реклама
Бургер менюБургер меню

Азиза Джафарзаде – Bakı – 1501 (страница 3)

18

– Qədəmlərinin qurbanı olum, – dedi, – sən bir neçə saatlıq, mən and içənəcən bu zənbilin içində rahatca özün üçün oturacaqsan. Zənbil ağacdan asılmış olacaq. Mən də and içəcəyəm ki, sən bu torpaqda deyilsən.

İsmayıl heyrət içində dayanmışdı. Çəkdiyi əziyyətləri xatırladı: gizli zirzəmilər, təndirlər, külbələr içində günlərlə saxlanmışdı. Birsaatlığa zənbil içində oturmaq nə olan şeydir ki!

İsmayıl:

– Razıyam, – dedikdə Mirzəli rahat nəfəs aldı. Cəld otaqdan çıxdı. Hər şeyi özü etməli idi ki, nökərlər bu sirrə vaqif olmasınlar.

Bibixanım Sultanım

Müəlliminin qırxı çıxsa da, şahzadə Qazi bəyin otaqlarından şənlik səsi gəlmirdi. O, vaxtının çoxunu nədim Salehlə gəzintilərdə keçirirdi. Bu müddət ərzində bir neçə dəfə Bibiheybətə getmiş, Şıx Kəbləliyə qonaq olmuşdular. Qocaya nəzir adı ilə xeyli pul və hədiyyə də aparmışdılar. Şıx Kəbləli cavanların kimliyini bilməsə də, varlı ailədən olduqlarını başa düşür, amma gümanı Bibixanıma getmir, gənclərin dindar zəvvar olmaqlarından fərəhlənirdi.

Şahzadə qəlbində Bibixanımı «Sultanım xanım» adlandırır, gələcək haqqında arzularını getdikcə daha da dostlaşdığı Salehdən gizləmir, ona danışırdı.

Saray bir-birinə dəymişdi. Şahzadədə gözü olan bütün əşrəf qızları onun sadə bir «kəndçi qızına, ac-yalavac şıx qızına vurulmasını» eşitmişdilər. Saleh uzun götür-qoydan və mələkənin təkidlərindən sonra məsələni ona açmağa məcbur olmuşdu. Oğlunun xəstə yatağına düşməkdə olduğunu, bu eşqin cavan şahzadəni dəli-divanə elədiyini görən mələkə məsələni ataya – Şirvanşah Fərrux Yasara bildirmişdi. Fərrux Yasar əvvəlcə hirslənmişdi, sonra da həkimlərin oğluna çarə edə bilmədiklərini, onun gündən-günə zəiflədiyini görüb razılaşmışdı. Saraya o qədər kəndçi-kündçü evindən kəniz, cariyə gətirilir ki! Bu da onlardan biri.

Beləliklə də, Bibixanım istəyib-istəmədiyindən asılı olmayaraq yurdundan ayrılıb saraya gətirildi. Yalnız bu zaman qoca baba Şıx Kəbləli dindar zəvvarların kimliyini bildi, cavanların onun qapısına gəldiyi günə lənətlər yağdırıb xəzana düşmüş, bülbülü uçmuş həyətində tək qaldı.

Gəlin gətirilən günü mələkə bircə şərt kəsdi. Təzə gəlin onun saray dairəsində görünməyəcək, şahzadə üçün ayrılmış hərəm otaqlarında qalacaq. Ona tək bircə qulluqçu, bir də cariyə veriləcək.

İlk günlər qəribə bir xumarlıq içində keçdi. Doğma yurdundan, dost və rəfiqələrindən məhrum edilmiş Bibixanım «Sultanım xanıma» çevriləndən sonra bütün varlığı ilə gənc və yaraşıqlı ərinə bağlandı. Qazi bəy əvvəlcə anasının qoyduğu şərtə əhəmiyyət verməsə də, günlər keçdikcə bunun ağırlığını dərk etməyə başladı. Bütün ünsiyyətlərdən məhrum edilmiş Sultanım xanım dörd divar arasında qapanıb qalmış, özünə heç bir iş tapa bilmir, darıxırdı. Sarayda tәk qaldığı günlərdә babasının әncir ağacları ilә әhatә olunmuş balaca hәyәtini xatırlayırdı. Ata-anasını çox erkәn itirmişdi. Heç birini xatirinә gәtirә bilmirdi. Gözünü açandan özünü babasının dizi üstündә görmüşdü. Bir azacıq böyüyәn kimi qonşuları Xeyransa xalanın kömәyi ilә evin evdarlığını әlinә almış, biş-düş elәmәyә başlamışdı. Bundan sonra daha babası ev işlәrinә qarışmırdı. Günlәri şıxlarla pirin yanında keçir, zәvvar qәbul elәyib yola salırdı. Qız isә Xeyransa arvaddan әncir qurutmaqla nüskәndә, qaynadıb qurutmaqla şirbәdüşәndә düzәltmәk öyrәnir, әncir doşabında әdəvalı zincilfәrәc bişirir, üzüm vә tut qurudur, әncir riçalı, ağ şanı mürәbbәsi hazırlayır, qışa azuqә yığır, hazırlıq görürdü.

Yayın qızmar günlәrindә Xeyransa xalaya paltar-palaz yumaqda, yorğan-döşәk salmaqda kömәk edәrdi. Xәzri onları әldən salanda arvad gülә-gülә sәslәnәrdi:

– Qızım, sәn ananın ilkisәn, qaç bir əncir ağacını yellət.

Onda qız әncir ağacının dibinә qaçar, kövrәk budaqları tərpәdәr vә gülәrәk deyәrdi:

Mən anamın ilkiyәm, Ağzı qara tülküyәm, Xәzri get, gilavar gəl.

Belə vaxtlarda inanırdı ki, Xeyransa arvadın öyrətdiyi bu «ovsunu» oxuyan kimi xәzri kәsəcәk, sәrin gilavar gәlәcәk, daha gözlәrinә qum dolmayacaq, günün qabağına sәrdiyi kәhrәba kimi əncirlәri qum vurub xarab etmәyәcәkdi. Sonra da bu qurumuş әncirlәri ağ torbaya töküb qurd düşmәsin deyә ağzını tikәcәk, beləcə, hәşəratdan, tozdan qoruyacaqdı.

Əncir dәyәndә babası yuxudan tezdәn durar, acqarına ağacdan dərdiyi şirin, sarı әncirlәri yeyə-yeyə nәvәsini yuxudan oyatmaq üçün:

Əncir sabahi, Doldur tabaği, Aç qaşqabaği, Ay sarı sabahi!..

– deyә oxuyar, nəvəsini də şәfalı meyvәlәrdən yemәyә çağırardı. Qız da gülərək:

Ənciri yemədün getdün, Dәrdüvi demәdün getdün.

– deyib oxuya-oxuya babasına qoşulardı. Hәrdәn hәyәti süpürmәyә vaxtı çatmazdı, gecә әsәn xәzri onun «işini görәrdi». Sәhәr hәyәtin qumunu yayılmış, tәmiz görәndә deyәrdi:

– Hә, bax bir, baba, külәk gör hәyәti necә süpürüb!

Qoca gülәrdi:

– Hә, qızım, xәzri tәnbәl arvadların imdadına çatıb, bu gecә zir-zibillәrini ört-basdır elәyib.

Hәrdәn Xeyransa arvad ona «kişi sәni oğlundan da çox istәyir, heç o vaxtlar oğluna belә mehr saldığını, belә qucağına aldığını görmәmişdik», – deyәrdi. Bir dәfә babasından soruşdu:

– Baba, ay baba, deyirlәr, mәni ata-anamdan da çox istәyirsәn, düzdür?

– Düzdür, – kişinin gözlәri qıyıldı.

– Nöşün?

– Nәvә şirindir, şirin şeydir.

– Nöşün?

– Nöşünü yoxdur ki, qızım… Bax, ata-anan әkdiyim ağacdır, sәn dә onun meyvәsi… Heç görmüsәn, ağac yeyilә? Meyvәni yeyәrlәr, mәnim balam, meyvәni.

Bu sözlәrdən sonra qoca nәvәsini bağrına basır, saçlarını sığallayırdı.

İndi Qazi bәy olmayanda o gah babasının, gah da Xeyransa xalanın sәsini eşidir, kövrәlir, şirin uşaqlıq boğazını qәhәrlәndirirdi.

Qazi bәyi sevmәyindәn peşman deyildi. Amma doğma yurdu, hәyәti, qoca babası vә ona ananı, nәnәni әvәz edən qonşuları Xeyransa xala üçün çox darıxırdı.

Arabir Qazi bəylə qılınc məşqindən, ya ovdan qayıdanda qoca babaya baş çəkirdilər. Qız o saat ayaqqabılarını atıb qızıl qumlar üstündə ayaqyalın gəzir, quyudan su çəkir, babasının pal-paltarını yuyur, qab-qacağını qumla sürtüb təmizləyir, ev-eşiyə əl gəzdirirdi. Amma, bununla belə, bu gəlişlər yad qonaq təsiri bağışlayırdı. Qapının o biri üzündə səbirsiz köhlən kişnəyib onları çağırırdı. Qazi bəy onun iş görməsinə bir söz deməsə də, qızın qəfəsdən buraxılan təki nə edəcəyini lazımınca bilməyən, pərvaz etməyə qorxan quş kimi hərəkət etdiyini görür, dodaqlarında xəfif, istehzalı bir təbəssüm oynayırdı. Yəni «naxırçı qızı naxırçılığını arzulayar».

Qazi bəy saray şənliklərindən məhrum edilən Sultanım xanımı anasının acığına əsl bir saray mələkəsi kimi yetişdirmək arzusuna düşdü. Yavaş-yavaş özü bildiklərindən qıza öyrətməyə, ona dərs deməyə başladı. Sultanım xanım bilikləri elə təbii, fitri istedadla qavrayırdı ki, cavan müəllim işə daha böyük həvəslə girişdi. Az müddət ərzində qız oxuyub-yazmağa başladı. Şahzadə tez-tez gənc döyüşçü paltarı geymiş Sultanım xanımla atlanır, saraydan yalnız özünə və atası Şirvanşaha məlum olan gizli yolla seyrə çıxır, gözlərdən iraq bir yerdə onunla ox atır, qılınc oynadır, at çapırdı.

Belə səfərlərin birində Fərrux Yasar ilk dəfə gəlinini süvari geyimində, qılınc məşqi keçən gördü, uzaqdan xeyli seyr etdi və bəyəndi. Gəlinini yanına çağırdı, alnından öpdü.

Şirvanşah Fərrux Yasar saraya qayıdınca mələkəni hüzuruna dəvət etdi.

– Sultanım xanımı saray xanımları cərgəsinə daxil etməyin vaxtı çatıb, – dedi. – Qarşıdakı Mövludi-Nəbi bayramına onu da dəvət elə!

– Bu Sultanım xanım kimdir?

– Gəlinin! Sən onu hələ görməmisən?

– Görməmişəm. Görmək də istəmirəm.

Şirvanşah gülümsündü:

– Əbəs yerə. Əvvəl mən də elə düşünürdüm. Amma görəndən sonra anladım ki, oğlumuz yanılmayıb. O qız bizim əyan və əşrəf qızlarından heç bir şeydə geri qalan deyil. Əksinə, bəlkə, qat-qat üstündür. Çağırtdır. Özün görərsən.

Qazi bəyin fərəhdən uçmağa qanadı yox idi. Bununla belə, qonaqlıqdan əvvəlki bütün gecəni Sultanım xanıma təlim verməklə məşğul oldu. Anasının könlünü almaq üçün nə etməli olacağını gəlinə başa saldı.

Qız gözəllik aşiqi olan mələkəni öz təbii gözəlliyi ilə elə ilk baxışdan məftun etdi. Mələkə onun nəcibliyini, qabiliyyətini gördü, az müddətdə oxuyub-yazmaq və hərbi təlim öyrəndiyini biləndə fərəhləndi. Axı o da ana idi.

Beləliklə, bütün əyan xanımlarının həsədinə səbəb olsa da, Sultanım xanım həm qayınana və qayınatasının məhəbbətini, həm də nökər və qulluqçuların hörmətini qazandı.

Arabir atlanıb Bibiheybətə gedirdi. Hərdən qayınanasını da ziyarətə dəvət eləyirdi. Amma çox vaxt qoca babasının görüşünə tək yollanırdı. Şıx Kəbləli nəvəsinin sarayda kəniz deyil, şahzadə xanım olmasına sevinsə də, onun dəvətini qəbul edib saraya getmədi. Ömrünün sonunacan həyətində tənha yaşadı.

Zənbil içində keçən gün (davamı)

Günəş bir cida boyu qalxmamışdı ki, iri qapılar laybalay açıldı, gələn qoşunun başçıları içəri buraxıldı. Bəhram qazi geniş həyətdə atdan endi. Təəccüb içində idi. Rüstəm padşah ona sufi şeyxi İsmayıl ibn Şeyx Heydərin burada gizləndiyini və bir neçə qasidə rədd cavabı verildiyini, çocuğun amanda saxlandığını demişdi. O, Mirzəli hakimi yaxşı tanıyırdı. Cəngavər adam olduğunu bilirdi. Bilirdi ki, qapısından döyüşsüz bir at deyil, qatır da aparmaq olmaz. Əgər şeyx burda isə, darvaza gələnlərin üzünə nə üçün açılsın?

Hakim Mirzəli gələnləri gülərüzlə, əziz qonaqlar kimi qarşıladı.

– Buyurun, buyurun, Bəhram qazi, siz bu diyara xoş gəlmisiniz, səfa gətirmisiniz.