18+
реклама
18+
Бургер менюБургер меню

Эдгар Аллан По – Hekayələr (страница 3)

18

Günbatana baxan qara otaqda isə qan-qırmızı şüşədən keçib qaranlıq pərdələrin üstünə düşən işıq adama daha da sirli-sehrli gəldiyindən, üstəlik də, içəridəkilərin üzünü tanınmaz, qorxunc hala saldığından tək-tək qonaq bu qapının kandarını adlamağa ürək eləyirdi.

Bu otağın günbatana açılan pəncərəsinin altında qara ağacdan düzəldilmiş nəhəng bir saat vardı. Saatın ağır kəfkiri yeknəsəq boğuq cingiltiylə sağa-sola yellənirdi, hər saat başı onun mis “ciyər”lərindən aydın, ürəyəyatan, həm də olduqca məlahətli gur səs qopurdu. Ancaq bu səsin çox qəribə gücü, ahəngi olduğundan çalğıçılar hər saatın tamamında əl saxlayıb ona qulaq kəsilməyə məcbur qalırdılar. Onda oynayan cütlüklər fırlanmağına ara verirdi, kefcil dəstə çaşqın-çaşqın donub-qalırdı, saatın zəngi vurduqca ən arsız pozğunları da təşvişə salırdı, bir az yaşlı, müdrik olanlarsa qara-qura fikirləri başlarından silib atmaq üçün əllərini alınlarına çəkirdilər. Saatın səsi kəsər-kəsməz şən gülüşlər otaqları doldururdu; çalğıçılar boş yerə səksəkəyə düşdüklərini düşünüb təbəssümlə baxışırdılar, hər biri də böyründəkinə pıçıldayıb and-aman eləyirdi ki, indən belə zəng səsini vecinə almayacaq. Di gəl ki düz altmış dəqiqədən – sürətli zamanın xırda doğranmış üç min altı yüz saniyəsindən sonra yenə otağı bir çaşqınlıq bürüyür, məclis əhlinin canına yenə vəlvələ düşürdü. Bununla belə, şənlik çox təmtəraqlı, çox da əyləncəli keçirdi.

Şahzadənin fərqli zövqü vardı: o, zahiri parıltılara həris idi, rənglərin bilicisi idi, amma dəb qayğısına qalmazdı. Onun ağlına gələn hər fikir dəlicəsinə qeyri-adi olur, vəhşi bir dəbdəbəylə tamamlanırdı. Qıraqdan baxan onu dəli sanardı, ancaq şahzadənin yaxın adamları başqa fikirdəydilər. Di gəl ki şahzadəni görməyən-eşitməyən, onun həndəvərində dolanmayan kəs onların dediyinə inanmazdı.

Böyük məclisə hazırlıq görüldüyü günlərdə yeddi otağın döşənib-bəzədilməsinə şahzadə şəxsən özü başçılıq eləyirdi. Geyim və maskaların seçimində də onun dəstxəti duyulurdu. Söz yox ki, hər şey əndazəni aşmış biçimdəydi! Hamısında parıltı, bər-bəzək, hər şey yuxu kimi yalan, ancaq maraqlı, eynən sonralar “Ernani”də1 gördüyümüz kimi idi. Hər yanda əcaib-qəraib məxluqlar fırlanırdı, hamısının da ya biçimində, ya da əyin-başında nəsə bir qəribəlik vardı. Bütün bu mənzərə qızdırmadan alışıb-yanan xəstənin sərsəm sayıqlamasına bənzəyirdi. Burada çoxlu gözəllik, çoxlu əxlaqsızlıq, çoxlu qəribəlik vardı, arabir nə isə dəhşət saçırdı, tez-tez nələrsə adamda özündən ixtiyarsız ikrah doğururdu. Yeddi otağın yeddisində də yuxularımızdan gəlmə qarabasmalar dolaşırdı. Qıvrılıb-açılan bu kölgələr hər otaqda rəngini dəyişə-dəyişə gah orda, gah burda sayrışırdı; adama elə gəlirdi ki, orkestrin qulaqbatıran gurultusu vur-tut onların addımlarının əks-sədasıydı.

Qara məxmər çəkilmiş zaldan isə vaxtaşırı saat səsi gəlirdi. Onda bir anlıq hər şey – zəng səsindən başqa hər şey donub-qalırdı, əcaib məxluqlarsa elə bil yerə yapışırdılar. Saatın bir göz qırpımı çəkən zəngi susan kimi şən, bir az da boğuq gülüşlər yenə axıb dəhlizi basırdı, musiqi yenə qulaq batırırdı, kabuslar yenə cana gəlirdi, kürələrin işığını otaqlara axıdan pəncərələrin altında rəng alıb rəng verən qəribə geyimli adamlar əvvəlkindən də qıvraq hərəkət edirdilər. Bu zaman maskarad əhli yalnız dəhlizin günbatana baxan başındakı otağa girməyə ürək eləmirdi: gecə yarı olduqca qızarmış kürənin al dilləri qan-qırmızı şüşələrdən sel kimi axıb keçir, matəm pərdələrinə bir az da qorxunc görkəm verirdi.

Qara xalıya ayaq basan kimsəyə saat zəngi əcəl zəngi kimi gəlirdi, bu səsin zəhmi altında onun ürəyi dəhlizin o başında kef eləyənlərin ürəyindən betər vururdu.

Qalan otaqlar qonaqla ağzınacan doluydu – oralarda həyat coşub-qaynayırdı.

Saat gecəyarısını vuranda şənliyin şirin yeri idi. Qabaqkı kimi yenə çal-çağır yatdı, vals oynayanlar fırlanmağına ara verdilər, haradansa əsən vahimə yeli hamını vurdu. Bu dəfə saat on iki dəfə zəng çalacaqdı, ola bilsin, elə buna görə qorxu yavaş-yavaş ən ayıq adamların da canına yol tapırdı. Son zəngin cingiltisi hələ qulaqlardan çəkilməmiş birdən-birə şənlik əhlinin gözü indiyəcən kimsənin fikir vermədiyi bir maskaya dikildi. Yeni maskanın peyda olması xəbəri bir anda bütün qonaqlara yetişdi; əvvəlcə pıçapıç düşdü, ardınca da kütlə əvvəlcə narazılıqdan, heyrətdən, sonra da qorxudan, dəhşətdən, hiddətdən uğuldadı.

Yeni bir maskalının peyda olması bu dəli yığıncağında, bəlkə də, kimsəyə qəribə görünməzdi. Bu gecə şadyanalığında heç kəsin hərəkətlərinə yasaq qoyulmasa da, yeni maskalı həddini aşmışdı, şahzadənin belə keçmədiyi sərhədi pozmuşdu. Ən dayaz qəlbin də elə telləri var, o telləri titrətmədən o qəlbə toxunmaq olmaz. Olumu da, ölümü də zarafat bilən ən ümidsiz adamların zarafata salmadığı şeylər də var.

Deyəsən, bu məqamda qonaqların hər biri yad adamın geyiminin, ədasının həm yersiz, həm də zarafatsız olduğunu duymuşdu. Boylu-buxunlu qonaq yorğun-üzgün görünürdü, başdan-ayağa kəfənə bürünmüşdü. Üzünə tutduğu maska donuq meyit cizgilərini elə dəqiq yamsılayırdı, tükü tükdən seçən gözlə də bu yalanı gerçəkdən ayırmaq çətin olardı. Heç bu da adamları bir-birinə vurmazdı, hələ bəlkə, məclis əhlinin xoşuna da gələrdi. Ancaq masqaraçı özünü “Qırmızı ölüm”ə bənzətməyə cəsarət eləmişdi. Üst-başına qan çilənmişdi, alnından, sir-sifətindən al-qırmızı dəhşət yağırdı. Öz rolunu yaxşı oynamaq üçün rəqs eləyənlərin arasında təntənəli yerişlə gəzişən qarabasmanı görəndə şahzadə Prospero qorxdumu, eyməndimi, nəydisə, bədənindən qəribə əsməcə keçdi, bir an sonra isə onun üzünə qəzəbdən qızartı çökdü.

– Kimdir bu?! – şahzadə başına dolanan saray adamlarından xırıltılı səslə soruşdu. – Bu şeytan fəndi kimin ağlına gəlib? Tutun onu, maskasını da çıxarın ki, bilək səhər qala divarından kim asılacaq!

Şahzadə Prospero bu sözləri dəhlizin gündoğana baxan başındakı mavi otaqda dedi. Güclü, qətiyyətli şahzadənin aydın, uca səsi yeddi otağın yeddisində də ildırım kimi çaxdı, onun bir əl işarəsi ilə hamı, hər şey susdu. Hə, bu hadisə mavi otaqda baş verdi, rəngi qaçmış saray adamlarının aralığa aldığı şahzadə bu otaqdaydı. Onun buyruğunu eşidən kütlə yaxınlıqda dayanmış yad adamın üstünə atılmağa hazır durmuşdu, adamsa qəfildən sakit, arxayın addımlarla şahzadəyə sarı yeridi. Kimsə ona əl qaldırmağa ürək eləmədi – bu dəlinin yekəxanalığı hamının canına anlaşılmaz bir vəlvələ salmışdı. O, şahzadənin yanından düz keçdi, – qonaqlar ona yol vermək üçün hər iki divar boyu sıralanmışdılar, – onu başqalarından ayıran həmin o səlis, təntənəli yerişlə mavi otaqdan qırmızıya, qırmızıdan yaşıla, yaşıldan narıncıya, oradan ağ otağa, oradan da bənövşəyi otağa, nəhayət, qara otağa adladı, bu müddətdə bir adam da onun qabağına durmadı.

Bu zaman həm qəzəbdən, həm də ötəri ağciyərliyinə görə çəkdiyi xəcalətdən başını itirmiş şahzadə Prospero özünü dəhlizin dərinliyinə atdı; ancaq ölüm qorxusuna mübtəla olmuş saray adamlarından heç kim onun ardınca getmədi.

Əlində siyrilmiş xəncərlə qaçan şahzadə qara otağın astanasında düşmənə çataçatda yad adam qəfil dönüb gözlərini ona zillədi. Tükürpədən bağırtı qopdu, əvvəlcə qaranlıqda parıldayıb-sönən xəncər, sonra da şahzadənin cansız bədəni matəm xalısının üstünə düşdü. Onda qorxudan hərəkətə gələn məclis əhli bütün cəsarətini toplayıb qara otağa axışdı. Ancaq saatın kölgəsində donub-qalmış mənfur məxluqu ələ keçirər-keçirməz dəhşətlə anladılar ki, hikkəylə yırtmaq istədikləri kəfənin də, qorxunc maskanın da altında heç nə yoxdu. Gələnin “Qırmızı ölüm” olduğuna daha kimsənin şübhəsi qalmadı. O, gecənin qaranlığında içəri gizlincə girmişdi.

Qan çilənmiş ziyafət salonlarında əyyaşlar bir-birinin ardınca yerə döşənir, ölüm onları hansı vəziyyətdə haqlayırdısa, o halda da can verirdilər. Sonuncu kef əhlinin ölümüylə qara ağacdan qayrılmış saatın da səsi batdı, kürələrin də alovu söndü.

Sonra hər yerdə Zülmətin, Fəlakətin, bir də “Qırmızı ölüm”ün mütləq hökmranlığı başlandı.

SFİNKS

Dəhşətli vəbanın Nyu-Yorkda at oynatdığı günlərdə2 mən qohumlarımdan birinin dəvəti ilə iki həftəliyə onun Hudzon çayının sahilindəki gözdənuzaq, xudmani kottecinə dincəlməyə getmişdim.

Sərəncamımızda hər cür yay əyləncəsi vardı: meşədə gəzmək, naturadan rəsm çəkmək, qayıqla üzmək, balıq tutmaq, çimmək, musiqi dinləmək, kitab oxumaq – bütün bunlar vaxtımızı şad-xürrəm keçirməyə artıqlamasıyla yetərdi, əgər hər səhər azman şəhərdən gələn bəd xəbərlər olmasaydı. Elə bir gün olmazdı ki, hansısa tanışımızın ölüm xəbərini almayaq. Vəba quduzlaşdıqca biz dostların itkisinə alışırdıq. Ancaq hər xəbərin gəlişini ürək döyüntüsüylə qarşılayırdıq.

Cənubdan əsən külək elə bil ölümün nəfəsi idi. Bu duyğu, bu düşüncə mənim canıma-qanıma işləmişdi. Başqa nədənsə danışa, nəsə düşünə, yuxularımda ayrı nəsə görə bilmirdim.

Ev yiyəsi təmkinli adam idi, hərçənd o da bərk sarsılmışdı, elə hey mənə ürək-dirək verməyə çalışırdı. Onun müdrik ağlı qara-qura xəyallara uymazdı. Gerçək təhlükəni o, göydə tutardı, ancaq olmayan yerdə təhlükə qorxusuyla yaşamazdı.

Ev yiyəsinin kitabxanasında əlimə düşən bir para kitabların ucbatından onun mənim xəstə, qaranlıq xəyallarımı dağıtmaq cəhdi, demək olar, daşa dirəndi. O kitablarda yazılanlar mənə qanımla ötürülmüş, canımın bir küncündə gizlənmiş bütün mövhumat toxumlarını cücərtmək gücündəydi. Mən kitabları qohumumdan xəbərsiz oxumuşdum, buna görə də o, xəyallarımı körükləyən səbəbləri anlamaqda çətinlik çəkirdi.