Джалил Мамедкулизаде – Danabaş kəndinin əhvalatları (страница 4)
– Qazı ağa, bir xeyir işimiz var. Bu qəndi gətirdim ağız şirinliyi olsun.
– Ay şirin kam olasan, mənim qardaşım. Yəqin ki, kəbin kəsdirəcəksən.
– Xeyr, qazı ağa, kəbin deyil, siğədir.
– Nə eybi var, siğə dəxi yaxşı… Çox gözəl, çox gözəl. Allah mübarək eləsin. Siğəni sən özün eləyirsən, ya özgəsi eləyir?
– Xeyr, qazı ağa, özüm eləyirəm, əgər iş düzəlsə.
Qazı üzünü qapıya səmt tutub, nökərini çağırıb ona buyurdu ki, qəndi ortalıqdan götürsün, qəlyan doldursun və çay gətirsin. Sonra genə üzünü tutdu Xudayar bəyə:
– Necə buyurdun, iş düzəlsə?
– Bəli, qazı ağa, əgər işi bir tövrnən yoluna qoysanız, biz sizə duaçı olarıq.
– Dəxi nə tövrü var ki! Siğədi, oxuyuram qurtarıb gedər da.
– Yaxşı buyurursan, qazı ağa, amma lazımdı ki, övrət tərəfindən bir vəkil olsun.
– Əlbəttə, mən demirəm ki, vəkil olmasın. Vəkil də gərək olsun, şahıd da gərək olsun. Vəkilsiz, şahıdsız siğə oxunmaz ki.
Xudayar başını saldı aşağı, bir qədər fikir eləyib cavab verdi:
– Bəli, belədi.
Qazı dübarə üzünü tutdu Xudayar bəyə:
– Pəs hanı sənin vəkilin və şahıdların?
– Hələ ki nə vəkil var, nə şahıd. Görək necə olacaq.
Qazı çox təəccüb elədi:
– Bə sənin nə vəkilin var, nə şahıdın var, haradan mən siğə oxuyacağam?
– Bəli, belədi, qazı ağa, belədi.
– Vallah, mən sənin sözlərindən baş açammıram. Əgər siğə oxutmaq istəyirsən, gərək övrət tərəfindən vəkil gələ, mən də siğəni oxuyam. Əgər vəkillər və şahıdlar burda deyil, qalsın sonraya. Onlar da gəlsin, o vaxt siğəni oxuyum. Ya xeyr, burda özgə bir maneçilik var, ta orasını da özün bilərsən.
Xudayar bəy qazının sözlərindən sonra bir qədər də
– Doğrusu, qazı ağa, mənim bir mətləbim var. Allahdan gizlin deyil, dəxi səndən niyə gizlin olsun.
– De, de görək. Əlbəttə, məndən dəxi niyə gizlədəsən?!
Qapı açıldı, cavan oğlan padnos içində iki stəkan çay gətirib birini qoydu qazının və birini də Xudayar bəyin qabağına. Qazı oğlana işarə elədi durmasın otaqda. Oğlan çıxıb gedəndən sonra Xudayar bəy alçaq səs ilə başladı:
– Qazı ağa, sözün əsli budur ki, bizim Danabaş kəndində bir dul övrət var. Mənim çoxdandı fikrimdədi onu siğə eləyim, amma övrət gəlmir. Bilmirəm ürküdürlər, ya nədi. Deyir getmərəm ki, getmərəm. İndi qalmışam belə. Sizin qulluğunuza gəlməkdə qəsdim bu idi ki, bu ərzimi sizə yetirim, görüm siz nə buyurursunuz. Bu əmrə, bəlkə, bir çarə tapasınız.
Bu heyndə haman qız uşağı başını qapıdan soxdu içəri və dedi:
– Dədə, anam burdadı?
Qazı qızın üstünə çığıran kimi qız rədd oldu. Sonra cavan oğlan qəlyanı gətirib qoydu qazının qabağına. Oğlan istədi dursun, qazı getməyi işarə elədi. Qazı qəlyanı damağına salıb üzünü tutdu qonağa.
– İndi pəs nə tövr deyirsən eləyək?
– Başına dönüm, qazı ağa, hər necə olmuş-olsa, gərək düzəldəsən bu işi.
Qazı qəlyana bir bərk qüllab vurub başını bulaya-bulaya deyir:
– Bəli, gətdiyin iki girvənkə qənddir, zornan övrəti gətirib qatarıq sənin qoynuna. Get, ay həpənd!
Xudayar bəy qazının sözünün cavabına bir qədər dikəlib və sağ əlinin şəhadət barmağını yuxarı qalxızıb dedi:
– Bax, ey qazı ağa, and olsun o bizi yaradan Allaha, sən əgər mənim bu işimi aşırsan, mən məlun adamam, əgər başımı da sənin yolunda əsirgəyəm.
– Bəradərim, mənə sənin başın lazım deyil, Allah sənin başını səlamət eləsin. Mənə bu lazımdır, bax bu.
Qazı bu sözləri deyəndə sağ əlini də yerdən böyük kəllə qəndin boyuca qaldırmışdı yuxarı. Sözünü deyib qurtardı, amma əlini çəkmədi. Bu halətdə saxlayıb diqqət ilə baxırdı Xudayar bəyin üzünə. Əlini o vaxt yendirdi ki, Xudayar bəy razılıq cavabı verdi. Xudayar bəyin cavabı bu oldu:
– Qazı ağa, fikrini hara dağıdırsan? Mən bir para adamlardan deyiləm ki, söz deyim, vədə verim, dalısında durmuyum. Kişi
Xudayar bəy sakit oldu. Qazı başladı:
– Allah səni xəcalət eləməsin öz birliyi xatirinə. Rəfiqim, mən şəxsin simasından bilirəm ki, bu nə tövr adamdır. Mən indi
– Bax bu gözüm üstə, bax bu gözüm, bax gözüm üstə, üstə, bax bu gözüm üstə…
Bu sözləri deyirdi və sol əlini qoyurdu gah sağ gözünün, gah sol gözünün üstə. Axır sözünü bu cür tamam elədi:
– Dəxi sözün nədi, qazı ağa? Bunlar hamısı baş üstə. İndi bəs sən mənim işimi nə tövr sazlayacaqsan?
Qazı başını saldı aşağı, bir qədər təsbeh çevirib "ya Allah" dedi və durdu ayağa, getdi kitabları eşib, bir qara cildli kitab gətirib açdı. Gözlüyü taxdı gözünə və başladı alçaqdan oxumağı. Qazının səsi çıxmırdı, ancaq dodaqları tərpəşirdi. On dəqiqə çəkdi qazının oxumağı. Sol əlinin şəhadət barmağını kitabın bir yerində saxlayıb üzünü tutdu Xudayar bəyə:
– Bilirsən, bəy, bu məsələ çətin məsələdir. Belə işlər az-az ittifaq düşər. Kitaba ondan ötrü baxıram ki, görək şəriət bu xüsusda nə buyurur.
Qazı bu sözü deyib genə cumdu kitaba, bir qədər oxuyub sevincək kitabı bükdü, qoydu qabağına.
– İnşallah,
– Qazı ağa, elə bu saat, elə deyirsən, durum bu saat gedim alım gətirim. Mənim əlimdə çətindir?
– Əzizim, qəndi və çayı gətirərsən qoyarsan buraya, sonra gedib üç-dörd nəfər kəndinizin əhlindən gətirərsən mənim yanıma. Amma gərək o şəxslər hamısı sənin rəfiqlərindən ola. Onların birisi gəlib mənə deyər ki, həmin övrət mənim anamdır. Bu şəx-sə, yəni sənə gəlmək istəyir və məni bu xüsusda vəkil eləyibdi. Qeyriləri də şəhadət verərlər. Vəssalam. Mən də siğəni oxuram, qurtarıb gedər.
– Qazı ağa, əgər iş bu cür qurtaracaq, bu lap asan işdi. Üç-dörd nədi, yüz adam kəndimizdən tökərəm bura. Hər nə soruşursan soruş, mən dediyimi onlar da desinlər. Kimin ağzıdı mənim sözümdən çıxsın?
Bu sözləri deyib Xudayar bəy durdu ayağa.
– Gedim görüm kəndimizin adamlarından şəhərdə kimi tapa biləcəyəm.
Xudayar bəy qapıdan çıxmaq istəyirdi, qazı çağırıb dedi:
– Bəy, içəri zəhmət çək, sənə iki vəsiyyətim var. Əvvəla, budur ki, qənd-çaya, söz yox, pul verəcəksən. O pulları sən çöldən tapmamısan ki… Əlbəttə, alnının tərilə qazanmısan. Pəs çünki belədi, barı səy elə, yaxşı mal al. Zəmanə indi çox xarab olub, adamı əlüstü tovluyurlar. Karapet ağaya təzəlikdə yaxşı qənd gəlib, adına Prodski deyirlər. Səy elə, haman qənddən al. Çayı da indi özün bilərsən, nə tövr olar-olsun.
Xudayar bəy:
– Baş üstə, – deyib istədi çıxıb getsin. Qazı genə çağırıb qaytardı otağa.
– Əzizim, mən ərz elədim, iki vəsiyyətim var; birini dedim, birini də deyim, ondan sonra azadsan.
– Buyur, qazı ağa.
– İkinci vəsiyyətim budur ki, bizim bu işimiz gərək ölən günə kimi öz yanımızda qalsın.
– Ay qazı ağa, uşaqsan? Məni elə nadan bilmə.
– Qulaq as, sözümü qurtarım. Bəli, bu iş gərək məxfi qala.
– Necə gərək qala?
– Gərək gizlin qala, heç kəs gərək bu işdən xəbərdar olmaya. O adamlar ki, sən bura gətirəcəksən, gərək sənin elə rəfiqlərin olsun ki, bu sirri özgəsinə verməsinlər. Ondan ötrü ki, söz yox, burada bir xilafi-şər əməl yoxdu, amma çünki bu cür işlər az ittifaq düşür, hər eşidən güman edəcək ki, burda bir xilaf əməl var. Pəs bu səbəbə bu iş, əlbəttə, əlif əlbəttə, gərək sənin, mənim və şahıdlarının arasında qala. Vəssalam. İndi gedə bilərsən.
– Baş üstə, qazı ağa, baş üstə. Əlbəttə, belədi. Bu sözləri deyib, Xudayar bəy qazının evindən çıxıb üz qoydu getməkliyə.
III
Xudayar bəy sevincək tez bazar məscidinin yanına yetişib, yendi bazar çayına, dəstəmaz alıb girdi məscidə və namaz qılıb üz qoydu bazara. Çarşı ilə gedib və qazı nişan verdiyi ermənini soruşub getdi, girdi bir böyük dükana. Qəfəsənin dalında bir qarnı yoğun erməni oturub yazıya məşğul idi. Xudayar bəy dükanın o səmtinə baxıb, bu səmtinə baxıb, çıxardı çubuğunu və başladı doldurmağı, Karapet ağa qələmi qoydu yerə və təəccüb ilə baxdı Xudayar bəyin üzünə. Xudayar bəy çubuğu doldurub yeridi Karapet ağanın yanına və əlini qoltuq cibinə uzadıb və bir çimdik qov çıxardıb tutdu Karapet ağanın qabağına.