Джафар Джаббарлы – Hekayələr (страница 3)
Züleyxa da xəbər tutdu, ərinə yalvarıb rüsxət alaraq qardaşıgilə getdi. Zəngin bir evdən gəldiyi üçün, Aslanın fəqiranə, miskin və məhzun daxmasını görüb tez Fərhadı deyil, əvvəlcə Aslanın boynunu qucaqlayıb ağladı. Aslan da Züleyxanın solğun rəngini görüb ağladı. Vaqiən, Əsgər Züleyxanı çox incidirdi. Hər bir söz üçün onun üstünə çığırırdı. Özünə bir rus qızı tapıb gecə-gündüz onunla olurdu.
Aslanın acığına bir ildə Züleyxanı bir dəfə də qardaşının evinə qoymamışdı. Lakin Züleyxa hamısına dözür, səbir edirdi. Bilirdi ki, ərindən çıxarsa, qardaşından başqa elə bir adam yoxdur ki, onun yanına getsin. Qardaşı da özünü ancaq saxlaya bilirdi. Hərdən Züleyxanın ürəyi az qalırdı çatlasın, lakin əlacsızlıqdan dözürdü, gözləyirdi ki, “Qoy Fərhad qurtarıb gəlsin, əli bir yerə yetişsin, yəqin ki, məni bu halda qoymayacaq, mühəndis bir adama məni saxlamaq ağır olmaz”. İndi isə öz qardaşlarını zəhmətə salmamaq üçün hər əzaba, hər zülmə dözürdü.
Onlar hər üçü bir yerdə şad çörək yedilər. Sabahı Züleyxa evlərinə getdi.
Fərhadın getmək vaxtı idi. Aslan bir qədər pul tədarük edib ona verdi.
– Başına dönüm, Fərhad, görürsən biz nə haldayıq. Dərslərində səy elə, bacımızı da incidirlər. Sən də gəl bizim əlimizdən bir qədər tut. Görürsən mən işləməkdən necə zəifləmişəm. Bacımızı da gördün, necə rəngi saralıb solmuşdur. O biçarənin də zəhməti ağırdır. Fərhad, başına dönüm, elə elə ki, bir az tez qurtarasan. Bizim indi bir ümidimiz sənə gəlir…
Fərhadın ürəyi bu sözlərdən bir qədər yumşaldı, öz-özünə söz verdi ki, hər bir şeyi atıb oxuyacaq. Amma Aslandan ayrılandan sonra hamısı yaddan çıxdı. Yenə mariyalar gözünün qabağında süzüldü.
Aslan çalışdı, vuruşdu, işlədi, zəhmət çəkdi, qeyrilərə yalvardı, öz paltarını satdı, ilan kimi qabıqdan çıxdı, axırda on dörd ildən sonra məqsədinə yetdi. Fərhaddan kağız gəldi ki, mühəndislik diplomunu almışdır, mayın 12-də gəlir.
Beş-altı gün Aslan şadlığından yata bilmədi. Xırda uşaq kimi atılıb-düşürdü. Bacısının ürəyini şad etmək üçün tez kağızı aparıb ona verdi. Təbii, o da Aslandan az sevinmədi. Fərhad gələcək deyə, Aslan kiçik daxmasını nizama saldı.
Fərhad gündüz saat 10-da vağzala gələcəkdi. Aslan isə “vaxt keçir” deyə, obaşdan gedib vağzalı kəsdirib oturdu. Vaxta hələ altı saata qədər qalmışdı. Lakin Aslan gah o yana, gah bu yana gedir, tələsirdi, az qalırdı ki, tələsməkdən bağrı çatlasın. Əlli dəfə ondan-bundan soruşdu ki, qatarın gəlməsinə az qalıb, ya yox. Ona hər dəqiqə bir il kimi gəlirdi. Axırda qatar qara div kimi ləhləyərək gəldi. Aslan şadlığından və tələsdiyindən istəyirdi ki, qatarın qabağını əli ilə saxlasın.
Fərhad əlində şapka vaqondan düşdü. Aslan yüyürüb:
– Can, qardaşım! Gözlərimiz aydın olsun! – deyə Fərhadın boynuna sarıldı.
Aslanın paltarı köhnə olduğu üçün Fərhad onu tez geri itələyib, yanında olan və yolda onunla gələn qızlara dedi:
– Bu bizim nökərimizdir, – Aslana bir az burada ona yaxın durmamağı tapşırdı. Aslan qardaşının mühəndis olduğu üçün şeyini əlində aparmasını layiq bilmədi. Doğrudan da tez, nökər kimi, çamadanı Fərhadın əlindən alıb yola düzəldi. Fayton çağırıb mindilər, evə getdilər.
Aslan daha şadlığından bilmirdi nə etsin. Bu gün Aslan üçün böyük bir bayram idi. Neçə ildən bəri çəkdiyi zəhmət bir bu gün üçün idi. Züleyxa da gəldi. Onların hər üçü axşama kimi bir yerdə qaldılar. Əsgər də Fərhadın yanına gəldi. Qonşulardan da gələn oldu. Hamısı Aslana gözaydınlığı verdi. Fərhad öz kağızını göstərdi: 1916-cı ildə mayın 8-də həmin şəhadətnamə Fərhada verilmişdi ki, o, Kiyev Sənaye institutunda oxuyub mühəndislik diplomu almışdır.
Fərhad kağızı oxuyanda Aslan şadlığından bilmirdi nə etsin. Hamısı sevinirdi. Bu ona görə idi ki, müsəlmanlardan oxuyan az-az tapılırdı. Fərhad mühəndisdir, deyə qonşular Aslana da hörmət etməyə başladılar. Aslan bunu görüb daha da fərəhlənirdi. Əfsus ki, Aslan dalda onu nələr gözlədiyini bilmirdi.
Bir azdan sonra Fərhad mühəndis vəzifəsində qulluğa girdi. Ayda hələlik 200 manat məvacib alırdı. Bunun 100 manatını Aslana verib, yüz manatını da özü xərcləyirdi. Amma bulvar, klub və bu kimi yerlər üçün 100 manat da azlıq edirdi.
Aslan, pərvanə şam başına dolanan kimi, Fərhadın dövrəsinə fırlanıb ona xidmət edirdi. Bir neçə ay Aslan bu minval ilə dolandı. İndi onun özünün də bir qədər pulu var idi, çünki daha Fərhad üçün xərcləmirdi, əlavə olaraq hələ Fərhad da ona bir qədər pul verirdi. Bütün ömründə Aslanın keçirdiyi bəxtiyar günlər bu bir neçə ay oldu. Bu arada qonşuları Aslana məsləhət gördü ki, yaxında olan Gülzar adlı bir qızı alsın. Aslan şübhəsiz ki, bu işə məmnuniyyətlə razı idi. Lakin xahiş etdi ki, Fərhad ondan kiçiksə də, yenə ona məsləhət eləsinlər.
Bu sözü qonşuda olan arvad Fərhada söylədi. Fərhad çox şadlıqla razılıq verdi. Həmin arvad Gülzarın anasının yanına elçi gedib razılığını bildi və iki nəfər kişini atasının yanına göndərib, nəhayət Gülzarı Aslan üçün aldılar.
Bir neçə vaxtdan sonra toy edib Gülzarı gəlin gətirdilər.
Toy gecəsi idi. Onsuz da gözəl və sevimli olan Gülzar bu gecə daha başqa bir lətafət əxz etmişdi. Onsuz da həmişə gül yarpaqları kimi qırmızı və zərif olan yanaqları, bu gecə, gəlinlik bəzəyindən sonra daha da gözəl bir rəng almışdı. Gülzarın bədrilənmiş ay kimi gözəl üzünü bulud kimi pərdələyən qara saçlarına bu gecə daha diqqətlə şanə çəkilib nizam verilmişdi və tam diqqətlə vurulmuş çətiri Gülzarın alnına tökülüb insanı əsir edəcək dərəcəyə qədər lətafətli idi.
Aslan da bu gecə təzə paltar geymişdi.
Gecə keçdi. Sabah oldu. Aslan üç gün bayıra çıxmadı. İndi o özünü bəxtiyarlığın son pilləsində görürdü və sevincindən üzünü Allah-taalaya tutub deyirdi:
– Pərvərdigara, şükür olsun sənin dərgahi-mərhəmətinə ki, illərcə iki qardaş çəkdiyimiz əzabdan, məşəqqətdən sonra axırda bizə xoşbəxtlik qapılarını açdın.
Aslanın daha bir qəmi yox idi. Bir fikri vardısa, o da qardaşını evləndirməkdi. Lakin Fərhad həmişə eyş-işrətdə olduğu üçün, hər yerdə özünə bir həmdəm tapdığından özünü hələ zəncirləmək istəməyib, Aslanın sözlərini rədd etdi.
İndi Fərhad üç yüz manat alırdısa da, Aslana əvvəlkindən artıq verməyib, iki yüz manatını həvavü-həvəsə xərcləyirdi. Hələ o yüz manatın da dalınca ürəyi qalırdı, amma keçmişləri yadına salıb dinmirdi. Hərdən ürəyinə gəlirdi ki: “Nə vaxta qədər mən öz pulumdan Aslana xüms verəcəyəm?”
Bəli, siz də gərək rəyimə şərik olaraq etiraf edəsiniz ki, hər ürək Aslanın mərhəmət, qeyrət və səxavətlə dolu olan ürəyi kimi alicənab ola bilməz və hər qardaş da mütləq Aslan ola bilməz ki, qardaşın həyatını təmin etmək üçün öz axırıncı paltarını da satsın. Amma yenə nə qədər daşürəkli qardaş olsa Fərhad ola bilməz ki, Aslan kimi qardaşına mühəqqər bir məbləği verəndə ürəyinə belə çirkin xəyallar gətirsin. Bilirəm, indi sizin ürəyinizə gəlir ki, bu sayaq qardaşımız olsaydı, canımızı ondan əsirgəməyib, qul kimi qabağında işləyib, qiblə yerinə ona səcdə edərdik. Amma yenə, məncə, bu da səhvdir, Fərhad ümumi qanundan bir o qədər də uzaq deyil. Məgər bizim hamımızın da olmasa, çoxumuzun evində qeyri adlar altında eynilə bir Aslan yoxmudur?! Bəli, təbiət həmişə Aslan kimi yüksək ruhlu, pak və safürəkli mücahidlər yetirir. Amma biz onun elədikləri fədakarlığı ancaq ölən vaxt düşünər və bir azdan sonra onu unudarıq. Zənnimizcə, Fərhad gələcəkdə alçaq təbiətini zühura verməsəydi, ümumi qanundan çox da uzaqlaşmazdı və tamam gücümlə öz qəhrəmanımı müdafiə edib, məzəmmət olunmasına yol verməzdim. Amma əfsus ki, Fərhad alçaqlığında bir qədər ümumiyyətdən irəlilədi.
Bəli, Aslangilin evi Gülzarın cəmali-dilarası ilə bəzədilmişdi. Gülzar azadə bir quş kimi gün-gündən gözəlləşirdi. İndi Aslan da işləyirdi, Fərhad da. Onlar heç bir şeydən çətinlik çəkmirdi. Ona görə Gülzar da qeydsiz, fikirsiz yaşayır, həmişə yeni, gözəl paltarlar geyirdi. Gülzarın sərv kimi uca boyu, şux yerişi, ahu kimi süzgün baxışı hər baxanı məftun edirdi.
Təbiidir ki, Aslan arvadını Fərhaddan gizlətməzdi, zira, onu özü bilirdi. Fərhad da Gülzara heç fikir verməzdi. Hərdən nəzəri Gülzarın naz ilə süzülən iri, qara gözlərinə sataşanda, ürəyi yerindən oynayıb tez nəzərini başqa yana döndərirdi. Fərhad gözəl və cavan bir oğlan olsa da, Gülzar ona ayrı bir nəzərlə baxmırdı. Nə səbəbə də baxsın ki, müsəlmanlarda alçaq təblik ola bilməz ki, öz qardaşının arvadına bacı nəzərindən başqa qeyri bir gözlə baxsın.
Yavaş-yavaş yay gəldi. Məxluq bağlara köçdü. Fərhadgil də bağa köçdülər. Gülzar öz qulluqçusu ilə bağda, Aslan ilə Fərhad şəhərdə öz işlərində olurdular. Arabir hərəsi bir neçə günlüyə bağa gedib, yenə də qayıdırdı.
Yayın orta ayı idi. Fərhad istidən dayana bilməyib bağa getdi. Aslan şəhərdə qaldı. Gözəl yay gecəsi idi. Hava sakitdi. Ay çıxıb bütün aləmi müzəyyən bir ziya ilə münəvvər etmişdi. Bağda olan meynələr öz yarpaqları ilə yumşaq qumun üstünü örtmüşdü. Təbiət olduqca gözəl bir mənzərə almışdı. Gülzar ipək bir köynək geymiş, döşünü açmış və gecənin lətafətindən məftun olaraq, bağın içində zərif yarpaqlar arasında bir quş misalı həzin bir halda gəzişirdi. Uzun, şəvə saçları gəlinlərə məxsus şux çiyinlərini qara bulud kimi bürümüş və əsən xəfif küləkdən arabir ləpələnirdi. Hava gözəl olduğundan Gülzarın yanaqları daha da xoşrəng olub duru-al bir rəng almışdı. Zərif ləbləri bir lalə kimi yanırdı. Fərhad da gecənin gözəlliyindən həzz alaraq bir meynənin altında, yumşaq qumun üstündə uzanmışdı. Gülzar bağın içində gəzişib Fərhadın yanına çatdı. Buradan daha keçməyib Fərhadın yanında oturdu və qulluqçuya dedi ki, bağın içinə onlar üçün çay gətirsin. O saat qulluqçu çay gətirdi.