çəkmədiniz, üzünüzdə incik bir ifadə vardı. Səkidəki çala-çuxur və qazılmış yerlərə baxırdınız. Bundan bu nəticəyə gəldim ki, siz hələ də səki daşları barədə düşünürsünüz. Burada isə eyniniz açıldı, dodağınızın qaçmağını gördüm. Dodaqaltı “stereotomiya” sözünü dediniz. Buna şübhə etmədim. Başa düşdüm ki, “stereotomiya” sözü sizi atomlar haqqında fikrə, yeri gəlmişkən, Epikürün nəzəriyyəsi9 barəsindəki mülahizələrə gətirib çıxaracaq. Bu bizim yaxınlarda müzakirə etdiyimiz mövzu idi. Yadınızdadırsa, mən sizə yunan aliminin son dərəcə heyrət doğuran dumanlı müəmmalarından, bu müəmmaların müasir kosmoqoniya elmində10 əldə olunan nəticələr ilə təsdiq edilməsindən və Epikürə lazımi qiymətin verilməməsindən danışmışdım. Hiss etmişdim ki, başınızı qaldırıb yuxarıya – Orion bürcündəki nəhəng ulduzlar topasına nəzər salacaqsınız. Siz yuxarı baxdınız və mən əmin oldum ki, sizin hərəkətlərinizi düz izləmişəm.
Dünən qəzetdə Şantilyiyə qarşı kəskin hücumlarda bir tənqidçi onun ünvanına tamamilə yaramazcasına sözlər yazmışdı: “Pinəçi faciə rolunda çıxış edərək çalışmışdır ki, öz adını dəyişdirsin”. Latın müəllifindən bir sitat gətirmişdi. Həmin sitata biz də söhbətlərimizdə bir neçə dəfə istinad etmişik. Bu sözləri nəzərdə tuturam: “Perdidit antiquum litera prima sonum” – yəni birinci hərfin dəyişməsi ilə sözün qədim tələffüzünün dəyişməsi. Sizə danışmışdım ki, burada Orion nəzərdə tutulur; bu söz keçmişdə Urion yazılarmış. Bu izahatlarla bağlı şeylərdən belə başa düşürəm ki, siz onu unuda bilməmisiniz. Buna görə də bildim ki, Orion sizi Şantilyi haqqında düşünməyə sövq edəcək. Belə də oldu. Bunu sizin dodaqlarınızın qaçmasından bildim. Siz zavallı pinəçinin fədakarlığı barədə düşünürdünüz. Bura qədər yeriyərkən belinizi əymişdiniz, indisə gördüm ki, qəddinizi düzəltdiniz. Əmin oldum ki, siz Şantilyinin balaca boyu haqqında düşünürsünüz. Elə bu yerdə düşüncələrinizə mane oldum. Dedim ki, bu Şantilyi çox balaca olduğundan sirkdə oynasa, daha yaxşı olardı.
Bu söhbətdən azacıq sonra ikimiz də “Gazette des Tribunaux”11-un axşam nömrəsini nəzərdən keçirərkən aşağıdakı başlıq diqqətimizi cəlb etdi. “Qeyri-adi qətl”: “Bu gecə saat üç radələrində Sen-Rok məhəlləsinin sakinlərini aramsız dəhşətli qışqırtılar yuxudan oyatdı. Qışqırtılar Morq küçəsindəki madam Epanye və onun qızı Kamillanın yaşadığı binanın dördüncü mərtəbəsindən gəlirdi. İçəri girmək üçün bağlı darvazanı sındırmaq lazım gəldi. On nəfərə qədər qonşu iki jandarmın müşayiəti ilə içəri doluşdu. Artıq qışqırtılar kəsilmişdi. Amma dəstə pilləkənin birinci pilləsinə təzəcə qədəm qoymuşdu ki, yuxarıda iki-üç acıqlı kişi səsi eşidildi. Adamlar dördüncü mərtəbəyə çatanda bu səslər də kəsildi. Tam sakitlik çökdü. Dəstə bir neçə yerə bölündü. Onlar bir otaqdan o birinə qaçırdılar. Dördüncü mərtəbədəki böyük arxa yataq otağına çatanda (otağın qapısı içəridən açarla bağlandığından onu da sındırmalı oldular) gördükləri mənzərə onları dəhşətə gətirdi. Otaqda hər şey alt-üst edilmişdi. Avadanlıq sındırılmış və hara gəldi tullanmışdı. Orada bir çarpayı qalmışdı. Onun da üstündən yorğan-döşək götürülmüş və otağın ortasına atılmışdı. Stulun üstündə qanlı ülgüc vardı. Buxarının məhəccərinə iki-üç qom uzun, sıx, ağarmış qanlı insan saçı yapışıb qalmışdı. Görünür, tükləri dəri ilə birlikdə qoparmışdılar. Döşəmədə topaz qaşlı bir cüt sırğa, üç böyük gümüş qaşıq, üç balaca qaşıq və içində dörd min franka yaxın qızıl pul olan iki kisəcik vardı. Küncdəki komodun siyirmələri açılmışdı. Görünür, kimsə qurdalanmışdı, bununla belə, siyirmələrdə hələ də çox şey qalmışdı. Balaca dəmir seyf yorğan-döşəyin altından tapıldı. Seyf açıq idi, açar da qapısının üstündəcə qalmışdı. Onun içərisində bir neçə köhnə məktub və lazımsız kağız-kuğuzdan savayı heç nə yox idi. Madam Epanyedən əsər-əlamət yox idi, ancaq buxarının ocaq yerinə xeyli qum tökülmüşdü. Bacanı yoxladılar. (Söyləyəndə adam dəhşətə gəlir.) Qızın başıaşağı vəziyyətdə olan meyitini dartıb oradan çıxardılar. Meyit başıaşağı dar bacanın içinə – yuxarıya pərçim edilmişdi, hələ soyumamışdı. Müayinə edərkən məlum oldu ki, bir neçə yerdən dəri siyrilib. Bu da, şübhəsiz, zorakılığın izləriydi. Sifətində çoxlu dərin cırmaq izləri, boğazında isə tünd qançırlar, dərinə işləmiş dırnaq izləri qalmışdı. Mərhuməni boğub öldürmüşdülər. Evin hər yeri ətraflı yoxlanıldı, dəstə heç nə aşkar edə bilməyib binanın dal tərəfindəki daş döşənmiş kiçik həyətə sarı getdi. Orada isə yaşlı xanımın meyitinə rast gəldilər. Boğazı elə kəsilmişdi ki, meyiti qaldırmağa cəhd etdikdə baş qopub yerə düşdü. Bədən də baş kimi dəhşətli dərəcədə elə eybəcər kökə salınmışdı ki, onda insana oxşayan heç nə qalmamışdı. Bu dəhşətli müəmmanı açmaq üçün əlimizdə hələlik azacıq da olsa imkanımız yoxdur”.
Ertəsi gün qəzetdə aşağıdakı əlavə məlumat dərc edildi:
“Morq küçəsində faciə baş verib. Bu fövqəladə və dəhşətli hadisə ilə əlaqədar olaraq çox adam dindirilmiş, amma sirri açmaq üçün təzə heç nə aşkar edilməmişdir. Əldə olan ifadələr aşağıda təqdim edilir:
“Paltaryuyan Polina Dübur ifadə verir ki, o, mərhumların ikisini də üç ildir tanıyır. Bu müddət ərzində onlar üçün paltar yuyub. Yaşlı xanımla qızı yaxşı yola gedirdilər. Bir-birinə çox mehriban idilər. Onun zəhmət haqqını xəsislik etmədən verirdilər. Onların həyat tərzi və yaşayış vasitələri barəsində dəqiq heç nə demir. Güman edir ki, xanım fala baxır, bununla da dolanırdılar. O, xanımın çoxlu pulu olduğunu düşünür. Paltar yumağa çağırılarkən və paltarı yuyub geri qaytararkən evdə heç vaxt kənar adama rast gəlməyib. Onların qulluqçusu olmadığına əmin idi. Evin dördüncü mərtəbəsindən başqa, heç yerdə avadanlıq olmayıb.
Tütün köşkünün sahibi Pyer Moro ifadə verir ki, dörd il müddətində xanım Epanyeyə az miqdarda tütün və burunotu satıb. Xanım və qızı bu evdə altı ildən çox olardı ki, yaşayırdılar. Orada əvvəlcə bir zərgər yaşayırmış və üst otaqları müxtəlif adamlara kirayəyə verirmiş. Ev xanım Epanyenin şəxsi mülkiyyəti idi, kirayəçilər evə pis baxdıqlarından onları evdən çıxarıb yuxarı mərtəbəyə özü keçmiş, kirayənişin saxlamaqdan imtina etmişdi. Yaşlı xanım uşaq kimi idi. Şahid bu altı il müddətində xanımın qızını ən çoxu beş-altı dəfə görmüşdü. Ana-bala həddindən artıq qapalı həyat tərzi keçirirmiş. Deyilənə görə, onların xeyli pulu varmış. Qonşular arasında xanım Epanyenin fala baxdığını deyənlər olsa da, şahid onlara inanmırdı. O, evə heç vaxt ana-baladan, arabir dalandardan və bəzən həkimdən savayı bir kəsin gəldiyini görməmişdi.
Başqa qonşular da eyni sözləri dedilər. Kiminsə evə tez-tez baş çəkdiyini deyən olmadı. Xanım Epanye və qızının haradasa dostlarının olub-olmadığını da bilən yox idi. Küçəyə baxan pəncərələrin qapıları nadir hallarda açılardı. Dördüncü mərtəbədəki böyük arxa otağın pəncərələrindən başqa, həyətə açılan pəncərələr daim bağlı olardı. Ev bir o qədər də köhnə deyildi və yaxşı vəziyyətdəydi.
Jandarm İsidor Müze bildirir ki, hadisə yerinə səhər saat üç radələrində gəlmişdi. O gələndə darvazanın yanında iyirmi-otuz adam vardı. Onlar içəri keçməyə cəhd göstərirdilər. Nəhayət, onlar qapını süngü ilə açdılar. Qapı ikitaylı olduğundan, yuxarı və aşağıdan siyirmə ilə bağlanmadığından onun açılması bir o qədər də çətinlik törətmədi. Qışqırtılar darvaza açılana qədər davam etdi və sonra qəflətən kəsildi. Yəqin ki, bunlar ağrıdan qovrulan bir adamın (və ya adamların) qırıq-qırıq, həyəcanlı qışqırtısı idi. Şahid qabağa düşüb yuxarı mərtəbəyə qalxdı. Birinci pilləkənin başına çatanda acıqlı və ucadan eşidilən iki səs eşitdi. Səslərdən biri xırıltılı, o biri isə ciyiltili idi. Çox qəribə səs idi. Birincinin bəzi sözlərini ayırd edə bilib. Bu, fransız dilində deyilmiş “şeytan” və “iblis” sözləri idi.
Ciyiltili səs əcnəbi adamın səsi idi, amma şahid onun qadın və ya kişiyə məxsus olduğuna əmin deyildi. O, başqa nə deyildiyini başa düşə bilməyib, ancaq yad adamın ispanca danışdığını güman edir. Otaq və meyitlərin vəziyyəti şahid tərəfindən biz dünən təsvir etdiyimiz kimi verilib.