18+
реклама
18+
Бургер менюБургер меню

Чингиз Айтматов – Erkən gələn durnalar, Ana tarla (страница 2)

18

– A şəppəli, sənin bu kişiyə yapışmağından gözüm su içməyir! Yer üzündə fəlakət olacaq! Harda gorunüb ki, atası sağ ola-ola oğlan uşağı belə həsrət çəkib xiffət eləsin!

«ola, oğlan uşağı belə həsrət çəkib xiffət eləsin! Bu nə təhər uşaqdır belə? Ay camaat, sözlərimi yadda yaxşı saxlayın, bu, bizim başımıza bəla gətirəcək!

Anası astadan pıçıldayar, yerə tüpürər, Hacımuradın boynunun ardından vurardı, amma Aruukan qarıya cavab qaytarmağa cəsarət etməzdi. Ondan hamı qorxurdu.

Fəqət belə çıxır ki, Aruukan qarının dedikləri əbəs deyilmiş. Elə də oldu. Yazıq Hacımurad. İndi üçüncü sinifdə oxuyur, yekə oğlandır, heç nə büruzə verməməyə çalışır, xüsusilə anasının yanında özünü tox tutur, əslində isə gözləri yoldadır, elə bilir ki, atası bugün-sabah cəbhədən qayıdıb gəlməlidir. Yatmağa hazırlaşanda yaşlı adamlar kimi gecə duası pıçıldayır: -«Allah eləsin, allah eləsin, atam sabah qayıdıb gəlsin».

Özü də hər gün beləcə. Qəribə oğlandır. Düşünür ki, yuxulayacaq, ayılacaq, gözlərini açanda – hər şey dəyişəcək.

Əgər atası müharibədən sağ-salamat qayıdıb gəlsə, onda qoy təkcə Hacımuradın olsun, qoy onu qucağında, başında gəzdirsin. Təki gəlib çıxaydı nəhayət. Bircə onu sağ-salamat görəydi. Şəxsən Sultanmurada bu səadət də bəs idi. Təki atası qayıdıb gələydi.

O indi elə arzulayırdı ki, atası Çüy kanalından qayıdıb gələndə baş verən hadisə kaş ailədə yenidən təkrar olunaydı. Atası həmin tikintiyə inişilin yayında getmişdi, özü də arabasıyla, beş aylığa, bütün yayı-payızı orda olmuş, torpaq daşımışdı. Staxanovçu adı almışdı.

Evə qaş qaralanda gəldi. Həyətdə qəflətən təkər səsləri eşidildi, atlar fınxırdı. Uşaqlar yerlərindən sıçraşdılar. Ata! Arıqlayıb, yanıb qaralmışdı, qaraçı kimi saç-saqqalı uzanmışdı. Sonralar anasının dediyi kimi, pal-paltarı da avaralara oxşadırdı onu. Yalnız meşin çəkmələri təzəydi. Hacımurad birinci qaçaraq atasının qucağına atıldı, sarmaşıb boynunu qucaqladı və kişini buraxmadı. Özü də hıçqıra-hıçqıra ağlayır və elə bunu deyirdi:

– Ata, atake, ata, atake…1

Atası onu bağrına basdıqca onun da gözlərindən yaş axmağa başladı. Bu ara qonşular da tökülüşüb gəldilər. Bu mənzərəni görən kimi onlar da ağladılar. Hələ sevincək, xoşbəxt anası yan-yörədə qaçıb fırlanır, Hacımuradı kişidən ayırmağa çalışırdı:

– Bala, rahat qoy atanı! Bəsdir. Sən tək deyilsən. O birilərə də imkan ver, ay ağılsız bala! Allah amansan, gör nə qədər adam gəlib atanla görüşməyə.

Onunsa vecinə deyil…

Sultanmurad hiss etdi ki, qəlbində nəsə tərpəndi, sonra qızmar qəhər yumağı sürünərək hülqumuna yaxınlaşdı, onu boğmağa başladı. Ağzı duz daddı. Özü də hələ deyirdi ki, qətiyyən ağlamayacaq. Dərhal özünü ələ aldı. Ayılan kimi oldu…

Dərs isə davam edirdi. İnkamal müəllimə indi Yava, Borneo, Avstraliya haqda danışırdı. Yenə də əfsanəvi torpaqlar, əbədi yay fəsli. Timsahlar, meymunlar, palmalar, nə bilim, cürbəcür möcüzəli şeylər. Hələ kenquru – möcüzələr möcüzəsi! Balasını qarnındakı torbaya ataraq hara istəsə səkir, onu da özüylə gəzdirir. Kenquru gör bir nə düşünüb tapıb, daha doğrusu, təbiət necə hikmət yaradıb…

O, kenquru görməmişdi. Yalandan necə deyəydi görüb. Çox təəssüf. Amma, meymun və başqa vəhşi heyvanlar görmüşdü, lap yaxından baxmışdı onlara. Əlini uzatsan – çatardı…

Atası həmin gün onu şəhərə aparacağını deyəndə Sultanmurad özünə yer tapa bilmirdi. Səbrsizlik, həyəcan onun içini yeyirdi, lakin – bu barədə heç kimə bir şey deyə bilməzdi. Əgər Hacımurad xəbər tutsaydı, fəryad qoparardı: niyə Sultanmurad gedər, amma o gedə bilməz, deməzsənmi, niyə atası onu aparır özüylə, Hacımuradı isə yox? Bu halda nə deyə bilərsən? Buna görə də sabahkı səyahətin sevincinə və intizarına qardaşı qarşısında bir növ xəcalət hissləri də qarışırdı. Qarşıdakı hadisələri qardaş-bacılarına danışmaq onun ürəyindən yaman keçirdi. Çox istəyirdi ürəyini açsın. Lakin atası, xüsusilə də anası sirri açmamağı ona bərk-bərk tapşırmışdılar. Sən yolda olanda balacalar xəbər tutsalar eybi yoxdur. Belə yaxşıdır. O, böyük çətinliklə özünə güc gəldi, sirri qoruyub saxlaya bildi. İçindəki sirr onu lap ölümcül hala salmışdı. Bir məsələ də var ki, həmin gün o, olmazın dərəcədə nəzakətli, mülayim idi, hamıya nəvaziş və qayğı göstərirdi. Hər işin qulpundan yapışır, hər şeyə vaxt tapırdı. Buzovun otlaq yerini dəyişdi, bağçada kartof kollarının dibini doldurdu, paltar yuyan anasına kömək etdi, palçığa bələnmiş körpə bacısı Almatayın əl-ayağını yuyub təmizlədi, üstəlik xırda-para işlər də gördü. Sözün kəsəsi, həmin gün o elə qoçaq, elə çalışqan olmuşdu ki, hətta anası gülməkdən özünü saxlaya bilməyib qəhqəhə çəkdi, başını buladı.

– Gün hardan doğub? – anası gülməyini gizlədərək ona müraciət etdi. – Kaş həmişə belə olaydı – xoşbəxtliyə bir bax! Göz dəyməsin barı! Bəlkə səni qoymayaq şəhərə getməyə! Əməlli-başlı köməkçi imişsən ki mənə.

Lakin anası elə-belə sözgəlişi deyirdi bunu. Özü isə xəmir yoğurdu, kökələr bişirdi, yola azuqə hazırladı. Yağ əridib butulkaya süzdü.

Axşam ailəliklə toplaşıb samovar çayı içdilər. Qaymaqla, isti kökələrlə, həyətdə, arxın kənarında, alma ağacının altında süfrə açmışdılar. Ata balacaların əhatəsində oturmuşdu – bir yanında Hacımurad, o biri yanında qızcığazları. Anası çay süzür, Sultanmurad isə piyalələri bir-bir süfrəyə qoyur, hərdən samovara kömür atırdı. Ürəkdən canfəşanlıq edirdi. Özü də ürəyində düşünürdü ki, sabah şəhərdə olacaq. Atası ona iki dəfə göz vurdu. Üstəlik də qardaşının gözü qabağında.

– Bura bax, Acike, – atası çayını hortuldadaraq kiçik oğluna müraciət etdi, – öz Qarayalmanına hələ day öyrətməmisənmi?

– Yox, ata, – Hacımurad gileylənməyə başladı. – Yaman xatakar çıxdı. İt kimi dalımca gəzir. Mən onu yemləyirəm, sulayıram, bir dəfə hətta qaçıb məktəbə gəlmişdi. Pəncərənin qabağında dayanaraq mənim fasiləyə çıxmağımı gözlədi, bütün sinfimiz gördü bunu. Di gəl ki, belinə minməyə qoymur, yerə çırpır, hələ adamı gəmirir də…

– Yəni, necə lazımdır day öyrədib onu əhliləşdirmək üçün sənə kömək edən yoxdur? –deyə atası sözarası elə-belə təəssüfləndi.

– Bunu mən edərəm, Acike, – Sultanmurad hazır olduğunu bildirdi. – Mütləq özüm ona day öyrədərəm…

– Ura-a! – Kiçik oğul yerindən qopdu. – Haydı!

– Hələ bir qayıt yerinə! – anası onu yerində oturtdu. – Otur, qarışıqlıq salma. Çayınızı adam kimi için, sonra vaxt taparsınız.

Söhbət Hacımuradın sevimlisi, ikiyaşar sıpadan gedirdi. O ilin yazında qoduğu uşaqlara dayıları Nurqazı bağışlamışdı. Yayda o, əməllicə böyüyüb, bərkimişdi. Uzunqulaq hərifi əhliləşdirib, palana, işə alışdırmaq vaxtı çatmışdı. Axı ev-eşik təsərrüfatında köməkçi bir sıpaya həmişə ehtiyac olur – gah dəyirmana getmək lazım gəlir, gah oduna, gah da xırda-xuruş daşımağa. Nurqazı dayı da qoduğu elə bu məqsədlə hədiyyə etmişdi. Amma elə ilk gündən onu Hacımurad qapazladı. Bu höcət, dağal oğlan qoduğa elə qayğı, qəyyumluq göstərirdi ki, yaxınına düşmək mümkün deyildi. Bir şey olan kimi qışqırırdı – qoduğa əl vurmayın! – Onu özüm yemləyəcəm, özüm sulayacam. Bir dəfə bunun üstündə qardaşlar hətta dalaşdılar da. Anası böyük oğlunu tənbeh etdi, çünki o, balacanın dərsini vermişdi. Sultanmurad o vaxtdan bəri incikliyini üzə vurmurdu. Sıpanın əhliləşdirilməsi ortaya çıxanda isə, boyun qaçırdı: indi ki sənindir, get özün day öyrət, məndən xahiş eləmə, mənə dəxli yoxdur. Əslinə baxsan, Sultanmurad məhz bu işin ustası idi. Uşaqlıqdan alışmışdı, öhdəsindən asanlıqla gəlirdi. Xam heyvanları əhliləşdirməkdən xoşu gəlirdi. Güləş kimi bir şeydir – kimi kim qabaqladı. Bütün qonşuların dayçalarını, cöngələrini, sıpalarını əhliləşdirən Sultanmurad idi. Cavan, xam heyvanları adətən çevik oğlanlardan biri əhliləşdirməlidir. Yaşlıların çəkisi buna imkan vermir. Aul əhli belə-belə xahişlə Sultanmurada ehtiramla ərk edirdi: «Sultanmurad, qadası, vaxtın olsa, bizim cöngəni gör çapırda bilərsənmi». Yaxud «Sultake, dərdin alım, bir gör bizim o boşboğaz sıpanın başına ağıl qoya bilərsənmi. Belinə milçək də qonmağa qoymur, dişləyir, yıxılıb ağnayır. Onun öhdəsindən yalnız sən gələ bilərsən…»

Bəli, Sultanmurad belə şöhrət qazanmışdı, lakin öz doğma qardaşına etiraz edirdi, üstəlik də balaca öz sevimli sıpasının belindən iki dəfə yıxılaraq alnını zədələyəndə, rişxəndlə gülür, onu ələ salırdı. Cırnadırdı Hacımuradı:

– O sıpa sənin dalınca it əvəzinə gəzəcək! Gözlə, o səni hələ çox ağladası olacaq!

Eh, əcəb yaramazlıq imiş. O bunu yalnız atası eyham vuranda başa düşdü. Kiçiklə rəzil halda hesab çürüdərək axmaq vəziyyətində qalmışdı. İndi isə, kiçik qardaşının xəbəri olmayan səfər ərəfəsində vicdan əzabı və peşmançılıq hissləri elə göynətmişdi ki, üzr istəməyə, Hacımurad üçün hər şey etməyə hazır idi.

Çay içəndən sonra atasıyla birlikdə bağçalardan o tərəfdəki çəmənliyə getdilər. Əvvəlcə ətrafdakı daşları yığıb uzağa atdılar. Sonra, Hacımuradın şəstlə Qarayalman adlandırdığı sıpanı noxtaladılar. Atası Qarayalmanın qulaqlarından yapışmışdı, Sultanmurad isə fəndgirliklə noxtanı onun başına keçirtdi.

Ən nəhayət, şalvarının belini bərkitdi – görəcəyi iş çox da asan iş deyildi. Elə bu vaxt sirk tamaşası başlandı, nə başdandı. Deyəsən, Hacımuradın qəyyumluğu ilə keçirdiyi firavan günlərdə Qarayalman pis öyrənibmiş. O, dərhal soncuqlamağa, şıllaq atmağa, özünü o tərəfə-bu tərəfə çırpmağa başladı. Amma bu dəfə deyəsən daş qayaya rast gəlmişdi. Düzdür, Sultanmurad yıxılırdı, lakin cəld sıçrayıb qalxır, qaça-qaça sıpanın belinə qarnı üstə tullanır, ikinci fənddə onu paçaaşırma minirdi.