реклама
Бургер менюБургер меню

Джафар Джаббарлы – Hekayələr (страница 2)

18

Bu vaxtdan on il keçdi. Aslanın məvacibi bir qədər artmışdı. Fərhadı isə Hacı məktəbə qoymuşdu; iki il qalmışdı ki, gimnaziyanı qurtarıb instituta girsin, oxuyub mühəndis olsun. Aslan isə əziz və bu qədər zəhmətlə saxladığı qardaşının dörd və ya beş ildən sonra mühəndis olub gələcəyini xəyalına gətirəndə şadlığından ağlayırdı və həmişə dua edirdi ki, ilahi, hər bəla ki ona gələcək, mənə gəlsin, çünki o, anamın əmanətidir…

Züleyxa böyüdükcə gözəlləşirdi; yanaqlarında olan qızartı, səhər vaxtı gün çıxmamış şərqdə göy üzünü bürüyən zərif qızartıdan daha gözəl, daha xoş idi. Hələ qızılgül yarpaqları kimi təravətli və ondan daha qırmızı olan, qanı axar dərəcəsinə qədər zərif olan dodaqları insanı badeyi-məhəbbət kimi bihuş edirdi.

Hacı Saleh qızı böylə camal sahibi görüb, oğlu Əsgərə təklif etdi ki, Züleyxanı alsın. O isə Züleyxanın sərvi-qamətinə, bulud kimi bürünən qara saçlarına çoxdan vurulmuşdu. Züleyxanın iri, qara gözləri kimin üzünə gülsəydi, onu əfsunlamazdı? Amma Əsgərin Aslandan çox acığı gəlirdi: o, çalışqan olduğuna görə atasının ona olan məhəbbətinə həsəd edirdi. Hər tövrlə olursa çalışırdı ki, onu evdən rədd etsin. Lakin atası onun sözünə baxmırdı. Züleyxanın da məhəbbəti qoymurdu ki, Aslana bir söz desin. Aslan nə qədər səy eləyirdi ki, Əsgərin hüsn-rəğbətini qazansın, mümkün olmurdu. Hacı Saleh çox çalışırdı ki, oğlunu oxutsun, ancaq Əsgər şarlatanlıqdan əl çəkib oxumadı. Nəhayət, Hacı, Züleyxanı almağı ona təklif etdi. Əsgər məmnuniyyətlə razı oldu. Hacı bu işi Aslana söylədikdə, Aslan bacısının dövlətli evində bəlkə xoşbəxt olacağını zənn edib, bacısına xəbər verdi. Amma Züleyxa, Əsgərin əziz qardaşı ilə olan pis rəftarını görüb, Əsgəri sevmirdi. Lakin qardaşının xahişinə əməl etməyə məcbur oldu; zira, görürdü ki, qardaşının hər bir işi Hacının əlindədir. “Bəlkə bu, qardaşımın da dolanacağına təfavüt elədi”, – deyə xah-naxah razı oldu.

Bir az keçmədi ki, Züleyxa gəlin gedib Əsgərin arvadı oldu. Hacının Aslana olan məhəbbəti daha da artdı. Amma Əsgərin Aslana olan münasibəti get-gedə pisləşirdi. Ola bilsin ona görə ki, qorxurdu bəlkə atası Aslanı da onunla öz malına şərik elədi.

Çox keçmədi, Hacı vəfat etdi. Əsgər iki gündən sonra Aslanı evindən çıxartdı. Aslan isə naçar öz qardaşını götürüb bir balaca ev tutub, orada sakin oldu. Züleyxa ərinə nə qədər yalvardısa da Aslana kömək etsin, Əsgər deyinib ona acıqlanırdı. Züleyxa bir tərəfdən ərinin rəftarını, digər tərəfdən qardaşının zəlalətini görüb, gün-gündən sınıxırdı. Aslanın indi bir qədər pulu var idi, Fərhad oxuduğu üçün ona xərcləyirdi.

Lakin bir qədər pulla alış-veriş etdi. Amma get-gedə pulu azalırdı: o qədər ki, Fərhad ondan pul alırdı, o gərək dövlətli olaydı ki, buna davam gətirəydi, ancaq Aslan deyirdi: “Canımı da istəsə, onun yolunda qoyaram. Oxuyur, qoy oxusun, qurtarsın, sonra o mənə kömək edər”.

Amma Fərhad daha əvvəlki kimi dərsinə səy edib həvəslə oxumurdu. Məktəbin axırıncı sinfində idi ki, yoldaşları bir-iki dəfə onu güclə bulvara, bağa və bəzi yaramaz yerlərə apardılar. Fərhadı bir neçə qızla tanış etdilər. Əvvəlləri Fərhad çox fikir verməyib qızları başından rədd etmək istəyirdi. Amma sonradan yavaş-yavaş ürəyində elə bir hiss oyandı ki, daha özünü saxlaya bilməyib, o hissə tabe olmağa məcbur oldu. Şəhvət hissi Fərhadın ürəyində bir dərəcəyə çatdı ki, tamam dərs, məktəb nəzərindən qeyb oldu.

Əvvəlləri Fərhad qardaşının çəkdiyi zəhmətləri, onun üçün çalışmasını görüb, ürəyində deyirdi: “Mühəndis olan kimi qardaşımın başının altına bir qu balış qoyub, heç bir işə onu əl vurmağa qoymayacağam. Mən qazanacağam, o yeyəcək. Bəlkə bu tövrlə onun xəcalətindən çıxam”. Qardaşının güzəran üçün çətinlik çəkdiyini görüb utanardı. Amma indi tamamilə dəyişmişdi. Qardaşının etdiyi yaxşılığı unutmuşdu. Fikrində bulvar qızlarından başqa bir şey yox idi. Məktəbə gəlir, bir tövrlə bir saat oturursa, az qala bağrı çatlayırdı. Tez durub özünü bulvara salır, gah o qızın, gah bu qızın dalınca düşürdü. Gündə də gəlib Aslana deyirdi ki, mənə filan şey lazımdır… bir beş manat ver, filan şey üçün də on manat lazımdır…

Aslan da hər gün öz fəhləliyində olub, Fərhadın işindən xəbəri yox idi. Ancaq dərs pulu, kitab pulu verirdi. Bir vaxt Aslan gördü ki, qəpik pulu qalmayıb. Lakin o, qardaşının başqaları yanında xəcalət çəkməsini istəmirdi. İndi o, daş işində işləyir, gecələri isə evə gəlib özünə və qardaşına xörək hazırlayırdı. Fərhadın isə ürəyi elə bərkimişdi ki, gündə qardaşının qazandığını, “Mənə filan şey lazımdır”, – deyə alıb xərcləyirdi. Ömründə bir dəqiqə rahatlıq görməyən Aslan Fərhada güldən ağır söz demirdi. Onu görəndə, ürəyində olan dərdlərə baxmayıb, yalandan da olsa gülümsəyirdi ki, qoy Fərhadın ürəyi şad olsun. Bu zəhmətkeş insan həmişə çalışır, amma Fərhad onun əməyini puç edirdi. Şəhvət hissi Fərhadı tamamilə çaşdırmışdı.

Bir gecə Fərhad bir başqası ilə bir qızın dalınca düşüb tanış olmaq istədilər. Qız onlara dedi ki: “Altmış manata bir üzük var, hansınız onu mənim üçün alsanız, onunla tanış olaram”. Fərhad tez evə gəldi. Bu vaxtı Aslan özü və qardaşı üçün xörək bişirirdi. Öz fəqirliyini düşünüb çəkdiyi zəhmətlərdən inləyirdi. Amma Fərhadın mühəndis olacağı yadına düşəndə, sanki gözlərinə işıq gəlirdi: “Barı o mənim kimi hambal olmaz, bir parça çörək sahibi olar”.

Aslanın bir fəxri vardısa, o da Fərhaddı. Hara getsə, kimi görsə, Fərhadı tərifləyirdi. Amma Fərhadın yaramaz hərəkətlərə qoşulması heç yuxusuna da girməzdi. O heç güman edə bilməzdi ki, Fərhad onun bu qədər zəhmətini görüb, belə pis işlərin yanından da keçsin.

Fərhad evə çatanda üz-gözünü turşudub, bir tərəfdə oturdu. Aslan Fərhadı pərişan görüb nə olduğunu soruşdu. Fərhad bilirdi ki, Aslan onun halını mütəğəyyir görüb tez soruşacaq. Ona görə də özü bir söz deməyə hacət görmürdü.

Fərhad Aslanın sualına cavab vermədi. Aslan dübarə soruşdu:

– Qardaşım, nə olub? Halın niyə pərişandır?

Fərhad yalandan üz-gözünü daha da yığıb dedi:

– Mənə bir mühəndis dəzgahı lazımdır ki, qiyməti altmış manatdır, hərgah bu gecə ondan alıb aparmasam, məni məktəbə qoymayacaqlar. İndi bu saat da məktəbdən gəlirəm.

Aslanın ürəyi inlədi. Bu saat heç bir qəpiyə də gümanı yox idi. Gündə bir manata işləyən adamın altmış manat pulu tapılarmı? Onsuz da bu qədər xərc-məxaric… Hələ 15 gün olmaz ki, Fərhad gəlib yalandan demişdi ki: “Məni sabah paltarsız məktəbə qoymayacaqlar, təzə qanun çıxıb ki, gərək paltarların hamısı bir tövr olsun. Ucuz paltar da əlli manatdır. Aslan o vaxt axırıncı qəpiyinə qədər qoyub paltar almışdı, indi isə bir qəpiyi də yox idi. Bir yandan da Fərhadın fəlakətini təsəvvür edib düşünürdü: “Neçə ildir zəhmət çəkirik… mən də, o da… Heç rəvamıdır, indi onu qovsunlar… bütün zəhmətimiz puça çıxsın?..”.

Aslan hərçi fikir etdisə, heç bir gümanı gəlməyib, naçar qardaşının başını qucaqlayıb dedi:

– Fərhad, qardaşım özün görürsən ki, indi mənim bir qəpiyim də yoxdur. Nə qədər də borcluyuq. Olmaz ki, yalvarıb beş-altı gün möhlət alasan, görək bəlkə, Allah bir yerdən yol açdı, düzəltdik. İstəyirsən, məni də apar, gedim, yıxılım müəllimlərin ayağına, bəlkə, möhlət verdilər.

Fərhad özü bilirdi ki, qardaşının heç bir şeyi yoxdur, amma ürəyi o qədər bərkimişdi ki:

– Olmaz, – dedi, – mən çox yalvarıb ağladım, baş tutmadı.

Aslan çox fikirləşdi. O kimdən pul ala bilərdi? Belə bir adam yox idi. Axırda gümanına bircə bacısının əri gəldi. Bilirdi ki, onun da ondan acığı gəlir. Amma çarəsizlikdən durub:

– Sən dayan, mən görüm nə çarə edərəm, – deyə yavaş-yavaş pərişanhal qapıdan çıxıb, qorxa-qorxa bacısının yanına getdi.

Biçarə Züleyxa daha əvvəlki Züleyxa deyildi; dərd-qəmdən saralıb solmuşdu.

Aslan yavaşca Züleyxaya əhvalatı bildirdi ki, Fərhad altmış manat pul verməzsə, onu məktəbdən qovacaqlar.

Züleyxa ərinin yanına getdi, ona yalvarıb qardaşına bir az əl tutmasını təmənna etdi. Əsgər çığıraraq:

– Yenə yapışdın yaxama! – deyə Züleyxanı itələyib yıxdı. – Doğrudan da, yolçu tayfasısınız, bir adamı tanıdınızmı, daha əl çəkməzsiniz.

Züleyxa gəlib ağlaya-ağlaya əhvalatı Aslana söylədi, o da naümid evə qayıtdı. Yol ilə gedə-gedə fikir edirdi; birdən yadına düşdü ki, Hacı Saleh öləndə öz qızıl saatını ona bağışlamışdı. Tez onu aparıb qonşularına 65 manata satdı, pulu gətirib Fərhada verdi. Fərhad isə fərəhnak pulu aparıb üzüyü aldı. Həmin Liza xanımla tanış oldu. Daha ondan başqa heç kəslə gəzmirdi. Bu tövrlə Fərhad ölə-ölə məktəbi tamam etdi. Aslan borc-xərc pul düzəldib, onu Kiyevə instituta göndərdi.

Fərhad orada da gecə-gündüz gəzirdi. Belə insan öz işində böyük bir məharət göstərə bilməz. Ölə-ölə tələbə yoldaşlarının dalınca sürünürdü. Həftə səkkiz mən doqquz, kağız yazıb Aslandan pul istəyirdi. O da min zəhmətlə yığdığı, öz boğazına qıymadığı beş-altı şahını Fərhada göndərirdi. Aslan gündüzlər işləyir, gecələr də keşik çəkirdi ki, bəlkə xərci ödəyə bilsin.

İl qurtardı. Fərhad evə gəldi. Aslan qardaşını görcək, onun boynunu qucaqlayıb, şadlığından ağlamağa başladı:

– Fərhad, əziz qardaşım, necəsən? Dərslər necə gedir?

Fərhad o saat dedi:

– Mən hamıdan yaxşı oxuyuram, mənim kimi bir nəfər orada oxuyan yoxdur.

Fərhad yalandan özünü təriflədikcə, Aslan şadlığından, fərəhindən az qalırdı göyə uçsun. Gah gülür, gah gözləri yaşarırdı, gah da qardaşının üzündən öpürdü, istəyirdi lap onu yalasın. Bu gecə Fərhad üçün plov bişirdi. Aslan bir dəqiqə ayrılığına dözməyən qardaşını bir il idi ki, görmürdü.