Джеймс Роллинс – Qum fırtınası (страница 5)
– Doktor əl-Məaz, Kensinqton qalereyasının nəzarətçisi, – Flemminq onu təqdim edib əlini yelləyərək Safiyəni yaxınlaşmaq üçün dəvət etdi.
Safiyə muzeyə gələndə Flemminq adi bir mühafizəçi işləyirdi. İndi o, təhlükəsizlik xidmətinə rəhbərlik edirdi. Dörd il bundan əvvəl Flemminq Kensinqton qalereyasından İslamaqədərki dövrə aid olan bir heykəlin oğurlanmasının qarşısını almışdı. Məhz həmin sayıqlığına görə o, indiki vəzifəsinə layiq görülmüşdü. Kensinqton ailəsi onların nəzərində fərqlənənləri mükafatlandırmağı bacarırdı. Və o vaxtdan da, Flemminq həm Safiyəyə, həm də onun qalereyasına xüsusi qayğı ilə nəzarət edirdi.
İnspektor Semuelson Safiyəni monitorun qarşısına gətirdi. Flemminq əlini onun çiyninə vurdu və bu zaman onun gözlərində başsağlığı ifadəsi yarandı.
– Həqiqətən, çox təəssüf edirəm. Sizin qalereya, sizin işləriniz…
– Biz çox şey itirmişik?
Flemminq sanki fiziki ağrı keçirdi. O, dinməzcə monitorlardan birinə işarə etdi. Real vaxtın ağ-qara görüntüsü ekranda əks olundu. Safiyə şimal cinahın əsas dəhlizinin tüstü burumlarına büründüyünü gördü. Yanğınsöndürənlər əleyhqazlarda işgüzarlıqla vurnuxurdular. Bir neçə nəfər Kensinqton qalereyasının girişini bağlayan barmaqlıqların yanında dayanaraq, çubuqların üzərində çarmıxa çəkilib qaxac olunmuş, skeletə oxşar siluetə diqqətlə baxırdılar.
Flemminq başını yellədi.
Ən yaxın vaxtda meyitləri eyniləşdirmək üçün müstəntiq gələcək. Ancaq biz əminik ki, bu, Harri Mastersondur, mənim adamlarımdan biri.
Kömürə dönmüş fiqur tüstüləməyə davam edirdi. Yəni bu, nə vaxtsa insan olub? Safiyə bütün dünyanın başına hərləndiyini görüb, geri səndələdi. Flemminq onun qolundan tutmalı oldu.
– Mən heç nə başa düşmürəm, – Safiyə söylədi. – Orada nə baş verib?
Hərbi geyimli bir kişi ona cavab verdi:
– Biz ümid edirik ki, siz bunun aydınlaşdırılmasına yardım edəcəksiniz, – bunu deyərək, texnikə müraciət etdi. – Geriyə, sıfır yüz qeydinə qədər çevirin.
Əmrinin yerinə yetirildiyinə əmin olan hərbçi Safiyəyə tərəf çevrildi. Onun siması sərt və pis niyyətli idi.
– Mən Müdafiə Nazirliyinin terrorizmə qarşı mübarizə şöbəsinin təmsilçisi kommander Rendolfam.
– Terrorizmə qarşı mübarizə? – Safiyə çaşqınlıqla nəzərlərini digərlərinə yönəltdi. – Deməli, bu bomba imiş?
– Hələ bunu müəyyən etmək lazımdır, mem!1 – kommander Rendolf cavab verdi.
Texnik geriyə çevrildi.
– Ser, hər şey hazırdır.
Rendolf əl işarəsi ilə Safiyəni monitora tərəf dəvət etdi.
– Biz istəyirik ki, siz bu yazıya baxasınız. Qeyd etməliyəm ki, görəcəklərinizin hamısı məxfi informasiyalardır. Aydındır?
Safiyə heç nə dərk etmədən, sadəcə başını tərpətdi.
– Yazını qoşun. – Rendolf göstəriş verdi.
Ekranda Kensinqton qalereyasının sonuncu zalında videokameranın çəkdiyi bir görüntü əks olundu.
Hər şey qəza lampalarının işıqlandırdığı sadə bir otaqda olduğu kimi idi. Birdən, Safiyə qonşu zaldan işığın yeni mənbəyinin necə üzə çıxdığını gördü. Əvvəl ona elə gəldi ki, bir nəfər fənərlə içəri girdi. Ancaq, tezliklə aydın oldu ki, işıq mənbəyi öz-özünə hərəkət edir.
– Bu nədir? – Safiyə soruşdu.
– Ona texnik cavab verdi.
Biz bu yazını müxtəlif filtirlərdən istifadə edərək tədqiq etmişik. Görünür, bu ildırım şarıdır. Tufanın formalaşdırdığı sərbəst hərəkət edən plazma şarı. Mənə məlum olduğu qədər, bu lənətə gəlmiş şey ilk dəfədir ki, plyonkaya çəkilir.
Safiyə bu cür hadisələr haqqında müəyyən şeylər eşitmişdi. Parıldayan şarların dolu hissələri yerin üst qatının açıq yerlərində uçaraq binaların içində, təyyarə bortlarında, hətta sualtı gəmilərdə peyda olurlar. Həmçinin, ildırım şarları nadir hallarda ziyan vururlar. Safiyə ani olaraq nəzərini qalereyanın girişindəki kömürlənmiş meyiti göstərən qonşu monitora yönəltdi. Əlbəttə ki, partlayışın səbəbi ildırım şarı deyildi.
Safiyə bu barədə götür-qoy etdiyi zaman ekranda bir adam, mühafizəçi göründü.
–Harri Masterson, – Flemminq izah etdi.
Safiyə ucadan nəfəs aldı. Əgər təhlükəsizlik xidmətinin əməkdaşı doğru deyirsə, o zaman o biri monitorun ekranında sümük–lərinin tüstüləndiyi əks olunan həmin insan budur. Safiyə göz–lərini bağlamaq istəsə də, alınmadı.
Mühafizəçi nəzərini havada üzərək işıq saçan şardan ayıra bilmirdi. Deyəsən, o, Safiyənin yanında olanlar kimi çaşıb qalmışdı. Mühafizəçi nə isə məruzə edərək ratsiyanı ağzına yaxınlaşdırdı ancaq, videogörüntü səslə müşaiyət olunmurdu. İldırım şarı havada üzərək dəmir fiqur yerləşdirilmiş şüşəli şkafa girdi. İşıqsaçan şar damın arasında dağılaraq titrəyib yox oldu.
Mühafizəçi ratsiya ilə danışmağa davam edərkən, nəsə onu təşvişə saldı. O, çıxışa tərəf çevrildi. Bu vaxt şüşəli şkafın divarları bayıra dağıldı. Həmin anda ekran gözqamaşdırıcı ağ rənglə işıqlanıb söndü.
– Saxlayın və dörd saniyə əvvələ çevirin, – kommander Rendolf əmr etdi.
Görüntü dondu, sonra kadrlar ardıcıllıqla geriyə dəyişməyə başladı. Ağ işartıda zal göründü, sonra dəmir fiqurun ətrafında olan qırıntılardan şüşəli şkaf yığılmağa başladı.
Burada saxlayın.
Görüntü azacıq əsərək monitorun ekranında donub qaldı. Dəmir fiqur şüşələrin arasında açıq-aydın görünürdü. Hətta çox aydın. Deyəsən, özü işıq saçırdı. Safiyə nəzərlərini qədim fiqurdan çəkə bilmədi. İndi o, bura niyə görə dəvət olunduğunu anladı. Burada iştirak edənlərin heç biri Kensinqton qalereyasında nələrin baş verdiyini dərk edə bilmirdi. Onların ekranda gördüklərinin heç bir məntiqi izahı yox idi.
– Bu nə müəmmalı heykəldir belə? – kommander Rendolf soruşdu. – O, çoxdan buradadır?
Safiyəyə elə gəldi ki, onun sözlərində bir şübhə duyuldu. Əgər muzeyə heykəlin altında maskalanmış bomba gətirilibsə, onda necə? Və əgər belədirsə, necə yardım etmək olar?
Safiyə sanki gərəksiz fikirləri ataraq başını yellədi.
– Bu, heç də heykəl deyil.
– Onda nədir?
– Bu, on doqquzuncu əsrin sonunda Oman səhrasında tapıl-mış meteorit qırıntısıdır.
Safiyə metal fiqurun daha qədim tarixə malik olduğunu bilirdi. Əsrlər boyu ərəb rəvayətlərində girişini dəmir dəvə qoruyan itmiş şəhər haqqında deyilirdi. Deyilənlərə görə, bu şəhərin sərvəti xəyalları heyran edirdi. Orada o qədər ləl-cəvahirat vardı ki, qara mirvarilər darvazaların ağzında adi çay daşları kimi səpilmişdi. On doqquzuncu əsrdə bir bədəvi sarvan ingilis tədqiqatçını itmiş şəhərə aparmağı öhdəsinə götürsə də, şəhəri tapmaq ona nəsib olmamışdı. İngilis tədqiqatçı yalnız qumda basdırılmış, dizləri üstə oturan dəvəyə bənzər dəmir fiqur tapmışdı. Qara mirvari isə meteorit düşməsi ilə yaranan böyük temperatur nəticəsində qumdan əmələ gələn, ərimiş şüşədən olan hissələrlə aşkarlanmışdı.
– Dəmir dəvə Britaniya muzeyinin kolleksiyaları sırasına yarandığı vaxtdan daxildir, – Safiyə davam etdi. – Mən ona kataloqda rast gəlib ekspozisiyaya əlavə edənə qədər, ehtiyatda qorunurdu.
Yaranmış sükutu xəfiyyə Semuelson pozdu.
– Bu nə vaxt baş verib?
– İki il bundan qabaq.
– Daha doğrusu, kifayət qədər çoxdan. – xəfiyyə Samuelson kommander Rendolfa diqqət yetirərək vurğuladı. O, bununla sanki kommanderin mübahisənin nəticəsi ilə qane olduğunu yoxlayırdı.
– Meteorit? – hərbiçi başını yelləyib öz-özünə söylədi. – Bu, heç nəyi izah etmir.
Göründüyü kimi Rendolf terrorçular haqqında dediyi variantın iflasa uğradığını görüb, məyus oldu.
Qapıdan gələn səs hamını geri çevrilməyə məcbur etdi. Safiyə muzeyin direktoru Edqar Taysonun otağa daxil olduğunu gördü. O, adətən qüsursuz görünsə də, indi əyninə öz üz ifadəsinə heç cür uyğun olmayan azacıq əzilmiş kostyum geymişdi. Tayson fikirli halda ağarmış saqqalını qaşıyırdı. Safiyə yalnız indi direktorun şübhəli yoxluğu nə ilə izah olunduğunu düşünməyə başladı. Muzey Edqar Tayson üçün bütün həyatının işi idi.
Qəribə gecikmənin səbəbi həmin dəqiqə aşkar oldu. Otağa ucaboy, böyük qarışla hesablansa, altı futdan da hündür, dama-dama “şotland” üslublu və su damlaları ilə örtülmüş uzun paltoda bir qadın sanki elektrik enerjisi ilə soxuldu. Onun çiyinlərinə qədər vurulmuş qızılı-qumral saçları quru idi və yığılmış yumşaq telləri öz-özünə tərpənirdi. Görünürdü ki, qadın çətir götürməyi unutmamışdı.
Kommander Rendolf qəddini düzəldib irəli addım atdı. Onun səsində qəflətən ehtiramlıq duyuldu.
– Salam, ledi Kensinqton.
Qadın salamlaşmaya əhəmiyyət vermədən, nəzərləri Safiyəyə zillənib qalana qədər həyəcanla otağa baxdı. Və dərhal ona tərəf gələrək Safiyəni bərk-bərk bağrına basıb həyəcanla dedi.
– Saffi, şükür Allaha! Mən eşidəndə… Sən elə tez-tez gecə yarısına qədər işləyirsən ki.... Mən də sənə zəng edə bilmirdim.
Safiyə da qadına qısıldı. Uşaqlıqdan tanış olduqları üçün, bacı kimi bir-birinə yaxın idilər.
Sakit ol, Kara. Məndə hər şey qaydasındadır, – Safiyə pıçıldayıb, üzünü rəfiqəsinin çiyninə sıxaraq onun necə titrədiyini hiss etdi.
Adətən dözümlu və güclü olan Kara heç vaxt gizlətmədiyi səmimi qorxunun dərinliyində təccübləndi. Axı o, atası ölən vaxtdan etibarən sevgisini bu cür nümayiş etdirməmişdi. O zaman onlar ikisi də gənc idi.
Kara həyəcandan əməlli-başlı titrədi.
– Əgər səni itirsəydim, mən neylərdim?
O, Safiyəni möhkəm qucaqlayıb özü də təsəlli axtararaq, ona təsəlli verirdi.
Safiyənin gözlərindən yaş gəldi. O, başqa ağuşları və buna oxşar sözləri xatırladı: “Mən sənsiz yaşaya bilmərəm”.
Anası avtomobil qəzasında öləndə Safiyənin cəmi dörd yaşı vardı. Atası da o vaxt sağ olmadığı üçün Safiyəni uşaq evinə verdilər. Bura, damarlarında qarışıq qan axan uşaq üçün dəhşətli bir yer idi. Bir ildən sonra Kensinqton ailəsi onu himayəyə götürdü ki, o, balaca Kara ilə oynasın. Safiyə həmin günü pis xatırlayırdı. Onun dalınca hündür bir kişi gəlmişdi. Bu, Karanın atası Recinald Kensinqton idi.