Чингиз Айтматов – Erkən gələn durnalar, Ana tarla (страница 3)
Sultanmurad bu işi çevikliklə, bir az da şuxluqla görürdü. Ən başlıcası budur ki, eşşəyin belindən necə yıxılmağı gərək biləsən! Müdriklər əbəs yerə deməyiblər: «Eşşəkdən yıxıldın – daş üstə, atdan yıxıldın – torpaq üstə, dəvədən yıxıldın – pambıq üstə…» Əslində guya tərsinə olmalıdır. Məsələnin sirri ondadır ki, yıxılanda gərək əllərin üstə yerə düşməyi bacarasan. Atdan yaxud dəvədən yıxılanda hələ havadaykən vəziyyətini düzəldə biləsən. Təcrübəsiz minici eşşəkdən yıxılanda yerə çuval kimi düşür, fikirləşməyə də macal tapa bilmir…
Sultanmurad bunu öz təcrübəsindən bilirdi. Onun barəsində qorxmağa dəyməzdi. Hay-küy saldılar, əyləndilər, qışqırışdılar o ki var. Atası qarnını tutaraq gözləri yaşaranacan güldü.
Səs-küyə digər oğlanlar da axışıb gəldi. Onlardan birinin yanında tulası da vardı, özü də bu həngamədə iştirak etməyi qərara alaraq, Qarayalmanın dalınca hürə-hürə qaçmağa başladı. O isə qorxusundan daha bərk qaçırdı, Sultanmurad da öz növbəsində, o birilərin acığına əsl «cıdırhəngi»si nümayiş etdirməyə başlamışdı. Qarayalmanı çapırdaraq yerə tullanır, təzədən onun belinə atılır, tullanır-atılırdı.
Süvari-osaviaximçilər müharibədən qabaq burada, kənd sovetliyinin yanındakı çəməndə beləcə məşq edərdilər. Aul igidləri isə bununla işdən sonra məşğul olurdular. At qaça-qaça əyilib zoğları kəsirdilər. Çaparaq sürətlə gedə-gedə yerə tullanır, dərhal da yəhərə sıçrayırdılar. Onları döş nişanlarıyla təltif edirdilər. Zərif zəncirli, qəşəng nişanlar idi, yaxaya vintciklərlə burulub bərkidilirdi. Onda oğlanlar həsəd aparırdılar. Həmişə qaçıb oraya yığışar, osaviaximçilərin cıdırına tamaşa edərdilər. Onlar indi hardadır? At belindəmi, yoxsa səngərlərdəmi? Deyirlər indi süvarilər müharibədə iştirak etmirlər…
Və Sultanmurad pəncərədən eşiyə baxıb düşündü, həm də axı, qışda atlar üşüyürlər, amma tankın vecinə də deyil. Hər necə olsa da, yenə at yaxşıdır!
…Hə, onda o da bir tamaşaydı. Qarayalman tezliklə tabe oldu. Ondan nə tələb olunduğunu qanmışdı: addımlamaq, yortmaq, dairə üzrə yaxud düz getmək…
– Hə, indi minə bilərsən, – Sultanmurad qardaşını çağırdı, – çap getsin, hər şey öz qaydasındadır.
Hacımuradın sifəti iftixar hissindən alışıb yandı. Qarayalmanı dabanlarıyla dəhmərləyərək o yana-bu yana çapırtdı – hamı öz gözüylə gördü onun aqayı2 necə məharətli oğlandır, belə halda qürrələnməmək olarmı heç!
O axşam hava aydın idi; xeyli müddət qaranlıqlaşmadı. Yorğun olsalar da, hamı evə şad, məmnun qayıtdı. Özünü anasına göstərmək üçün Hacımurad həyətə Qarayalmanın belində gəldi.
Heç nədən xəbəri olmayan Hacımurad dərhal yuxuladı. Sultanmuradın isə yuxusu tamam qaçmışdı. Düşünürdü ki, sabah şəhərə neçə gedəcək, orda nələr görəcək və onu nələr gözləyir. Atasıyla anasının astadan danışdıqlarını yarıyuxulu halda eşidirdi.
– Mənə qalsa, balacanı da aparardım, – deyə atası pıçıldayırdı, – di gəl ki, bu andıra qalmış arabada yer yoxdur. Qabaqda, lap çəlləyin dibinə söykənərək oturmalı olursan. Mənzil də xeyli uzaq, azacıq mürgüləsə təkərlərin altına yıxıla bilər.
– Sən nə danışırsan! Allah göstərməsin, heç ağlına da gətirmə, bir o qalmışdı, – deyərək etirazını bildirdi. – Fürsət düşər, sonra apararsan. Qoy bir az böyüsün. hələ o birinin də gözün üstündə olsun. Elə bilirsən yekədir, nə yaşı var uşağın…
Sultanmuradı şirin yuxu girləyirdi, valideynlərinin pıçıltıyla danışması da ona şirin gəlirdi, sabah tezdən, lap obaşdan atasıyla səfərə yollanmaq haqda düşünmək daha şirin idi…
Özü də o, yuxulaya-yuxulaya ecazkar uçmaq səadətinin nə demək olduğunu ürək çırpıntısı ilə duydu. Qəribədir, necə uçmağı o hardan bilirdi?! Yerimək, qaçmaq, üzmək insan oğlunun əzəl nəsibidir. O isə uçurdu. Həm də quş kimi yox. Quşlar uçanda qanad çalırlar. Amma o, qollarını gen açaraq yalnız barmaqlarının ucunu tərpədirdi. Səssiz-səmirsiz «gülümsər» səmada özü də bilmədən haradan-haraya sərbəst, rahatca uçurdu… Gah ruhu pərvazlanırdı, gah da o, yuxuda böyüyüb, boy atırdı.
Atası çiyninə toxunanda qəflətən ayıldı, eşitdiyi bu oldu:
– Qalx, Sultanmurad, gedirik.
Özü də yerindən sıçrayıb qalxmazdan əvvəl o, bir anlığa hiss etdi ki, qulağına toxunan cod bığına görə, ona müraciətlə dediyi sözlərə görə atasına qarşı qəlbində nəvaziş və ehtiram dalğası coşdu. O hələ bilmirdi, bilmirdi elə bir vaxt gələcək ki, indi qulağına toxunan ata bığını, ona müraciətlə deyilmiş məhz: «Qalx, Sultanmurad, gedirik» sözlərini intizar və ürək ağrısıyla xatırlayacaq.
Anası çoxdan durmuşdu. Oğluna yuyulmuş təmiz köynək verdi, başına rəislərinkinə bənzər iri yaşıl furajka qoydu – dədəsi keçən il Çüy kanalından gətirmişdi; bir də, yenə dədəsinin kanaldan gətirmiş olduğu təzə çəkmələri verdi.
– Gey görüm, ayağını sıxmır ki? – deyə soruşdu.
– Yox, sıxmır, – Sultanmurad cavab verdi. Əslində isə çəkmələr azacıq dar idilər. Eybi yox, açılar, keçib gedər.
Anasıyla sağollaşıb həyətdən tərpənəndə, araba geniş, daşlı arxı şaqqıltıyla yarıb keçəndə ürəyi riqqətlə döyündü, atların arxasındaydı. Lakin o, yavaş-yavaş, hazırlaşaraq gəlirdi, sindi, büzüşdü, şəhərə yollandığının yuxu deyil, gerçək olduğunu anladı.
Yay gününün şəffaf şirəyə bələnibmiş kimi nurlanan erkən dan yeri sökülürdü. Günəş hələ çox-çox uzaqlarda, qarlı dağların arxasındaydı. Lakin o yavaş-yavaş, hazırlaşaraq gəlirdi ki, birdən dağ arxasından çıxıb parlasın. Gecəni soyumuş yolda isə hələlik rahatlıq və təravət hiss olunurdu. Atasıyla birlikdə auldan arabanı necə sürüb çıxdıqlarını heyf ki, tay-tuşlarından görəni olmadı. Həndəvərdə təkər taqqıltısını eşidərək yuxulu-yuxulu hürən təkcə itlər oldu.
Yol təpəliklərindən keçib düzəngaha, ordan da uzaqdakı bənövşəyi alçaq dağlar silsiləsinə tərəf uzanırdı. Cambul şəhəri orada, o uzaq dağların arxasındaydı. Onların səfəri oraya idi.
Yemlənmiş atlar həmahəng tərzdə təpərlə səkirdilər, sanki qoşqunu, qayış-qantarğanı əsla hiss etmirdilər, adət üzrə fınxıra-fınxıra, yalmanlarını yellədə-yellədə gedirdilər. Dəfələrlə gedib-gəldikləri bu yola onlar yaxşı bələd idilər; sahib cilovdar öz yerindəydi, cilov da əlində, onun yanında oturan oğlan da özlərininkiydi, maneçiliyi dəymirdi…
Yaxşıca sürət götürərək, onlar beləcə getməkdə idilər. Dünyanın bütün arabaları kimi bu nöyüt dilicanı da taqqıldayır, cırıldayırdı. Elə bu dəmdə, hardasa sol tərəfdən, dağlar arasındakı dar dərənin üstündən günəş də hüsnünü göstərməyə başladı. İşıq və hərarət hava dalğasıyla süzülərək rahatca, ehmalca atların tərli belinə yayılırdı. – Çabdar indi bildirçin yumurtası kimi çallaşırdı, Çontoru isə daha çox açıq kəhərə çalırdı; işıq və hərarət atasının yanaqlarındakı tunc rəngli almacıqlara toxunub, gözlərinin qıyımlarındakı sərt qırışları dərinləşdirdi, onun cilov tutan əlləri isə daha iri, daha da damarlı görünürdü; işıq və hərarət yola süzülürdü„ gur sel kimi atların ayaqları altına axırdı; işıq və hərarət onların canına hopur, gözünü nurlandırırdı; işıq və hərarət yer üzündə hər şeyə həyat verirdi.
Həmin o səfər sübhü Sultanmuradın qəlbini fərəhlə, sevinclə, riqqətlə doldurmuşdu.
–Hə, necəsən, oyanmısanmı? – atası zarafat etdi.
– Coxdan, – deyə oğlu cavab verdi.
– Elə isə, tut, – deyib cilovu ona verdi.
Sultanmurad minnətdarlıqla gülümsədi, bunu səbirsizliklə gözləyirdi. Əslində özü də xahiş edə bilərdi, amma lazım bilərək atasının ona etibar etməsi daha yaxşıdır – zarafat deyil mənzil uzaq, sür görüm necə sürürsən. Cilovun başqa ələ keçdiyini atlar hiss etdilər, narazı halda qulaqlarını yapıxdırdılar, qaça-qaça bir-birini dişlədilər, hakimiyyətin zəiflədiyindən əməlli-başlı dava-dalaş salmaq istədilər. Lakin Sultanmurad öz hökmünü bildirdi – cilovu təpərlə dartaraq səsləndi:
– Ay sizi görüm! Payınızı verərəm ha!
Əgər xoşbəxtlik adama yalnız indiki halda nəsib olursa və özü də keçmişli-gələcəkli deyilsə, onda həmin gün, həmin səfərdə Sultanmurad səadətə tamamilə qovuşmuşdu. Onun əhvalını bulandıra biləcək hətta elə bir an da yox idi. Atası il yanaşı oturaraq özünü ləyaqətli kişi qırığı hesab edirdi. Bu ləyaqət hissi onu bütün yol boyu tərk etmirdi. Şaqqıltı-taqqıltılı nöyüd arabası başqasını bəlkə də dəng edərdi, amma onunçün şad səadət sədaları idi. Arabanın arxasınca burumlanan toz, sinəsində təkərlər diyirlənən yol, nallarıyla yeri möhürləyən ahəngdar qaçışlı atlar, tər və qatran qoxulu sahmanlı qayış-qantarğa, lap yuxarıda, başları üzərində uçuşan bəyaz yelkən-buludlar, ətrafdakı gah sarı, gah mavi, gah bənövşəyi rəngli hələ qurumayan otlar, keçidlərdə daşıb yayılan irmaqlar və arxlar, üzəqarşı gəlib keçən atlılar, arabalar, arabir az qala atların burnuna toxunacaq irəli-geri şığıyıb süzən qaranquşlar – bütün bunlar xoşbəxtliklə, gözəlliklə dolub-daşırdı. Amma oğlan bu haqda fikirləşmirdi, zira səadət səninlə olanda onun barəsində düşünmürsən.
Hələ bax bir, ala-sarı, qarabaş çöl quşları da tikanlıqda, kolluqda bütün yol boyu əbəs yerə oxumurlar. Kimin xətrinə cəh-cəh vurduqlarını onlar yaxşı bilirlər. Sultanmuradın onları necə sevdiyi quşlara yaxşı bəllidir. Bu quşların adı – sarayqırdır, çünki onlar ömrü boyu öz civiltiləriylə hansısa -səmənd bir ayqırı tələsdirərək belə oxuyurlar: «Tez, tez, sarayqır! Tez, tez, sarayqır!» Qəribə quşlardır bu sarayqırlar. Lakin, deyəsən onlar hər dildə bir cür oxuyurmuşlar. Bir dəfə aula kinomexanik gəlmişdi, deyib-gülən, zarafatcıl rus balası. Sultanmurad onun yan-yörəsində fırlanır, lent qutularını daşımaqda kömək edirdi, bunun müqabilində isə axşam dinamomaşını birinci fırlatmaq ona nəsib oldu. Dinamo-maşında -elektrik toku əmələ gəlir, o tokdan lampalar yanır, lampaların da işığı ağardılmış divara – ekrana düşür, ekranda isə canlı təsvirlər hərəkət edir.